Sevgin poeziyasından gələn
addım səsləri
Ürək döyünürsə sözün canında,
Gərəkdir deyəsən onu anında,
Nadan məclisində, cahil yanında
Mənə söz verməyin, söz istəmirəm.
Yuxarıdakı misraların müəllifi şair Dayandur Sevgindir. Bu yaxınlarda
"İkinci addım" adlı yeni şeirlər toplusu
işıq üzü görən Dayandur Sevginin bu kitabında əsasən vətənpərvərlik,
vətənə sevgi mövzularda
qələmə alınmış şeirlər toplanıb. Kitabda vətənpərvərlik ruhunda yazılmış şeirlərlə
yanaşı, məhəbbət mövzulu
şeirlər və "Ruhların söhbəti" adlı
bir esse də yer alır. Kitabın redaktoru
filologiya üzrə elmlər doktoru, şair, İslam Sadıq, iki ön sözün müəllifi
isə filologiya üzrə elmlər doktoru Sona Vəliyeva və
Əsəd Cahangirdir. "İkinci addım" adlı bu kitab şair
Dayandur Sevginin sayca yeddinci kitabıdır.
Və əminliklə deyə bilərik ki, Dayandur Sevgin imzası Azərbaycan oxucusuna artıq həm tanış, həm də doğmadır.
Müasir Azərbaycan poeziyasında özünəməxsus yerə sahib olan Nəriman Həsənzadə, Ramiz Rövşən, Musa Yaqub, İbrahim İlyaslı, Maşallah Məftun, İslam Sadıq kimi Dayandur Sevgin də çağdaş Azərbaycan şeirinin ən ümdə nümayəndələrindən biridir. Şeirlərində daima 80-ci illərin havasını hiss etdirən Dayandur Sevgin, hər zaman öz poeziyası ilə oxucularını heyrətləndirməyi bacarır.
Şair Dayandur Sevgin öz qələmini hər üç ədəbi formada (əruz, heca və sərbəst şeirdə) sınayıb və hamısında da özünəməxsus poetik nümunələr yarada bilib. Ancaq Sevgin poeziyasının əsas hissəsini milli şeir vəznimiz, heca vəzinli şeirlər təşkil edir. Dayandur Sevgin poeziyasının bir çox spesifik xüsusiyyətlərindən birini xüsusi vurğulamaq lazımdır. Bu əsas xüsusiyyət ondan ibarətdir ki, Dayandur Sevgin hər şeydən öncə vətənpərvər şairdir. Təbii ki, yaradıcılığında digər mövzulara, sözsüz, sevgi şeirlərinə də rast gəlmək mümkündür. Lakin onun hər üç şeirindən ikisi demək olar ki, vətənpərvərlik ruhda yazılıb. Bu da onun nə qədər vətənə bağlı, yurda bağlı, vətənpərvər bir şair olmasından xəbər verir:
Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlunun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə,
igid əsgər, dalğalanan bayrağı.
Üç rəngli göy
qurşağı,
Azərbaycan bayrağı!..
"Azərbaycan bayrağı"
adlı şeirindən
verdiyimiz parçadan da aydın olduğu
kimi, Dayandur Sevgin poeziyasının mayasını vətənpərvərlik,
vətənə sevgi
kimi motivlər təşkil edir. Yurdunu bu
qədər çox sevən bir şair təbii ki, öz şeirlərində
xalqının tarixi keçmişi barədə
də söz açmalıdır. Və Sevgin
poeziyasında bu var. Onun "Dəyiş adımızı" adlı
şeiri həm poetik, həm də tarixillik baxımından olduqca mühüm əhəmiyyət
kəsb edir. Bu şeir Dədə Qorquda məktub şəklində qələmə
alınmış dəyərli
bir poeziya nümunəsidir:
Götür qopuzunu özün
gəl, Dədə,
Qəlbindən bir çəngə
od ver
sən bizə.
Yaşada
bilmədik sən verən adı,
Dəyiş adımızı, ad ver sən bizə...
