Beş il Nurəngiz Günsüz
Bu dünyaya təşrif buyuran hər kəs bir
yolçudur əslində. Çünki bu
dünya beşikdən məzara uzanan yoldur. Adına ömür yolu deyərik. Hər
addımımızda bu yolun bir azını da keçmiş,
son ünvanımıza bir az da
yaxınlaşmış oluruq. Kimi tələsir,
yolu kəsə gedib daha tez çatır ünvana, kimi də
ləngimək üçün nə lazımdırsa edir.
Amma gec-tez hər kəs yolun sonuna
çatır.
1938-ci ilin 21 sentyabrında Azərbaycanın
paytaxtında, Bakının dar küçələrinin
birindəki evdən bir balaca qız çıxdı
ömür yoluna. Gözəlliyi, işvəsi, ədası,
ağlı, təmkini, nuruyla yolunun üzərində Günəş
kimi addımlamağa başladı. O yol Tibb Məktəbini,
Mədəniyyət və İncəsənət Universitetini
gördü, Azərbaycan Dövlət Televiziyasından
keçdi, Azərbaycan Yazıçılar Birliyinə
baş çəkdi... Hamar olmadı, asan
başa gəlmədi bu yolun yolçusu olmaq. Yordu öz yolçusunu bu yol. Gah
daşa-kəsəyə tuş etdi, gah tikanlar, qanqallarla
qarşılaşdırdı.
Yağışını yağdırdı zaman-zaman, yoluna səpdiyi
xəzanla qəlbinə dərd verdi,
qarında üşütdü, istisində yandırdı... Amma yorulmadı yolçu, yolunu tərk etməyi, ya
da ünvanına kəsə yolla çatmağı heç
düşünmədi. Hər şeyə
sinə gərdi, qətiyyətlə, vüqarla
addımladı bu yolda. Bəzən
addımlamaq yetmədi, qanad açdı, uçdu, daxilindəki
azadlığı səmanın ənginliklərində
süzdürdü. Yorulub taqətdən düşəndə
isə sözə tapındı, qələmin ətəyindən
tutub qalxdı, yorğunluğunu, giley-güzarını,
sevincini, qəmini, xoşbəxtliyini, məyusluğunu, qəzəbini,
fərəhini ağ vərəqlərə
tökdü. Gözünün yaşıyla
suvardı yolundakı torpağı. Daşda
çiçək, qayada gül bitirdi. Daxilində
baş qaldıran bütün hisslər bircə-bircə
şeirə bürünüb səpələndi yolunun
üstünə. Səpələndi ki, özündən
sonrakılara bir iz, bir mayak olsun:
Saçlarımda
rüzgarım, ruhumda ana laylası,
Başımda
məğlub eşqim...
Yol gedirəm, sinəm qaralanadək.
Önümdə
silsilə dağlar, sərt qayalar, soyuq dəniz,
Qərib
canla, bu tək cana, qürub
çağı
Yol gedirəm, öləziyib saralanadək.
Arxamda
sarp enişlər, çiynimdə Günəş tayası,
Ağuşumda
Jaləm və titrəyişim,
Yol gedirəm, yol olanadək.
Adını
nurdan, nurunu gündən alan Nurəngiz
Günün yoludur bu yol. Asanıyla çətiniylə,
yaxşısıyla pisiylə, dərdiylə xoşbəxtliyi
ilə Azərbaycan poeziyasına öz adını
qızıl hərflərlə yazdıran bir azad
qadının yolu. O, öz yolunu getdi, özü yol
olanadək... Və beş il öncə
yolun sonuna gəlib bu şərəfli səfərini
tamamladı. Amma sönmədi, itmədi, yoxa
çıxmadı, unudulmadı. Bir
Günəş kimi yolunun üzərində parlamağa davam
etdi. Səfəri boyunca yola səpələdiyi
hər misrası onun izinə çevrilib Nurəngiz Gün
imzasını yaşatmağa davam etdi. Və
bu gün təkcə yazdığı şeirlərlə
deyil, xanımlığıyla, cəsarətiylə,
vüqarıyla, qəlbində daşıdığı
sevgisiylə, mərhəmətiylə nəinki özündən
sonrakı gənc xanım şairlərə, ümumiyyətlə,
yolu ədəbiyyatdan keçən, sözə pənah gətirən
bütün gənclərə bir yol oldu.
