Bir Turan yolçusu diyor ki:

 

Çox dolaşdım əski Şərqin ölü hissiz yurdunu,

Sübh olmuşdu,

fəqət yenə bir oyanıq görmədim.

Anlamazdı kimsə onun o şübhəli dərdini,

Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim.

 

                             ---------

 

Dedilər ki, öksüz Şərqin xəzan görmüş bağında,

Yeni başdan qızıl güllər, yasəmənlər açacaq.

Bu qaranlıq gecələrin ıssız, tutqun çağında,

Almas yıldız doğacaq da üfüqə yıldız saçacaq.

 

                             ---------

 

Dedilər, Azərbaycan türklərinin elində,

Əski atəş yeni başdan alovlanmış, coşmuşdur.

Vəhşi Qafqas dağlarının o bükülməz belində,

Bir Türk oğlu taleyinin arxasınca koşmuşdur.

 

                            ---------

 

Əvət, əvət bu gün Şərqə kəbə olan bu ölkə,

Yenə bir gün atəşilə-alovuyla yanacaq.

Bütün Turan oğuz nəsli, hətta bütün Şərq bəlkə,

Yenə onu təqdis ilə ziyarətgah sanacaq.

 

                            ---------

 

Ey Türk oğlu, səni tanrın Şərqə hadi göndərdi,

Yatmış yurdu qardaş kibi titrət, qaldır, oyandır.

Yeni, məsud bir həyata dəvət elə hər fərdi,

Ürəyində sönməyəcək bir təbii od yandır...

 

Əli Yusif 

 

525-ci qəzet.- 2019.- 17 dekabr.- S.15.