Əli İldırımoğlu yaradıcılığı yeni tədqiqat işığında

 

 

 (Əvvəli ötən sayımızda)

"Daş yağan gün"dən danışan tənqidçi insan taleyi fonunda hadisələrin inkişaf dinamikasını da unutmur. Əsərin mətnindən çıxış etməklə: yazıçı insan xarakterini, fenomenal varlığını, habelə əxlaqi kodlarının açılmasını səciyyəvi saymışdır. Mühüm odur ki, Əli İldırımoğlu yaradıcılığında erməni daşnaklarının, şovinist xislətlərin iç üzünü açmış yeganə yazıçılarımızdan sayılır. Təsəvvürə gətirənləri ədib öz gözləri ilə görmüşdür və "Daş yağan gün" romanında təsvirini tapmışdır. Əsərdə qaniçən ermənilərdən, tayqulaq Andranik Ozanyan, Nijdeh, Hamazos, Dro kimi "qatillərin xəyali ob-razlarının yaratdığı bədii mənzərə problemi köklərinə qədər oxucuya" çatdırılır. Əli İldırımoğlu o qanlı illərin canlı şahidi idi və yerli azərbaycanlılara tuşlanan vəhşətlərin əzabını yaşamışdır və Loğman Rəşidzadənin bir qeydi yerinə düşür: "Erməni xislətinə yaxından bələd olan və onu sonadək ifşa etməyi bacaran, erməni hiyləsinə uymamağı "bütün əyaniliyi ilə təbliğ edən yazıçı" kimi bugünün oxucularında anlamı reallığa yönəldir və əlavə edir: "Humanist yazıçının kredosu budur: erməni olsa belə, insandan sonadək imtina etmək olmaz". "Daş yağan gün" əsərində ermənizmin ifşası leytmotivdir. Mən bu məsələnin üzərindən sükutla keçərdim. Lakin adi dünyagörüşlü sa-dəlövh insanlardan fərqli olaraq söz adamı (yazıçı, şair, dramaturq, jurnalist) ümumibəşəri simalı (timsallı) insandır, o, lap dost olmayan dövlətə ayaq basar, yerli xalqın düşmənlə apardığı müharibədə iştirak edər və ədalətlə yazar, çünki onun sənəti, peşəsi və ürəyi, beyni belə bir koda birləşdirilmişdir! Uzağa getməyək: Lev Tolstoyun "Hərb və sülh", E.Hemenquyenin "Əcəl zəngləri", Əbülhəsənin "Müharibə" (ilk adı ilə) romanlarını xatırlamaq kifayətdir. Tolstoyun Andrey Balkonskisi fransızların əlinə keçir ölüm ayağında. Napoleon döyüş yerlərini gəzərkən yaraşıqlı rus generalın ölümcül yaralandığını görüb, ona tibbi yardım olunmasına göstəriş verir. Bu, yazıçı psixologiyasının bir atributu deyilmi? "Əcəl zəngləri"ndə ispan xalqının öz azadlıqları uğrunda apardıqları mübarizə deyilmi? Əsərin qəhrəmanı Robert Cordan bu yolda həlak olur, halbuki Ernest Hemunquey amerikanlıdır. Əli İldırımoğlu humanizminə belə bir rakursdan yanaşmaq ədalətli olardı! Onun (Əli İldırımoğlunun - A.E.) milli-mənəvi özünüdərk konsepsiyası da bu bəşəri ideyalarla qovuşuqdur. Loğman Rəşidzadə yazır: "Yazıçı öz estetik məqsədi üçün, hətta ermənidə belə (təbii ki, daha sadə məkrsiz millətçilik ideyaları ilə zəhərlənməmiş), işıqlı cəhətlər axtarır. Bu, Əli İldırımoğlunun bir yazıçı kimi bəlkə də ən böyük uğurlarından biridir. Yazıçı bütün vasitələrlə sonadək öz idealını qabardır, humanizmin və insanpərvərliyin tərəfində dayanır". - Loğman Rəşidzadə bu fikrini davam etdirmişdir.

Oxucu monoqrafiyada maraqlı bir nüansla da qarşılaşır ki, bunu ədəbiyyatşünasın uğuru hesab edərdim, əlbəttə, obyektivlik prizmasından. Yaradıcılığından yazan, dərin təhlilinə varan, nəsrindəki mənəvi və milli idrakdan bəhs edən Loğman Rəşidzadə Əli İldırımoğlunun "obrazı"nı (dırnaq mənə məxsusdur) yaratmışdır, - desəm yanılmaram. Bu incə missiyanı pafosla, bəlağətlə, təqlidçiliklə yox, özünəxas yanaşma və nəticəçıxarma üsulu ilə yerinə yetirmişdir. Belə bir yolu hər bir tənqidçi seçmir: bunun bir səbəbi onun cəsarətsizliyi, digər amili sübuta yetirə bilməmək qismətidir. Lakin Loğman bəy bunu bacara bilmişdir!