***
"İstəmirəm nə qışqırıq, nə
səda"- deyirdi Nurəngiz Gün. Ömrü də
şeirləri kimi pıçıltıya bənzədi.
Demədiklərini, deyə bilmədiklərini,
demək istəmədiklərini ya gözlərindəki
Günəş dilləndirdi, ya əlindəki qələm.
Dili gözlərinə də, əllərinə
də yenildi. Necə ki, o gözlər
gözəlliyi, o əllər yazdığı şeirləriylə
çoxlarını lal etmişdi.
Nurəngiz
Gün poeziyası modern Azərbaycan şeirinin ən gözəl nümunələrindən
biridir. O, daxilindəki sərbəstliyi şeirlərinə,
yaradıcılığına da gətirə bilmişdi. Vurğunu olduğu dünyaca məşhur türk
şairi Nazim Hikmətin üslubunu müasir ədəbiyyatımızda
davam etdirərək öz dəst-xəttini yaratmağı
bacarmışdı. Bu modernlik təkcə
üslubda, formada deyil, həm də məzmunda idi. O, elə
ilk şeirlərindən öz həqiqətini yaratdı və
bütün yaradıcılığı boyunca bu həqiqətinə
sadiq qaldı:
- Bibi,
anam deyir bibin gicdi.
-
Düzdü, düzdü...
- Deyir
yüz il diktor işlədi, adı dəftərə
düşmədi.
- Olan
işdi.
- Bibi,
adamların quyruğu var?
- Necə
bəyəm?
- Deyir
sünnüdü sənin bibin.
Deyir
qapıçıya salam verdi,
süpürgəçiyə sovqat,
Sədri-mədri saymadı. Deyir, işin çəmin bilməyir,
İndi çıxıb eyvana, qumruları yemləyir.
- Məni
çox istəyir, onunçün hirslənir anan.
Onun qəlbi şüşədi. Başa düşər,
De ki,
bibim deyir, əyilmək zor peşədi!
Ətrafında gördüyü hər şey,
canlı, cansız bütün nəsnələr onun
üçün bir şeir, əsər obyekti idi. O, toxunduğu hər
şeyi obrazlaşdırmağı bacarırdı. Özündən əvvəlki şeir üslubundan
imtina etdiyi kimi, əvvəlki obyektlərdən, obrazlardan da
imtina etmişdi. Günəşi yaradıcılığının
bayrağına çevirən şair o günəşin
nurunu qələminin köməyilə ətrafındakı hər
şey, hər kəs arasında bərabər, ədalətli
şəkildə paylayır.
Nurəngiz Günün şeirlərindən bir eşq
qoxusu, məhəbbət ətri gəlir. Ən sərt
misralarında, ən çox gileyləndiyi şeirində belə
o eşq gizli-gizli təqib edir sanki qələmini. Qınayan olmasa, eşqi özünə qələm
edib deyərdim. Amma bu eşq bizim bildiyimiz
bütün eşqlərdən daha yüksək, daha əzəmətli,
daha ülvidir, əbədidir. Çünki
bu eşq kövrək şair qəlbinin bütün insanlara
duyduğu eşqdir. O, dünyanı da məhz
insanlarına görə sevir. Şair
üçün fərqi yoxdur o insan yaxşıdır, yoxsa
pis. Əsas odur insandır:
İnsandır
şeirimin
ilki və
qurtaracağı.
İnsanlarsız nə dəniz, nə sahil, nə qaya?
İnsanlarsız nəyə lazımsan, dünya?