Şeirdəki "Koroğlu deyilik, Babək deyilik, Biz Keçəl Həmzəyik,
Səhil Sumbatıq"
misralarını oxuyan
zaman qeyri-ixtiyari şəkildə şair İslam Sadığın
"Həmzələşən dünya" adlı şeiri yada düşür. İslam Sadıq poeziyasıyla yaxından tanış
olan hər kəs bu fikrin
nə qədər doğru olduğunu yaxşı bilir. Bu iki şeiri
bir-birilə əlaqələndirən
əsas cəhət hər ikisindəki zəmanədən şikayət
və bu şikayətin tarixi şəxsiyyətlərə müraciət
formasında ifadə edilməsindədir. Şair
Dayandur Sevgin "Dəyiş adımızı"
şeirini ozanların
ulu babası Dədə Qorquda, İslam Sadıq isə "Həmzələşən
dünya" şeirini
Çənlibel oylağının
ağası Koroğluya
şikayət şəklində
qələmə almışdır.
Yuxarıda qeyd etdiyimiz misraları oxuyan zaman istər-istəməz
İslam Sadıq poeziyasında yer alan bu misralar ağla gəlir:
... Dünən "Cəngi",
"Misri" çalan
dünyanın,
Nəfəsi yalandı, yalan dünyanın.
Keçəl həmzələrə qalan dünyanın
Özü həmzələşir, özü, Koroğlu!
Dayandur Sevgin çox geniş və dərin fəlsəfi təxəyyülə sahib bir şairdir. Onun yaradıcılığında təkcə sevgi, vətənpərvərlik yox, bir çox motiv və ünsürləri görmək mümkündür. Əvvəldə qeyd etdik ki, Dayandur Sevgin təkcə bir formayla öz yaradıcılığını daraltmamış, digər ədəbi formalarda da şeirlər yazmışdır. Diqqətlə nəzər salan zaman Sevgin poeziyasında az da olsa klasssik üslubun izlərini görmək olur. Onun qəzəl üslubunda yazdığı bir şeirinə baxaq:
Tanrı imtahanıyla məni sınağa saldı,
Yerdəki bəndəsi də məni qınağa saldı.
Verdi eşq atəşini, eylədi Məcnun misal,
Gah quru səhralara, gah da ki, bağa
saldı.
... Çox yubanma, Dayandur, ömür gözləmir axı,
Bir də görərsən səni kəfənə, ağa saldı.
Bir az sonra Dayandur Sevgin yaradıcılığındakı sərbəst üslubda qələmə alınmış şeirlərlə də tanış olacağıq. Lakin hələ ona keçməzdən öncə bir məsələyə toxunmaq yerinə düşər. Azərbaycan ədəbiyyatında bir çox şairlər hər üç ədəbi formada şeir yazıblar. Onların sırasında Xalq şairi Səməd Vurğunu xüsusi vurğulamaq lazımdı. Səməd Vurğun poeziyasında da hər üç ədəbi formanı görmək mümkündür. Və hər üç ədəbi formanın ən yüksək səviyyəli poetik təcəssümü Səməd Vurğun poeziyasında öz əksini tapmışdır. Onun həm qəzəlləri, həm qoşma və gəraylıları, həm də sərbəst şeirləri göz oxşayır. Buna baxmayaraq, dahi şair öz milli vəznimizə üstünlük vermiş və heca vəznindən kifayət qədər istifadə etmişdir. Lakin onun qəzəl və digər şeirləri də heca vəzinli şeirləri qədər su kimi durudur. Dayandur Sevgin poeziyası üçün də bu sözləri demək olar.
Torpaq səbrli, dözümlü bir kişiyə
bənzəyir.
Hələ ki, dözür qulağı səsdə.
Başında qoz sındıranları,
sinəsini yandıranları,
Yaşadır sinəsi üstə.
hələ ki dözür,
Bu ağrıya, acıya...
Göründüyü kimi, Dayandur Sevgin qələmi də sərbəst vəzndə də uğurlu poetik nümunələr yarada bilmişdir.
Dayandur Sevginin poetik irsinə diqqətlə nəzər salanda biz onu şeirlərində gah vətənpərvər bir şair, gah da qəlbi sevgi atəşiylə dolub-daşan bir aşiq kimi görürük. Ancaq bəzən də elə olur ki, şair ədalətin axtarışına çıxır, haqqın carçısına dönür. İstər sevgi, istərsə də vətənpərvər şairlərin əzəlindən birinci əsas vəzifəsi haqqı söyləmək olmuşdur. Bunu da çox yaxşı bilən Dayandur Sevgin öz şeirlərində bəzən haqqın sərt bir carçısı kimi çıxış edir. Onun bir çox şeirlərində adı çəkilən mövzunun təcəssümünü görə bilirik. "Gedir" adlı şeiri bu mövzuda yazılmış ən yaxşı və ən təsirli şeirdir deyə bilərik:
Düz sözüm dilimdə duruş gətirmir,
Yaltağı yaşayır, sərt ölüb gedir.
