Azərbaycanın səsi “Riga
Symphony” müsabiqəsinin
polifoniyasında
Dekabr ayında, yeni il ərəfəsində
Latviyanın paytaxtında
ənənəvi olaraq
gənc vokalçıların
“Riga Symphony” adlı müsabiqə-festivalı
keçirilir.
2019-cu ildə artıq
səkkizinci dəfə
baş tutan bu müsabiqəyə 21 ölkəni təmsil edən 300 nəfərdən
çox iştirakçı
toplaşmışdı. Müsabiqə 5-25 yaş arası vokalçılar üçün
bütün əsas nominasiyalar üzrə keçirilir. Burada vokal
sənətinin əsas
istiqamətləri - akademik
vokal, jazz, pop, xalq ifaçılığı təmsil
olunur. Müəllif mahnıları, latviyalı
bəstəkarların nəğmələrinin
ifası da qiymətləndirilir. Bu il “Diamond voice” nominasiyası,
habelə xor və ansambl ifaçılığı üzrə
yarışma da ümumi proqrama əlavə olundu. Daha bir nominasiya
“Gənc istedadların
kökləri” adlanırdı:
burada isə müsabiqə iştirakçılarının
valideynləri öz bacarığını sərgiləmək
imkanı əldə etmişdi.
Xatırladaq ki, ötən il Azərbaycan “Riga
Symphony” müsabiqəsində “dünya hiti” nominasiyasında Qran-pri (Ləman İbrahimova) və “xalq ifaçılığı”
nominasiyasında gümüş
mükafat (Nigar Cəlilova) qazanmışdır.
Builki müsabiqədə
ölkəmizi İsgəndər
Həsənzadə, Nəzrin
Həsənzadə və
Nəfisə Akiyeva təmsil edirdilər. Onların üçü
də opera müğənnisi,
vokal üzrə tanınmış pedaqoq Yevgeniya Məmmədovanın
tələbəsidir. Nəfisə
rəqabətin xüsusilə
böyük olduğu
18-25 yaş kateqoriyasında
yarışaraq çox
ləyaqətlə çıxış
etdi və kifayət qədər yüksək qiymətlər
alaraq sonda müsabiqənin bürünc
mükafatçısı oldu.
İsgəndər (8-11 yaş
kateqoriyası) və Nəzrin ( 12-14 yaş kateqoriyası) öz qüvvələrini “akademik
vokal” və “dünya hiti” nominasiyalarında sınadılar.
Onların çıxışı mütəxəssislərin diqqətindən
yayınmadı. Hər iki
gəncin gözəl
səs imkanları və musiqi duyumu, habelə zəhmətsevərliyi qeyd
olunmalıdır. Hər
ikisi səhnədə
özünü çox
gözəl hiss edir və oxuduqları əsərləri dolğun
çatdırmağı bacarır.
Odur, azərbaycanlı vokalçıların
hərəyə müvafiq
olaraq - iki qızıl medal alması
(cəmi dörd qızıl medal) tamamilə
qanunauyğun idi.
Nəzrin finalda - festivalın
VEF Mədəniyyət Sarayında
keçirilən bağlanış
konsertində də Azərbaycanı təmsil
etmək hüququ qazanaraq, Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını incə
zövqlə səsləndirdi.
G.Şaroyev adına
35 saylı musiqi məktəbində təhsil
alan İsgəndər
isə öz artistizmi və “sehrli səsi” (estoniyalı ekspert Y.Kuzminanın ifadəsidir)
ilə bir çoxlarını məftun
etdi. Onun müvəffəqiyyətini konsertmeyster Lalə Bağırzadə bölüşdürdü.
Müsabiqə günlərində gənc
ifaçılar əvvəlcədən
tərtib olunmuş proqrama əsasən öz ölkələrinin
səfirliklərində də
olmaq imkanı əldə etdilər. Azərbaycanın Latviyadakı səfirliyində
təşkil olunan görüşdə səfir
Cavanşir Axundov gənc ifaçıları
uğurlu çıxışları
münasibətilə təbrik
edib, onlara yeni zirvələr fəth etmək arzularını çatdırdı.
Səfir
xüsusi vurğuladı
ki, bu gün
Azərbaycanda gənclərin
təlim-tərbiyəsi, ən
yaxşı təhsil
ocaqlarında oxuması,
sənətlərini inkişaf
etdirməsi üçün
yaxşı şərait
yaradılıb. Görüşün sonunda gənc artistlərə xatirə hədiyyələri təqdim
olundu.
Mənə artıq ikinci dəfə bu gözəl müsabiqənin
münsiflər heyətinin
işində iştirak
etmək nəsib oldu. Yəqin burada müəyyən
qanunauyğunluq var. Axı
əsas kitabımın
adı “Simfoniyanın
fəzası”dır. Həmin kitabda
mən 60-80-ci illər
Azərbaycan simfoniyasının
inkişafında başlıca
təmayülləri nəzərdən
keçirirəm. “Simfoniya” sözü “həmsəda” kimi tərcümə olunur.
