Vüsala səsləyən "Ayrılıq"

 

1875-ci il iyulun 22-də ilk nömrəsinin nəşri ilə Azərbaycan milli mətbuatının bünövrəsini qoyan "Əkinçi" qəzeti də olduqca mürəkkəb bir şəraitdə fəaliyyətə başlamışdı. Həsən bəy Zərdabinin də indi Təbriz ziyalılarını düşündürən problemi var idi: "Bəs qəzetləri necə çıxardım? Pul yox, yazıçı yoldaşı yox, çapxana yox, əmələ yox. Bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izn almaq da ki bir böyük bəladır". Amma Həsən bəy Zərdabi hələ o zaman təkbaşına bu problemin öhdəsindən gəldi. Mətbuat tarixçilərinin obrazlı şəkildə söylədiyi kimi, "Əkinçi" milli ictimai şüurun yuxuya verilmiş "xam torpaqlarını" şumlayıb, oraya milli varlığımızın münbit toxumlarını səpdi. Bu toxumlar cücərib sonrakı onilliklərdə yeni-yeni dövri nəşrlərin yaranmasına, milli demokratik mətbuatın inkişafına güclü təkan oldu. "Əkinçi"dən estafeti qəbul edən "Kəşkül" jurnalı ilk dəfə olaraq milləti öz adı ilə çağırmağa başladı. Sonra isə yüzlərlə qəzet-jurnal "Əkinçi"nin çırağını məşələ çevirdi.

Bəs görəsən, o tayda bu çırağı kimi yandıracaq? Doğrudur, İranda "türki dili"ndə qəzetlər çap olunur, teleradio verilişləri var. Lakin mətbuat dövri xarakter daşımır, yaxud "Keyhan" kimi qəzetlərin bir-iki səhifəsi "türki dili"ndə çıxır ki, onlar da əsasən reklam və elanlardan ibarətdir. Teleradio verilişləri cəmiyyətin ovqatını, istəyini, zövqünü, səviyyəsini, hara getdiyini elə aydın göstərir ki... Cəmiyyətin təhtəlşüuruna asta-asta yeridilən, kodlaşdırılıb şifrələnən idbar təfəkkür və davranış kodeksinin məğzinə elə güzgü tutur ki... Verilişlərin əksəriyyəti dini ayinlərdən, aşura mərasimlərindən hazırlanan reportajlardır. Digər verilişlər isə qatışıq bir dildədir, ana dilində yalnız feillərdir, çox vaxt feillərin özü də qarışıq və farslaşmış halda olur. Məsələn, "Təbriz bələdiyyəsinin qərarı ilə bu işə son qoyuldu" cümləsi "Şəhrdare möhtərəme Təbrizin rizayətilə bu işə əncam verildi" şəklində ifadə olunur.

Belə şeylər bizə də yad deyil. Özünü elita sayan kosmopolit təbəqə öz dilində danışmağı eyib sayır, yalnız Moskva televiziyasına baxır, rus dilində yazıb-oxuyur, danışır. Elmi ədəbiyyat əsasən rus dilindədir, ən yaxşı bədii ədəbiyyat rus dilində nəşr olunur.

Bir dəfə Makuda Azərbaycan televiziyasına baxırdıq. Diktor xəbər oxuyurdu: "Aqrar sənaye kompleksində istehlak vasitələrinin istehsalı infrastrukturun gücləndirilməsinin prioritet istiqamətlərindən biridir".

Ev sahibi soruşdu ki, bu nə dilində danışır, bizi də agah elə. Doğrusu, o cümlənin mənasını mənə də agah eləyən gərəkdi.

O tayda elə, bu tayda belə. Məkan fərqli olsa da, sanki eyni taledi. Bəzi ziyalılara qalsaydı, dil çoxdan assimlyasiya edilmişdi. Yaxşı ki sadə xalq var, dili yaşadan onlardır. Makulu tanışımın fars dilini bilməyən ata-anası kimi... Savadsızlığa bəraət qazandırdığım üçün günahımdan keçin.

