Ədəbiyyatın dövrləşdirilməsinin
Azərbaycan modeli
Humanitar elmlərin yeni tendensiyalara və
çağımızın önə sürdüyü trendlərə əsaslanan müstəvisində ədəbiyyatın, xüsusilə
milli ədəbiyyatın tarixini yazmaq, dövrləşdirmək ciddi nəzəri-konseptual həll tələb edən probemlərdəndir və miqyası böyükdür. Dünya miqyasında ədəbiyyat tarixinin bir elm sahəsi
kimi formalaşması və sərhədlərinin konkretləşməsi
dövrü romantizm çağına təsadüf edir.
Aristoteldən başlayaraq ədəbiyyat tarixi və ya
tarixçiliyi ilə bağlı müəyyən mülahizələr
olsa da, XIX əsrin əvvəllərində Fridrix Şlegel,
Avqust Vilhelm, Samuel Taylor Kolric və başqalarının fikir
və görüşlərində ədəbiyyat tarixi ədəbiyyat
haqqında bilginin xüsusi forması kimi modelləşməyə
başladı. Ədəbiyyat tarixinin elm kimi formalaşma
prosesinə şərait yaradan amillər sırasında millət
və milli dövlət anlayışlarının
özünün də sabitləşməsi hadisəsi
dayanır. Marsel Kornis-Pop və Con Neubauerin
vurğuladığı kimi, ədəbiyyatın
institutlaşması və ya ilk sistemli tədqiq cəhdləri
məhz milli özünüdərkə və müstəqil
dövlət olmağa daha çox can atan ölkələrdə
- Almaniya, İtaliya, Skandinaviya, Mərkəzi və Şərqi
Avropa ölkələrində ortaya çıxması təsadüfi
səciyyə daşımırdı, çünki milli ədəbiyyat
sisteminin qurulması bu ərazilərdə milli dil, mədəniyyət
və siyasi müstəqillik uğrunda mübarizəyə
böyük töhfə idi. Almaniyada 1835-1842-ci illər
arasında Q.Qervinus (1805-1871) tərəfindən
yazılmış beş cildlik "Alman milli poetik ədəbiyyat
tarixi", İtaliyada Françeska de Sanktisin 1870-1871-ci illərdə
təqdim etdiyi ikicildlik "İtalyan ədəbiyyatı
tarixi"ni həmin töhfələrə aid etmək olar.
Fransada ilk sistemli ədəbiyyat tarixi Qustav Lanson tərəfindən
1895-ci ildə yazılmışdı və Lansonun ədəbiyyat
tarixçiliyi metodu və tətbiq parametrləri özündən
sonrakı ədəbiyyat tarixçilərinə təsir
etmişdi. Belə ki, Lanson metodologiyasının əsasında
dahi meyarı dayanırdı: dövrləri başa
düşmək üçün dahiləri başa
düşmək lazımdır. Dahi həm öz
çağının bütün xüsusiyyətlərini
özündə əks etdirir və həm də
çağını aşır. Azərbaycan ədəbiyyat
tarixçiliyinin inkişafında da XIX əsr xüsusi rol oynamış,
"təzkirəçilikdən ədəbiyyat
tarixçiliyinə doğru dönüş baxımından
ilk addımlar" atılmışdı. Bütövlükdə,
XIX əsr ədəbiyyat tarixçiliyi milli kanonlar üzərində
qurulmuşdur, uzun müddət öz sabitliyini qoruyub
saxlamağı bacarsa da, çağdaş baxış indi
onu "ənənəvi model" kimi şərh edir.
Xüsusilə, XIX əsrin ilk üç rübündə
kifayət qədər aktual olan, ciddi nüfuza və
şöhrətə malik ədəbiyyat tarixçiliyinin səciyyəvi
xüsusiyyətlərini şərh edərkən, alimlərin
gəldiyi ortaq qənaət var. Bu qənaətə görə,
ənənəvi ədəbiyyat tarixi üç fərziyyəyə
istinadən yaranırdı: bədii əsəri mənsub
olduğu tarixi kontekst yaradır, ədəbiyyatdakı
bütün dəyişikliklər inkişafla
bağlıdır, dəyişikliyin baş verməsi
üçün yeni bir fikir, prinsip və ya fövqəl
varlıq-hadisə ortaya çıxmalı idi. Ədəbiyyat tarixçiliyində
ənənəvi modeldən imtina hadisəsi tədricən
baş verir. Xüsusilə, XX əsrin əvvəllərindən
başlayaraq ədəbiyyat anlayışının
özünün mühakimə və müzakirəsi, ədəbiyyatın
mahiyyəti ilə bağlı ortaya atılan fikirlərin
müxtəlifliyi əsrin sonlarına doğru ədəbiyyat
tarixçiliyi anlayışına yeni məzmun gətirməkdə
idi. Devid Perkins "Ədəbiyyat tarixi
mümkündürmü?" adlı kitabında ədəbiyyat
tarixinə konseptual yanaşmaların fərqli tip-modellərinin
mümkün təsnifatını aparmağa
çalışır: hegelçi, naturalist, idealist,
pozitivist, marksist, formalist, sosialist, postmodernist variantlarda
müvafiq olaraq Ç.Darvinin, O.Şpenqlerin, H.Völflin,
M.Veberin, T.Adornonun, M.Fukonun, H.Blumun, K.Girtzin və
başqalarının nəzəri görüşlərinin
yaratdığı fərqlərə diqqət çəkir.
