Füzuli aşiqi rəssam   

 

 

 

"Evdə hər şey yerli-yerində idi. Anam qabları elə düzürdü, elə bil rəssam idi. Örtükləri elə qatlayırdı ki, rəng çalarları bir-birinə uyğun gəlsin. Onun üçün bu elədiyi bir sənət əsəri idi, bu, bir gözəllik idi". Öz gündəliyində rəssam belə yazırdı. Lakin o, adi rəssam deyildi. Nağılların, bambaşqa dünyanın insanı idi.

Uzun barmaqları, nazik əlləri, işıldayan iri mavi gözləri, köpük kimi qaynayan saçları, qarabuğdayı siması olan, sanki bir çox sirlərdən agah,  dərviş surətli, arıq bir insan idi. O, Səttar Bəhlulzadə idi.

Azərbaycan rəsm sənəti üçün Səttar Bəhlulzadənin nə əhəmiyyət kəsb etdiyini qiymətləndirmək çox çətindir. Hələ sağlığında ikən canlı əfsanə idi. Azərbaycan rəsm sənətində lirik mənzərənin əsl siması idi.

1909-cu il, dekabrın 15-də Bakının Əmircan qəsəbəsində Bəhlul və Hökümə adlı sadə insanların ailəsində anadan olmuşdu. Demək olar ki, elə bütün ömrünü də orada keçirmişdi. Rəssamlığa sevgisi atasının balaca vaxtı ona hədiyyə etdiyi rəngli qələmlərlə başlamışdı. Həmin gündən Novruz rəngarəngliyi, kosa-keçəl oyunları, yaşadığı doğma Əmircanın təbiəti, suyu, havası balaca Səttarı öz sehrinə almış, rənglərin sirli aləminə çağırmış və bir daha buraxmamışdır.

Səttar Bəhlulzadə ilk ixtisas təhsilini Bakıdakı rəssamlıq texnikumundan başlamış, sonra isə Moskvadakı V.İ.Surikov adına Rəssamlıq İnstitutuna qəbul olunmuşdur. Moskvada diplom işi üçün Babək mövzusunu seçmiş və başqalarından fərqlənərək diplom işi olaraq bir yox, iki əsər - "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" tablolarını işləmişdir. Lakin İkinci dünya müharibəsinin başlaması ona diplomunu müdafiə etməyə imkan verməmişdir. Müharibədən sonra hələ də diplomsuz qalan rəssama dəfələrlə Moskvaya gəlib diplom işini müdafiə etmək təklif olunsa da, o, buna etiraz edib və "Məgər rəssamın özünü sübut etməsi üçün diploma ehtiyac var?", - deyə etiraz etmişdir.

Onun əsərləri fərqli idi. Heç kəsinkinə bənzəmirdi. Özü kimi. Həm çox canlı, həm də reallıqdan uzaq idi. O, detalları vurğulamırdı. Əsərlərində kontur, haşiyə  yox idi. Rənglər bir-birinə qarışırdı. Lakin təəccüblüsü odur ki, bu rəngarəng çalarlar bir-birilə əsrarəngiz ahəng təşkil edirdi. Rəqs edirdi. Bir Səttar dünyası, bir nağıl aləmi yaradırdı. Qəlbən çox həssas olmasına, dünyanın ağrı-acısını ürəyilə hiss etməsinə baxmayaraq, əsərlərində tünd rənglərə yer yox idi. Al-əlvan rənglər onun sehirli dünyasının sakinləri idi. O, al-əlvanlıqdan şənlik yaratmaq üçün istifadə etmirdi. O, sadəcə hiss etdiklərini yaradırdı. Bəlkə o səbədəndir ki, onun üçün sənəti ailəsi olmuşdu. O, təbiətin hər nəbzini duyur, onu tablolarına köçürür və yaratdıqları ilə nəfəs alırdı. Deyəsən, hər iki tərəf bir-birinə tabe olurdu. Rənglər Səttara, Səttar isə rənglərə.

Adətən insanlar, dərk etmədikləri aləmi qəbul edə bilmir, onun yaradıcısını da sevə bilmirlər. Əslində, bu, çox normaldı. Çünki insan qəliz, yabanı olanı açıqlaya bilmədiyi üçün ondan ehtiyatlanır. Lakin onunla bambaşqa idi. Onu sevənlər sevməyənlərdən daha çox idi. Əsərlərini başa düşməyənlər belə çox sevirdi. Kiçikdən, böyüyə qədər; qonşular, kəndlilər, çobanlar, uşaqlar, tələbələr, məmurlar, nazirlər, şairlər, əhatəsindəki hər kəs.

