Yaxın tariximizə
güzgü tutan canlı roman yazır
Yazıçı
Əjdər Olun "Lo" əsərindən yaranan təəssürat
və düşüncələr
Dekabrın
14-də "Park Bulvar" ticarət Mərkəzinin
"Əli və Nino" mağazasında tanınmış
yazıçı Əjdər Olun "Lo" romanının
təqdimat və imza günü keçirildi.
İctimaiyyət nümayəndələri, incəsənət
və ədəbiyyat xadimlərinin iştirak etdiyi tədbirdə
hər kəs romanın həyəcanında idi. Romanı
öncədən oxuyanlar isə barmaqla sayılacaq qədərdi.
Onlardan biri də mən idim...
***
"Hövsələm daralmışdı. Düşüncələrimdə
dolaşıqlıq vardı. Ürəyim az
qalırdı qopub yerindən çıxsın..." İlk dəfədir ki, romanın ilk cümlələriylə
mənim onu oxuyub bitirərkən yaşadığım ruh
halım bu cür üst-üstə düşür.
Romanı birnəfəsə oxumuşdum. Buna oxumaq da
demək olmazdı, sanki romanı məlhəm kimi
başıma çəkmişdim. Və az
qala bütün məlhəmlər kimi o da dilimi,
dodağımı, boğazımı yandıra-yandıra
süzülmüşdü bədənimə.
Öncə romanın adı diqqətimi çəkmişdi. "Lo" dilimizdə
qarışıqlıq, hərc-mərclik, bədbəxtliyin
ifadəçisidirsə, başqa bir tərəfdən
yazıçının "Ol" təxəllüsünün
tərsidir. Romanı oxuduqca görürük
ki, o qarışıqlığın bir vətəndaşın
və bir xalqın tərcümeyi-halına çevrilə
bilməsi hər iki variantı özündə birləşdirir.
"Lo"
romanı mənim və yaşıdlarımın
olmadığı, amma valideynlərimizdən, o dövrün
şahidlərindən, arxiv sənədlərindən tez-tez
eşitdiyimiz, bildiyimiz bir dövrü əhatə edir. Bu əsər bir insanın, bir ailənin, bir nəslin
deyil, bütünlükdə böyük bir cəmiyyətin,
dövlətin romanıdır. Baş qəhrəman isə
ciddi tarixi-siyasi ağrılardan keçmiş, illərlə,
hətta əsrlərlə müstəqillik həsrəti
çəkmiş, bir sıra qarşıdurmalara, siyasi
oyunlara meydan olmuş, nəhayət, özündə təpər,
güc-qüvvət tapıb ayağa qalxan, o müstəqilliyini
canı, qanı bahasına qazanan Azərbaycan və Azərbaycan
xalqıdır.
Bu baxımdan "Lo" romanı hər bir müasir azərbaycanlının
tərcümeyi-halıdır. Bunu yazıçı özü də
gizlətmir: "Ölkənin tərcümeyi-halı mənim
tərcümeyi-halım idi. Bakıda, Azərbaycanda
baş verən hər bir hadisə həyat romanımın
süjet xəttinə daxil olurdu".
Müəllif əsərini "canlı roman"
adlandırır. 528 səhifəlik romanı oxuyarkən az
qala hər səhifədə bu ifadəyə haqq
qazandırmaya bilmirsən. İlk səhifədən,
ilk olaylardan başlamış son cümləsinə qədər
əsər tarixi canlandırmaq, onu canlı şəkildə
oxucusuna oxutmaq deyil, göstərmək funksiyasını
daşıyır.
Bu tarix 1988-1993-cü illər tarixidir. Azərbaycanın
çoxəsrlik tarixinin bəlkə də ən qaynar, ən
xaotik və də ən şərəfli dövrüdür.
Bu illərin içərisində məğlubiyyət də,
bezginlik də, güc də, birləşmək əzmi də,
düşmənin gözünə dik baxa bilmək cəsarəti
də, vətən üçün, yurd üçün,
azadlıq üçün əliyalın şəkildə
tankların qabağına çıxmaq qorxusuzluğu da,
qarışıqlıqlardan istifadə edib "özünə
gün ağlamaq" hərisliyi də, nəhayət, qələbə
də var.