1980-ci illərdən etibarən humanitar düşüncənin
dəyişən paradiqmaları və sürüşkən
yeni trendləri ədəbiyyat tarixi ilə bağlı yeni
baxışlar ortaya çıxardı, hər tərəfdən
ədəbiyyat tarixlərinin yenidən yazılması zərurəti
ilə bağlı səslər gəlməyə
başladı. "Ədəbiyyat tarixini yenidən
düşünmək", "Ədəbiyyat tarixinin gələcəyi:
XXI əsrin üç çağırışı",
"Ədəbiyyat tarixinin nəzəri məsələləri"
kimi başlıqlarda ədəbiyyat tarixinin
yazılmasının alternativ yolları, mövcud vəziyyətin
natamam tərəfləri və s. araşdırılır,
şərh olunur, ədəbiyyat tarixinin
yazılmasının prinsip və meyarları ilə
bağlı mülahizələr təqdim edilir. Ədəbiyyat
tarixinin yenidən yazılma ehtiyacının və zərurətinin
vacibliyi özü ilə bərabər bəzi nəzəri
problemlərə yeni baxış tələb edir. Qalin Tixanova
görə ədəbiyyat tarixinin formalaşmasındakı
milli kanonun dağıdılması bu gün onun
özünün bir elm sahəsi kimi gələcəyini
şübhə altına alır. XIX əsrdə
yaranmış ədəbiyyat tarixçiliyi milli kanonlar
üzərində qurulsa da, Avropa standartlarına uyğun idi və
avropasentrik məzmun daşıyırdı. Belə ki,
Tixanovun da fikrincə, I Dünya müharibəsindən
başlayaraq avropasentrizmin mövqeyinin tədricən
sarsılması milliyönümlü ədəbiyyat
tarixçiliyinin Avropa modelinin öz dayaqlarını itirməsi
ilə nəticələndi. Avro pasentrizmin zəifləməsi
prosesi informasiya texnologiyası partlayışının və ötən əsrin ortalarından
etibarən kolonializmin süqutunun müşayiətində
qloballaşma ilə nəticələndi. Qlobal
"bazar"da milli kanonik ədəbiyyat tarixçiliyi
davamlılığını və sabit strukturunu qoruya bilmədi.
Ədəbiyyat tarixinin yazılmasında alternativ modellər təqdim
edən müxtəlif müzakirələrdə nümunə
kimi göstərilən "Fransız ədəbiyyatının
yeni tarixi" kitabının elə ilk səhifələrində
"milli sərhədlərin ədəbiyyat tarixi
üçün meyar olmaması" fikri fərqli tendensiyaların
ortaya çıxacağına işarə idi və bu,
baş tutdu. Bugün dünyada ədəbiyyat
tarixçiliyində ənənəvi modelə qarşı təqdim
olunan alternativ modellərin faydalılıq əmsalını
ölçmədən tətbiq etmək milli ədəbiyyatlar
üçün ciddi problemlər yarada bilər. Belə ki,
çox geniş spektrdə baş tutan bu ədəbiyyat
söhbətlərinin ümumi təhlili göstərir ki, ənənəvinin
inkarına qarşı vahid və
konkret bir model təqdimatı hələ ki, yoxdur, əvəzində isə
xeyli sayda təklif-layihələr var. Bu təklif-layihələrin
gerçəkləşdirilmiş versiyalarına da rast gəlmək
mümkündür. Xüsusilə, son iki on illikdə Amerika və
Avropada yazılmış ədəbiyyat tarixlərində
qloballaşmanın milli dəyərlər üzərindəki
ciddi təzyiqi, ədəbiyyatın milli coğrafi, tarixi sərhədlərdə,
dil-etnik, kimlik qatlarında unikallığını itirərək
qlobal bazarın istehlak məhsuluna çevrilməsi
faktları öz əksini tapıb. Ədəbiyyatın
diaxron və sinxron planda bugünkü təsvirində, təsnifində
və modelləşməsində tətbiq olunan parametrlərin
özünün ədəbi olmaması bu faktları
doğuran səbəblərdən biridir. Düzdür, ədəbiyyat
incəsənət hadisəsi kimi hər zaman izomorf səciyyə
daşıyıb, lakin ədəbiyyatın öz içində
başqa istiqamətlərə (tarix, sosial mühit, mədəniyyət,
fəlsəfə, elm, siyasi rejim, psixoloji-intellektual mövqe və
s.) aid kodlar daşıması ənənəsi XX əsrdə
özünün ən kəskin formasını yaşadı
və yaşamağa da davam edir. Çağdaş dövrdə
ayrı-ayrı izomorf (mürəkkəb və bədii)
struktur vahidlərini konkret sistemlərdə birləşdirmək
və təsnif etmək üçün ədəbiyyat
tarixçisinin vasitə və üsulları dəyişməliydi,
bu, labüd idi. Bu baxımdan ötən əsrin sonundan etibarən
ədəbiyyat tarixində ənənəvi model ətrafında
gedən inkar xarakterli söhbətləri müəyyən mənada
anlamaq mümkündür və bunlar qəbulediləndir.