Qeyd etdiyimiz kimi, Təbriz İranda baş vermiş inqilablarda həmişə öncül rol oynamışdır. İslam inqilabının Xomeynidən əvvəlki lideri təbrizli Şəriətmədari idi. İnqilaba başlayan təbrizlilər öz dini liderlərinin müdafiəsinə qalxıb şəhər radiosunu ələ keçirmiş, "Şəriətmədari" şüarları ilə küçələrə çıxmışdılar. Təbii ki, Tehran məsələnin bu səviyyəyə qalxması ilə barışa bilməzdi və odur ki, Təbrizə böyük bir ordu yeridildi, şəhərdə yenidən "hökuməti-nizami" elan edildi.

İndi Təbrizdə həmin dəhşətli hadisələrlə bağlı yarı gülməli, yarı ağlamalı bir əhvalatı çoxları xatırlayırlar. O qanlı günlərdə Təbrizdəki qədim körpünün üstündə bir dəstə adam yaşlı bir kişini saxlayıb soruşur:

- Sən homeyniçisən, yoxsa şəriətmədariçi?

Cavab vermək çox çətindir. Çünki əks cəbhədən olanları körpüdən aşağı tullayıb öldürürlərmiş. Kişi ha baxır, onu sorğu-suala çəkənlərin kimin adamları olduğunu ayırd eləyə bilmir. Odur ki, bir xeyli tərəddüddən sonra deyir:

- Mən qurumsağam.

Ağlına gələn yeganə xilasedici cavab silahlı adamları güldürür və kişini buraxırlar.

Ərk qalası yaxınlığında siqnal verə-verə gələn böyük bir maşın karvanı qarşımıza çıxdı. Elə bildik bizdəki kimi gəlin gətirlər. Tanışımız Mehdi dedi ki, bunlar İraqda əsirlikdə olanlardır, əfv ediləndən sonra vətənə qayıdırlar. O ki qaldı toylara, indi toy vaxtı bir-iki saat yalnız aşığın çalıb-oxumasına icazə verirlər. Bir dəfə aşıq Dehqanın iştirak etdiyi məclis uzanıb. Aşıq bəylə gəlinin şəninə çalıb oxuyurmuş. Birdən məclisə Mələkkutinin adamları gəlib çıxırlar. Hamı özünü itirir, amma aşıq sazına xitabən vəziyyətdən çıxır:

O yanı quti, bu yanı quti

Yaşasın Mələkkuti!

Adamlar xəlvətə çəkiləndə Mələkkuti ilə bağlı saysız-hesabsız "cok"lar, yəni lətifələr danışırlar.

"Saat qabağı" meydanında tanış bir səs qulağıma dəydi. Yaxınlaşıb adamları yara-yara önə keçdim. Şərurlu müğənni Yavər idi. Qadağaya-filana məhəl qoymadan oxuyurdu:

Bu ocaq, bizim ocaq.

Alovu qucaq-qucaq.

Qoymayın odu sönsün,

Sönsə, yadlar udacaq.

Təbrizdən dönərkən Arazqırağı Nazikkənddə qonaq olduq. Axşam kəndin səfalı yerində qarşımızda qeyri-adi mənzərə açıldı. Gözümüz qarşısında Arazın bulanıq suları bərq vurur, o tayda Naxçıvan şəhəri apaydın görünürdü.

İki gün əvvəl çıxdığımız doğma şəhər üçün yamanca qəribsədik. Yaman olurmuş vətəndən vətənə baxmaq. Bax, o Möminə Xatın məqbərəsidir, bu tərəfdəki mədəniyyət sarayıdır, o biri "Təbriz" otelidir, - deyə nazikkəndlilərə ərz edərkən birdən-birə hər şey yoxa çıxdı, sanki ilğım, xəyal görmüşdük. Şəhər qeybə çəkildi. Nə onlar, nə də biz təəccübləndik. Adi hal idi, şəhərdə yenə işıqlar sönmüşdü.

