Qalib və məğlub Səyavuş Aslan  

 

 

 

Səyavuş Aslan haqqında fikirləşəndə nəyə görəsə xəyal məni ötən əsrin 70-ci illərinin əvvəllərinə - Azərbaycan televiziyasında hər həftə yumoristik novellalar adlı verilişin - hekayə-səhnəciklərin şıdırğı yayımlandığı vaxtlara aparır.

 

N.Zeynalova, Ə.Ağayev, H.Bağırov, E.Zeynalov kimi gülüş ustalarını bizə daha yaxından tanıdan bu səhnəciklərin daimi iştirakçılarından biri də Səyavuş və Ofeliya Aslan cütlüyü idi. O vaxtlar onlar cavan, enerjili idilər, həmin səhnəciklərdə də əksər hallarda ər-arvad duetini oynayırdılar və bu duetdə Səyavuş adətən arvadına xəyanət edən ər, Ofeliya xanım isə ərinin hər şıltaqlığına dözüb onun qulluğunda dayanan vəfalı həyat yoldaşı rolunda olurdu. Çoxlarımız bilirdik ki, səhnədə bir-birinə yaraşan bu aktyorlar həyatda da cütləşiblər, bir dam altında yaşayan ər-arvaddırlar. Lakin ağlımıza gəlməzdi ki, rollara girib oyun oynaya-oynaya bizə gülüş bəxş edən bu cütlük həyatda öz əsas rollarını oynayanda bu həyat tamaşasının dramatizmi ilə hamımızı mat qoyacaq, yaddaşlarda təkcə yaratdıqları şux, komik obrazlarla yox, qeyri-adi bir ailə dramının, faciə ilə tamamlanan, başa çatan bir ömür dastanının bəxtsiz personajları kimi yaşayacaqlar.

Amma bizim ağlımıza gəlməyənlər bu cütlüyün başına gəldi...

Bu ailə dramı boşanmaqla, yolların ayrılması ilə bitsəydi, nə vardı ki? Lakin bu cütlük bizi daha bir gözlənilməz sürprizlə heyrətləndirdi: şəkildə gördüyünüz bu göyçək xanım ərinin istəyi və təkidi ilə xalq arasında dəlixana adlandırılan bir ünvana göndərildi, evin kişisi isti yuvasından, ocağından didərgin düşüb teatr binasında gecələməyə başladı. Bizə isə iki personajın oynadığı yeni bir "Dağılan tifaq" dramının tamaşaçıları kimi təəccübdən ağzımızı açıb heyrətlənmək qaldı...

Lakin bu dramın ən təsirli səhnələri sonralar - artıq psixi durumu sarsılmış Ofeliya xanım xəstəxənadan çıxandan sonra, Səyavuş isə ölümündən bir qədər əvvəl televiziya ilə çıxış edəndə oynanıldı. Kosmik fəzadan gələn müəmmalı siqnallar barədə danışan Ofeliya xanım keçmiş ərini heç vaxt bağışlamayacağını, onu Allaha tapşırdığını deyirdi. Artıq əvvəlki şuxluğundan, gurhagurundan əsər-əlamət qalmayan, danışa-danışa göz yaşlarını saxlaya bilməyən Səyavuş Aslan isə öz həyat yoldaşına münasibətdə səhv addım atdığını, onu bədbəxt etdiyini söyləyib haqq dünyasında olan xanımının ruhundan üzr istəyirdi.

Mən bu vaqiyənin detallarına varmaq, ordan-burdan eşitdiklərim əsasında versiyalar irəli sürmək fikrində deyiləm - bu dramın həqiqi motivlərini, kökündə dayanan konflikrin sirlərini onların özlərindən başqa dəqiq bilən kimsə ola bilməz. Onlar isə artıq həyatda deyillər (Allah hər ikisinə rəhmət eləsin).

