Məni Nazim Hikmət
yanıltdı...
Sevgini ən gözəl şeirlərdən,
ən maraqlı romanlardan, ən dərin yazarlardan öyrəndim. Ən çox da Nazim Hikmətdən.
Yadımdadır, 11 yaşım olanda
bir misrası dilimə düşmüşdü,
"bence sen de şimdi her kes gibisin".
Bütün gün uşaq ağlımla bunu təkrarlayaraq müəllifin nə demək istədiyini beynimdə çək-çevir etmişdim. Bir insanın digəri üçün necə heçə dönməyindənmi, yoxsa qırğınlığının nə qədər dərin olmağındanmı bəhs edir, anlaya bilmirdim. Yeniyetməlik dönəmimdə əlimə içərisində iki-üç şeiri dərc edilən bir dərgi keçdi. Oxuduqca gözüm dolurdu, düşüncələrə dalırdım. Hiss edirdim ki, bu adam içimdə səbəbinin nə olduğu mənə də məlum olmayan qasırğa yaradır. Birdə onda görürdüm ki, Tanrı barmağı kimi yerdən buluda qədər uzanaraq gələn burulğan içimə dolur və bütün orqanları bir-birinə qataraq sıxıb, parçalayır. Aradan xeyli müddət ötdü. Universitet dönəmimdə illər əvvəl oxuyub anlamadıqlarımı yenidən gözdən keçirərək mənasını dərk etməyə başladım. Bir gün danışanda fərqinə vardım ki, Nazim Hikmetin şeirlərini, aforizm sayılacaq sözlərini əzbərləmişəm. Təbii ki, bu durum məni ürkütdü. Amma hiss edirdim ki, iş işdən keçib. Adam içimdəki yatmış "divi" çoxdan oyadıb. Hə, sən demə, o "div" nəhəng sevgi imiş.
Nazim mənim üçün sevginin əlifbası oldu. Hesab etdim ki, nə artıq, nə əskik, bu duyğu onun yazdığı kimi ucsuz-bucaqsız, hüdudsuz yaşanmalıdır. Özümü inandırdım ki, onun kimi sərhədsiz, sonsuz sevmək lazımdır. Fikirləşdim ki, dəlicəsinə sevməmək sevmək sayılmır. Hə də, axı, insan necə yarımçıq sevə bilər?! Bu, ya tam olmalıdır, ya da olmamalıdır. Məsələ burasındadır ki, addımlarımı Nazim Hikmətdən öyrəndiyim kimi atdım. Qəlbim qırılanda təəccübləndim, ürəyim yananda ağlımı itirəcək həddə çatdım. Yenə də yanlışı öyrədənimdə deyil, özümdə axtardım. Deməli, hardasa bir boşluq buraxır, hansısa vacib sayılan dərsi unudurdum. Əmin idim ki, Ustadın yazdığı əlifbada yanlış ola bilməz, belə çıxır ki, problem şagirddədir. Buna görə də yenidən başa qayıtdım, hər şeyi təkrar oxuyaraq qüsuru harada etdiyimi aydınlaşdırmağa çalışdım. Sevəndə eşqdən yazdıqlarına, üzüləndə ayrılıq şeirlərinə sarıldım. Yenə düşündüm ki, o boyda Nazim Hikmət sevgiyə dair bu qədər yazıbsa, mütləq bir bildiyi var. Birgün dostuma dedim ki, "Kaş, Nazim Hikmətlə eyni dövürdə yaşayardım. Onu hamının əlindən alıb özüm sevərdim". Dediklərimə gülmüşdü. Amma bunu söyləyəndə çox ciddi idim. Çünki dərindən sevmək üçün ya gərək qarşında Nazim ola, ya da onu heç başdan oxumayasan. Adam məmləkəti, çiçəyi, böcəyi, özgürlüyü, göy üzünü, mavini eyni ilə qadını sevdiyi kimi sevir: tutqulu, ehtiraslı. Məni Nazim Hikmət yanıltdı.
Məsələn, Veraya yazdığı bu misralar; "Lanet olsun, ne muazzam şey seni sevmek! Seni sevmeden
önce dünyayı
sevmesini bile bilmiyormuşum".
Bunu oxuyanda deyirəm ki, əsl eşq
mavi gözlü nəhəngin yazdığı
kimidir. Yenə aldanıram. Ancaq vaxt ötdükcə
elə olmadığını
başa düşürəm!
Üzüləndə qarşımdakından, məni qırandan yox, öyrədənimdən
- Nazimdən küsür,
ondan qırılıram.
Öz-özümə düşünürəm
ki, görəsən, yenidən illər əvvələ
qayıtsam, yenə öyrənməyə Nazim
Hikmətin yazdıqlarından başlayardımmı?! Sonra Pirayəyə yazdığı bu misraları oxuyub başda özüm olmaqla hamını və hər şeyi əfv edirəm: "Seni
nasıl seviyorum biliyor
musun? Ot yağmuru nasıl severse, ayna
ışığı nasıl severse,
balık suyu ve insan ekmeği nasıl severse, sarhoşun
şarabı, şarabın billur kadehi sevdiği gibi, annenin
çocukları, çocukların anneleri
sevdikleri gibi, Leninin inkılabı ve
inkılabın Marksı sevdiği kadar..." İlahi, bu necə sevməkdir, bu nə
cür eşqdir, bu nə təsvirdir?! Hə, yalnız Nazim bunu deyə bilərdi.
Çünki dəmir barmaqlıqlar
arxasından, kağızla, qələmlə, cavabsız məktublarla,
illərlə, uzaqdan, görmədən, toxunmadan yalnız o, bu cür sevmək
iqtidarında idi. Bircə o,
sevgini bu cür zirvələrə qaldıra bilərdi.
İndi mənə aydın olur ki, eşqi
sonradan öyrənmək istənilən halda təqliddir. Sevgini oxuyaraq yox, yaşayaraq
öyrənmək lazım imiş. Və
artıq bunu da başa düşürəm ki,
həyatın gerçəkləri heç
də Ustadın yazdığı kimi olmurmuş. Eybi yox! Hər şeyə rəğmən Nazim Hikməti də, əlifbasını da sevirəm. Onsuz da başqa yol
yoxdur. Çünki Nazimin şeirləri ana dili kimidir. Nə dəyişmək
olur, nə də unutmaq.
Yenə də ümidimi itirmirəm. Bəlkə
bir gün bir sətirdə mənə
yanılmadığımı isbat edəcək!
Etməsə də, ruhu sağ
olsun.
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 21 dekabr.- S.24.