Riqada elə müxtəlif çalarlı
sədaların ahənginin
şahidi olduq: fərqli dillər, ənənələr, üslublar,
temperamentlərin bir araya gəlməsi əsrarəngiz polifoniya yaratdı. Mən Riga Symphony müsabiqəsini Şərq xalçası
ilə də müqayisə edərdim.
Bu xalçanın hər bir naxışı
gözəl və orijinaldır. Bir yerdə
həmin naxışlar
valehedici al- əlvan panno əmələ gətirir.
Bir cəhəti
xüsusi vurğulamağı
lazım bilirəm. Riga Symphony rəsmən müsabiqə
statusunda olsa da, onu daha
çox festival kimi nəzərdən keçirərdim.
Axı burada qalib və
məğlub olanlar yoxdur. Əsas odur ki, müxtəlif millətlərin
təmsilçiləri bir
araya gələrək
musiqinin dili ilə ən ülvi duyğuları - sevgini, xeyirxahlığı,
dostluğu, yaradıcılıq
və harmoniya dolu dinc həyatı
vəsf edirlər.
Əlbəttə, mükafatlandırılanlar da oldu və onların sırasında gənc azərbaycanlıları görmək çox sevindirici idi. Onu vurğulayım ki, həmvətənlərimiz müsabiqəyə çox yaxşı hazırlaşmışdılar. Onlar hətta öz zahiri görünüşü, konsert kostyumları ilə də xoş təsir bağışlayırdılar. Hər şey - Azərbaycanın bayraqları, milli şirniyyatın və suvenirlərin təqdimatı əvvəlcədən düşünülüb daşınılmışdı. Burada, əlbəttə, valideynlərin rolu da önəmlidir. Onların zəhməti və qayğısı nəticəsində uşaqlar, demək olar ki, mükəmməl çıxışlar nümayiş etdirə bildilər.
Festivalda iştirak etmək hamımızı son dərəcə zənginləşdirdi. Məsələn, mən İtaliya, Çexiya, Qazaxıstan, Belarus, Litva, Bolqarıstan, Portuqaliya, Polşa, Kuba, Moldova, Ukrayna, Estoniyadan festivala təşrif buyurmuş ali peşəkarlarla tanış olmaq imkanı əldə etdim. Onların çoxu azərbaycanlı iştirakçıları öz müsabiqələrində görmək arzusunu ifadə etdilər. Əsas da elə budur. Belə festivallarda yaranan əlaqələr sonralar öz bəhrəsini verir.
İstedadlı uşaqlarımıza musiqiyə uca münasibət bəsləyərək məqsədyönlü çalışmaq, durmadan dünyagörüşünü genişləndirmək, dilləri öyrənməyi tövsiyə edərdim.
Nəhayət, yeni il öncəsi uşaqlara nağıllar aləminə əsrarəngiz səyahət bəxş etmiş insanı - festivalın yaradıcısı və bədii rəhbəri, bəstəkar, pedaqoq, prodüser, “Pumpurini” uşaq vokal və rəqs studiyasının direktoru Helena Lorena Şvilpenin xidmətlərini qeyd etməmək mümkün deyil. Məhz onun titanik zəhməti, istedadı və sənətə sevgisi nəticəsində bu musiqi bayramı baş tutdu. Festivala qatılmış heç bir iştirakçı diqqətsiz qalmadı: məhz bu il xüsusi dizayn əsasında hazırlanan kubok və mükafatlar, əlbəttə, festivala əlavə rəng qatdı. Münsiflər heyətinin üzvlərinə verilən xatirə mükafatının ürək formasında olması rəmzi məna daşıyırdı. Bununla da Riqa festivalının yaradıcısı hər bir kəsə ürəyinin bir parçasını bəxş etdiyini bildirirdi.
Onu da deyim ki, dünyanın müxtəlif ölkələrində müsabiqələrə münsiflər heyətinin üzvü, ekspert kimi dəvət alan, uşaq və gənclərlə əlaqədar bir çox layihəyə imza atmış H.Şvilpe Azərbaycanda da “Baku Symphony” adı ilə müsabiqə təşkil etmək arzusunda olduğunu söylədi. Məncə, gözəl təklifdir və ona diqqət yetirməyə dəyər.
Helena Şvilpe
əmindir ki, istedadsız uşaq
yoxdur. Onun təşkil
etdiyi festivalın əsas məqsədi isə
uşaqları xoşbəxt etməkdir. Düşünürəm,
həmin vəzifə böyük müvəffəqiyyətlə
yerinə yetirildi.
Zümrüd DADAŞZADƏ
Professor, Əməkdar incəsənət
xadimi
525-ci qəzet.- 2019.- 20 dekabr.- S.9.