***
Əsər qəhrəmanın qardaşı Qaranın
hərbi xidmətdə olduğu zaman Çernobılda baş
verən o məşum qəza ilə başlayır. Dövrün
və Sovet dövlətinin ciddi səyi nəticəsində
xalq bu hadisənin miqyası və törətdiyi bəlalar
haqqında o qədər də dərin bilgiyə sahib deyillər.
Ona görə də əsər bir ailənin
daxilindəki təlaşla başlayır. Qaranın başına gələn bu hadisə
ağırlığına görə bəlkə də ailənin
bu vaxta qədər yaşadığı ən ciddi hadisə
idi. İlk səhifələrdən oxucunu öz təsiri
altına salan bu fon əsərin sonuna qədər
də davam edir. Müəllif ustalıqla hadisələr
zəncirini getdikcə böyüyən, qalınlaşan
planda bir-birinə toxumağı bacarır. Ailədən başlayan hadisələr məhəllə,
rayon, şəhər və nəhayət, ölkə
miqyasında böyüyür. Bu ölkənin
Azərbaycan olduğunu iddia etmək, romana qarşı bəlkə
də haqsızlıq olar. 1979-cu ildən başlayaraq
dünya siyasətində aparılan planlı siyasət - Böyük Britaniyanın baş
naziri Marqaret Tetçerin, Almaniya Federativ Respublikasının
kansleri Helmut Kolun, Fransa prezidenti Fransua Mitteranın, Amerika Birləşmiş
Ştatlarında hakimiyyətə gələn Ronald
Reyqanın birgəliyi sayəsində kommunist sisteminə
qarşı başlanan mübarizə və SSRİ-nin
süqutunu labüdləşdirən pərdəarxası
ssenari - Marqaret Tetçerlə Qorbaçovun iş birliyi,
"Xalq Cəbhələri"nin yaranma ideyası, Moskvada
aparılan iyrənc oyunlar, böyük Sovet
imperiyasının tərkibindəki ayrı-ayrı
respublikaların vəziyyəti, SSRİ-nin
dağılmasını labüdləşdirən məqamların
şərhində Əjdər Ol yazıçı kimliyindən
əlavə politoloqvari dəqiq və səlis mühakimələri
ilə bir siyasi araşdırmaçı kimi
qarşımıza çıxır.
90-cı
illər elə də uzaq tarix olmadığından, az qala hər kəs özünü o dövrdə
nələrin baş verdiyi, hansı səbəblərin
hansı olaylara gətirib çıxartığı ilə
bağlı bilgi sahibi hesab edir. Bəlkə də
ona görədir ki, bu günə qədər həmin hadisələr
haqqında tutarlı əsər yazılmamışdı.
Xüsusən nəsr bu baxımdan çox kasad
görünürdü. Sanki
yazıçılar dövrün ən alt qatlarına qədər
enməyə çəkinirdilər. O dövrdə nəsrimizdə
simvolizm daha da güclənməyə başladı. Millilik, milli təəssübkeşlik arxa plana
keçdi. Xalqın
obrazlaşdırıldığı əsər
yazılmadı.
"Lo" romanı bu baxımdan da yenidir, önəmlidir,
uğurlu tapıntıdır.
Romanda hadisələr dəqiq xronoloji və məntiqi
ardıcıllıqla davam edir. Sanki Çernobıla
tuşlanan projektor sonrakı səhifələrdə birdən-birə
Azərbaycana və onun siyasi-iqtisadi durumuna yönəlir.
Beləcə, qarşımızda ən mühüm hadisələr
sıralanmaqda davam edir: 80-ci illərin sonunda ermənilər tərəfindən
başladılan və Azərbaycan xalqının səbrini
tarıma çəkən münaqişələr,
ardı-arası kəsilməyən qaçqın seli, getdikcə
artan Qarabağ iddiaları, meydan hadisələri, 20 Yanvar faciəsi,
bir-birinin ardınca itirilən torpaqlar, SSRİ-nin
dağılması, Xocalı soyqırımı, mühüm
dövlət adamlarımızın, ziyalıların məzarına
çevrilən vertalyot qəzası, Azərbaycanda sürətlə
bir-birini əvəz edən rəhbərlik, Elçibəy
hakimiyyətinin sonu və nəhayət, xalqın, dövlətin
nicatı - Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı...
