Azərbaycan səhiyyəsi tarixində parlaq imza - Yevsey
Gindes
XX əsrin əvvəllərində Azərbaycanın səhiyyə tarixində
Yevsey Yakovleviç Gindesin adı keçir. Çoxları bəlkə də onu Cümhuriyyət naziri və yaxud da uşaq
həkimi kimi tanıyır. Lakin onun həyat
səhifələrini araşdırdıqca
bu şəxsiyyətin
zəngin və şərəfli həyat
yolu keçdiyini, Azərbaycan səhiyyəsinin
inkişafında vicdanla
xidmət ediyini görmək olur.
Milliyyətcə yəhudi olan Yevsey Gindes təhsilini
Kiyev Universitetinin tibb fakültəsində almışdı. Bakıya təyinatına qədər
doktor Kiyev şəhərində yaşayır,
Aleksandrovskaya xəstəxanasında
çalışır, Kiyev
Baktereoloji İnstitutunda
tədqiqatlar aparır,
elmi əsərlər
nəşr etdirirdi.
1905-ci ildə Bakı neft sənayeçilərinin tibbi-sanitariya
məsələlərinə həsr olunmuş qurultayında keçirilən
Ümumrusiya müsabiqəsində
qalib gələrək
Bakıda - Qaraşəhərdə
150 çarpayılıq ilk uşaq xəstəxanasının
müdiri təyin edilmişdi. Doktor Gindesin
1914-cü ilə qədər
burada səylə çalışması və
davamlı olaraq elmi-praktiki tədqiqatlar aparması nəticəsində
uşaq xəstəxanası
Qafqazın ilk pediatriya
mərkəzinə çevrilmişdi.
Doktor Gindes Bakının sosial və iqlim şəraitində
uşaq xəstəliklərinin
xüsusiyyət və
formalarını tədqiq
edirdi. 1906-cı ildə Bakıda ilk dəfə məktəb şagirdləri üçün
uşaq yay düşərgələri təşkil
etmiş, fəhlə
uşaqları üçün
körpələr evi
açmışdı. Əczaçılar xeyriyyəçilik
fəaliyyəti ilə
də fərqlənən
doktor Gindesin "kasıblar üçün"
möhürünü yaxşı
tanıyırdılar - bu
tip reseptlə dərman
təyin edən doktor imkansız və yoxsulların hesabını şəxsən
özü ödəyirdi.
Çox
güman ki, ehtiyacı olan ailələrin övladlarına
pulsuz və təmənnasız xidmət
göstərən, xeyriyyə
əməlləri ilə
şöhrət qazanan
doktor Gindesin fəaliyyəti Bakı neft mədənçilərinin
rəhbərliyinə xoş
gəlmədiyindən, o, Qaraşəhər
xəstəxanasının rəhbərliyindən uzaqlaşdırılmışdı.
Xeyriyyəçi həkimin vəzifəsindən
uzaqlaşdırılması şəhər ictimaiyyətinin
geniş təbəqələri
arasında narazılığa
səbəb olmuşdu.
Mətbuatda bu haqda geniş yazılar dərc olunur, həkimlər, valideynlər narazılıq
edirdi: "Onun nəzarəti altında olan uşaqlar çox nadir hallarda dünyasını dəyişir",
"Gindes öz nəfəsi ilə belə ən ümidsiz xəstəyə
nicat verir", "Doktor istənilən uşaqla dil tapırdı və hər bir uşaq
ona inanırdı".
Məhz ictimaiyyətin və şəhərin aparıcı
həkimlərinin kəskin
narazılığından bir müddət sonra doktor Gindes
yeni açılan şəhər uşaq xəstəxanasına rəhbər
təyin edilmişdi.
Xəstəxana Gindesin göstərişi
ilə əsaslı təmir olunmuşdu.
Burada uşaqların qidalanmasına
xüsusilə diqqət
yetirilirdi.