Əli İldırımoğlunun yaradıcılığında ailə əxlaqı xüsusi yer tutur, təbii ki, bu fövqəl yanaşma məhəbbəti şərtləndirən faktordur. Ailə əxlaqını həmişə yazıçı öz şəxsi həyatında üstün tutmuş ki, əsərlərində dərin iz buraxmışdır: "Zorən jurnalist", "Aqibət" romanlarında bu hissin təsvirini görürük. Hər iki anlayışa yazıçı lokal yanaşmamışdır: "Ailə uğrunda mübarizə onun üçün cəmiyyət uğrunda mübarizədir" - fikrinə gəlməsində Loğman Rəşidzadə tamamilə haqlıdır. Təsadüfi fakt kimi yox, bir həqiqət qədərində deyərdim ki: bu, mənim şəxsi qənaətimdir - Əli İldırımoğlu yetərincə və sağlam yaşamaz, aydın düşüncəsindən uzaqlaşmaz, ləyaqətli övladlar yetişdirməzdi və o, zəngin yaradıcılıq yolu keçməzdi. Heç bir hissiyyata qapılmadan vurğulayıram. Yaratdığı Məşədi Paşa, Gövhər, İldırım kimi həyatdan aldığı surətləri bu gün də gənclərə örnəkdir, onların fərdi cizgiləri, müdrikliyi, məhəbbət timsallı xarakterləri ədəbiyyatımızın nailiyyətidir, yazıçının dərin və geniş müşahidəsinin canlı nümunəsidir.

Məhəbbəti sağlam ailə başçılarını birləşdirən bir qüvvə, enerji hesab edir yazıçı; bunu Loğman bəy duyur, qürurlanır: axı tənqidçi yazar barəsində qələmə aldığı yazıçını (şairi) özününküləşdirməsə inandıra bilməz, süni alınar. Belə bir görümdən L.Rəşidzadə yazır ki, Əli İldırımoğlu Məşədi Paşa ilə Gövhər məhəbbətini ruhani eşq səviyyəsinə qaldırır. Daha doğrusu, qaldırmır - bu ruhani eşqi məhəbbət və ehtiramla təsvir etməklə sevginin əsl mahiyyətini özəyini təqdim edir, eşqin, insanların bir-bi-rinə olan ülvi məhəbbətin əsl dəyərini əsrlərdən bəri süzülüb gələn cismani deyil, ruhani olduğu fikrini bir daha təsdiqləyir. Və öz konsepsiyasını sadə, lakin inandırıcı ampulada göstərir: - Əli İldırımoğlunun əsərlərindəki məhəbbət modeli həm də onun qadına münasibətini şərtləndirir.

Loğman Rəşidzadə Əli İldırımoğlu haqqında araşdırmasında milli-mənlik şüurunun bədii inikasında ən mühüm, bəlkə də bariz nəzərə çarpmayan (oxucu tiplərini xatırlatmışdım) nüansları - xüsusiyyətləri təmkinlə, estetik dünyagörüşü ilə yazıçı xarakterinə və yaradıcılığına bələdliklə mülahizələrində ifrata varmamışdır, bir növ gəldiyi nəticənin tezisini aşağıdakı şəkildə formula etmişdir: "Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərkin xüsusiyyətləri barədə mülahizələr yürüdəndə, heç şübhəsiz, bu cəhətləri özündə ehtiva edən bədii-estetik atributlardan insan haqları, azadlıq, humanizmlə yanaşı, sosial ədalət prinsipi, onun uğrunda mübarizə, yaradıcı şüurun cəmiyətə mərdlik, dönməzlik, həqiqət, bütövlük, müqəddəslik aşılayan, təlqin edən təzahürünü də unutmamalıyıq..."