Hətta rəssamların sevimlisi idi, Səttar Bəhlulzadə. Ağla sığası kimi deyil. İnsanı da rəqibini sevərmi!? Amma onu sevirdilər. Onun dünya şöhrətli olduğunu, çox öndə olduğunu bilə-bilə sevirdilər. Çünki onun üçün nə qazandığı titullarının, nə də şan-şöhrətinin bir əhəmiyyəti yox idi. Onun üçün dəyərli olan rənglər, fırçası, insanlar, təbiət idi.

Bir gün qonşu oğlan onun emalatxanasına gəlir. Rəssam, təzəcə əlindəki tablosunu bitirirmiş olur. Elə həmin an təzə çəkdiyi əsərini qonşu oğlana hədiyyə edir. O, bütün sevdiyi insanlara şəkillərini təmənnasız hədiyyə edirdi. Rəssam bütün Azərbaycanı qarış-qarış gəzirdi. Maraqlı yarpaqlar, çiçəklər toplayırdı. Azərbaycanın bulaqlarından içir, havasını udur və Azərbaycanını hər kəsə hədiyyə edirdi. Çünki vətənini hədsiz dərəcədə sevən bir insan idi. O gözəl təbiət üçün vətəndən kənara gedənlərə irad tutaraq deyirdi: "Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir"

Səttar Bəhlulzadə yaratdığı əsərləri ilə bərabər, qəribəlikləri ilə də məşhur olan insan idi. Onun qəfildən evdən çıxıb, aylarla yoxa çıxmaq adəti var idi. Bu müddətdə onu sevənlər rəssamın Azərbaycanın hansısa bölgəsində təbiətlə təkbətək qaldığını bilirdi. Hətta xalq rəssamı Toğrul Nərimanbəyov öz yaxın dostu və yaradıcılığında əvəzolunmaz iz qoyan Səttar Bəhlulzadə haqqında xatirələrində də bu haqda danışmışdır. Bir gün gecə saat 12-də Səttar Bəhlulzadə Toğrul Nərimanbəyova zəng vurub deyir ki, "səni "Baksovetin" qarşısında gözləyirəm. Toğrul Nərimanbəyov deyir: "Görüş bəlkə sabaha qalsın? Səttar Bəhlulzadə razılaşmır və nəhayət, deyilən yerdə görüşürlər. Toğrul Nərimanbəyov: "Getdim, gördüm qanı qaradır". Səbəbini soruşanda məlum olur ki, Səttar Bəhlulzadə "Qızbənövşə"yə getmək istəyir. Bu yer Quba ərazisində yerləşir. Səttar Bəhlulzadə deyir ki, "indi ora getməsəm ölərəm". Birtəhər maşın tapıb səhər 4-də Qubaya çatırlar. Səhər tezdən Səttar işləməyə başlayanda Toğrula deyir: "Sən məni ölümdən xilas elədin". Beləcə Məcnun təki  vurğunu idi vətəninin əsrarəngiz təbiətinə. Bu sevgiylə qərinəlik, ölümsüz əsərlər yaratdı. "Qudyalçay vadisi", "Qızbənövşəyə gedən yol", "Doğma düzənlər", "Cıdır düzü", "Muğanda bahar", "Dədəgünəş", "Qədim Şamaxı", "Naxçıvan dağları", "Abşeronun tacı" tabloları və s. həmin səfərlərin nəticəsində gerçəkləşən sənət inciləridir.

Olduqca sadə, əliaçıq  insan idi. Bəlkə də dünyada bu vaxta qədər Səttar kimi ikinci bir səxavətli rəssam olmayıb, desək yanılmarıq. Hələ sağlığında müasirləri onu "Aramızda gəzən dahi" deyə çağırırdılar. Özünün bundan xəbəri yox idi. Bilsəydi inciyərdi. Tərifi xoşlamazdı. Çəkdiyi əsərləri üzünə tərifləyəndə də haldan-hala düşər, gözlərini bir nöqtəyə zilləyərək "İşləyirik də... hələ çox şey eləmək lazımdı", deyib söhbətin yönümünü dəyişməyə çalışardı.

Rəssamlar İttifaqından, xalq rəssamı Tahir Salahovun təşəbbüsü ilə ona verilən ikiotaqlı mənzili təmənnasız gənc bir rəssama hədiyyə etmişdi. Maşını ola biləcəyi halda doğma Əmircanına, evinə elektriçka ilə gedib gəlirdi. Siqaretin ən ucuzunu çəkirdi. Olduqca sadə geyinirdi. Bu dünyanın təbiətini, rənglərini çox sevirdi, özü isə insanlığı ilə, ruhu ilə bu günahlı dünyaya aid olmayan insan idi. Yaradanın gözəl bir sənət əsəri idi Səttar Bəhlulzadə.

