Əli İldırımoğlu
yaradıcılığı yeni tədqiqat
işığında
(Əvvəli ötən
sayımızda)
Əli İldırımoğlunun poetikasında bədii
yaradıcılığa xas milli özünü anlamaq
konsepsiyası onun daxili potensialından qidalanır və
ondakı həyati müşahidə
inandırıcıdır, bəşəri ideyaların təsdiqidir,
əsərlərin məzmununu zəiflətmir. Üstəgəl, humanist
baxımından romanlarının ideya istiqaməti ("Zorən
jurnalist", "Qarlı gecələr", "Mənim rəncbər
atam" və s.) mühüm və zəruri komponentlərdir.
Bu o deməkdir ki, yazıçının həyatdan
aldığı yaxın-uzaq faktlar (hadisələr) bədii
təcrübə yüksəkliyindən qidalanır, bu, eyni
zamanda, yazıçının təbiətindən, humanist və
dönməz xarakterindən irəli gəlir. Ədəbiyyatın, bütövlükdə bədii
yaradıcılığın yazıçının siyasi
şüuru ilə, çağdaş cəmiyyətin milli-mənəvi
həyatının ayrı-ayrı sahələri ilə
münasibəti Əli İldırımoğlunun
romanlarının leytmotivinə çevrilir. "Zorən jurnalist" romanında L.Rəşidzadə
epikliyi, ideyalılığı görür,
çağdaş romançılığımızın
nailiyyəti kimi qiymətləndirir. "Qarlı
gecələr" romanındakı həyat lövhələri
və detallar, sosial və psixoloji keçidlər,
yanlış əməllərin əks-sədası
inandırıcıdır, təhlil də eyni səviyyədədir,
çünki Loğman bəyin özü belə bir
mühitdə doğulmuş, tərbiyə almış və
formalaşmışdır. Bir şəxsiyyət
kimi "Mənim rəncbər atam" romanının adı
hər şeyi nağıllayır, xatirələr fonunda
keçmişi duyuruq, görürük və oğulun
intizarına şərik çıxırıq. Filoloq,
fəlsəfə doktoru Səadət İldırımzadənin
sözləri ilə nikbin yanaşırıq:
"Ə.İldırımoğlunun "Mənim rəncbər
atam" kitabı ədibin təkcə atası ilə vida
akkordu deyil, həm də sabahkı nəslə örnək
olacaq sənət abidəsidir. Bu kitab vaxtilə
göylərdən bayraq olaraq dünyaya sivilizasiyaya
yaymış, dünyaya hürr gəlmiş, hürr
yaşamış ulu bir qövmün öz taleyinə, öz
torpağına, öz sabahına çağırış
himni kimi səslənir. "Mənim rəncbər
atam" əsərini Ə.İldırımoğlunun
ağsaqqal nəsihəti, ağsaqqal tövsiyəsi kimi qəbul
etmək olar. Müəllif həm öz
dilindən, həm də İldırım kişinin dilindən
gənc nəslə ululardan qalma məsləhətlər,
tövsiyələr verir. Bu mənada əsərin
bədii, estetik dəyəri ikiqat, üçqat, onqat
artır". Bu iqtibas müəllifinin bədii
əsərə yanaşma tərzi də Əli
İldırımoğlu yaradıcılığına layiq
mühakimədir. Digər alimlər də
Əli İldırımoğlunun
yaradıcılığında milli-mənəvi
özünüdərk probleminə çağdaş zəminində
yan Duyum yanaşmışlar. Görkəmli filoloq, əməkdar
elm xadimi, professor Qəzənfər Kazımovun,
tanınmış alim, professor Nizaməddin Şəmsizadənin
fikirləri Loğman Rəşidzadənin diqqətindən
yayınmamışdır. Professor Q.Kazımov
yazmışdır: "Hər bir yazıçı
şübhə yoxdur ki, ömrü boyu özünü,
öz daxili aləmini, mənəvi dünyasını, ruhi
yaddaşını yazır. Bizim üçün bu yaddaş
bir əlçim bulud da ola bilər, bir
zolaq gün işığın da, bir damla göz yaşı
da, gülüş və fərəh də... Bütün
bunların məcmusu isə yenə də yazıçı
özüdür, onun mənliyi, daxili aləmi boy atıb
böyüdüyü yurd, qızındığı ocaq,varlığı ilə
bağlandığı yuva... bir sözlə, evinin içi,
vətən dediyi bir əlçim torpaqdır. Bir kənd-kəsək
subyekti, daş-torpaq, çəmən-çöl,
dağ-meşə əslində, insan üçün bir
dünyanın kiçildilmiş modeli, miniatür mənzərəsidir..."
