Qəfil gün doğdu bir gecə...   

 

 

Dekabrın 18-də Heydər Əliyev sarayının qarşısındakı izdihamın səbəbi Xalq şairi Ramiz Rövşənin şeirləri əsasında yazılan mahnılar və muğam parçalarından ibarət "Qəfil gün doğsa bir gecə" adlı konsert idi. Öncə foyedə Ramiz Rövşənin kitabları diqqət çəkdi. Oxucular sevimli şairlərinin kitablarını alıb, fürsət düşmüşkən özünə imzaladırdılar.

Gecənin başlanmasına dəqiqələr qalmış, hər kəs tezcə öz yerini alırdı. Təxminən iki minə yaxın insanın toplaşdığı zalda Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Ramiz Rövşənlə yanaşı əyləşib onu sevən, sevimli yazarlarını görməyin sevinci və həyəcanı ilə onlara yaxınlaşan oxucularına səmimiyyətlə gülümsəyirdi.

Sonra Xalq yazıçıları Afaq Məsud, Elmira Axundova, AYB-nin katibi Rəşad Məcid, AYB Ədəbiyyat Fondunun sədri Əjdər Ol, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Aygün Bayramova, Röya Ayxan, Əməkdar artistlər Lalə Məmmədova, Münəvvər Əliyeva, müğənnilər Nura Suri, Zamiq Hüseynov, aparıcılar, yazıçılar, dövlət rəsmiləri və digər sənət nümayəndələri göründülər.

Şairin 73 yaşından cəmi üç gün sonra baş tutan konsertdə səhnəyə ilk olaraq YUĞ Dövlət Teatrının aktyorları Qasım Nağı, Əbdülqəni Əliyev, Natəvan Qeybani və Yaqut Paşazadə çıxdılar. Onların ifasında dinlədiyimiz ilk şeir "Mən bir tozam" oldu:

Mən bir tozam, -

kim nə bilir, axı hardan qopmuşam,

Ya əvvəldən,

ya axırdan qopmuşam,

Yorulmuşam toz olmaqdan, ilahi,

Bədənsiz, cansız olmaqdan, ilahi.

Mən bir qadın bətninə yığılmaq istəyirəm

Bu dünyada

İnsan kimi doğulmaq istəyirəm... 

Şeir bitər-bitməz, Xalq artisti Nəzakət Teymurova özünün məlahətli ifasıyla musiqili nömrələri açıq elan etdi. Ardınca Əməkdar artist Ehtiram Hüseynovun səsləndirdiyi mahnı ilə artıq hamımız Ramiz Rövşən poeziyasının sehrinə qərq olmuşduq.

İfaçıları səhnədə Eyvaz Haşımovun "Hicaz" qrupu müşayiət edirdi. Mahnıları da  "Hicaz" qrupunun bədii rəhbəri Eyvaz Həşimovun, "Savalan" qrupunun bədii rəhbəri İffət Əsgərov bəstələmişdilər.

Gecə boyu aktyorların səsləndirdiyi şeir parçalarının fonunda muğam və gecə üçün xüsusi hazırlanan mahnılar ifa edildi.

Tamaşaçılar da onlarla birlikdə gah:

"Xarabadır bu ev-eşik,

Daş üstə daş olsa da.

Niyə düşmən kəsilmişik

Hamı qardaş olsa da?!"

- gah: 

"İt olub hürmədik Aya,

Yıxdı bizi abır-həya,

Qoyun olmaya-olmaya

Qoyun olmaq çətin şeymiş".

Gah:

"Gözümüzün yaşını da,

Bağrımızın başını da

Qəbrimizin daşını da

Yağış yuyur, gün qurudur".

Gah da: 

"Demə ki, biz quş deyilik,

Allaha tanış deyilik.

Ruhum, dur, yığış, gedirik,

Sən yuxarı, mən aşağı"

- dedilər. Sonda isə "Bu Ramizi kim aparar, Bu Ramiz olmayan yerə" şeirinin sədaları altında Xalq şairini səhnəyə "apardılar". Şairin sevinci, fərəhi üz-gözündən oxunsa da, dilində də gizlətmədi: "Rəngarəng konsertdir. Dostlarım hazırlayıb. Qarışıq estetikalar var. Adətən, şeir yazanda onun melodiyasını da hardasa eşidə bilirik. Amma etiraf edim ki, bu konsertdə elə şeirlərimə mahnılar yazılıb,  bunu heç vaxt gözləməzdim. Mahnıların müəllifi Eyvaz Haşımovdur. Gözəl musiqiçidir. Bu konsertin qəhrəmanları Nəzakət xanım Teymurova ilə Ehtiram bəy Hüseynovdur. Bəzən həssas insanlar sevdikləri şeiri musiqidə dinləmək istəmirlər. Çünki fikir musiqiyə gedir, sözlər diqqətdən yayınır və ya əksinə. Amma sevinirəm ki, bu musiqilərdə, məncə, o müşahidə olunmadı. Musiqiylə sözlər bir-birini tamamladı".