Konkret Azərbaycan ədəbiyyatşünaslığına
baxdıqda, məcburi tarixi şəraitdən qaynaqlanan sovet
(siyasi-ideoloji diktə) və postsovet (müstəqillik) ədəbiyyatşünaslığı
arasındakı ziddiyyətlər həmin inkarın başqa
bir formada təzahürüdür. Akademik İsa Həbibbəylinin
də vurğuladığı kimi, "XXI əsrin
astanasından və başlanğıcından etibarən Azərbaycan
ədəbiyyatı tarixçiliyi ənənəsinin
dirçəldilməsi, milli ədəbiyyat tarixinin yenidən
dövrləşdirilməsi haqqında təşəbbüslərin
səslənməsi müstəqil dövlətçiliyin
doğurduğu zəruri milli-mənəvi özünüdərk
proseslərinin real əks-sədasıdır". Ənənəvi
modelin bugün üçün keçərli olmayan cəhətləri
sırasında düzxətli sxemə əsaslanmasını,
ədəbiyyata zaman kimi geniş anlayışa deyil,
zamanın müəyyən təzahür forması olan tarixin
konkretliyində və xronoloji çərçivələrində
nəzər salmasını qeyd etmək olar. Bugün ədəbiyyat
tarixi yazmaq təkcə ədəbiyyat sahəsində bilgi və
səriştəyə sahib olmaqla baş tutan məsələ
də deyil. Tarix haqqında təfsilati
məlumatlılıq, tarixin mövcud xronoloji təsnif sistemlərinə
(ki, bunlar müxtəlif sahə və yanaşmaların
doğurduğu amillərə əsaslanaraq fərqli şəkildə
özünü göstərir) bələdlilik də ədəbiyyat
tarixini yazmaq üçün yetərli deyil. Çünki
"böyük ədəbiyyat da öz növbəsində
Zamanın yeniləşməsinə, inkişafına və dəyişməsinə
təkan vermişdir". Ədəbiyyat və zaman
arasındakı münasibətlərin təsbitində
konseptuallıqla yanaşı, perseptuallıq iştirak edir,
zamanla ədəbiyyat arasındakı münasibətlərdəki
bu həssas məqamları seçmək fəlsəfi
düşüncənin də prosesə cəlb
olunmasını tələb edir. Ədəbiyyat tarixinin
yazılması prosesinə mənbə-metod-model
triadasının bütün tərəfləri daxildir. Mənbənin
müəyyən edilməsi, mənbənin öyrənilməsində
metodoloji seçim, seçimin ifadəsində və şərhində
müvafiq modelin tətbiqi və ya yeni modelin qurulması. XX əsrin
sonlarından etibarən humanitar paradiqma dəyişikliyi
kontekstində ədəbiyyat tarixinin yenidən
yazılması çağırışları bu
triadanın kompleks şəklində həllini məqsədə
çevirsə də, dünya miqyasında məsələnin
həllinin mümkünsüzlüyünü göstərən
məqamlar var. Müasir ədəbiyyat tarixi necə
yazılmalıdır? Təklif olunan alternativ modellər
hansılardır? Tixanov Stiven Qrinblatta istinadən xüsusi həssaslıqla
və narahatçılıq duyğusu ilə alternativ modellər
arasında iki fərqli istiqaməti qeyd edir: regional və
transmilli ədəbiyyat tarixçiliyi. Tixanovun haqlı
narahatçılığı ondan ibarətdir ki, bugün ədəbiyyatın
öz milli sərhədlərini aşıb regional hadisə
kimi dəyərləndirilməsi ümumidə xüsusinin əriməsi
deməkdir. Eyni zamanda, regionda siyasi güclərin təzyiqi,
maddi maraqların dominantlığı və mənafeçilik
kimi arqumentlərlə rastlaşmaq adi məsələdir.
Avropasentrik ənənənin davamı kimi bugün
panavropaçılıq tendensiyası var və bu milli-mənəvi
dəyərlərin ədəbiyyatın
unikallığını təşkil edən əsas meyar
olduğunu qəbul etməyən hadisədir. Transmilli (hətta
qitələrarası ədəbiyyat) ədəbiyyat yazmaq
ideyasının məqsədlərini geniş təhlilə cəlb
etdikdə, canlanan mənzərə də o qədər qənaətbəxş
deyil. Belə ki, regional ədəbiyyat tarixinin
yazılmasının özündə qütbləşmə
(özü də strateji) qaçınılmazdır və
bu, daha çox strateji maraqlara uyğun gəlir. Transmilli və
ya qitələrarası ədəbiyyat tarixinin
yazılmasında tətbiq olunan parametrlərin - müstəmləkə-postmüstəmləkə,
gender, ekoloji prinsip və s. çoxluğunu idarə etmək
və ya mərkəzləşdirmək, hansısa kökə
bağlamaq cəhdləri milli ideoloji meyarlarla üst-üstə
düşmür və bu, ədəbiyyatın
unikallığının yoxa çıxması deməkdir.
Humanitar dünyagörüşün belə dəyişkən
və sürüşkən paradiqmaları kontekstində,
milli sərhəd, milli mədəniyyət kimi qavramların ətrafında
şübhələrin "trendləşdiyi" bir
dövrdə akademik İsa Həbibbəylinin "Azərbaycan
ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və
inkişaf mərhələləri" monoqrafiyası vacib və
lazımlı akademik hadisədir.
Azərbaycan
ədəbiyyatı və elmi-ictimai fikri ilə yanaşı,
Qərb və Şərq ədəbiyyatı, ədəbi-mədəni
əlaqələrin müxtəlif istiqmətlərinə dair
professional və nəzəri səviyyəyə
malik elmi əsərlərin müəllifi akademik İ.Həbibbəylinin ədəbi dövrlərlə
bağlı mülahizə və şərhlərində,
ayrı-ayrı ədiblərə, əsərlərə
müraciətlərində daima sistemli, konseptual nəzəri
yanaşma müşahidə olunur. Akademik İsa Həbibbəyli
ədəbiyyatı nəzəriyyəçi həssaslığı
ilə müşahidə edir və öz nəzəri qənaət
və rəylərini mövzusundan və predmetindən, ən
əsası sahəsindən (ədəbiyyat tarixi və ya ədəbi
tənqid sahələrindən biri olmasından) asılı olmayaraq
yazdığı müxtəlif səpkili əsərlərinin
strukturuna yerləşdirir. İsa Həbibbəylinin ədəbiyyat
nəzəriyyəsinə, ümumilikdə ədəbiyyatşünaslıq
elminə konseptual-dinamik və müasir baxışını
səciyyələndirən mülahizələri
maraqlıdır. Doğacaq mübahisələrə, gələcək
təkziblərə qapalı olmayan müəllif nəzəri-estetik
və bədii-fəlsəfi düşüncənin dinamik
xarakterinə inanır. Ədəbiyyat haqqında elmi statik
qapalı struktur deyil, dinamik, özü-özünü yeniləməyi
bacaran, ətraf təsirləri açıq sistem kimi izləyən
alim inkişaf edən, dəyişən və yeniləşən
ədəbiyyatla birlikdə ədəbiyyatşünaslıq
elminin üfüqlərinin genişləndiyini çox dəqiq
müşahidə edir və öz münasibətini bildirir.
Akademik İsa Həbibbəyliyə görə, ədəbiyyat
bütöv bir sistemdir və bu sistemin öyrənilməsinə
və nəzəri konsepsiyasının hazırlanmasına
onun ən kiçik və ən əsas elementindən
başlamaq lazımdır.