Yeri gəlmişkən deyərdim ki, görkəmli
dilçi və ədəbiyyatşünas alim Qəzənfər
Kazımovun bədii materiala məxsusi yanaşma tərzi var,
bunu elə bir iqtibasdan da sezmək mümkündür.
Nizaməddin
Şəmsizadə Əli İldırımoğlunun
"Qarlı gecələr" romanına assosiativ prizmadan
yanaşır, təbii ki, obrazlı təfəkkürü ilə:
"Torpağın zirvəsi dağlardır. Yer
üzündə dağlardan uca heç nə yoxdur.
Çaylar, bulaqlar, meşələr, bağ-bağat
dağın döşünə baş qoyur,
kökünü, cövhərini, şəhd-şirəsini
dağın sinəsindən alır: Cəmiyyət də belədir,
xalq və millət də belədir, dağlar kimi uca kişilərə
dayaqlanıb yaşayır... Mənə bu sətirləri
yazdıran Əli İldırımoğlunun "Qarlı gecələr"
romanıdır. Bu roman Azərbaycan cəmiyyətində
məşhur jurnalist, yazıçı-publisist kimi onlarla
kitabı, yüzlərlə məqaləsi ilə dərin
nüfuz qazanmış Əli İldırımoğlunun gənclik
xatirələrindən süzülüb gələn saf
dağ suyu kimi şirin bir əsərdir".
Loğman
Rəşidzadənin yazıçının milli-mənəvi
özünüdərk anlayışına analitik münasibəti
maraq doğurur, orijinaldır, dəqiqdir, yazır: "Əli
İldırımoğlunun romanları da forma və struktur
etibarı ilə janrın ənənəvi bədii
kanonlarına söykənməklə yanaşı, mövzu və
kompazisiya cəhətdən yenidir, müasir ədəbiyyat
tariximizdə hadisədir. Onun əsərlərində
irəli sürülən ideya, təsvir edilən həyat
hadisələrinin reallığı, mövzu əlvanlığı
ümumibəşəri dəyərlərə hörmət,
forma və məzmunun harmoniyası oxucunu va-leh edir. Bunlardan hansının əsas, hansının ikinci dərəcəli
olması heç də şərt deyil. İnsan
orqanizmində əhəmiyyətsiz, funksiyasız üzv
olmadığı kimi, onun romanlarında da ədəbi
missiyanı yerinə yetirməyən heç nə tapmaq
mümkün deyildir".
