Daşların işığı  

 

 

Mən Göyçənin Zod qəsəbəsində doğulmuşam: qızıl mədənlərinin olduğu bir yerdə. Sonra da Azərbaycanın ən yüksək nöqtələrindən birində - Daşkəsəndə böyümüşəm və dünyanı buradan tanımışam: daşların kəsildiyi, dağların yarılıb içindən dəmir filizi, mərmər, kobalt, daha nələr çıxartdıqları bir yerdən. Bəlkə bu səbəbdən daşlara marağım olub, onların mistikasına inanmışam. Bu il Coğrafiya İnstitutunun əməkdaşı, geoloq alim Rəşid Fətəliyevin Qurani Kərimdə xatırlanan qiymətli daşlar haqqında məqaləsini oxuyanda keçmiş marağım təkrar canlandı, hətta Rəşid müəllimlə bərabər, bir elmi-nəzəri seminar da keçirdik. Ancaq hələ nə qədər deyilməmiş sözlər, həqiqətlər qaldı. Hər halda indiyə qədər öyrəndiklərimi paylaşım.

Müqəddəs mətnlərdə qiymətli daşlar

Ləl-cəvahirat həmişə insanın malik olduğu qüdrətin, hakimiyyətin göstəricilərindən biri kimi qəbul olunur. Hələ "Min bir gecə" nağıllarından yadımdadır ki, səyyahlar, həramilər bir sandığa yerləşən cah-cəlala arxalanıb qüdrəti dünyanı ehtiva edən Yaradana asi çıxıb, hətta Ona meydan oxuyublar. Yəqin daş-qaşların parıltısı insana özünü az qala Günəş kimi hiss eləməyə imkan verir. Qəribədir ki, sanki azalan mənəvi işığı daş-qaşların parıltısı ilə bərpa etməyə çalışırlar. Bilmirəm, bu məsələdə həqiqət payı nə qədərdir, ancaq bir danılmaz həqiqət var ki, zamanın dəyirmanı insanları üyüdür, onların əməlləri, malik olduqları daş-qaşlar isə dəyirman daşının qırağında qalır.  Yunus Əmrə demiş,

Mal sahibi, mülk sahibi,

Hanı bunun ilk sahibi,

Mal da yalan, mülk də yalan,

Al, bir az da sən oyalanan.

Bibliyada qiymətli daşların xatırlanması ilk dəfə Davud və oğlu Süleyman Peyğəmbərlərin adları ilə əlaqəlidir. Hər ikisi səltənət və hakimiyyət sahibi olan, uzaq ellərdən hərbi qənimət kimi sandıqlarla qiymətli daş-qaş gətirmək imkanı olan şəxsdir. Bunlarla yanaşı, Tövratda incə bir məqam da var. Yəhudi din xadimi mütləq üzərində yəhudiliyin 12 nəslini simvolizə edən 12 qiymətli daş yerləşən "axirət yaxalığı" taxmalıdır (Çıxış 28,?15-21.?39,?12). Bu yaxalıq üzərində 4 cərgədə yerləşdirilən hər daşın öz yeri var. Məsələn, almaz ikinci cərgədə 3-cü yeri, rubin birinci cərgədə birinci yeri tutur və s. Diqqətə çatdırılan hikmət isə budur: hər nəslin öz xüsusiyyəti, öz parıltısı, öz dəyəri var və bunu bütün yəhudilər əzbər bilməlidir. Əhdi-Cədiddə də daşlar məhz var-dövlətin, qüdrətin simvolu kimi xatırlanır. Qurani Kərimdə isə onların mənasına əlavə notlar da əlavə edilir. Əvvəla burada yalnız dörd qiymətli daş xatırlanır: mirvari, mərcan, yaqut, büllur. Əlbəttə, bunlardan yalnız biri həqiqi daşdır, ancaq digərləri də dəyərinə, gözəlliyinə görə qiymətli daşlar kimi qəbul edilir, onlardan da zinət əşyaları düzəldilir. İkincisi, daş-qaşlar Bibliyada olduğu kimi, həm də müəyyən bir hikməti çatdırmaq üçün istifadə edilir. Əslində, "Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır" (Quran 8/28) deyən Qurani Kərimdə hər ayənin, sözün öz mənası, həqiqəti olduğu göz önündədir. Bu baxımdan, onların var-dövlətdən daha çox, başqa bir hikmətə işarə etdiyinə inanırsan. Məsələn, Qurani Kərimdə cənnətdəki qızlar haqqında deyilir: "Onlar sanki yaqut və mərcandırlar" (Quran 55/58). Bir başqa ayədə isə hurilər qara gözlü və (sədəf içindəki) mirvariyə bənzədilir (Quran 56/23). İstər-istəməz sual yaranır: nə üçün məhz bu daşlar?