Konsertdən sonra tamaşaçılardan, dəyərli ziyalıların bəzilərindən fikirlərini öyrənmək istədik. AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid konsertdən məmnunluğunu vurğuladı: "Yarım əsrdən çoxdur, Ramiz Rövşənin şeirləri ən müxtəlif sənət sahiblərinin, onun poeziyasını sevənlərin dilində bir-birindən tam fərqli şəkildə səslənir. Ramiz Rövşən poeziyasına hərənin öz baxışı və təbii ki, bu baxışdan doğan öz ifa tərzi var. "Qəfil gün doğsa bir gecə" adlı bu möhtəşəm konsertdəki təxminən iki min nəfərə yaxın tamaşaçı Ramiz Rövşən sözünün sehrinə düşmüşdü. Ola bilsin, dəvət olunanlar da vardı, amma bu insanların hamısı Ramiz Rövşən şeirinin işığına toplaşmışdı. Bu konsertdə Ramiz Rövşən poeziyası bir başqa aurada təqdim olundu. Ola bilər, bu, kiminə təzə, kiminə də şairin söz dünyasına indiyəcən gördüklərindən tam fərqli yanaşma təsiri bağışladı. Amma bütün hallarda böyük, möhtəşəm salondakı iki minə yaxın insanı Onun sirli-sehirli poeziyası bir yerə yığmışdı.

"Hicaz" qrupunun bədii rəhbəri Eyvaz Həşimovun, "Savalan" qrupunun bədii rəhbəri İffət Əsgərovun bəstələdiyi mahnılar Ramiz Rövşən yaradıcılığına yeni baxış idi. Xalq artisti Nəzakət Teymurovanın içdən, ürəkdən ifasında sənətkar kimi peşəkarlıqdan başqa, həm də onun Ramiz Rövşən poeziyasına xüsusi sevgisi və rəğbəti hiss olunurdu. Əməkdar artist Ehtiram Hüseynovun öz ifalarında Ramiz Rövşən poeziyasına müraciət etməsini çox görmüşəm. O, həmişə Ramiz Rövşən yaradıcılığına məxsusi sevgisiylə seçilib və mahnıları hər zaman zövq verib. Təəssüf ki, bu konsertdə Ehtiramın xəstəhallığı hiss olunurdu. Amma sağlamlığındakı problemə rəğmən konsertdə sona kimi ifa etdiyi gözəl mahnılarla o sevginin daha bir nümunəsini göstərdi.

Belə bir konsert proqramının ərsəyə gəlməsinə görə, rejissor Mir Sahib Ağazadənin böyük zəhmətini isə ayrıca qeyd etmək lazımdır. Təsadüfi deyildi ki, konsertin sonunda çıxış edən Ramiz Rövşən mərhum rejissor Vaqif İbrahimoğlunu xatırladı. Ötən əsrin 90-cı illərində Vaqif İbrahimoğlu rəhbəri olduğu "YUĞ" teatrında şairin şeirlərindən ibarət qeyri-adi tamaşalar səhnələşdirmişdi. Konsertin rejissoru Mir Sahibin quruluşunda da "YUĞ" estetikası hiss edilirdi. İki saat ərzində məhz səhnədəki dinamikanın, hərəkətliliyin sayəsində heç bir darıxmaq olmadı. Fərqli janrlarda rəngarəng musiqi nömrələri gecəyə bir ayrı sehr qatdı. Həm xalq musiqisi, həm muğam, həm rep və rok çalarlı elementləri, tamaşa estetikası Mir Sahib Ağazadənin yozumunda həllini çox gözəl tapmışdı.

Bu konsert proqramı bir yandan, əvvəldə dediyimiz kimi, Ramiz Rövşən şeirlərinin bir ayrı formada təqdimatı, bir yandan da fərqli düşüncəyə sahib insanların təxminən yarım əsrdən bəri öz ürəklərində qoruyub saxladıqları ədəbiyyat, söz sevgisinin təntənəsi idi. Fikrimcə, son illər Azərbaycanda sözün, şeirin belə fərqli təqdimatı olmayıb, ən azından, mənim yadıma gəlmir. Uzağa getməyək, təxminən bir il-ilyarım qabaq belə möhtəşəm salonda belə bir tədbirin keçirilməsi real görünmürdü.

Ramiz Rövşən poeziyasının o möhtəşəm salonda səslənməsi həm də bu gün cəmiyyətdə yaranmış müəyyən nəfəs genişliyinin təcəssümü idi və müsbət ovqat yaradırdı.

Bəzən səhnədə ifa vaxtı müğənnilərin dilindən şairin şeirlərindəki müəyyən söz və misralar tam aydın başa düşülməyəndə o şeirləri zaldakı tamaşaçılar öz-özlərinə pıçıldayırdılar. Mən son illər heç bir şairə insanların bu qədər böyük sevgisinin şahidi olmamışdım. Bu böyük sevgiyə görə Ramiz Rövşəni təbrik edirəm!"