"Ədəbi-tarixi yaddaş və müasirlik"
adlı kitabında qeyd edir ki, ədəbiyyatın tərifi ədəbiyyatşünaslıq
elminin əlifbasıdır və ədəbiyyat barəsindəki
digər elmi qənaət və mülahizələr ədəbiyyatın
nə demək olduğunu müəyyən edən tərifdən
sonra gəlir. Ədəbiyyata
aid tərif xüsusi yaradıcılıq sahəsi olan bədii
ədəbiyyatın özünəməxsus, ən ümdə,
ən zəruri xüsusiyyətlərini və fərqli cəhətlərini
özündə əks etdirməlidir. Ədəbi-tarixi
yaddaşın müasirlik müstəvisindən dəyərləndirildiyi
bu tədqiqat əsərindən on il sonra, alim bu dəfə təqdiqatın
obyektinə ədəbi şəxsiyyət və zaman modelinin
özünü qoyur. 2017-ci ildə akademik İsa Həbibbəylinin
"Ədəbi şəxsiyyət və zaman" adlı tədqiqat
əsəri çap olundu. Bu
iri həcmli əsərdə ilk başlıq "Ədəbiyyat
və zaman" adlanır, alimin ədəbi şəxsiyyət
və zaman modelinin tərtibində önə
sürdüyü meyarlar vardır: Zaman - ədəbiyyat -
zaman çevrəsində şəxsiyyət dominantdır;
Zaman şəxsiyyəti, şəxsiyyət ədəbiyyatı
dəyişir; Ədəbiyyatda milli özünüifadə
şəxsiyyət mövqeyi ilə üst-üstə
düşür; Şəxsiyyətin mühacirliyi ədəbiyyatın
mühacirliyidir; İdeologiyanın süni şəkildə tətbiq
olunduğu mühitdə şəxsiyyətin
özünüqoruması ədəbiyyatın yaşama
imkanıdır; Paradiqma dəyişikliyi şəxsiyyətə, şəxsiyyət də ədəbiyyata təsir edir;
Şəxsiyyət üçün müstəqillik şəraiti,
yaradıcılıq azadlığı vacib şərtdir.
"Ədəbi şəxsiyyət
və zaman" kitabında ayrı-ayrı portret
yazıların arasında məntiqi bağ nəzəri mahiyyət
daşıyır. Daha
doğrusu, bu portret yazılar bir-birindən qopmuş şəkildə
deyil, vahid bir süjet xəttini - Azərbaycan ədəbiyyatı
tarixini - təşkil edən
epizodlar kimi özünü göstərir. Alimin təqdim
etdiyi Azərbaycan ədəbiyyatının tarixi
"süjeti" isə, 2015-ci ildən dolğun nəzəri
xarakter alır, yeni dövrləşdirmə konsepsiyası
kimi təqdim olunur. "Ədəbi şəxsiyyət və
zaman" kitabı ilə "Azərbaycan ədəbiyyatının
dövrləşdirilməsi konsepsiyası" arasında ortaq məqam təkcə, birincinin
ikincinin hazırlıq mərhələsi olması ilə
müşahidə olunmur, həm də təsnifat sistemində nəzərdə
tutulan meyarların gerçəkləşməsində şəxsiyyət
və onun zamanduyumuna verdiyi önəmdə də üzə
çıxır. İsa Həbibbəyli paradiqmaların dəyişdiyi
bir şəraitdə ədəbiyyatşünaslığa yanaşmanın prinsip və
meyarlarını tezis və hipotez şəklində məhz
bu kitabda qoymuş, gələcək tədqiqatlara istiqamət
açmışdır. Konsepsiya AMEA Rəyasət Heyətinin
yığıncağında (fevral, 2015) və Astanada -
türkdilli xalqların akademik Ədəbiyyat
İnstitutlarının toplantısında (5 oktyabr, 2015) məruzə
şəklində elmi auditoriyaya çatdırıldı.
2017-ci ildə "Poetika.izm" jurnalının 3-cü
sayında "Azərbaycan ədəbiyyatı tarixinin
dövrləşdirilməsinin elmi təsnifatı"
adlı məqalədə təsnifat daha da təkmilləşdirilərək
çap olunur. 2019-cu ildə isə, Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirməsi və inkişaf mərhələləri konsepsiyasının yekun modeli
monoqrafik tərtibatda elmi publikaya təqdim edildi.
Ədəbiyyat
tarixinin yenidən modelləşməsində milli ideallarla bəşəri
ideyaların sintezi, ənənənin
davamlılığı, milli özünəməxsusluq, ədəbiyyatın
tarixiliyi ilə yanaşı, ədəbiyyatşünaslığın
tarixiliyinə həssaslıq,
universal və lokal təcrübəyə
istinadlılıq kimi parametrlərinin tətbiqi kompleks həll
tələb edir. Akademik məsələnin həllinə
dövrləşdirmənin meyarlar çoxluğunu müəyyənləşdirməklə
başlayır, ədəbiyyat tarixçiliyini paradokslar
yığını olmaqdan çıxartmaq cəhdi həmin
çoxluğun tətbiqinə hazırlıq prosesini təşkil
edir. Bugünə qədərki
ədəbiyyat tarixçiliyinin özünün dövrləşdirilməsini
aparmaq, ədəbiyyat tarixi sahəsindəki ən kiçik
cəhdləri belə elmi-dəyər süzgəcindən
keçirmək, ortaya çıxan mənzərənin
akademik şərhini vermək ədəbiyyat tarixinin
paradokslarına müasir elmi baxış müstəvisində
gerçəkləşir. Mənzərinin
oxucu üçün aydınlaşmasından sonra ikinci
addım paradiqmanın müəyyənləşməsidir.
Prosesin özünün mahiyyətcə mürəkkəbliyi
akademik təcrübənin izahında dəqiqləşir,
aydınlaşır. Paradiqmanın təyini müasir elmin tələbləri
çərçivəsində, mütləq olaraq mənəvi-sosial
və ideoloji tamlıqda çağın səsinin təsbiti
ilə özünü doğruldur. Alim çoxəsrlik Azərbaycan
ədəbiyyatı tarixini dövrləşdirərkən
aşağıdakı prinsiplərin meyarlar çoxluğu
kimi nəzərə alınmasını elmi baxımdan əsaslandırdırır;
Azərbaycançılıq məfkurəsi; Sivilizasiya amili,
Ədəbi-tarixi proseslərin reallıqları, Azərbaycanda
ədəbi cərəyanlar.