Y.Y.Gindes körpə uşaq ölümü ilə bağlı mübarizə
üsulları aramış,
xüsusi uşaq pəhrizini işləyib hazırlamış, Bayıl
və Sabunçuda filialları olan süd məhsulları
-"Bir damla süd" mətbəxini
təşkil etmişdi. Bu mətbəxdən şəhərin
bütün pulsuz uşaq müalicəxanalarına
dietik qidalar çatdırılırdı. Mətbəxin fəaliyyətini daha da təkmilləşdirmək
məqsədilə 1907-ci ildə
onun sədrliyi ilə "Uşaq ölümü ilə mübarizə cəmiyyəti"
yaradılmışdı. Cəmiyyət keçmiş Kamenistıy
- indiki B.Səfəroğlu
küçəsində yerləşirdi.
Bu müalicəxananın əsas prinsipi uşaq ölümlərinə
səbəb olacaq bütün vəziyyətlərlə
mübarizə aparmaq,
cinsindən, sosial vəziyyətindən, yaşından,
dinindən asılı
olmayaraq bütün uşaqların düzgün
fiziki inkişafına
yardım göstərmək
idi. Bu məqsədlə
də cəmiyyət yoxsul uşaqları qida və sığınacaqla
təmin edir, evlərdə, xəstəxanalarda
tibbi yardım göstərir, kimsəsizləri
yetimxanalarda, sanatoriyalarda,
sığınacaqlarda yerləşdirirdi.
Eyni zamanda, cəmiyyət süd terapiyasını həyata keçirmək və bu məqsədlə
də hər gün valideynlərə həkimlərin göstərişi
və resepti ilə süd, ayran və digər
ağartı məhsulları
paylamaqla da məşğul idi.
Paylanılan məhsulların bir porsiyası bazar qiymətlərindən
2-3 dəfə ucuz idi, yoxsullara isə tamamilə pulsuz verilirdi.
Y.Gindes
1918-ci ilin 26 dekabrından
1919-cu ilin 14 martına
qədər Azərbaycan
Xalq Cümhuriyyətinin
Xalq Səhiyyəsi naziri vəzifəsini şərəflə daşımışdı.
Onun bu vəzifəyə namizədliyi üzvü olduğu Slavyan-Rus Cəmiyyətindən irəli
sürülmüşdü. Nazir olduğu qısa müddət ərzində doktor Gindes ölkədə bir neçə pulsuz xəstəxana açılmasına nail olmuşdu.
Bu xəstəxanaların işində xəstə uşaqlara olan münasibət xüsusi önəm daşıyırdı.
Burada himayədarlığa ehtiyacı
olan uşaqlar müayinə olunur, ağır xəstələr
müalicə almaq üçün yerləşdilir,
sağalan digər uşaqlar isə ailələrinə qaytarılır
və xəstəxana
tərəfindən onlara
subsidiyalar ayrılırdı.
Uşaqlar istər fiziki,
istərsə də mənəvi cəhətdən
öz ailələrinin
himayəsində qalırdı.
Mövcud olan çətin və ziddiyyətli şəraitdə doktor Gindes Uşaq Həkimləri Dərnəyini
təsis etmişdi. Cəmiyyət pediatrların üzləşdikləri
problemlər, uşaq xəstəliklərinin yayılması
və profilaktikası
istiqamətində bir
sıra iclas keçirmişdi. Ölkə daxilində
yayılan ağır
yoluxucu xəstəliklər
daha çox uşaqlar üçün
təhlükə törədirdi.
Bundan başqa, 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin
türk-müsəlmanlara qarşı
törətdiyi qırğınlar,
sentyabr ayında Bakının alınması
uğrunda baş verən döyüşlərdə
valideynlərini itirmiş
uşaqların taleyinə
biganə yanaşmayan
Gindes Uşaqlara Yardım Bürosuna sədr, Liza Muxtarova isə müavin vəzifəsinə seçilmişdi.
Büro
1918-ci ilin sentyabrında
Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyinin təklifi əsasında yaradılmışdı.
Bakı şəhərində bu müsibətlərdən əziyyət
çəkməyən uşaq
demək olar ki, yox idi.
Bu uşaqların xüsusi qayğıya ehtiyacı vardı. Doktor Gindes bütün bu məsuliyyəti öz üzərinə götürmüş və
bütün gücünü
sığınacaqların təşkilinə yönəltmişdi.
İlk vaxtlar büronun nəzdində minə qədər uşağın yerləşə
biləcəyi beş sığınacaq
mövcud idi.