Tanınmış publisist Zemfira Məhərrəmli dedi ki, Ramiz Rövşən böyük Türk dünyasının, Türk ədəbiyyatının ən sevilən şairlərindən biridir: "Bu möhtəşəm gecə mənə bir daha bu fikirləri təlqin elədi. Şairə, sənətkara, ölməz misralar yaratmış qələm adamına olan xalq sevgisini görmək çox xoş, sevindirici idi. İstər konsertin əvvəlində, istərsə də sonda Ramiz Rövşənin oxucularının, başqa sözlə orda iştirak edən tamaşaçıların şairi dövrəyə alıb gül-çiçəklə onu qarşılaması, onunla ünsiyyətə can atması çox qürurverici idi. Ramiz Rövşən yaradıcılığıyla bağlı belə bir layihə ilk dəfə idi və çox uğurlu alınmışdı. Konsertin təşkilatçıları, musiqiçilər, rejissor, ifaçılar, aktyorlar çox mizan-tərəziylə işləmişdilər. Şairin ən mükəmməl və oxucular tərəfindən çox sevilən şeirlərinə musiqilər bəstələnmişdi. Həmin gecənin ifaçılar Xalq artisti Nəzakət Teymurovanın və Əməkdar artist Ehtiram Hüseynovun ifaları da böyük sevgiylə, maraqla qarşılanırdı. "Nə var Allahdan yuxarı", "Yağış yuyur, gün qurudur", "Qara paltarlı qadın" və digər şeirlərinə bəstələnən mahnılar çox uğurlu idi. Ən əsası mahnılarıyla, şeirləriylə, tamaşaları ilə bütünlükdə gecə insanı düşündürən bir gecə idi. Çünki düşündürücülük elə Ramiz Rövşən poeziyasına xas xüsusiyyətdir.

Bütün bunlar Ramiz Rövşən sənətinə, yaradıcılığına xalq sevgisinin, ehtiramının daha bir göstəricisi idi. Fikrimcə, bu konsert Ramiz Rövşənin xalqı qarşısında bir hesabat gecəsi idi. Zəhməti olan hər kəsə təşəkkür edirik".

Tamaşaçılardan müəllim Fərqanə Mahmudova bu konsertin ənənəvilikdən uzaq olduğunu vurğuladı: "İstər bu salonda, istərsə də, digər konsert, tamaşa zallarında çox tədbirlərdə, yaradıcılıq gecələrində iştirak etmişik. Adətən, hələ Sovet dövründən də başlayaraq, konsertlərin, gecələrin ssenariləri hardasa bir-birinə yaxın, bəzən eyni olur: aparıcı çıxır, insanları salamlayır, ifaçıları təbrik edir, ara-ara da oxunacaq mahnıları təqdim edir, bəzən qonaqlara söz verilir, çıxışçılar əlavə olunur. Bu konsertdə belə bir şey yox idi. Səhnədə beş aktyor və üç ifaçı, əlbəttə musiqiçilərlə birlikdə iki saatlıq gecəni idarə etdilər. Nə kimisə təqdim etməyə ehtiyac qaldı, nə boşluq yarandı. Mən bunu konsert deyil, Ramiz Rövşən yaradıcılığından ibarət böyük bir kompozisiya adlandırardım. Ramiz müəllimin şeirləri hər birimizin qəlbində öz yerini çoxdan tutub. İnsan o şeirlərə musiqi bəstələnə biləcəyini heç zaman düşünməzdi. Amma deməli, olurmuş. "Hicaz" qrupu, Nəzakət xanım, Ehtiram bəyin bənzərsiz ifaları bunu bir daha təsdiq elədi. Şairə, sənətkara sağlığında qiymət verilməsi onun üçün ən böyük hadisədir. Bu baxımdan da konsert çox böyük əhəmiyyət daşıyır. Zəhmət çəkənlər var olsun!"

Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçinin düşüncələri də maraqlıdır: "Bir neçə mahnı var idi ki, xoşuma gəldi. Gözəl bəstələnmişdi və gözəl də ifa olundu. Amma ümumilikdə Ramiz Rövşən poeziyası pıçıltılı poeziyadır. Onu uca səsdən dinləmək insana narahatlıq verir".

Sonda Ramiz Rövşənın sirli-sehrli, ecazkar poeziyasının ənginliklərinə bizi qonaq etdikləri üçün "Hicaz" qrupunun bədii rəhbəri Eyvaz Həşimov, Əməkdar artist, tarzən Əliağa Sədiyev, rejissor Mir Sahib Ağazadə, Xalq artisti Nəzakət Teymurova, Əməkdar artist Ehtiram Hüseynov, Əməkdar artistlər Əbdülqəni Əliyev, Yaqut Paşazadə, Qasım Nağı, aktrisa Natəvan Qeybaniyə təşəkkür edirik. Əlbəttə, ən böyük təşəkkür isə bu möhtəşəm şeirlərin müəllifi Xalq şairi Ramiz Rövşənə düşür.

 

 

Şahanə Müşfiq

 

525-ci qəzet.- 2019.- 21 dekabr.- S.14.