Ədəbiyyatın
izomorf səciyyəsi, bədii mətn gerçəkliyi, ədəbiyyatın
kontakt qurduğu müxtəlif sahələrlə dialoq şəkilləri,
ənənə və yeninin ünsiyyət formaları, təmas məqamlarının
xarakteri, zaman, tarix,
xronologiya, ədəbiyyatı əhatə
edən və ya ədəbiyyatda baş verən hadisələrin
məzmun fərqləri və kontekst çalarları,
formanın inadkarlığı, eyni zamanda, səthiliyi, məzmunun
konformistliyi, şəxsiyyət və mühit faktoru, siyasət
və ədəbiyyat, ideologiya və ədəbiyyat, mədəniyyət
və ədəbiyyat müstəvilərində tipoloji
müxtəliflik, ədəbiyyatla
çağ arasındakı razılaşmanın üsyankar
və ya müti modelləri, şəxsiyyətin dahiliyi və
s. amil-arqumentlər akademik İsa Həbibbəylinin dövrləşdirmə
konsepsiyasının formalaşma mexanizmini müəyyən
edir. Alim ayrı-ayrı dövrlər arasındakı sərhədlərin
elastikliyini görür, bu elastikliyin iki qonşu mərhələ
arasındakı təzahür şəkillərinə diqqət
çəkir, bir sonrakı dövrün yeniliklərinin əvvəlki
dövrün potensial enerjisi olduğunu faktlar əsasında
izah edir, aydınlaşdırır. Konsepsiyanın ana xəttinə
azərbaycanlı obrazını yerləşdirir, bu
obrazın yaratdığı ədəbiyyatın inkişaf
xüsusiyyətlərini şərh edərkən, obrazın
özünün bütün transformasiyalarının,
addım-addım böyüməsinin monoqrafik portretini
yaradır. Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatını
on inkişaf mərhələsinə bölür ki, bu
bölgünün mövcud tarixi xronoloji sistemlərin təzyiqi
altında əzilməməsi və ya hansısa özündən
əvvəlki standartı təkrar etməməsi kifayət qədər
ciddi hadisədir. Bu, həm də məsələyə
münasibətdə elmi dəqiqlik, akademik tamlıqla
yanaşı, innovativ prinsiplərin qorunmasının göstəricisidir.
Azərbaycan
ədəbiyyatının yaşını dəqiqləşdirmək,
doğum tarixinin mümkün ola bilən ən dolğun
versiyasını tapıb aşkarlamaq, ən qədim
çağın elmi-nəzəri mənzərəsini verərkən
müəllifin əsas qayəsinə çevrilir. Qədim dövr
ədəbiyyatının öyrənilməsində və nəzəri
təyinatında "fərdi qayda" prinsipinə riayət
etməyin vacibliyini alim hər bir xalqın şifahi ədəbiyyat
tarixinə dair real faktların nəzərə alınması
ilə izah edir. Sivilizasiyanın başlanğıcının
göstəriciləri hər xalq üçün subyektiv səciyyə
daşıya bilər, buna görə də, etnos və epos qədim
dövrün başlanğıc və bitiş sərhədlərini
əks etdirən anlamyükü dərin nəzəri
kateqoriyalara çevrilir. Etnik təfəkkürün ilkin bədii-poetik
mexanizmlərindən epik düşüncənin monolit ifadə
şəkillərinə qədər
və bu ikili arasındakı məsafədən törəyən
bütün formalar qədim dövrün janr
tipologiyasını müəyyənləşdirir. Ədəbiyyatın
başlanğıcını dəqiqləşdirmək təkcə
şifahi xalq ədəbiyyatı və ya mifoloji mətnlərin
daşıdığı kodların tarixçəsini
açmaqla deyil, eyni zamanda, qədim mədəniyyətin fərqli
təzahürlərində, məsələn, piktoqrafik incəsənətin
detallı təsviri ilə də mümkündür. Azərbaycan
ədəbiyyatının başlanğıcının
dominant məkanı, zamanı, fiquru və modeli var. Gəmiqaya-Qobustan
mədəniyyəti və Nuh əyyamı akademikə görə
başlanğıcın xronotopunu konkretləşdirir.
Əsatir-dastan xətti xronotopun modelləşməsini,
inkişafını, sonrakı mərhələlərin
yaranmasındakı təkanverici funksiyasını təmin
edir, həm də bütöv Azərbaycan ədəbiyyatının
əsas genetik bazası kimi özünü mühafizə etməsinə
şərait yaradır.
Akademik
İsa Həbibbəyli yazılı ədəbiyyatın ortaq
başlanğıc mərhələsinin (VII-X əsrlər) sistem-struktur kimi
dərkində meyar çoxluğunun konkret prinsiplərə
bölünərək tətbiqini daha müvafiq hesab edir. Məkan (coğrafi meyar), zaman
(tarixi meyar), dil-əlifba (linqvistik meyar) bu dövrün ədəbiyyatının
öyrənilməsində əsas parametrlərə
çevrilir, bu məhz dövrün tələbidir. Linqvistik
meyar bir situasiyada milli ədəbiyyatın göstəricisi,
digər halda isə inkaredicisinə çevrilir. Müəllif
buna görə də meyar çoxluğunun tətbiqini daha
dolğun metodoloji yanaşma kimi seçir və bu barədə
qeyd-şərtsiz haqlı olduğunu sübut edir.
Ümumtürk yazılı abidələri,
ərəbdilli Azərbaycan ədəbiyyatı, Alban
şeiri, Avesta ayrı-ayrılıqda dövr
haqqında məlumat versə də, mərhələnin
sistemli dərkində cəmləşir, azərbaycançılıq
ideologiyasından qaynaqlanan arqumentlər önə keçir və
metodologiyanın təlqin etdiyi model gerçəkləşir.