 

Mərcan qiymətli daş deyil, həyatını başa vurmuş dəniz canlısıdır. 6000-ə qədər növü məlumdur. Bir balaca mərcan budağında bir milyona yaxın polip var. Gözəlliyinə, unikallığına görə mərcanları dənizaltı dünyanın gülüstanı da adlandırırlar. Növündən və görkəmindən asılı olaraq müxtəlif yerlərdə zərgərlikdə, tibdə istifadə olunan mərcanın doğma məkanı tropik sular olsa da, sonrakı həyatı başqa dünyada - quruda davam edir. Yetişdiyi mühitə görə də tərkibində yod və kalsium var ki, onlarla ünsiyyətdə olan, onlara toxunan insanların bədəninə keçir və xeyir verir. Ən vacibi isə, inanclara görə sahibini şərdən qoruyur. Yəni bir mühitdə həyatını başa vursa da, digər həyatda da öz aktivliyini saxlayır. Bəlkə də bu səbəbdən mərcan qədim şumerlərdə müqəddəs sayılıb, qədim misirlilər onu əbədiyyət daşı kimi qəbul ediblər.  

Mirvari də mərcan kimi, canlı orqanizm sayıldığına görə, onunla oxşar bəzi xüsusiyyətləri var. O da hələ Kleopatra dövründən, yaxud qədim Çin müdriklərindən qalma bir hikmətə görə, gəncliyi dəstəkləyən bir qüvvəyə malikdir. Tibbi baxımdan da təsdiqini tapan məlumata görə, ölmüş bir orqanizm olsa da, mirvari bioloji aktivliyini qoruyur və sahibinə enerji verməyə davam edir. Maraqlıdır ki, hazırda qədim Tibet və Çin təbabətində mirvaridən hazırlanmış içki bədəni toksinlərdən təmizləyir, orqanların funksiyasını tənzimləyir. Həm mirvari, həm də mərcanda vurğuladığımız cəhət budur: insan onlardan istifadə etməyə başlayanda onlar artıq özünün birincidən tam fərqlənən ikinci "həyatını" yaşayırlar. Belə demək mümkündürsə, müəyyən bir zaman kəsiyində var olan bu canlılar bəlli bir ölçüyə və məqama çatanda öz kökündən, mənbəyindən qopur, yaxud qoparılır. Bununla belə, onlar öz sahibi ilə üzvi əlaqə yarada bilir, öz müsbət xüsusiyyətlərini ona ötürə bilirlər.

Yaqut möhkəmliyinə görə qiymətli daşlar arasında ikinci yerdədir, almazdan sonra. Kimyəvi xüsusiyyətlərindən biri budur ki, ultrabənövşəyi və infraqırmızı şüalar xromun üçvalentli ionlarını "qıcıqlandırır", enerji verir və daşlar görünən işıq saçır. Bu işıq həm ürəyə xeyirdir, həm də beyinə. Ən maraqlı tərəfi odur ki, yaqut sevgi ilə doludur və onu taxan şəxs bu müsbət enerjini mütləq hiss edir.

Qayıdaq Qurani Kərimdə təsvir olunan cənnətdəki huri qızlara, ancaq fərqli baxış bucağından. Deməli, huri maddi dünyada həyatını başa vursa da, başqa bir şəkildə ikinci həyatını yaşayan gözəl bir varlıqdır. Yalnız zahiri ilə deyil, qoruyub saxladığı başqa xeyirli xüsusiyyətlərinə görə də, yanındakına xeyir verən, onu ziyanlı şeylərdən qoruyan bir ...aksessuar, zinət əşyası kimi. Deməli, hurilər də axirət dünyasının bəzəyi, necə deyərlər, mirvarisi, yaqutudur.

Qurani Kərimdə xatırlanan daha bir qiymətli daş isə büllurdur. Qurana görə, cənnətdə qədəhlər büllurdandır: "Onların ətrafına gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq" (Quran 76/15). Ancaq büllurun bütün keyfiyyəti, xüsusiyyəti başqa bir surədən bəlli olur. Rəvayətə görə, Süleyman peyğəmbər onun sarayına qonaq gələn Səba məlaikəsi Bilqeysi heyrətləndirmək üçün döşəməni büllurdan düzəltdirir: "Qadına: "Saraya daxil ol!" - deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: "Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!" (Qadın) dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!" (Quran 27/44). Əslində, büllur da qiymətli daş deyil, tərkibində 24% qurğuşun olan şüşədir. Bu səbəbdən ən nazik qatı belə şüşədən daha möhkəmdir. Eyni zamanda, daha plastikdir və daha rahat cilalanır. Xüsusi parıltısı və səsi var. Bütün müqəddəs mətnlərdə təqdim edilən bu rəvayətə qayıdaq. Əcəba, özü kifayət qədər zəngin olan bir şahzadəni büllurla, şüşə ilə heyrətləndirmək nə dərəcədə inandırıcıdır? Əlbəttə, ola bilsin ki, büllur o zamanlar hələ Səba elində tanınmırdı. Yaxud büllur döşəməni su zənn etməsi də xanımı heyran qoya bilərdi. Ancaq məsələnin daha dərin qatlarına enək. 