Yay aylarında
Uşaqlara Yardım Bürosu doktor Gindesin təşkilatçılığı
ilə "Nina" barjasını
icarəyə götürmüş,
dənizdə səyyar
koloniya təşkil etmişdi. Bununla da yay boyunca vərəmdən əziyyət çəkən
130-dək uşağın səhhətinin yaxşılaşmasına
şərait yaranmışdı.
Doktor Gindes Uşaqları Mühafizə
Liqasının da rəhbəri idi. Müavini Eynülhəyat
Yusifbəyli təyin olunmuşdu. Liqa 17 yaşınadək
kimsəsiz uşaq və yeniyetmələrin cinayətkar aləmdən
uzaqlaşdırılmasında, onların yenidən tərbiyələndirilməsində, cəmiyyət üçün
faydalı vətəndaşlar
yetişdirilməsində göstərdiyi
mühüm xidmətləri
ilə fərqlənirdi.
Mətbuatda tez-tez doktor Gindesin Bakıda yoluxucu xəstəliklərdən əziyyət çəkən uşaqlar haqqında yazıları dərc olunur, onlara yardım göstərilməsi məsələsi gündəmə gətirilirdi. Ümumiyyətlə, XX əsrin əvvəllərində Bakı şəhərinin sənaye şəhərlərinə xas olan bır sıra mənfi xüsusiyyətləri özündə daşıması, kasıb əhalinin yaşadığı mənzillərin sanitar-gigiyenik tələblərə cavab verməməsi və yarızirzəmi şəklində olması, rütubət, havanın ağır olması, sudan istifadədə məhdudiyyət, xüsusilə uşaqların müxtəlif yoluxucu və bağırsaq xəstəliklərinə tutulmasına zəmin yaradırdı. Bununla bağlı doktor Gindesi "Kaspi" qəzetinin buraxılışlarının birində geniş məqaləsi dərc olunmuşdu. Məqaləni çağırış kimi də qəbul etmək olar. Məqalədəki bəzi qeydləri diqqətə çatdırmaq istərdim: "Şəhərə şübhəsiz ki, uşaq xəstəxanası lazımdır və bu işin həyata keçirilməsi üçün addımlar da atılmışdır. Təəssüf ki, son ayların hadisələri bunu bir az əngəlləmişdir... Mən tabeliyimizdə olan nikahdankənar, atılmış uşaqların himayə edildiyi tərbiyə evlərinin yenidən təşkil olunmasını və xəstəxana kimi də fəaliyyət göstərməsini dəstəkləyirəm. Məsələ burasındadır ki, Bakıdakı tərbiyə evləri köhnə tiplidir və burada ilkin tibbi yardım göstərməyə belə şərait yoxdur. Burada uşaqlar böyümək üçün yox, ölmək üçün yaşayır. Kiçik yaşlarından daxil olan uşaqların tək-tükü vəziyyətdən çıxa bilir. Uşaq ölümləri burada kütləvilik təşkil edir..."
Yevsey Gindes sovet dövründə də fəaliyyətini davam etdirmişdi. 1918-ci ilin dekabr ayından 1919-cu ilin martına qədər Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Səhiyyəsi naziri olmuş Y.Gindes bioqrafiyasının bu səhifəsini gizlətmək məcburiyyətində qalmış, yalnız təmiz vicdanlı uşaq həkimi kimi qazandığı şöhrət və hörməti onu sovet dövrünün repressiyalarından yaxa qurtarmağa kömək etmişdi. İşinə hədsiz vicdan və məsuliyyətlə yanaşan Gindes Şamaxinkada yerləşən uşaq xəstəxanasının təşkilatçısı və 1922-ci ildən baş həkimi olmuşdur. 150-dən artıq elmi əsərin müəllifi olan Y.Gindes 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professorluğa kimi yüksəlmişdi. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışan Y.Gindes Azərbaycan SSR-in Əməkdar Həkimi fəxri adına da layiq görülmüşdü.
Yevsey Gindes
1954-cü ilin sentyabrın 5-də ömrünün böyük
hissəsini bağladığı Bakı şəhərində
vəfat edib. Ruhu şad olsun!
Şəlalə
BAĞIROVA
Tarix
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2019.- 18 dekabr.- S.17.