Loğman Rəşidzadənin tədqiqatında"
ideya" məsələsindən yazmasını fəhmən
gözləyirdim. Ona görə ki, ədəbiyyatşünaslığın
elə də zəruri saymadığı bir
yanlışlıqdır. Ya lazım
bilmirlər, ya da qısqanırlar. Halbuki roman janrında
yazıçının düşündüyü və
hadisələrin inkişafı ideya ilə
bağlıdır: "İdeya əsərin nüvəsi,
ruhu, canı, qanıdır, yazıçının maraqla
öyrəndiyi həyat hadisələrindən, qəhrəmanların
hərəkət və fəaliyyətindən doğur, bədii
forma daxilində reallaşır, həyatdan doğsa da,
subyektiv müəllif mövqeyindən onun reallaşması isə
müəllifin yaradıcılıq üslubundan
asılıdır" - yazır. Bu tənqidi
yanaşma (ideya səviyyəsindədir) mənə dünya
şöhrətli nasirləri və onların romanlarına,
povestlərinə münasibəti xatırlatdı, deyək ki
Dostayevski, Tolstoy, Hüqo və başqa yazıçılarda
bu anlamı axtarmışlar. Rus tənqidçisi
M.Baxtin "Dostayevsknin poetikasının problemləri"
fundamental monoqrafiyasında "ideya" məsələsinə
geniş aspektdə toxunmuş və yazmışdır ki:
"İdeya Dostayevski bədii dünyasında
özünüdərkin öz müstəqilliyini təsdiq
etməsinə və hər bir mükəmməl, sabit neytral
obraza üstün gəlməsinə kömək edir. Lakin digər tərəfdən, ideyanın
özü də qəhrəmanın bədii təsvirinin
dominantı kimi öz əhəmiyyətini, kamilliyini
yalnız özünüdərk zəminində saxlaya
bilir". M.Baxtin və L.Rəşidzadə
düşüncəsindəki paralellik tamamilə haqlı qənaətdir.
Nə üçün bizim samballı
romançılarımızdan deyək ki, S.Rəhimov,
M.Hüseyn, Mir Cəlal Paşayev, M.İbrahimov, İ.Əfəndiyev,
İ.Şıxlı, İsa Muğanna, Əli
İldırımoğlu, Sabir Əhmədov
yaradıcılığında "ideya
axtarışı" fenomenindən
"qaçınsın". Əli
İldırımoğlunun "Aqibət", "Qarlı
gecələr", "Zorən jurnalist",
"Əmrahsız qalan dağlar", "Mənim rəncbər
atam" kimi romanlarının ideya-bədii xilqəti tədqiqata
cəlb olunmasın? Nəsrimizdə ideyanın
qoyuluşu əslinə baxsan bəzi yazıçılarda
monoloji qoyulmuşdur, daha doğrusu, bədii ideya təsdiq, ya
da inkar edilir. M.Baxtin birinci (təsdiq)
ideyaları görən və təsvir edən müəllif
düşüncəsinin vəhdətində birləşir,
ikinci (inkar) ideyalar - məna ifadə edən ideyalar sosial -
tipik, ya da sosial - səciyyəvi təzahürlər kimi qəhrəmanlar
arasında paylaşırlar. Alim yanaşmasında
analogiya axtarmaq fikrində deyiləm, lakin bu cür
yanaşmaların vaxtı çatmışdır...
Loğman
Rəşidzadə "Əli İldırımoğlu
yaradıcılığında milli-mənəvi
özünüdərk" monoqrafiyasında problemin əsas
xüsusiyyətlərini geniş təhlilə yönəltmiş,
insanın mənəvi həyatının: əxlaqi normalarla;
estetik baxışlarla və emosional hiss və psixoloji
yaşantılarla bağlamışdır, tamamilə
düzgün yozumdur ki, insanın varlığa,
ayrı-ayrı fərdlərə münasibətində
reallaşır, Əli İldırımoğlu da istisna deyil ədəbiyyata
gətirdiyi obrazları ilə. L.Rəşidzadə
göstərir ki, yazıçı əsərlərində
bütün obrazlara humanizmlə, ümumi mənafe - milli-mənəvi
özünüdərk düşüncəsi ilə
yanaşır, humanizmin vəhdəti onunla nəticələnir
ki, hər iki anlayış (humanizm və özünüdərk
- A.E.) mühüm dəyərləri qorumuşdur. Azərbaycan insanının qabiliyyətini,
potensialını açmaq, onun özünü təsdiq etmək
imkanı yaratmışdır. Belə ki, ədibin
yaratdığı Höcət Cahangirin işinə, əməyinə
münasibətində oxucuya təqdim edir. Bu obrazlar onun üçün sevilir ki, həyatın
qoynundan çıxmışdır, ziddiyyətləri
müşahidə etmişdir. Nəhayət,
yazıçının - müəllifin içindən,
ruhundan ayrılmışdır.
