Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib  

 

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli dilçitürkoloq alim Əhməd Cəfəroğlunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, sessiyanı giriş sözü ilə açan İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan xalqının dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına dair çoxsaylı elmi əsərlərin müəllifi olan Əhməd Cəfəroğlunun Türkiyədə yazdığı bu əsərləri ilə Azərbaycanın tanıdılması, onun mədəniyyətinin təbliği sahəsində böyük rol oynadığını dedi. G.Baxşəliyeva Əhməd Cəfəroğlunun adını dünya türkologiya elminə böyük hərflərlə yazdığını qeyd etdi.

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova mühacirətdə yaşamasına baxmayaraq qəlbi həmişə Azərbaycanla döyünən Əhməd Cəfəroğlunun Azərbaycanşünaslığa və türkologiyaya böyük töhfələr verdiyini söyləyərək, Şərqşünaslıq İnstitutunun keçirdiyi elmi sessiyanın əhəmiyyətini vurğuladı.

Şərqşünaslıq İnstitutunun əməkdaşı Mirzə Ənsərli sessiyada çıxış edərək, Əhməd Cəfəroğlunun mühacirətdəki həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışdı, Almaniyadakı təhsil illərini xüsusi qeyd etdi, onun daima sovet xüsusi xidmət orqanlarının nəzarətində olduğunu bildirdi.

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, f.ü.f.d. Qətibə Quliyeva Əhməd Cəfəroğlunun dilçilik fəaliyyətindən və yaradıcılığında lüğətçilik məsələlərindən, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, f.ü.e.d. Bədirxan Əhmədov onun ədəbiyyatşünaslıq sahəsində xidmətlərindən, Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, f.ü.e.d. Nikpur Cabbarlı alimin pedaqoji fəaliyyəti, tədqiqatlarının çoxşaxəliyi və radio çıxışlarından, Şərqşünaslıq İnstitutunun Dinİctimai fikir tarixi şöbəsinin müdiri, fəl.ü.f.d. Esmeralda Həsənova Əhməd Cəfəroğlu ilə bağlı xatirələrindən danışdılar.

Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Şəmsi Əhmədov Əhməd Cəfəroğlu ensiklopediyasının yaradılmasının əhəmiyyətini qeyd etdi.

 

Şahanə Müşfiq         

 

525-ci qəzet.- 2019.- 21 dekabr.- S.13.