Bütün dünyada tanınsa da, o, öz doğma Əmircanının əski memarlıq tikililərini, burada toxunan "Xilə" xalçalarını, sadə insanlarını, ziyalılarını, Azərbaycanının hər qarış torpağını, suyunu, havasını dünyada heç nəyə dəyişməzdi.

Rəssam gənc vaxtlarında təsviri sənətin bir çox janrlarda özünü sınamışdır. Müəllimi Əzim Əzimzadənin təklifi ilə karikaturalar çəkmiş, lakin bu  sənət növünün onluq olmadığını hiss etdiyi üçün, qrafik janra da müraciət etmişdir. Nəhayət ki, özünü lirik təbiət mənzərəsində tapmışdır. Əzim Əzimzadə ilə əməkdaşlıq Səttar üçün ilk sənət məktəbi olmuş, sonralar münasibətləri dostluğa çevrilmişdir.

Rəssamın şəxsi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Bolqarıstan, Almaniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya kimi dövlətlərdə keçirilmişdir. Hazırda da Azərbaycanımızla yanaşı, dünyanın bir çox ölkələrində, o cümlədən, nüfuzlu muzey və şəxsi kolleksiyalarda onun rəngkarlıq və qrafika əsərləri qorunub saxlanılır.

Çox tez-tez Səttar Bəhlulzadəyə haqlı olaraq "rəssam-şair", deyə müraciət edirdilər. O, klassik Azərbaycan poeziyasına canlandırdığı təbiət qədər böyük sevgi duyurdu. O, yorulmadan Nizamidən, Füzulidən, Vaqifdən, Sabirdən, Xaqanidən, Şirvanidən sitatlar gətirə bilərdi. Bundan xüsusi zövq alırdı. "Mənim üçün birinci yerdə Füzuli, sonra Vaqifdir. Digərlərinin yerlərini özünüz müəyyənləşdirin", rəssam deyirdi.

1973-cü ildə rəssam toksemiya - qanın zəhərlənməsi ilə səhhətində ciddi problemlər yaşayır. Dostlarının maddi dəstəyilə Moskvaya müalicəyə göndərilir, oradaca əməliyyat olunur. Lakin xəstəliklə baş etmək mümkün olmur. 1974-cü ildə isə rəssam Səttar Bəhlulzadə vəfat edir. Hətta ölümü ilə belə, Fəxri Xiyabanda yox, doğma Əmircanda, anasının məzarı ilə yanaşı basdırılmasını vəsiyyət edərək, öz təvazökarlıq və vətənpərvərliyini  bir daha sübut edir.

Rəssam hələ Moskvada ikən, əməliyyatdan sonra ikinci dəfə xəstəxanada yatarkən, gecə-gündüz ona Gürcüstanın Azərbaycan kəndlərindən gələn cavan bir oğlan qulluq edir. Rəssamın qohumunun "siz kimsiz?" sualına cavan oğlan belə cavab verir:- "Mən Səttar müəllimin dostuyam. O, bizim kəndimizə çox gəlib. Evimizdə qonaq olub. Rəsmlərini işləyib. Bizim kənddə hamı Səttar müəllimi çox sevir, onun üçün narahat olur. Odur ki, məni də bura göndəriblər".

Ölümündən sonra Əmircanda məzarının üstündə Səttar Bəhlulzadənin Azərbaycanın xalq rəssamı Ömər Eldarovun yaratdığı iki boş şəkil çərçivəli heykəli ucaldılmışdır. Ömər Eldarov  bu sənət əsəri ilə iki incə məqama toxunmuşdur. Bir məna Azərbaycan rəsm sənətində baş verən ağır itki, ikincisi isə rəssamın davamçılarına, yeni istedadlara işarə idi. Çünki Səttar Bəhlulzadə bir çox istedadlı gənclərin formalaşmasında çox böyük rol oynamışdır. Onlardan ən bariz nümunə Toğrul Nərimanbəyov idi.

Səttar Bəhlulzadənin adı  Bakının  küçələrindən birinə və Mərkəzi Sərgi salonuna, eləcə də, Əmircan Mədəniyyət sarayına verilmişdir. Doğma qəsəbədə onun ev muzeyində rəssamın şəxsi əşyaları və əsərlərinin surəti saxlanılır.

Bu il Səttar Bəhlulzadənin dekabr ayının 15-də 110 illiyi tamam oldu. Lakin bir neçə 100 il daha keçsə də, Allahın yaratdığı Füzuli aşiqi, dərviş simalı qeyri-adi insan, rəssam Səttar Bəhlulzadə, kiçikdən böyüyə hər kəsin sevimlisi olaraq yenə də yaşayacaq.

 

 

Fidan MALİK

 

525-ci qəzet.- 2019.- 20 dekabr.- S.16.