Görmək mərifət istər...  

 

Esse

 

Bugünlərdə bir nağıl oxudum. Balaca qız anasından soruşur, necə edə bilər ki, o, həmişə xoşbəxt olsun. Ana ona dibçəkdə bir gül alır. Qız gülə qulluq edir o, gündən-günə gözəlləşir. Qız başa düşür ki, gülü xoşbəxt olduqca o da xoşbəxt olur...

 

Deməli, xoşbəxt olmaq üçün xeyir işlər görməlisən, başqalarını sevməlisən, onlara gərəkli olmalısan... Sevindirdiyin kimsəylə sevinəndə xoşbəxt olarsan... bu gözəl duyğuları da nağıllarda görəcəyik deyəsən... Qarışqa şirəyə qaçdığı kimi adam da parıltıya qaçar, görünüşə uyar, balaca itinin boynuna qırmızı babıçka bağlayıb bağrına basar... Amma yanındakı onlarla adamı görməz, bir qəlbi duymaz... Necə ki, bu günlərdə belə bir mənzərə gördüm...

Müəyyən məsələlərlə bağlı iki qadın gəlib bir idarədə qəbula. Biri o birinin problemilə marqlanır. O da, çox dərinə getmədən anladır. İndi bu qadın da onun dərdini soruşur. O biri tam arxayın, hiss olunacaq qədər kobudluqla cavab verir: " dərdim olacaq, çalışıb pulumu qazanıram. Bura ümumi üçün gəlmişəm". Qadın ona baxa-baxa qalır, deyir, Allaha şükür... Qarşısındakı isə özündən razı halda telefonla ona-buna zəng edir, böyük-böyük danışır. Qadın  yanındakı dilinə bir xoş söz gəlməyən, bu bəsit, harın adamdan uzaqlaşır...

Özünü göstərmək, dünya malıyla öyünmək, pulu, vəzifəsiylə adamlıqdan çıxıb robota dönmək bugünkü insanlığımızın acı həqiqətidi. Bu vəziyyətdə qadını, ananı görəndə lap dəhşətə gəlirsən. Bir üçün sadə biri qapını açır sən qaşlarını çatıb qadına yaraşmayan kişi kobudluğu ilə onu qarşılayırsan. Onu görmürsən yaxud görməzlikdən gəlirsən. Amma bir şeyi unudursan, deyir: görmək mərifət istər. Mən kiçik, amma məna yükü çox böyük olan bu  cümləni könlümə yazmışam... Bir kitabımın adı da bu cümlənin sinonimidi - "Baxmaqla görmək ayrıdı". Nəlbəki boyda yaşıl gözlər baxa-baxa kimsəni, dünyanı, həyatı, könül gözəlliyini görmürsə, yazıq onun sahibinə...

... Növbəti ilayrıcına da gəlib çatdıq, çalıb-çatdıq... Nə qazandıq görəsən? Gələn ildə özüm qarışıq hər kəsə mehribanlıq, xeyirxahlıq və təbəssüm arzulayıram... Bax, onda ruzi də, bərəkət də artacaq... Görən gözlər, əldən tutan əllər var olsun! Bir-birimizi sevək ki, Allah da bizi sevsin! Bir də, özümüzə yox, düşmənimizə düşmən olaq və Qarabağı əsla unutmayaq!

 

 

Mina RƏŞİD

 

525-ci qəzet.- 2019.-18 dekabr.- S.17.