Xatırladığım ömür və Əziz Nesinin bildikləri   

 

 

 

Yazmaq eşqdir... Oxumaq isə vəfa... Bir oxumağı bütün nazıyla qəlbinə çəkmək lazımdır.

Əziz Nesini oxumaq yazmaq eşqimə olan xəyanət idi, bilirdim, amma oxumağa olan sədaqətimi nümayiş etdirməkdə gecikmək istəmirdim. Məncə, Əziz Nesini oxuyan bir yazıçı, ən azı, iki ay heç yaza bilmir... Məsələn, mən bir aydan artıqdır ki, yarımçıq hekayəmi tamamlamağa cəsarət edəmmirəm.

Bir yazıçıların əsərlərindən əlavə, onların yazmaq-oxumaq haqqındakı düşüncələrini anlamağa çalışıram. Düşünürəm ki, bütün yazıçılar yazdıqları əsərlər sayəsində əfsanələşir, amma bu əfsanənin qəhrəmanı olmağa heç vaxt cəhd etmirlər.

Əziz Nesin haqqındakı əfsanələrdən biri onun boyunun balaca olması ilə bağlıdır. O əfsanə belədir: "İlk kitabını 33 yaşında yazan Əziz Nesin bütün həyatı boyu 110 kitab yazır. Bütün kitablarını üst-üstə qoyduqdan sonra yanında duraraq: "Boyumdan böyük kitab yazdım!" - deyir..."

Mənim oxuduğum hekayələrində özündən böyük idi Əziz Nesin. O, bildiyini bilmək istəmirmiş kimi yazıb həmişə... Məsələn, "Quldurlar" hekayəsindəki uşaq. Məncə, Əziz Nesin həmin uşağı çox sevib. Ona görə onu hekayənin ən namuslu obrazı edib. Uşağın oğurladığı çantadan çıxan 200 dollar bələdçi kimi polis komissarının əlindən tutub fahişəxanaya, qumarxanaya, qanunsuz tikinti sahəsinə, gizli heroin fabrikinə aparır. Cəmiyyətin arxa kadrlarındakı çirkli köhnə palitranı görəndə komissar uşağa deyir: "Onlara baxanda sən çox namuslusan!"

İnsan yaşadığı ömürdən doymur heç vaxt... Gəncliyində uşaqlığının, qocalıqda gəncliyinin həsrətini çəkir. İllərin tez keçdiyini düşünür. İnsanların yaşadığı ömrə baxıb heyfisləndiyini gördükdə ağlıma gələn bu olur: "Şükür Tanrıya, heç olmasa, ana bətnindəki 9 ayı xatırlamırıq". Xatırladığım ömürdə qəzet redaktorluğundan televiziya redaktorluğuna kimi mətbuatın mərkəz xəttində işlədiyim illər olub. bu illər haqqında bəzən danışmaq istəyirəm. Bütün fəxarətimi ürəyimə yığıb sözlərə çevirmək istəyəndə vicdanını qələminin ucundakı bir damla mürəkkəbdə boğan jurnalistlər gəlir gözümün qabağına. Demək istədiklərim sıxılan dişlərimin arxasında intihar edir...

Əziz Nesinin "Bir qəzet filan tarixdə necə bağlandı" hekayəsinin baş qəhrəmanını mən iyirmi yaşımdan bu yana tanıyıram. Sadəcə, hər il bir başqa adda, bir başqa görünüşdə qarşıma çıxır; gah qadın olur, gah kişi. Ya qəzet redaktoru olur, ya sayt müxbiri. Fərqi yoxdur, hansı yaşda, hansı şəhərdədir, Nesinin qəhrəmanı yaşayır hələ mətbuatla bağlı verilən bütün qərarları ədalətsiz hesab edir. Axı, onun ədalət ölçüsü yalnız özünə aiddir... Qəhrəman etiraf edir ki, heç keçirilməyən konsertdən yazı yazıb. Sonra da ölkəyə gəlib çıxmayan nümayəndə heyəti ilə görüşdən reportaj hazırlayıb onlar Türkiyəni çox sevdiklərini deyib. Sən demə, onların təyyarəsi qəzaya uğrayıb. Burda qəhrəmanın daha bir xüsusi taktikasını görürük; o, köhnə qəzetlərdən oxşar reportajları kəsib ora-burasını dəyişir, qəzetə verir. Bir sözlə, hekayə tam olaraq günümüzdə tində-döngədə çıxan "Feşmənkəsin həqiqəti" adlı qəzetlərin güzgüsüdür.