Amma Nurəngiz Günün bu ümman sevgisi belə təklikdən
xilas edə bilmir onu. "Aman allah, dünya məndən xəbərsiz"
deyib təlaş edən şair yavaş-yavaş insanlardan
uzaqlaşır, "İnsanla dolu dünyada,
Yavaş-yavaş adət edib, daş-divara alışır...", tənhalıq küncündə qələm-vərəqinə
sarılıb söz dəryasından incilər toplayır. Ümidsizliyinin son həddində isə bəzən
"Allah, neyçün yarandım?" sualından da
qalmır. Bəs nə idi onu bu qədər
ümidsiz edən, insanlardan, dünyadan soyudan? Cavabı yenə də şeirlərində
axtarırıq. Və Nurəngiz Gün deyir ki:
Açılıb
uzanan
hər
sap düzümü ömür deyilmiş,
ömrün hər dözümü ömür deyilmiş!
Bağışla!
Aldandıq,
aldatdıq,
nələrdən döndük,
nələrdə yanıban,
nələrdə söndük.
Bilməzdim
bu qədər
üzü dönükdük!
Bağışla!
Pisi əzizləyib,
yaxşını atdıq,
Olub ki, bəzən
də xeyrə
şər qatdıq,
Beləcə
sivişib ömür uçdu ki!
Ömür
quşdu ki!
Sevdalı
yolları unutmuşuq ki!
Bir
kövrək çiçəyi qurutmuşuq ki!
Bağışla!
Bəzən isə bu üsyankarlığı
özünü də diksindirir. Axı həyat dolu,
sevgi dolu idi Nurəngiz Gün. Axı onun
adındakı nura, günə yaraşmazdı solmaq, sönmək,
ümidsizləşmək. Yenə də ünvanı
çox sevdiyi, şeirlərində tez-tez müraciət
etdiyi, söhbətləşdiyi Tanrısı olur, yenə də
ona əl açır:
Tanrım,
bağışla məni,
dünya
çıxıb yadımdan.
Heç bilmirəm səma harda, yer harda?
İnsanlar hardadır, mən harda?
***
Nurəngiz Gün şeiriyyatını romantik poeziya
adlandırsaq, yanılmış olarıq. O, bir insan kimi, bir qadın
kimi nə qədər romantik idisə, poeziyasında bir o qədər
realist şair idi. Bir çox şeirlərində
eşq, məhəbbət, saf, ülvi duyğular əks olunsa
da, şair poeziyasını bu duyğularla çox da məşğul
etmir. Onu cəmiyyətin, xalqın,
dövlətin problemləri daha çox
düşündürür. İki
üzlü, mənfəətpərəst, lovğa, zalım
insanlar, daha çox isə bu cür məmurlar onun
gözünün bir nömrəli düşmənidir. Az qala hər addımda bu cür insanların
olduğu və hətta yüksək vəzifələr
tutduğu zamanda şair də qələmi vasitəsiylə
onları ifşa edir. Daxili azadlığı, cəsarəti,
vüqarı ona bu şəraiti yaradır. O,
bütün yaradıcılığı boyu haqsızlıq
qarşısında əyilmir, yalana, riyakarlığa, saxtakarlığa
göz yummur. Onun bu etirazı pafosdan,
yalançı hay-küydən də çox uzaqdır.
O, ən səmimi hissləriylə lazımi məqamlarda
gerçəyi, həqiqəti deməyi bacarır:
Toxunur qəlbimə
Kələkötür
bir nadan -
Mən
gülürəm,
Gülməyi
öyrənmişəm binadan, lap olanı anadan -
Mən gülürəm.
Tanıyası
olası: Ördəyi, qazı, qutanı,
Yaxud,
ayıra bildiyimdən
birini
digərindən
Yəni
cini, şeytanı, bir də bu moltanını -
Mən
gülürəm...
Tüklərimdir
ürpəşən,
Baba,
Büsbütün
ruh və bədəndir titrəşən,
çarəsizəm...
Hönkürüb
ağlayıram -
gözümü bağlayıram -
Mən
gülürəm...
Vətən dərdi, Qarabağ ağrısı onu ən
çox göynədən yara idi. Təkcə
"Xocalı simfoniyası" onun bu dərdi qəlbinin ən
dərinliklərində hər an, hər saniyə
yaşadığının ən bariz nümunəsidir.
