Xalq artisti Əminə
Dilbazinin 100 illiyi qeyd edilib
Dekabrın 16-da Heydər Əliyev
Sarayında Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan xoreoqrafiya məktəbinin
tanınmış nümayəndəsi,
görkəmli rəqs
ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçirilib.
Əvvəlcə Əminə Dilbazinin ömür yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş
olunub.
Gecədə Azərbaycan Dövlət
Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Suxişvili adına Gürcüstan Milli Baleti, "Ləzginka"
Dağıstan Dövlət
Akademik Rəqs Ansamblı, "Alan" Dövlət
Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alanya), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
balet truppası və Bakı Xoreoqrafiya Akademiyasının
tələbələri çıxış
ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il sentyabrın 4-də tanınmış
rəqqasənin 100 illik
yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin
qorunub yaşadılmasında
müstəsna xidmətlər
göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində
daim yüksək səhnə mədəniyyəti
nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları
sayəsində xalq rəqslərinin qiymətli
nümunələrinə yeni
çalarlar qazandırıb.
Xalq artisti bir çox
filmlərdə rəqslərə
quruluş verib.
O, Azərbaycan Dövlət
Akademik Filarmoniyasının
səhnəsində oynanılan
"Dədə Qorqud",
"Azərbaycan toyu",
"Bir bağçanın
gülləri" səhnə
əsərlərində əsas
partiyaların ifaçısı
olub. Onun oynadığı "İnnabı",
"Tərəkəmə", "Vağzalı", "Turacı",
"Naz eləmə"
rəqsləri xüsusilə
məşhurdur. Repertuarına
rus, Ukrayna, özbək və ərəb rəqsləri
də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın
mal alan" və
"O olmasın, bu olsun" komediyaları və başqa əsərlərdə də
rəqslərə quruluş
verib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 18 dekabr.- S.12.