Səyavuş və Ofeliya Aslanların taleyi sənətdə (səhnədə) və həyatda yaşanan ömürlərin qarşıdurmasına klassik nümunə olmaqla yanaşı, həm də aktyorluq sənətinin nə qədər çətin, məşəqqətli olmasına inandıran bir hadisədir.

Səyavuş Aslan fitrətən komik aktyor idi, səhnədə, kamera qarşısında improvizasiyalar etməyi, yaratdığı obazı tamaşaçılara sevdirməyi çoxlarından qat-qat yaxşı bacarırdı. Məlumdur ki, aktyorun yaratdığı obraza münasibətində iki başlıca məqam var: o, ya bütünlüklə obrazın içində əriməli, yəni bir növ özü yox olub obraza  çevrilməli, ya da həmin obrazı öz "mən"inə tabe edib arxasınca aparmalıdır. Səyavuş Aslanın özəlliyi onda idi ki, o, bu iki məqamın qızıl kəsişmə nöqtəsini tapıb öz oyununun ağırlıq mərkəzini həmin nöqtəyə keçirərək spesifik oyun estetikası, manerası yaratmışdı. Bu obazlar xarakterinə görə bir-birlərindən fərqlənirdilər. Lakin hamısının mayasında Səyavuş müəllimin öz naturasından gələn nə isə vardı. O, nəinki məşq vaxtı, hətta tamaşa oynanılanda, yaxud film çəkiləndə də obazın məzmunca zənginləşməsinə xidmət edən nüanslar tapmağın, necə deyərlər, ekspront gedişlər etməyin ustası idi.

Hərdən fikirləşirəm: həyatda heç də gülməli aurası olmayan, qarşılaşdığı çətinlikləri, problemləri gülüşlə qarşılayıb vəziyyətdən çıxan şən və hazırcavab adam standartlarına uyğun gəlməyən Səyavuş Aslan nə üçün səhnədə, kinoda öz naturasının tərs üzünü yaratmağa üstünlük verirdi və nə üçün bu, onda alınırdı? Çox vaxt deyirlər ki, gülüş - müdriklik əlamətidir. Lakun Səyavuş Aslan həyatda müdrik statusundan, imicindən də uzaq adam idi. Deməli, ümid qalır daxildən gələn istedada ki, onu da yaradan yalnız özünün seçdiyi bəndələrə verir. Düşünürəm ki, Tanrı Səyavuş Aslanın alın yazısını səhnədə, sənətdə uğurlara aparan istedadla şəxsi həyatda uğursuzluğa, faciəyə aparan istedadsızlığın çox mürəkkəb, üzücü əksliyi şəklində düşünmüşdü. Məhz bu alın yazısının məntiqindən qurtarmağın mümkünsüzlüyü idi ki, Səyavuş Aslan səhnədə, kinoda milyonları güldürməklə məşğul olur, tamaşaçılara xoş anlar bəxş edir, amma həyatda özünə və ailəsinə sevinc gətirən xoş anları yaşaya bilmirdi. Rəsmi olaraq ayrıldığı həyat yoldaşı ilə uzun illər bir dam altında, lakin yad adamlar kimi yaşamağa, bu limit bitəndə isə teatr binasında gecələməyə, tamaşalardan, çəkiliş günlərindən sonra rahat bir guşədə dincəlmək əvəzinə, "dığ-dığı" əskik olmayan qapalı məkanda ailə mübahisələri ilə məşğul olmağa məhkum edilmək - istedad, sənət uğurları baxımından taleyin səxavətini görən Siyavuş Aslanın şəxsi həyat sarıdan hansısa şər qüvvənin (şeytanınmı?) lənətinə yenilməsinin acı nümunəsindən başqa bir şey deyil.

Hərdən düşünürəm ki, onun yaratdığı Qurban, bazarkom Nadir, Gümüşov kimi ümumxalq rəğbəti qazanmış obrazlar bəlkə də Xeyir və Şər mələklərinin nəyinsə xətrinə barışıb müvəqqəti "sülhə" gəldikləri xoşbəxt anların məhsuludur və bu buyruq yuxarıdan ona görə gəlib ki, bu dünyada Səyavuşun istedadından da nişanə qalsın.

