BİZ İNSANIQ
Yaraşmır heç bir insana,
Öz yaxasın çəksin yana...
Biz insanıq, bu dünyada
Hər insana cavabdehik...
Azərbaycan balasıyam.
Vətənimdə
Hər canlıya, hər cansıza,
Vicdanlıya, vicdansıza cavabdehəm.
Qocalmışam, diş tökülür,
Bel bükülür,
Bəlkə, məni görən gülür.
Mən dilimdən çıxan
Sözə cavabdehəm.
Mən sizin də yerinizə "Mən" deyirəm.
Vətənimdə vətənsizə cavabdehəm.
Mən vətənin
Balasıyam, Qalasıyam!
Həm özümə, həm də sizə cavabdehəm,
Cavabdeh də qalasıyam!
12.12.2019
ANAM BİRLİYİM MƏNİM
Yazıçılar Birliyinin 85 illiyinə
Yazıçılar Birliyim,
Doğma odum-ocağım.
Əliylə döyüldüyüm,
Sürdülər, sürgün oldum.
Qələm olub sındığım,
Yenə,
yenə, yenə də
Qoynuna sığındığım,
Doğma
ana qucağım...
Hamımız övladınıq.
Bir qığılcım - odunuq
Sənin sözün - adınıq.
Qəhrəmanıq, Şəhidik,
Döyüşçünük, Qazinik!
Sözünük, Avazınıq.
Biz Çətinik, Asanıq,
Hərə bir cür - İnsanıq.
Neyləyəsən Bostanıq...
Hərəmiz bir misrayıq,
Birlikdə bir dastanıq.
Əziz
anam Birliyim,
Kim nə deyirsə desin;
Sən öz dirliyini ək!
Yüzilliklər görəsən!
Səksən beşin mübarək!
18.12.2019
Fikrət
QOCA
525-ci
qəzet.- 2019.- 21 dekabr.- S.12.