Müəllimlik zirvəsi

 

 

Məhəmməd peyğəmbər buyururdu ki, elm Çində olsa, onun dalınca gedin.

Qarabağın gözəl guşəsi Ağdamın, xüsusən Novruzlu camaatının bəxti bu sarıdan gətirmişdi. Onlar elm dalınca yaxın-uzaq ellərə deyil, elə kəndlərində yaşayan elm məbədinə - Əməkdar müəllim Səlim Əzimovun məbədinə üz tuturdular. Ağdamdan çıxmış onlarla elm adamının, neçə-neçə ictimai-siyasi, mədəniyyət maarif xadiminin əksəriyyəti Səlim müəllimin məktəbindən, Səlim müəllim bulağından su içmişdi.

Tarixən müəllim peşəsi həmişə ən şərəfli peşə hesab olunub, müəllimlərə xüsusi hörmət ehtiram göstərilib, onlar cəmiyyətin ən mötəbər insanları sayılıblar.

Ağdamda bir çox böyük pedaqoqların öz məktəbləri olub: Surxay Qurbanov məktəbi, Kərrar Mikayılov məktəbi, Qara Hüseynov məktəbi s. Rayonumuzun bu dəyərli, işıqlı ziyalılarının hərəsi öz dəst-xəttilə tanınıb. Səlim müəllimin məktəbi isə keçmişimizi bu günümüzə bağlayan maarif ocağıdır. Fərq isə ondadır ki, bu məktəbin taleyinə qaçqınlıq, didərginlik yazıldı. O, çöllərdə, çadır şəhərciklərdə, qəsəbələrdə, şəraitsiz, dar, taxta, dəmir otaqlarda balalarımıza elm verdi, dərs öyrətdi, vətənə məhəbbət, düşmənə nifrət hissləri aşıladı.

Səlim müəllim elə bir həyat yolu keçib ki, günlərlə yazılsa, heç yüzdə birini əhatə etmək olmaz. Bu insan dünyaya gələndən ta bu günədək ömrünü-gününü el yolunda qətrə-qətrə əridib istədiklərinə da nail olub. Bircə istəyindən başqa - Qarabağımızın düşməndən azad edilməsi arzusu rellaşmayıb. Bütün məclislərdə, görüşlərində, söhbətlərində əzəli mövzusu Qarabağ, yalnız Qarabağdır. Ərsəyə gətirdiyi kitablarında, məqalələrində Qarabağ həsrəti daima qırmızı xətt kimi keçir. O, Ağdamın qayıdacağına inanır bu inamla da yaşayır, yaradır. Məclislərimizin yaraşığı, camaatımızın güvənc yeri, müdrik ağsaqqalı, əvəzedilməz pedaqoq dəyərli ziyalımız Səlim müəllim minlərlə həmyerliləri kimi bu gün ağır qaçqınlıq həyatı yaşayır. Amma bir gün işğal altındakı torpaqlarımızın mütləq azad olunacağına inanır. Onu yaşadan da elə bu ümid, bu inancdır. Gün gələcək, torpaqlarımız yağı düşməndən azad ediləcək, yenə ağdamlı günlərimizə qayıdacağıq. Evlər, məktəblər yenidən tikiləcək, yeni nəsillər dünyaya gələcək ilk dərs gününü Səlim müəllim açıq elan edəcək növbəti yubileyini öz doğma kəndlərində keçirəcək. Biz - Səlim müəllim işığından nur alan, onun həyat tərzini özünə örnək seçənlər sevə-sevə rayonumuza üz tutacaq, camaatımız üçün əvəzsiz işlər görmüş Səlim müəllimi təbrik edəcəyik. Allah nəsib eləsin!

yaxşı ki, siz varsız, Səlim müəllim! Yubileyiniz mübarək! Bir gün Ağdamda görüşmək arzusu ilə,

 

Həşim HƏSƏNOĞLU

 

525-ci qəzet.- 2019.- 20 dekabr.- S.13.