Bibliyada bu rəvayətin nisbətən fərqli detalları var. Belə ki, Süleyman peyğəmbər Bilqeysə aşiq olur, ancaq onun bir insan, yoxsa cin olmasını dəqiqləşdirmək üçün əvvəlcə ayaqlarını görmək lazım idi. Peyğəmbər qeyd olunan üsuldan istifadə edir və xanım bilaixtiyar ayaqlarını göstərməli olur. Sonra da bu hiylədən əsəbləşib Süleyman peyğəmbərdən uzaqlaşır. Deyilən faktları birləşdirək və nəticə çıxaraq. Şüşədən fərqli olaraq büllur isinmir, daim soyuqluğunu saxlayır. Aşiq olmuş Süleyman peyğəmbər soyuq düşüncə ilə qərar verməlidir və zəmin soyuq olmalıdır. Digər tərəfdən, Allahın elçisi öz var-dövləti ilə öyünən bir hökmdara göstərir ki, o dövr üçün nadir hesab edilən büllur - var-dövlət ayaqlar altına sərilir və insanlığın, mənəviyyatın təyinində heç bir rol oynamır. Bu baxımdan, Qurani Kərimə görə, Bilqeysin qeyd-şərtsiz məhz Allaha təslim olması məntiqli və ibrətamizdir.  

Qiymətli daşların cilalanması

Daşların qiymətini təyin edən onun parıltısıdır, saçdığı işıqdır. İşıq fəlsəfəsinin banisi Şihabəddin Sührəvərdinin yazdığına görə, yaradılış iyerarxiyasında tutduğu mərtəbəyə müvafiq olaraq nurlanan hər bir varlığın mənbəyə - Nurlar Nuruna yaxınlığı onun mahiyyətini və vəzifəsini təyinləşdirir: "Bil ki, nurlar mərtəbəsi sonu vacib olan silsilədir və artıq başqa bir mücərrəd nur alınmayan nurla bitir". Deməli, ilk nurdan başlayan səbəb-nəticə zənciri maddi dünyada, yəni özü nura sahib olsa da, nur verə bilməyən varlıqlarda bitir - mineral və daşlarda. Sührəverdi onu da yazır ki, "Artıq özündən sonra varlıq yaradacaq nura sahib olmayan minerallardan bəziləri "nurlu bərzəxə" (yaqut, qızıl və s.) malikdirlər ki, "adi bərzəxlərə və onların nurlarına bənzəyir və insanları xoşbəxt edirlər". Deyilənlərə xırda bir təhlil verək.

Yaradan Mütləq Nurdur və hər yaratdığında o Nurdan bir zərrə var. Hər yaradılmışın nur payının öz missiyası var. Bəzisi mövcudluğun təminidir, bəzisi isə üstəlik, yaradıcılıq qüdrəti verir. Belə nur yalnız insanda var və o, özü də yaratmaqla bərabər, həm də başqa varlığın nurunu kəşf etmək, üzə çıxartmaq bacarığına malikdir. Başqa sözlə desək, insan bütün başqa varlıqların mahiyyətini dərk edə və bu nurlar vasitəsilə nur iyerarxiyası boyunca yüksələ bilir. Dərk etmək - başqa varlıqların da nurunu görmək, anlamaqdır. İnsanın bu bacarığı sayəsində məlum olur ki, hətta ilk baxışda bütün işıqdan mərhum daşın da nuru varmış. Söhbət məhz cilalamaqdan gedir.

Cilalamaq çox geniş mənalı sözdür. Bir ustadın öz tələbəsinin istedadını üzə çıxartması, ona düzgün yol göstərməsi də cilalamaqdır. Heykəltaraşın bir qranit parçasını yonub ondan möhtəşəm heykəl düzəltməsi də cilalamaqdır. Zərgərin bir almaz dənəsini yonub brillianta çevirməsi də cilalamaqdır. Mən yalnız sonuncunu təhlil etsəm də, sözlərim tam mənası ilə hər üçünə aid olacaq, xüsusilə ustad-tələbə münasibətinə.