Azərbaycan
ədəbiyyatında intibah mərhə
ləsinin
mənbə-metod-model sxeminin akademik coğrafi məkanın
kontakt sahələrinin genişlənməsini, ticarət və
mədəni əlaqələrin sürətli inkişafı
fonunda Şərq-Qərb arasındakı dialoji ünsiyyətin
yaranmasını, ərəb-fars dilləri vasitəsilə
antik elmi sirlərin ortaya çıxışını təyinedici
element-vahidlər çoxluğu kimi görür. Bu məqamda
başqa bir meyar da monoqrafik struktura daxil olur, bədii
düşüncənin fəlsəfə və elmlə
sintezindən qaynaqlanan intibah izomorfluğunu müəyyən
etmək üçün epistimoloji meyar əsas arqumentə
çevrilir. Türk-islam sivilizasiyası ilə antik yunan mədəniyyətinin
inteqrasiyasının ədəbiyyatdakı təzahür
şəkillərinin və formalarının, mütəfəkkir
tipli sənətkar modelinin izahı həmin arqumentin tətbiqi
ilə gerçəkləşir. Alim qeyri dildə yaranan ədəbiyyatın
milliliyini büruzə vermə məqamlarına - bədii mətn
daxili məkan koordinatlarına, mətndə mühafizə
olunan toponimik dəqiqliklərə,
obraz identifikasiyasında milliliyin dərəcəsinə,
folklorun ədəbiyyat üçün bazaya çevrildiyi məqamlara
diqqət çəkir, bu zaman
metodoloji olaraq sırf mətnin özündən çıxış
edir. Hər dövrün ədəbi növ və janr müxtəlifliyini
diqqətlə izləyən müəllif epik növün
epik dastan-epik poema xəttində "salnaməçilikdən,
şahnaməçilikdən xilas olan ədəbiyyatın"
intibahın əlamət-işarəsi kimi görür. Hər
bir mərhələnin model kimi təqdimində
düşüncə tipinin dəyişməsini faktoloji əsaslarla
izah edir, epik növün lirik növü üstələdiyi
və ya əksinə olduğu məqamlarda mühit-müəllif-mətn (və ya mətn-müəllif-mühit)
ardıcıllığının ədəbiyyat
üçün nə qədər mühüm bir sxem
olduğunu göstərir. İntibahın humanist mövqeyində
rübainin bir janr kimi aktuallaşmasını üstündən
ötüb gediləcək bir hadisə
olmadığını vurğulayır, bədii təfəkkürün
böyük mənzərəsinin kiçik detallarda gizləndiyini
dönə-dönə uyğun misallarla şərh edir. Azərbaycan
ədəbiyyatındakı intibah hadisəsinin Şərq-Qərb
müstəvisində unikallığını romantizm-realizm
paradoksu ilə izah edərkən üslub-metod-cərəyan
sxeminin hələ ibtidai gücünə diqqət yetirir.
İntibahın bütöv Azərbaycan ədəbiyyatı
daxilindəki funksionallığına gəlincə, alimə
görə Şərq və ayrıca Müsəlman
intibahı müstəvisində tipoloji hadisə olan Azərbaycan
intibahı adıçəkilən iki böyük müstəvidə
intibahın dinamikasını müəyyən edən
başlanğıcdır. İsa Həbibbəyliyə görə,
Azərbaycan intibahı Nizami-Xaqani-Məhsəti
üçbucağı modeli şəklindədir, Nizamin
epikliyi, Xaqaninin ictimailiyi, Məhsətinin humanistliyi bu modeli təşkil
edən mexanizmin adıdır.
Ümimiyyətlə,
akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının
inkişaf mərhələlərinin hər birinə
ayrıca bir sistem kimi baxır, bu sistemləri isə bir-biri ilə
müxtəlif tipli əlaqələr quran böyük bir
struktur-sistemə daxil olan struktur vahidlər kimi şərh
edir. Hər sistemin özünə uyğun şəkildə
müstəqil metodoloji mexanizmi olduğunu sezir, dövrün mətn
vahidlərinin tələblərinə uyğun elmi münasibət
göstərir, yəni hər dəfə, dönə-dönə
bədii faktın bütün digər kateqoriyalardan bir
addım öndə olduğunu vurğulayır. Orta əsrlər
Azərbaycan ədəbiyyatını, anadilli ədəbiyyat
epoxasını, Həsənoğludan Füzuliyədək
olan mərhələnin konseptual şərhinə keçməzdən
əvvəl ədəbiyyatın milli düşüncənin
tarixi xəttində mərhələ fərqləri yaratmaq
potensialını nəzərə alır. Ədəbiyyatın
istiqaməti, xarakteri dəyişirsə onun tarixin xronoloji sərhədləri
içərisində sıxışdırılmış
şəkildə qalmasına icazə vermək olmaz. Millilik,
dövlətçilik ənənələri, coğrafi mənsubluğun
düşüncəyə hakimliyi, dil faktoru amilləri
anadilli ədəbiyyatın formalaşmasına təkan verən
səbəblərdir, lirik ədəbiyyatın, qəzəlin
janrlararası üstünlüyü, tuyuq, aşıq
şeirinin aktivləşməsi nəticədir, bu, ədəbiyyatın
ciddi milli janr strategiyası kimi diqqətdən yayınacaq məsələ
deyil. Akademik dövrün içində başqa bir
dövrün yetişdiyini konkret bir bədii mətnin
içində, strukturda görə bilir, bunu növbəti mərhələni
hazırlayan işarə-kodlar sistemi kimi təqdim edir.
Füzulinin "Şikayətnamə"si haqqında dediyi
"romantik üslubun şikayəti, realist meylin ədaləti"
fikri alimin növbəti mərhələni erkən realizm kimi
səciyyələndirməsinə hazırlıq məzmunu
daşıyır.
Erkən
realizmin ortaya çıxması üçün milli
düşüncənin daxilində xəlqiləşmə
parametrini ölçü vahidi kimi görür.
İctimai-siyasi amillərlə yanaşı, ədəbi-mədəni
proseslərdən doğan yeniləşmə
ab-havasını Saib Təbrizinin "Hind səpkisi" modeli
kimi dərk edir. Ədəbiyyatda xəlqiləşməni
görmək mücərrəddən konkretə doğru gedən
xətti təyin etməklə mümkün olur. Həyati-romantik-didaktik
məzmunun forma dəyişikliyinə şərait
yaratmasının və klassik ənənədən
qopma mexanizminin klassik ənənədəki nəsihətçiliyin
didaktik ədəbiyyatla yekunlaşması hadisəsi kimi izah
edir. Məzmunda həyatiliyin formada süjetliliklə yekunlaşması,
nəsrin müstəqil bədii ifadə formasına
çevrilməsi "realizmin qapısının
döyüldüyü" çağda qanunauyğun
haldır. Didaktik ədəbiyyatın
inandırıcılığını bədii təfəkkürün
müdrikliyinin sübutunda görən akademikin erkən realizm
konsepsiyası təfərrüatları ilə həll
olunmuş nəzəri model kimi özünü doğruldur.