L.Rəşidzadə milli-mənəvi dəyərlərin humanizmlə bağlılığının elmi və praktik xüsusiyyətlərini önə çəkmişdir, şəxsiyyətin sosial mahiyyətində axtarmışdır. Ədibin "Dərd" kitabının ideya-estetik qayəsini bunda görmüş, obrazlı vurğulamışdır ki, bu kitaba yüklənmiş dərdlərin min bir dərmanından biri yumordur, əlavə edir ki, "Dərd"də toplanmış hekayələrdə, povestlərdə, dupduru dil, xalqın yaddaş xəzinəsindən gələn müdrik kəlamlardır. Loğman Rəşidzadə tədqiqatında Əli İldırımoğlunun yaradıcılığına və şəxsiyyətinə məxsus humanizmini ön planda vermişdir: "Onun əsərlərində insana münasibət sxemində baş verən dəyişikliklər zəminində ümumbəşəri dəyərlərə meyl çox güclü olur. Bu, özünün müvafiq ifadəsini onun yaratdığı obrazların humanizmə bağlılığında tapır" - qeyd edir və müəllifin "Aqibət" romanını vurğulayır, yazıçıdan bir təsvir epizodunu nümunə verir: "Elnən gələn qara gün toy-bayramdır, - deyiblər". Məktəb qurtarıb, kitabxana ixtisasını qazanmasına baxmayaraq, adını təmiz saxlamaq xətrinə qoşuldu kolxozçulara. Önlük bağlayıb zəmi biçdi, heşan saldı, vəl üstünə çıxıb xırman döydü, barama qurdu saxladı, çəltik becərdi ki, azdan-çoxdan qazanıb dörd baş külfəti birtəhər dolandırsın. Cahangir kişi ona deyəndə ki, kitabxanadan nahaq aralandın, Qənirə bilmədi ki, nə cavab versin. Odur ki, susdu. Başına gələnləri xatırladı, lakin düşündüklərini dilinə gətirmədi. Ağır ayağına kişinin nüfuzu qarşısında lal oldu. Cahangir də sözü çevirmədi. Beləcə dinib-danışmadan kəndə çatdılar".
Loğman Rəşidzadə yazıçının "Daş yağan gün" romanı haqqında təəssüratını yuxarıda göstərdiyimiz fikrinin davamı kimi səciyyələndirir. Mən xeyli vaxt olardı əsəri oxumuşdum, xatirimdə, xüsusilə, yazıçının təhkiyəsinə hopmuş təsvirin istiliyi, obrazların psixologiyasını açmağa yönəldilmiş ricətlər, detallar, faktlar qalmışdır. Bu roman mənə rus ədəbiyyatında: Tolstoyda, Turgenivdə, Qorkidə səslənən təbiətin səsini xatırlatmaqla yanaşı, talelərin əxlaq qanunu ilə idarə olunması, duyum həssaslığı da geniş vüsət almışdır. Oxuyuruq: "İlıq yaz axşamı bağ-bağatlı kənd alma, gilənar çiçəklərinə bürünmüşdü. Naxır örüşdən təzəcə qayıdırdı. Çiyni sənəkli qız-gəlin şən əhval-ruhiyyə ilə bulaq başına tələsirdi. Məscidlərin minarəsindən əzan səsi gəlirdi..." Yadıma M.Şoloxovun, K.Paustovskinin, A.Kuprinin koloritli təsvir lövhələri düşdü. Loğman Rəşidzadə romanın mühüm bir atributu olan təbiət təsvirini tutmuşdur...
(Ardı var)
Allahverdi
EMİNOV
Pedaqogika
üzrə fəlsəfə elmləri doktoru, dosent
525-ci qəzet.- 2019.- 20 dekabr.- S.14.