Bütün bu hadisələrin, siyasi oyunların
qurbanı isə yenə də xalq idi. Cəbhədə
ağırlaşan vəziyyət, quduz kimi
torpaqlarımıza daraşan erməni mənfurlarına
qarşı mübarizə "ölüm" və
"şəhid" sözlərini ölkədə ən
çox işlənən, ən çox eşidilən
sözə çevirmişdi: "Azərbaycanda ölüm
ucuzlaşmışdı. Bütün ölkə
boyu hər kənddə, hər şəhərdə eyni
vaxtda neçə-neçə yas çadırları
qurulurdusa, daha gözdə yaş qalardı?
Hələ ağır yaralananların müsibəti. Onların
sayı şəhidlərinkindən qat-qat çoxdur. Onlar haçan, nə şəkildə
sağalacaqlar? Kiminin qolu yox, kiminin
qıçı, kiminin hər ikisi. Gözü
və yaxud gözləri kor olan, çənəsini güllə,
mərmi aparan, bədəninə qəlpə dolan, beli
qırılan, başına hava gələn, eh, hər
çür zədə növü taparsan. Cəbhəyanı bölgələrdə xəstəxanalar
hərbi hospitala çevrilib. Bakının, Gəncənin,
sərhədyanı rayon mərkəzlərinin xəstəxanaları
yaralılarla doludur".
Əsərin bir başqa özəlliyi isə hər kəsin
öz adı ilə yazılmasıdır. Bu vasitə ilə
müəllif şübhəyə, qeyri-reallığa
heç bir yer saxlamır. Obrazların bəzilərinin
adlarını eşitmişiksə, bir çoxunu da
görmüşük, görməyə davam edirik. Az qala hər gün
qarşılaşdığımız insanların Azərbaycanın
ən mühüm dövründə tutduqları mövqe,
dövlətin taleyində oynadıqları rol nə qədər
maraqlıdırsa, bir o qədər də həyəcanlıdır.
Mixail Qorbaçov, Raisa Qorbaçova, Kamran Bağırov, Ayaz
Mütəllibov, Əbdürrəhman Vəzirov, Əbülfəz
Elçibəy, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə,
Anar, Xəlil Rza Ulutürk, Mirəli Seyidov, Sabir Rüstəmxanlı,
Zəlimxan Yaqub və başqaları təkcə tarixin deyil,
"Lo" romanının da əsas obrazlarına
çevrilirlər.
Əbülfəs Elçibəy romanda saflıq, sadəlik
rəmzi kimi hörmətlə anılırsa, Heydər
Əliyev uzaqgörən, qətiyyətli siyasəti,
müdrikliyi ilə xalqın xilaskarı missiyası ilə bu
romanda da öz əzəmətilə ucalır.
Yazıçı həmin dövrdə baş verən
böyük siyasi hadisələr bir tərəfə, ən
kiçik situasiyanı belə nəzərdən kənar
qoymur. Hər kiçik ayrıntıya diqqətlə
yanaşır. Amma heç bir yerdə heç kim haqqında mühakimə yoxdur. Müəllif dövrün mənzərəsini
yalnışlarla, doğrularla olduğu kimi göstərir.
O, heç bir yerdə kiməsə haqq qazandırıb, kimisi
haqsız qələmə vermir. Hadisələr
və obrazlar haqqında nəticə
çıxartmağı oxucunun öhdəsinə buraxır.
Bu yerdə bütün hadisələrin tam mərkəzində
dayanan yazıçı ara-ara görünməz olur, bəzən
isə səhifələr arasında bir kölgə kimi gəzişir.
Əlbəttə, öz vətəndaş
mövqeyini də gizlətmir, öz bilgisi, müşahidəsi
çərçivəsində şərhlərindən də
qalmır. Xalqın çoxillik qəflət
yuxusundan ayılması, hadisələrə daha obyektiv
baxmağa başlamasını biz elə müəllifin
"açılan gözü"nün fonunda
görürük. Məsələn, bu hadisələrin
qızışdığı bir dövrdə müəllif
(oxu: xalq) birdən-birə anlayır ki, sən demə,
onların öz dövlətləri, vətənləri
haqqında illərdir oxuduqları, öyrəndikləri tarix
uydurma imiş: "Lapdan ayılıb birdən-birə
anlamışdıq ki, Azərbaycanın uzaq-yaxın tarixini
bilmirik. Dünyaya meydan oxuyan, güclü dövlətləri
yerində oturdan, qorxu içində susduran Sovetlər ölkəsi
bizi, öz vətəndaşlarını illərlə
gözübağlı saxlamışdı.