"Biz evə qəzet almırıq" hekayəsindəki incə yumor məni güldürməyi bacardısa da, qəzetlərin, nənəm demiş, "urvatdan düşməsinə" elə ağlamaq istədim ki... Amma bacarmadım. yalan deyim, qorxdum ki, gözsüz qalaram.

Hər qədər "siyasət" anlayışından daim uzaq qalmağa çalışsam da, "Adamı zorla dəli edərlər" hekayəsi məni günlərlə düşündürməyi bacardı. Bələdiyyə rəisi seçilən ağıllı, abırlı adamı tərifləyə-tərifləyə xudbinə çevirirlər... Sonra da deyirlər ki, gedək həkimdən kağız alaq, bu da dəli çıxdı. Gələn dəfəyə isə ağıllı rəis seçəcəklərinə ümid edirlər. Bütün düşüncələrim bir suala cavab tapmağı bacarmadı, düzünü deməliyəm. Həmin sualla bir vaxt Söylü şair Moşuya üz tutmuşdu, mən cəmi bir sözü dəyişdirdim: "Moşu, siyasət budu?"

"Sizin ölkədə eşşək yoxdurmu?" hekayəsini dönə-dönə oxumalıdır hər bir oxucu. Amma mən cəmi bir dəfə oxudum. Çünki eşşək alanı da, eşşək satanı da hər gün görürəm... Elə onları oxumaq mənə bəs edir; təkrar biliyin aynasıdır. Əslində isə, hər bir insan ömrü "olmaq, ya olmamaq?" sualının əllərimizdə əməllərimizdəki inikasıdır...

Əziz Nesinin bir məşhur cümləsi var, deyib-deyib yorulmağı gəlir adamın. Amma nə sirdirsə, Əziz Nesinin adıyla bağlı olan heç nədən yorulmaq olmur. O, insanın ürəyindəki yanğını cümlələriylə körükləməyi bacarıb və bacarır... "Mən göz yaşlarının içindən keçib gəldim, ağrı-acılarım məni satira yazarı elədi" - deyirdi Əziz Nesin... Hərdən paxıllığım tutur ona; ən azından, ağrılarına gülməyi bilib. Kim bilir, bəlkə elə "BÖYÜK İNSAN" anlamı bu gülüşdə gizlənib?!

"Oğru bu idimi?" hekayəsi də Əziz Nesinin yanğılı gülüşüdür... Bu gülüşdə bütün Yer kürəsini öz evi sayan, "ən adi həyati hadisələri" yaşayan insanların "adam kimi yaşamaq" arzusu əks-səda verir...

Bir də "Uçuruma yuvarlanırıq" hekayəsini sevirəm Əziz Nesinin... Əsərin qəhrəmanı o qədər saf və səmimi dillə düşündüklərini dilinə gətirir ki! Könül istər, bütün insanlar bu cür səmimi, içdən danışsınlar bir-birləriylə... Amma faydasız. Eh, indi kim Nesinin qəhrəmanı kimi yanağında Qızıləhmədi rəngi üzünü polis komissarına tutub deyər: "Mən məhkəmə icraçılarının evimizə gəlməsini heç də xoşlamıram. Onlar müsadirə etməyə bir şey tapa bilməyəndə adam xəcalət çəkir". Heç kim... Bax, burdakı "heç" kəlməsi çox ağır gəlir mənə...