"Mən ədəbiyyat üzünə, oxucu
üzünə utanmadan gəlmişəm. Hər sətiri yazanda bir
Allah bilir ki, ürəyimdən nələr
süzülürdü... Mən hamını, ən çox
da Vətənimi xoşbəxt görmək istəyirəm",
- deyən şairin işğal olunmuş torpaqların həsrətiylə
ağaran saçları, ağlamaqdan qan çanağına
dönən gözləri və əlbəttə, susmayan qələmi
səmimiyyətini təcəssüm edirdi:
Səni
ta qədimdən tanıyıram,
Vətən!
Səni qədəmindən tanıyıram.
Daş-torpağın
bəlli mənə,
Göylərin
təsəlli mənə...
Ömür
yolun nə göynəmli!
İtib
getmiş bir qarışına da
göynəməli.
Amma o, bu dərdin qarşısında da ağlamır,
sızlamır. Mərdliklə, vüqarla, qorxmazlıqla
xalqını kölə edənlərdən hesab sorur,
onları ədalətə səsləyir. Hələ 1985-ci ildə yazdığı şeiri
oxuyarkən bir qadının zərif, kövrək
varlığında bu qədər böyük cəsarət
bəsləməsinə heyrətlənməyə bilmirsən.
O, tez-tez xalqının oğullarına səslənir,
onları haqsızlıq qarşısında susmamağa
çağırır. Çünki ölkənin
nicatının məhz susmamaqda, etirazda, boyun əyməməkdə
olduğunu görür. Nurəngiz Gün və onun kimi
şairlərin yazdığı bu cür şeirlərdir ki,
cəmi bir neçə il sonra xalqın
müstəqillik tələbiylə meydanlara
axışmasına və nəticədə Azərbaycanın
azadlığa qovuşmasına gətirib
çıxartdı:
Ey, siz! Səsimizi
boğub, beynimizi gicəllədənlər!
Axı
sizi kim doğmuş?
Bu
torpağın üstünə sizləri kim
doldurmuş?
Ürəyiniz varmı görən? Nə varsa tapdamısız!
Siz "Vətən!"
sözüylə alver etmisiz,
Vətən
göynəmini hardan biləsiz,
Vətən
kölgəsində kölgələnmisiz! -
Küpləriniz yer altında təngnəfəs.
Vəzifəniz
sinənizə canlı qəfəs;
Dirçəlməli. Dirçəlməli! Siqlətlərdən
dirçəlməli,
"haqq", "ədalət" və
"doğru"muz!
Ehehehey!.. Qərib düşüb, qərib gəzib
itən oğullar!
Ehehehey!.. Qapılar dalında pörtən oğullar!..
A dədə-oğullar,
Vətən-oğullar! Gəlin, gəlin!
Gəlin,
gəlin! Gec deyil hələ. Verək əl-ələ,
Sökülməli,
dağılmalı, hərrac olmalı bu tələ!!!
***
Akademik İsa Həbibbəylinin Nurəngiz Gün haqqındakı fikirləri özünün orijinallığı və şairə yaraşan kövrəkliyi ilə diqqətimi cəlb elədi: "Məlum olduğu kimi, bənövşə çiçəyi boynu bükük olsa da, həmişə günəşə tərəf boylanır. Mən Nurəngiz Günün yaradıcılığını günəşə boylanan bənövşə çiçəyinə bənzədərdim. Çünki onun şeirlərində kifayət qədər günəş işığı və günəş obrazları vardır. Nurəngiz Günün yaradıcılığındakı günəş işığı altındakı bu bənövşə rəngi Azərbaycanın müstəqilliyinin palitrasını, çoxrəngliyini, poetik bir qammasını çox dolğun şəkildə ifadə edir".
... Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!..
Yerdə
mənə yaman soyuqdur, Günəş!
Düz beş il öncənin 20 dekabrında
röyalarının, xəyallarının, arzularının,
ümidlərinin, qəlbinin günəşi onu Yerin
soyuğundan xilas etdi, çəkib öz qoynuna apardı. Necə
ki, özü demişdi...
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 21 dekabr.- S.16.