M.P.Vaqifin "Görmədim" müxəmməsi bu
dövrü müəyyən edən sxem-işarə kimi təqdim
olunur, Füzuli-Vaqif-Mirzə Fətəli
üçlüyü əslində, üç fərqli ədəbi-bədii
mərhələnin zəncirvari
ardıcıllığının yığcam nəzəri
təsviridir. Ədəbiyyatın dəyişən
"gündəliyi"nə, heca vəzninin sabit bir sistem
halına keçməsinə, qoşma, gəraylı kimi
janrlar vasitəsilə normativ şeir dilinin xalq şeir dili ilə
əvəz edilməsinə diqqət çəkən alim
dövrün mənzərəsini quru təsvirlərdə,
informativ məzmunla vermir, detallarla yadda qalan nəzəri
ümumiləşdirmə aparır. XIX əsr Azərbaycan ədəbiyyatına
ikili münasibətin yaratdığı terminoloji
dolaşıqlığı ortadan qaldırmaq niyyəti ilə
İsa Həbibbəyli maarifçiliyin özünə
multidisiplinar yanaşma göstərir, onu kompleks bir hadisə
kimi nəzərdən keçirir. Ədəbiyyatı
maarifçi düşüncənin dayağı kimi teatr və
mətbuatla bərabər mövqedə görür. Hər
yeni mərhələdə əvvəlki mərhələlərin
ənənəsinin ikinci xətt kimi davamını izləyən
alim maarifçilik çağında davam edən divan
şeiri və təriqət ədəbiyyatı
ənənələrinin içində təsəvvüf
ideyaları ilə yanaşı, maarifçi ideyaların
olmasının yeniləşmənin ikili standarları ilə
bağlayır. Maarifçiliyin ideyadan hərəkətə
modelini - Mirzə Fətəli Axundzadənin ədəbi
yaradıcı siması ilə eyniləşdirir.XIX əsr Azərbaycan
ədəbiyyatı "Ağıl əsri"dir, müəllifə
görə, maarifçi realizm ədəbi cərəyan
adlandırıla biləcək struktural və konseptual mükəmməlliyə
malikdir. Dram epoxasının klassik romantik şeir
dövrünün inkarı üstündə qurulma mexanizmi
kimi görür, realist nəsrinisə əvvəlki mərhələlərdə
müxtəlif şəkillərdə təzahür edən
amma bir qədər dağınıq səciyyə
daşıyan nəsr ənənəsinin sabitləşməsi
və təyinat qazanmasını isə yenidən yaranma
prosesi kimi şərh edir. Akademik vurğulayır ki, ədəbiyyatın
"köhnə cəmiyyətə" üsyan mövqedə
dayanması satirik düçüncəni aktivləşdirir,
satiranın müraciət obyektlərinin fərdidən
ümumiyə keçidi XIX əsr ədəbiyyatının
birinci yarısının ikinci yarısından fərqləndirməyə
şərait yaradır. Realist-didaktik ədəbiyyatla
yanaşı, romantik-didaktik ədəbiyyatın
varlığını, amma hər ikisinin müvafiq məqsədlərinə
uyğun şəkildə maarifçi tendensiyalara sahib
olmasını dəqiqliklə müşahidə edir. Komediya
və faciənin bütün paradokslarına rəğmən
janr kimi eyni çağda yaranması və konkret təyinat ilə
çıxış etməsi hadisəsinin arxasında da
İsa Həbibbəyliyə görə maarifçi
mövqeyin fərqli təzahür formaları dayanır.
Maarifçi ədəbiyyatın obrazlarının tipoloji fərqlərini
və genetik kodlarla ənənəyə
bağlılığını həssas nəzəri məsələ
kimi ədəbi dövrün izahında mühüm amil hesab
edir.
XX əsrin
əvvəlləri Azərbaycan ədəbiyyatını tam
yeni hadisə kimi izləyir, "titanlar" dövrü
adlandırır. Əvvəlki əsrin maarifçi hərəkatının
güclənərək
milli-demokrat hərəkata çevrilməsi, bədii mətnin
içində Azərbaycanın coğrafi
koordinatlarının dəqiqləşməsi, milli tarixi
yaddaş ideyalarının (C.Məmmədquluzadə "Azərbaycan",
M.Ə.Sabir "Fəxriyyə") görsənməsi
dövrün təsbitinin arqumental təsdiqidir. Mollanəsrəddinçilik
və tənqidi realizm sinonim anlayışlar kimi işlədən
müəllif üçün azərbaycançılıq
bu məktəbin ideya əsasını təşkil edir. Ədəbiyyatın məkan və
zaman koordinatları, bədii şəraitinin tipikləşməsi
ilə yanaşı, obrazın özünün də tipikləşməsi
baş verir, nəticədə
"kiçik adam"ların böyük əhvalatları
şəklində yeni bir ədəbiyyat yaranırdı.
Akademik bu kiçik detalların yaratdığı ədəbi-bədii
fərqə diqqət çəkir, ədəbiyyatın yeniləşməsini
kompleks hadisə kimi izləyir. "İdealla gerçəklik
arasında təzaddan doğan" romantizm,
Füyuzatçılar ədəbi məktəbi, romantizmin Azərbaycana
xas tipoloji fərqləri, tənqidi realizmlə paralel şəkildə
mövcudluğunun hər iki cərəyanda doğurduğu
oxşarlıqlar, romantizmin gətirdiyi yeni janrlar, romantizmin ənənəvi
xəttə bağlılığını üzə
çıxardan neosufizmlə yanaşı, sentimental ovqata,
naturalist cizgilərə sahib olması dövrün ideya-sənətkarlıq
imkanlarını genişləndirən məqamlar kimi nəzərdən
keçirilir.