Çünki Əziz Nesin demiş, biz ölçünü çoxdan itirmişik... Özü də bir-birimizə ürəyimizdən keçənləri olduğu kimi deməyin ölçüsünü. Əziz Nesin deyirdi: "Mənə elə gəlir ki, biz Türkiyə türkləri bir-birimizi batırmaqda, siz Azərbaycan türkləri bir-birinizi göylərə qaldırmaqda ölçünü itirmişik". İndi durub yeni ölçülər qoymağa cəhd edə bilərəm, buna cəsarətim var. Amma məlum sual yenə meydana çıxır: "Olmaq, ya olmamaq?" Mənim cəsarətimə ürəyində gülüb, hər fürsətdə yoluma daş qoyub, "uğurlar, irəli!" deyənlərin ölçülü olub-olmamağı adamın bütün düşüncələrini uçuruma itələyir... Uçurumlar geri dönüş ehtimalı olmayan istiqamətdir!

"Taxtalı köydən məktublar" ayrıca bir yazının mövzusudur... Mən bu ayrıcalığı yaşamaq istəmirəm; ayrılıq mənə çoxdan xəyanət edib!

... Yük altında ləhləyən, qan-tərə batmış eşşək eyvanda xəfif küləyin altında oturub içki içən eşşəyə həsrətlə baxaraq:

- Özünü yaman dartırsan, olub? Yer üzündə sən yaşayırsan, mən ... - deyib.

Eyvandakı eşşək yük altında ləhləyən eşşəyə belə cavab verib:

- Düzdür. Sən yaşayırsan, mən . Amma sən elə yaşayırsan, mən belə...

Əminəm ki, Əziz Nesin bunu yazanda vaxtsa mənim oxuyacağımı bilirdi... Onu da bilirdi ki, məni yalnız düşündürərək susdura bilər.

İnstitutda oxuyanda Sevda adlı bir tələbə yoldaşım vardı. Mənə yol-hərəkət qaydalarını başa salırdı. Bir dəfə dedi:

- Çalış, həmişə qoşa xəttin üstündə dayan. Maşın səni vursa, günah onda olacaq.

Təzə öyrəndiklərimi evdə danışanda anam gülərək demişdi:

- Məni maşın vurub öldürəndən sonra fərqi var, günah ondadı, ya məndə?

"Taxtalı köydən" yazılan dördüncü məktubda eyni epizodu oxuyanda Əziz Nesinin bütün dövrlərin müasiri olduğuna bir daha əmin oldum. O yazıb:

- Adamın bəxti gətirəndə təcili yardımın altına düşür.

- İnsan öləndən sonra ya avtobusun, ya taksinin, ya zibil maşınının, ya şəxsi maşının, ya da təcili yardımın altına düşsün, bunun bir fərqi varmı?

Səkkizinci məktubu oxuyanda Anarın "Yaxşı padşahın nağılı" əsərini xatırladım. Anar öz əsərində bir başçının "yaxşı" xüsusiyyətlərini və xarakterinin təlqin etdiyi davranışlarını qələmə alıb. Əziz Nesin isə bir növ, oxucunu situasiyanın pərdə arxasına tərəf istiqamətləndirib: "Əgər mən də dövlət başçısı olsaydım və öskürsəydim, dərhal: "Aman Allah, nə böyük öskürəkdi!" - hər tərəfdən dillənəcəkdilər", - deyə yazıb.

On üçüncü məktubda "insan olmağın şərti insan kimi yaşamaqdır" - deyir Əziz Nesin.  Və ölməzdən öncə öz-özündən soruşduğu "son arzun nədir?" sualına verdiyi cavabın niyə ağrılı olduğunu anlayırıq... Onun bütün həyat boyu ürəyinə, əllərinə, çiyninə yığdığı ağrı yükün ucundan tutub elə hey ölümə tərəf dartan kəlmə bu idi: "Yaşamaq!"

 

 

Şəfa VƏLİ

 

525-ci qəzet.- 2019.- 20 dekabr.- S.13.