Əli İldırımoğlunun nəsrindəki polifoniklik (musiqi termini biçimində yox) prinsipləri - tədqiqatın nümunəsində - Loğman Rəşidzadə yığcamlığa üstünlük vermişsə, analitikliyi nəzərdən qaçırmamışdır. Bu problemin görünən tərəfini: sosial-siyasi hadisələrinə ədibin nəsr yaradıcılığına təsiri kontekstində götürmüşdür. Ona görə ki, özünüdərkin formalaşmasında insanın azad düşüncə tərzi, mənəvi yetkinliyi, yaşadığı ölkənin müstəqilliyi çox mühüm yer tutur. İnsanın mənəvi və iqtisadi tələbatının təmin edilməsi və yaradıcı qabiliyyətinin inkişafı mövcud şəraitlə sıx bağlıdır - bu tezi-si əsas götürən ədəbiyyatşünas kredosuna əməl etmişdir. Maraqlı bir ədəbiyyatşünas - tədqiqatçı tərəfindən irəli sürülür: Milli-mənəvi özünüdərk anlamında, hansı ki, xalis bədii ədəbiyyatda reallışır - bu məsələyə "prinsip" nöqteyi-nəzərdən yanaşmaq nə dərəcədə məqbuldur? Ədəbiyyatda "prinsip" məsələsi təkidlə irəli sürülürsə, mənə tənqidçinin pedantçılıq psixologiyası kimi görünmür: bu, ədəbiyyatdır; insan taleyinin həqiqətlərinə və sərgüzəştlərinə nüfuz edən bir fenomendir; bu, ədəbiyyatdır insanı arxasınca aparan emosional güvənc yeridir, bu, oxucusunun intellektual zövqünə şərik çıxan bir obrazlı təfəkkür aktıdır. L.Rəşidzadə bu amilləri ənənəvi standart sferasından çıxarır və müxtəlif zövqlü, titullu, dünyagörüşlü yazarların öhdəsinə calayır. Maraqlı deyilmi? Məsələn, şair və ictimai xadim Tahir Rzayev, Xalq şairi Ramiz Rövşən, mərhum yazıçı Cəlal Bərgüşad, alimlərdən Esmira Fuad, İlham Rəhimli, jurnalist Fariz Çobanoğlu və Ziyəddin Sultanov, yazıçı Yaşar Əliyev və Kamilə Nemət, akademik İsa Həbibbəyli və başqalarının fikirləri yaradıcılığa məxsus prinsipləri özündə ehtiva edir. Ümumiyyətlə, Əli İldırımoğlu yaradıcılığına olan nəzəri informasiya (məlumat mənasında deməzdim) L.Rəşidzadənin ədəbi-nəzəri mülahizəsinin təsdiqidir və yazır: "Əli İldırımoğlu realizminin (təkcə realizm - A.E.) başlıca prinsipi xalqa, torpağa, Vətənə bağlılıq, düşmənə qarşı barışmaz vətəndaşlıq mövqeyi və ən ümdəsi isə erməni əsirliyində inləyən torpaqlarımız, yaxud yerlərimiz uğrunda sonadək mübarizə aparmasıdır" - bax, budur ədəbi janrların kollajı.

Bəzi nümunələri nəzərə çatdırmaq yerinə düşərdi. T.Rzayev: "Yazıçı Əli İldırımoğlunun "Daş yağan gün" romanını oxuyanda bir daha Azərbaycan yazıçısının yüksək mənəvi keyfiyyətlərinin şahidi oldum". Esmira Fuad: "Əli İldırımoğlu yaratdığı əsərlərdə Azərbaycan xalqının həyatının, milli psixologiyasının, yaşam tərzinin, əsrlərdən bəri keçirdiyi sarsıntını və həyəcanları, qəlbi ağrıdan dərd və əməllərin, prob-lemlərin tərcümanı kimi çıxış edir!" Ziyəddin Sultanov: "Əli İldırımoğlunun "Mənim rəncbər atam" romanı ibrətamizdir, tərbiyəvi əhəmiyyət daşıyır. Müəllif sanki haray çəkir, İldırım kişinin qoyub getdiyi adət və ənənələri bir an da olsun unutmağa, onlardan uzaqlaşmağa mənəvi haqqımız yoxdur".

Hüquqşünas-alim Yusif İldırımzadə bir essesində ("Yaratmaq ölümü öldür-mək deməkdir") yazır: "Əli İldırımoğlunun yaradıcılığı, bəlkə onun şəxsiyyətinə çatmaq üçün yol gedir. Əli İldırımoğlu yaradıcılığının, yazıçılığının günahı deyil ki, Əli İldırımoğlu şəxsiyyətinin ucalığı ondan da üstündür. Əslində, burada "günah" Əli İldırımoğlu şəxsiyyətinin gündəlik məişətimizdən, yaşam tərzimizdən, real həyatımızın cılız ölçülərindən, hətta bədii fantaziyanın hüdudlarından çox-çox ucada dayanma-sında axtarmaq lazımdır". Obrazlı təhkiyənin övladın dilindən səslənən səsini bədii qiymətin bir təzahürü kimi qəbul etdim.

Əli İldırımoğlunun yaradıcılıq prinsipləri şübhəsiz, milli-mənəvi özünüdərk kriteriyasında tamamilə öz yerini və qiymətini tapır.

(Ardı var)

 

Allahverdi EMİNOV

Pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent

 

 

525-ci qəzet.- 2019.- 21 dekabr.- S.23.