Vahid yaradıcılıq metodu,
proletar ədəbiyyat anlayışı, milli təmayülçülüyün
proletar hegemoniyaya qarşı müqavimətini itirməsi,
beynəlmiləlçilik - bütövlükdə sosialist ədəbiyyatı
adı altında Azərbaycan ədəbiyyatının itməsinə,
ədəbiyyatın öz estetik sərhədlərindən kənara
çıxıb sosial alət və ya vasitəçi
olmasını görür, amma bu ədəbiyyatın da
daxili mərhələ təsnifatını verməklə, əslində,
sosialist ədəbiyyat anlayışının altında
dayanan tendensiyanın keçiciliyini, bu keçici şəraitdə
yaxşı ədəbiyyat nümunələrinin üzə
çıxartmağın vacibliyinə münasibət
bildirir.
Ədəbiyyatın
milli-mənəvi özünüdərk və istiqlal
axtarışlarının sıxlıq və aktuallıq
qazandığı dönəmi ayrıca mərhələ
kimi təsnif edərkən sovet ədəbiyyatı və
müstəqillik ədəbiyyatı arasındakı məsafəni
bütün detalları ilə şərh edir, milli
özünü dərk prosesinin dövrün poetik mətnlərində
üzə çıxma şəkil və formalarını
görür, sosialist realizmi və modernizm kimi əksqütblərin
bir ədəbiyyatda birgə, yan-yana mövcudluğunu əsaslandırarkən
faktlara istinad edir, funksional məzmununu açır,
dövrün nəzəri təyinatında yerini və rolunu
müəyyən edir. Üslub-metod-cərəyan
çoxluğunun təsbitində potensial imkanlara malik bədii
mətnlər varlığına diqqət çəkir. Cənubi
Azərbaycan ədəbiyyatı, Mühacirət ədəbiyyatı
akademik İsa Həbibbəylinin diqqətindən
yayınmır, ədəbiyyatın bütöv və tam
şəkildə dərkinin onun ən kiçik vahidindən ən
böyük epoxal təsvirinə qədər davamlı,
sistemli və məqsədli təhlilinə söykəndiyini
bilir.
Azadlıq
hərəkəti-reallıq-ədəbiyyat xəttində
formalaşan müstəqillik dövrü ədəbiyyatının
sistem-təsvirini yaratmaq cəhdi Azərbaycan ədəbiyyat
tarixçiliyi tarixində çoxdan gözlənilən hadisədir.
Hal-hazırda yaşanılan dövrün ədəbiyyatı
haqqında nəzəri təsnifat aparmaq asan deyil. İsa
müəllimin dinamik və konseptual nəzəri təsnifat
modeli hal-hazırda davam edən bir mərhələ
haqqında elmi təsəvvür yaratmağa imkan verir. Bu dövr ədəbiyyatının
"çətin, ağrılı, lakin zəruri prosesləri
keçərək çoxsəsli, çox metodlu ədəbiyyat
kimi formalaşması" prosesinin içindəki
irili-xırdalı detalları, ictimai məzmunu, forma yeniliklərini,
sürətli inkişafı, kəmiyyət çoxluğunu
və s. analiz edir, akademik səviyyədə son dönəmlərin
mübahisəli məsələlərinə münasibət
bildirir, çoxmetodluluğu təsdiq etməklə, nəinki
ədəbiyyatı, elə ədəbiyyatşünaslığın
özünü də sovet ideoloji qalıqlarından və postsovetizmin müasir nəzəri
fikrə mane ola biləcək, bilginin qapalı və stabil
monotonluğunu diktə edən tendensiyalarından təmizləyir.
Eyni zamanda, poetik fikrin ənənəvi xəttindəki fərqləri,
derformasiya elementlərini, ənənə və yeninin
sintezinin spesifik modellərini nəzəri təhlilə cəlb
edir, realist ənənələrin modernist, postmodernist istiqamətlərlə
təmasından qazandığı yeni xarakter elementlərini
neorealizm konsepsiyası şəklində yenidən işləyir. Bununla da, ədəbiyyat haqqında
biliklər sisteminin yeniliklərə açıq, dəyişkən,
eyni zamanda, konseptual olmasını təsdiqləyir, akademik
örnək kimi elmi auditoriyada yeni istiqamətlər müəyyənləşdirir.
Akademik İsa Həbibbəylinin "Azərbaycan
ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və
inkişaf mərhələləri" monoqrafiyası elmi
biliklərin dəyişən paradiqmalar müstəvisində
özünü yenidən tanıma və təşkil etmə
prinsiplərinə dayanan, ədəbiyyatın incəsənət
hadisəsi kimi intiutiv və koqnitiv dərkinə əsaslanan, dərk olunan bədii faktın
elmi-nəzəri ifadəsində statik təsvirçilikdən
uzaq, sistemli, bütöv struktura üstünlük verən
akademik qaynaqdır. Müasir dövrdə elmin dinamik
inkişafı müşahidə olunur və onun məzmununda
"mürəkkəblik təfəkkürü",
"qeyri-xətti təfəkkür",
"özünü təşkil edən koqnitiv sistem" və
s. kimi terminlərə rast gəlmək mümkündür.
Bir tərəfdən elmi idrakın immanent təkamül
prosesinin mürəkkəbləşməsi baş verir, digər
tərəfdən isə elmin cəmiyyətdə
oynadığı rol keyfiyyətcə yeni məzmun kəsb
etməyə başlayır. Akademik İsa Həbibbəylinin
dövrləşdirmə konsepsiyasının məğzində
dayanan əsas fikir budur ki, qloballaşma və mədəni
inteqrasiya dövründə Azərbaycan xalqının milli dəyərlərinin
qorunub gücləndirilməsi,
klassik və müasir ədəbi əsərlərin
çağdaş elmi səviyyədə tədqiqi və təqdimi,
milli ədəbiyyatın ardıcıl və bütöv
sistem kimi şərhi ədəbiyyatşünaslıq elminin əsasını
təşkil etməlidir.
Maral YAQUBOVA
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2019.- 21 dekabr.-
S.20-21;22