Böhtana qul olan imarət qurur,
Küçədə dilənir mərd, ölür gedir.
Deyirlər yaradan yaradır
yoxdan,
Üz tutdum bir səda
gəlmədi haqdan,
Sevincim onsuz da ölübdü
çoxdan,
İndi də içimdə dərd ölüb gedir.
Sevgin, boş vədlərdən
gəlmişəm təngə,
Haqsızlar haqq ilə çıxıbdır cəngə,
Tülkü nərə çəkib
dönüb pələngə,
Çaqqalın əlində qurd ölüb gedir.
Dayandur Sevgin yuxarıda verdiyimiz şeirində olduqca təbii və çox dolğun şəkildə öz hisslərini ifadə edə bilmişdir. Sanki o, demək istədiklərini
şeirlə yox, adi danışıq dilində söyləyir.
Şeirin dili olduqca rəvan və axıcı olduğundan bu şeir adi
danışıqdan heç
də fərqlənmir.
Yuxarıda qeyd etdik ki, şair, Dayandur Sevgin bəzən lirik şairə, bəzən vətənpərvər birinə,
bəzən isə çox sərt bir haqq carçısına
çevrilə bilir.
Bu dediklərimizi yuxarıdakı bəndlərdən
də aydın şəkildə görmək
mümkündür. Şeir nə
qədər axıcı
bir dillə qələmə alınırsa,
bir o qədər də təsirli və sarsıdıcı olur. Bu da
Dayandur Sevgin poeziyasının bir özünəməxsusluğudur.
Dayandur Sevgin həm də lirik şairdir. Onun poeziyasını lirika aspektindən araşdıran zaman görürük ki, şair maraqlı təsvir və ifadə vasitələrilə gözəl şeirlər qələmə almışdır. Hər bir şair, daha doğrusu, hər bir insan köksünün içində bir qəlb daşıyır. Xüsusən şairlərdə bu hiss tam başqa olur. Sevgin poeziyasında yer alan məhəbbət mövzulu şeirləri oxuyan zaman bu sözü demək məcburiyyəti ortaya çıxır ki, şair, Dayandur Sevgin, köksündə sevgilə döyünən bir qəlb daşıyır. Yoxsa bu cür gözəl poetik nümunələr haradan yarana bilər? Əgər bir şair hiss etmirsə, onda necə yaza bilər? Təbii ki, hiss edə bilmirsə, yazmağı da mümkünsüzdür. Ona görə də tam əminliklə deyə bilərik ki, Dayadur Sevgin köksündə eşqlə döyünən bir qəlb sahibidir:
... Gəncliyim həsrətin odunda yanıb,
Hicranın dadını çəkənlər bilər.
Gündüzlər başının üstə dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən sonra.
... Yandırdın hicranın odunda məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sıxacaq səni,
Öpəcək şeh düşmüş yanaqlarından
Məni sevəcəksən öləndən sonra.
Hələ ki, ömr elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim, taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü bəxtəvər.
Məni sevəcəksən öləndən sonra.
Ustad Füzulidən tutmuş bugünə qədər poeziyada hicran, həsrət və ayrılıq motivləri yer almaqdadır. Eşqdən yazan bütün şairlərin yaradıcılıqlarında bunu görmək mümkündür. Məhz şair, Dayandur Sevgin də ənənəni pozmamış və bu mövzuya da öz yaradıcılığında müraciət etmişdir. Sözsüz ki, o da ayrılığı özünəməxsus, Sevgin qələmilə vəsf etmiş və gözəl də yazmışdır.
Bu dünyada yalnız iz qoya bilənlər əbədiyyət badəsindən içə bilərlər. Dayandur Sevgin də, illərdir, Azərbaycan bədii fikrində özünəməxsus iz qoyanlardan biri olduğuna görə əminliklə deyə bilərik ki, artıq onun da adı ədəbiyyat tariximizin səhifələrinə yazılıb.
Eltac ELMANOĞLU
525-ci qəzet.- 2019.-18 dekabr.- S.20.