Bu, mənim qənaətimdir. Düzünü isə Allah bilir.

Sənətdə improvizasiya etməyi çox yaxşı bacaran Səyavuş Aslan həyatda daxildən gələn bu stixiyaya yenilərək səhvən elə fikirləşdi ki, qəliz ər-arvad münaqişələrini də elə ekspromt şəkildə tənzimləmək, ailə modelini improvizasiya ladında qurmaq olar. Bu, onun daxilindən gələn inersiyanın təntənəsi, özünün isə böyük məğlubiyyəti idi.

Səyavuş Aslan M.Əliyev, B.Səfəroğlu, L.Abdullayev ənənələrini davam etdirən gülüş ustası kimi tanınır və sevilirdi. Səhnə obrazları ilə işim yoxdur, elə kinoda, televiziya filmlərində yaratdığı Saqqal Ramiz, Şubay, Qurban, bazarkom Nadir obrazları onun adının kino tariximizdə əbədi əbədiləşməsinə zəmanət verir. Səyavuş müəllimin bu obrazları haqqında ayrıca danışmaq olar. Lakin mən vacib bildiyim bir neçə məqam üzərində dayanmaq istəyirəm.

Mən 1982-ci ildə İçərişəhərdə "Evlənmək istəyirəm" filmini bir epizodunun çəkilişinin şahidi olmuşam. Epizod da nə epizod - Hacı Kamyab tələsik addımlarla Həsən ağanın evini axtarır (deyəsən, bu epizod heç filmə düşmədi də). Həmin səhnədə ən çox yadımda qalanlar isə improvizasiyaları azaltnaq və bir az akademik tərzdə oynamaq üçün filmin rejissorunun bu rolu oynayan Səyavuş Aslanı dilə tutduğu məqamlar idi. Hərçənd Hacı Kamyab Səyavuş müəllimin oynadığı ikinci dərəcəli rollardan biri kimi onun yaradıcılığında önəmli bir yer tutmurdu. Amma Səyavuş müəllimin əsas sözü çəkiliş meydanında tapdığı ekspront jestlərlə çatdırmaq istəyi həmin o çəkiliş günündə də bulaq kimi qaynayırdı. Məncə, o, ən yaxşı ekran obazlarını da məhz belə imtiyaz aldığı filmlərdə yaradıb. Müqayisə edin: "Ulduz"da bu imtiyazdan məhrum olduğuna görə özünü tam reallaşdıra bilməyən Səyavuş Aslan "Evləri köndələn yar" telefilmində, "Yuxu", "Bəyin oğurlanması" və xüsusilə "Yol əhvalatı" filmlərində öz sənət palitasının bütün rəng çalarlarını nümayiş etdirə bilib. Bu obrazlar  məhz Səyavuş müəllimin çəkiliş prosesində tapdığı reprilakar, əvvəlcə proqramlaşdırmayan jestlər, plastika sayəsində daha da dolğunlaşıb. Ənənəvi "qədeş" tiplərinin ölçülərində düşünülmüş bazarkom Nadir - günü pul saymaqla, gözlənilən yoxlamaları "necə lazımdır" qarşılamaq üçün planlar cızmaqla keçən bu tanış tip Səyavuş müəllimin koloritli oyun tərzi, obrazın nitqinə, replikalarının gözünə qatdığı atmacalarla fərqləşir. Aktyor onun bu yekəxanalıq, böyüklük iddiasını müfəttiş bildiyi şairin süni zəhmi qarşısında darmadağın olub, az qala lal kimi kəkələmək dərəcəsində qorxuya çevrildiyini elə təbii, inandırıcı yaradır ki, obraza yox, elə bazardan gətirilən real tipə tamaşa etdiyini düşünürsən.