Keçmişimiz ərəb əlifbasının
dolanbaclarında gizlədilibmiş. Gözümüzə
soxulan tarix kitabları isə düzgün
yazılmayıbmış. O vəziyyətdəyik ki, insanlar
Qarabağ, keçmiş erməni-azərbaycanlı
münasibətləri mövzusunda savadsızdır. Hamı
bir-birinin
ağzına baxır ki, görək
qarşıdakı təzə nə deyəcək".
***
Bu qədər siyasi olayların arasında
yazıçı sadə insanlara, xoş duyğulara, məhrəm
hisslərə də yer ayırır, romanı tarixi roman
olmaqdan xilas edir.
Qardaşı
Qarayla Lalə, Dostu Balaş və İndira, eləcə də
Fərəhə duyduğu anlaşılmaz hisslər
romanı ağırlıqdan xilas edən məqamlardır. Romanın sonuna kimi ara-ara qarşımıza
çıxan Babayar özünün oynaq, macərapərəst
ruhu, qorxmazlığı və ədaləti ilə yadda
qalmağı bacarır.
Amma ölkədəki xaos və ağır durum
onların həyatına da təsirsiz ötüşmür. Hərəsi
bu hadisələrdən bir zərbəylə, bir
ağrıyla öz nəsiblərini "alıblar".
Çernobıl qəzası Qaranın, bu vasitəylə
də Lalənin, həyat yoldaşının, atasının
ölümü, özünün aldığı güllə
yarası Fərəhin həyatlarını zədələyib.
Meydan hadisələrində, cəbhədə aktivlik göstərən,
sadə toxunuşları ilə dövlətin bu ağır məqamında
gedişata az da olsa, yön verməyə çalışan
Qara və Lalə, 20 Yanvar hadisəsində ayağından
gülləylə yaralanmağını "ellə gələn
dərd toy-bayramdır" deyib az qala bununla fərəhlənən
Fərəh, xaricdəki işini atıb vətənin dar
günündə yanında olmaq üçün Bakıya,
ordanda da dostuyla (müəlliflə) cəbhəyə gedən
Balaş da hadisələrin mərkəzində qərarlaşıblar.
Ölkədəki qarışıqlıq, hər
gün eşidilən ölüm-itim xəbərləri,
uzaqların gətirdiyi tənhalıq hissi Balaşı əvvəl
rədd etdiyi, adi yanaşdığı İndiraya və onun
körpəsinə yaxınlaşdırır.
Dövr elə bir dövrdür ki, hərə etirazını bir cür bildirir. "...Dünənəcən piştaxtanın küncündə toz basmış "Qarabağ" siqaretini mataha mindirmişdilər". Bizim qəhrəmanımız da bir erməni sürücüsünün taksisində 10 qəpik qalığı, erməni dəlləkxanasında isə qiymət təlimatını tələb etməyini səmimiyyətlə danışır.
Əjdər Ol burada da dostu, yazıçı Namiq Abdullayevi unutmur. Onunla bağlı səhnə əsərin ən təsirli səhnələrindən biridir. Onun nə vaxtdır başı dövlətin, xalqın vəziyyətinə, dolaşıq işlərə qarışdığından ona baş çəkməyi unudan dostuna "düşünmürdün ki, bu xarabada bir kəsiyin qalıb?" gileyi həmin dövr Azərbaycanının kiçik modeli idi. Azərbaycan da kəsik idi: azadlıqdan kəsik, demokratiyadan kəsik, idarəçilikdən kəsik, nəhayət, torpaqdan kəsik...
***
Əjdər Ol 2010-2018-ci illərdə qələmə
aldığı "Lo" romanını "Yenə də
işə gedirdim... Artıq yazdığım romandan
çıxmışdım"- cümlələrilə
bitirir. Bu romana və roman vasitəsilə görmədiyimiz,
bilmədiyimiz, bizdən yaşca böyük olan o hadisələrə
daxil olmaq növbəsi isə artıq bizim nəsildaşlarımızın
və bizdən sonrakı nəsillərindir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 18 dekabr.- S.11.