"Zərrə mənəm, günəş mənəm" təqdim olundu

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "Zərrə mənəm, günəş mənəm" adlı kitabın təqdimatı olub.

Nəşrin tərtibçisi və redaktoru tanınmış yazıçı-publisist Mustafa Çəmənlidir. Tədbirdə AYB katibliyi, tanınmış incəsənət və ədəbiyyat nümayəndələri, jurnalistlər iştirak ediblər.

AYB-nin katibi Rəşad Məcid giriş sözündə kitabın əhəmiyyətindən bəhs edərək bildirib ki, yeni nəşr Prezident İlham Əliyevin görkəmli şair İmadəddin Nəsimin 650 illiyi münasibətilə imzaladığı Sərəncama əsasən hazırlanıb. Albom-kitaba görkəmli şairə həsr olunmuş məqalə və esselər, şeirlər, şairin şeirlərinə yazılmış mahnı mətnləri, onunla bağlı çəkilmiş portret şəkillər, illüstrasiyalar, heykəllərin reproduksiyaları toplanıb. Kitaba, həmçinin, şairin 600 illik yubiley tədbirlərini əks etdirin tarixi fotolar, "Nəsimi" filmindən və səhnə əsərlərindən fraqmentlər də əlavə olunub: "Mustafa Çəmənli yaradıcılığında hər zaman ciddi mövzulara işıq salınır. Bu kitab da mühüm bir mövzuya - Nəsiminin 650 illiyinə həsr olunub. Bu kitabda Nəsimi irsinə hörmət və ehtiram öz yerini tapıb. Kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm".

Tədbirin aparıcısı, AYB-nin katibi İlqar Fəhmi çıxışında deyib ki, kitabda qədimliklə yeniliyin vəhdəti diqqəti cəlb edir. Rəssamların əl işlərinin əlavə edilməsi kitabı adi almanax olmaqdan çıxarıb, ona müasir ab-hava qazandırıb: "Bu nəşr ümumilikdə maraqlı və yaddaqalan işdir. "Nəsimi ili" çərçivəsində yazılmış yazılara, çap olunmuş kitablara yekun monoqrafiya hesab oluna bilər".

Professor Raqub Kərimovun fikrincə, bu əsər "Nəsimi İli"nin yekunları kimi qiymətləndirilməlidir: "Bu kitabda Mustafa müəllim Nəsimi haqqında yazılmış yazıları, şeirləri toplayıb, rəsm əsərlərini daxil edib. Məncə, yaxşı olardı ki, Mustafa müəllim gələcəkdə bu elmi-tədqiqat işini davam etdirsin, yeni bir əsər kimi il sonunda oxuculara təqdim etsin. Bu münasibətlə Mustafa müəllimi təbrik edir, kitabı Nəsimişünaslığa töhfə kimi qiymətləndirirəm".

Xalq rəssamı Arif Hüseynov çıxışında il ərzində rəssamların da "Nəsimi ili"nə mühüm töhfələr verdiyini vurğulayıb: "Bu il çox kitablar çıxdı, amma bu, önəmli monoqrafiyadır. Çünki burada Nəsimi yaradıcılığına, şəxsiyyətinə hərs olunmuş yazılar geniş şəkildə toplanıb".

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirli deyib ki, bu vaxta qədər Nəsimi haqqında bu il yazılan qədər yazı yazılmamış, bu qədər kitab çap olunmamışdı: "Nəsimi elə görkəmli şəxsiyyətdir, inanıram ki, bundan sonra da onun haqqında yazılar yazılacaq, tədqiqatlar davam edəcək. Biz Milli Kitabxana olaraq, bu il Nəsiminin bir çox ölkələrdən nadir əlyazmalarını gətirdik. Bu cür kitablar Nəsimini nəinki bizə, bütün dünyaya tanıtmaq üçün gözəl vasitədir və mütləq xarici dillərə tərcümə olunmalıdır".

Nəsimişünas alim Səadət Şıxıyeva çıxışına Nəsimi və onun kimliyi ilə bağlı fikirlərlə başlayıb: "Nəsimi kimdir" sualına cavab verərkən kimisi onu şair, kimi mütəfəkkir, kimi filosof, kimi hürufi, kimi dərviş kimi təqdim edir. Nəsimini necə tanıtmaqdan və tanımaqdan asılı olmayaraq, kamil insanla qarşılaşırsan. Nəsimi bir arifdir. Hürufi mövzulu əsərlərində də özünü arif adlandırır. O, din alimi və din tədqiqatçısıdır. Eyni zamanda, Nəsimi çox mükəmməl tərcüməçidir. O, həm nəsr, həm də mənzum əsərləri tərcümə edib. Çox sevindirici haldır ki, Nəsimi bu il belə bir miqyasda gündəmə gətirildi. Bunun üçün ölkə Prezidentinə təşəkkür edirik. Baxmayaraq ki, yazılan əsərlərin hamısı eyni səviyyədə, eyni keyfiyyətdə deyil, yenə də bu ilə töhfə vermək istəyənlər sağ olsunlar. Əsərlərin, kitabların hansının daha yaxşı, daha keyfiyyətli olmasını isə gələcək bəlli edəcək. Amma bu kitablar içərisində bəziləri var ki, dəyəri bu gündən bəllidir, aydındır. Onlardan biri də bu gün təqdimatına toplaşdığımız kitabdır. Bu cür sanballı işə görə zəhməti keçən hər kəsə təşəkkür edirik".

Daha sonra çıxış edənlərdən Əli Əmirli, Azad Şükürov və başqaları "Nəsimi ili" çərçivəsində ölkəmizdə keçirilən silsilə tədbirlərdən, şairin yaradıcılığına dövlət tərəfindən verilən qiymətdən, onun irsinin dünyada geniş təbliğindən danışıblar. Vurğulanıb ki, "Nəsimi ili" ölkəmizdə nəsimişünaslığın inkişafına, böyük mütəfəkkirin irsinin, şairin ideallarının populyarlaşmasına böyük təkan verərək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdırıb.

Yazıçı-publisist Mustafa Çəmənli çıxış edərək kitabla bağlı məlumat verib, önəmini qeyd edib. O, kitabda toplanmış materiallara görə, Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi, Azərbaycan Dövlət İnformasiya Agentliyi, Milli Kitabxana, Dövlət Teatr Muzeyi və Dövlət Kino-foto Sənədləri Arxinin əməkdaşlarına təşəkkür edib.

Qeyd edək ki, "Təhsil" nəşriyyatında çap edilmiş "Zərrə mənəm, günəş mənəm" adlı kitabın ideya müəllifi Tural Axundovdur.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 18 dekabr.- S.13.