Nədir cilalamaq? Hər daşın, kristalın optik oxu var. Onu düzgün təyin etmək və bütün cilalanma prosesini ona nisbətdə aparmaqla həmin kristalın parlaqlığını, şəffaflığını, işıq şüalarının "cilvələnməsini" artırmaq mümkün olur. Yəni dəyərini qaldırır. Naşı bir usta əlinin ehtiyatsız hərəkəti xırda bir səhvə, bir çata səbəb olur, nəticədə ən qiymətli daşın qiyməti heçə enir. Deyilənlərdə əhəmiyyətli bir məqam var: ustad gözü daşın daxilindəki işığı - optik oxu görə bilir. Eyni zamanda, ustad əli o işığı gün üzünə çıxarıb onun işığı ilə bütövləşdirir. Necə ki, bir kristallı digərlərindən onun cilası fərqləndirir, eləcə də bir insanı da kütlə arasında əriməkdən onun tərbiyəsi, düzgün təhsili və formalaşmış şəxsiyyəti xilas edir.

Yaddaşın daş işığı

Bir hədisə görə, "hər insan müsəlman doğulur, sonra ana-atası onu yəhudi, xristian və ya məcusi edər". Müsəlman deyəndə Yaradanına təslim olan insan nəzərdə tutulur. Kontekstə uyğun olaraq bu hədisi belə dəyişmək olar: hər insan eyni doğulur, sonradan içindəki işığın cilalanmasına uyğun olaraq dahi, məmur və ya oğru kimi yetişir. İnsan zatən torpaqdan yaranıb və onun içindəki işığın - ruhun üzə çıxması, şəxsiyyətin formalaşması üçün onun cilalanması zəruridir.

Mirvarinin, mərcanın, oniksin və bəzi qiymətli daşların en kəsiyinə baxanda ağaclarla bir eyniyyət görmək olur: onlarda da illərin, formalaşma prosesinin halqaları mövcuddur. Belə məlum olur ki, hər daş cilalanmadan öncə müəyyən ölçüyə, "yaşa" gəlməlidir, dolğunlaşmalıdır. Hər məkana, yəni orada olan minerallara, şəraitə uyğun olaraq müəyyən daş yaranır. Məsələn, almaz vulkan kraterinin düz boğazında "doğulur". Belə sərt bir yerdə yetişməsinin nəticəsidir ki, o, daşlar arasında ən möhkəmi, ən qiymətlisidir. Başqa sözlə desək, qiymətli daşlar bir növ həmin məkanın xüsusiyyətlərini özünə hopdurmaqla oranın yaddaşına çevrilir.

İnsan torpaqdan yaranıb və yaddaşı əslində, onun "qiymətli daşı"dır. Bu "daş" nə qədər iri, dolğun, möhkəm olarsa, bir o qədər dəyəri yüksək olur. Körpəliyində, uşaqlığında qat üstündən qat gəlir, yaddaş formalaşır və gənclik dövrünə çatanda cilalanmağa başlayır. Onu da mütləq vurğulayaq ki, hər qat tamamlanmalıdır ki, sonralar cilalanma vaxtı bir boşluq yaranmasın, çat verməsin. Bir də baxırsan, kiminsə yaddaşı işıqdan - qayğıdan, diqqətdən məhrum qalır, qara palçıq kimi tapdaq altından çıxa bilmir. Bir başqasının yaddaşının işığı palçıqda qalsa belə, brilliant dənəsi kimi gec-tez özünü büruzə verir, ətrafını nurlandırır.

Əgər insanı möhkəmliyinə görə daşlarla eyni sıraya qoysalar, ən möhkəmi o olar. Almazı yalnız almaz yona, kəsə bildiyi kimi, insanı da yalnız insan cilalaya bilər. Ancaq burada çox əhəmiyyətli bir məqam var. Cilalanmadan asılı olaraq, insan layiqli bir vətəndaş da ola bilir, nəslini, hətta millətini batırmağa hazır olan ayağa bağlanmış ağır daş da. Bir insanın başdaşı o millətin abidəsinə də çevrilə bilir, o millətin xilas olmaq, yaddaşından silmək istədiyi ləkə də. Bəli, daşlar fərqli olur. Kimsə illərin verdiyi təcrübələr nəticəsində qranitə çevrilir, bir başqası heç cür özünü toparlaya bilmir, ovxalanıb quma qarışır.

Bəli, Yaradan yaratdığı hər varlığa bir hökm, bir hikmət yükləyir. Yetər ki, onu görən, düzgün qiymətləndirən məhək daşı olsun...

 

 

Könül BÜNYADZADƏ

fəlsəfə elmləri doktoru

 

525-ci qəzet.- 2019.- 21 dekabr.- S.15.