"Yol əhvalatı" filmində yaratdığı Qurban, məncə, Səyavuş Aslanın kinoda yaratdığı ən möhtəşəm roldur. Aktyor burada, necə deyərlər, təkcə imkan verdildiyi qədər yox, həm də ürəyi istəyən kimi sərbəstdir. O, Qurbanı xalq gülüşü estetikasının prinsipləri əsasında yaradıb ki, mütəşəkkil cinayətkarlıq mövzusuna parodiya kimi çəkilmiş filmin uğrunda bu faktın, heç şübhəsiz ki, böyük rolu var.

Parodiya dedim, yadıma düşdü. Çox-çox illər bundan əvvəl N.Zeynalova, Ə.Ağayev və S.Aslan hansısa bayram proqramında "Otello" tamaşasından bir epizodu komik maskalarla parodiya edirdilər. Otello (Ə.Ağayev) Dezdomonanı (N.Zeynalova) boğmağa hazırlaşır və Yaqo (Səyavuş Aslan) təngnəfəs özünü çatdırıb bəyan edir ki, Otello Dezdomonanı yox, əclaflığına görə onu boğmalıdır (Əliağa Ağayev məşhur "Yaqub kimdir, alə?" replikasını məhz həmin məqamda demişdi). Bu səhnəyə tamaşa edəndə tam inanırdın ki, Səyavuş müəllim heç vaxt ciddi, dramatik rol oynaya bilməz. Amma...

Amma rejissor Tofiq İsmayılov "Yayda xəzan yarpaqları" filmində baş rola - kənd məktəbinin direktoru Şəmsi müəllim roluna Səyavuş müəllimi dəvət edəndə mümkün olmayanı mümkünə çevirməyin mümkünlüyünü (!) nümayiş etdirdi və biz Səyavuş Aslanı yenidən kəşf etdik. Mən imkan məhdudluğunu nəzərə alıb bu obrazı təhlil etmək istəmirəm. Maraqlananlar qoy filmə baxıb özləri qərar versinlər. Lakin bir məqamı qeyd etməliyəm. Bu filmin qəhrəmanı da bir növ ailə-məişət dramı yaşayır, o, məktəbdə təhsilin səviyyəsini yüksəltmək, dərslərini buraxıb valideynlərinin təhriki ilə "pul qazanmaq" sənətini öyrənən uşaqları məktəbə qaytarmaq üçün çalışır, bu məqsədlə kənd camaatı arasında maarifləndirmə işləri aparır və nə qədər qəribə olsa da, hamının, o cümlədən, arvadının, oğlunun tənəsinə tuş gəlir. Sonda arvadı onu tərk etsə də, o, təslim olmur, əqidəsinə xəyanət etmir - yel dəyirmanı ilə vuruşan Don Kixot imici qazanıb tək-tənha qalsa belə. Bu filmdə Şəmsi müəllimin tənhalığını oynayanda  Səyavuş müəllim hardasa elə öz tənhalığını oynayırdı. Məncə, 1-2 dostu olsa da, Səyavuş Aslan həyatda tənha idi və onun bütün şəxsi dramı da bu tənhalıqdan qurtulmaq üçün uğursuz çabalamaqdan başqa bir şey deyildi...

Səyavuş Aslan ömrünün qürubunda ağır xəstə idi, köməksiz, tək-tənha qalmışdı və deyəsən, belə anlarda vəfalı həyat yoldaşının qayğısının, köməyinin nə demək olduğunu anlamışdı. Odur ki, müsahibələr verəndə elə ki, söhbət gəlib bu məqama yetişirdi, özünü saxlaya bilmir, "Axı, niyə belə oldu" deyə fəryad qoparıb hönkür-hönkür ağlayırdı...

Bu, öz sənəti ilə ürəkləri fəth edən, lakin özünə məğlub olan istedadlı bir adamın acı taleyinin son akkordları idi.

Bu da bir taledir...

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 18 dekabr.- S.19.