Üç günlük səfərimizi başa vurub geri qayıdanda İran Culfasında böyük bir qələbəlik gördük. Kimisi Xoydan, kimisi Təbrizdən, kimisi də Mərənddən, Şotdan, Makudan, Qaraziyəddindən, Səlmasdan, Urmiyadan qayıdırdı. Bir çoxunu uzun illərin ayrılığından sonra tapdığı qohum-əqrəbası yola salırdı.

Ələmdarda mənə bir dəstə süni gül hədiyyə etmişdilər. Elə bilirdim ki, Təbrizin, Mərəndin, Xoyun, Meşginin, Gərgərin ətri var o çiçəklərdə. Gülləri sinəmə sıxıb Arazüstü körpüdən keçərkən tələsmirdim. Çünki öndə də Vətən idi, arxada da...

Örtülü bazar dostluğu pozar

"Ayrılıq" bir xalqı ikiyə bölən tikanlı məftillərə kinin, nifrətin ifadəsidir. Bizim istəyimiz o taylı, bu taylı soydaşlarımız arasındakı tilsimi sındırmaq, Arazüstü körpülərdən gediş-gəlişə nail olmaq idi. Artıq bir ildir ki, arzularımız gerçəkləşib, ayrılığın sonu çatıb. O taydakı doğma el-obaya qovuşmaq, sevincinə sevinc qatmaq nə böyük səadət imiş. Sədərəyin erməni hücumlarından müdafiəsində bütün el-oba ayağa qalxmışdı. Onların arasında özünü Arazın soyuq sularına vurub köməyə gəlmiş o taylı soydaşlarımızı da görməkdən əsl qürur duyurduq:

Dağ döşündə damım var,

Bağımda badamım var,

Gəl qapımdan gir, qardaş,

Desinlər, adamım var.

O döyüşlərdə Şahruxun, Puriyanın, ələmdarlı Nurəddinin mərdliyini, cəsurluğunu heç zaman unutmayacağıq.

Qanı qanımızdan, canı canımızdan, dini dinimizdən, dili dilimizdən olan insanlarla görüşüb bir araya gəlmək ulu şairimiz Şəhriyarın da arzusu idi:

Bir uçeydim bu çırpınan yelinən,

Bağlaşeydim dağdan aşan selinən

Ağlaşeydim uzaq düşən elinən

Bir görəydim ayrılığı kim saldı,

Ölkəmizdə kim qırıldı, kim qaldı.

Hərdən bu mövzunu - "uzaq düşən el"nən ayrılığı kimlərin saldığını redaksiyamıza gələn o taylı soydaşlarımızla müzakirə edirik.

Bu söhbətlərdə həm də son vaxtlar qarşılıqlı gediş-gəlişin məhdudlaşdırılmasından narahatçılıq ifadə olunur. Həqiqətən də gömrük-keçid məntəqələrində gediş-gəliş məhdudlaşdırılmış, nəticədə qaçaqmalçılıq halları artmışdır. Belə səhnələrlə Şərurun Qorçulu, Muğanlı, Kərimbəyli, Alışar, Xələc kəndlərində tez-tez rastlaşmaq olar. Televizor keçirən kim, benzin, yanacaq alan kim.

Görəsən, nə üçün sərhədyanı ticarətin qanuni təşkili qaydaya salınmır, bu iş yubadılır? Axı Poldəştdə (keçmiş Ərəblər kəndi) Şərurda, Şotda, Culfada, Yolagəldidə, Naxçıvanda sərhədyanı ticarət təşkil edilsə, bundan həm o taylı, həm də bu taylı soy-daşlarımız fayda götürər.

Doğrudur, "cin bazarları" var, lakin bu bazarlar dövlət nəzarətində deyil, ayrı-ayrı inhisarçıların əlindədir. Belə bazarlar aldatmaq, kələk gəlmək prinsipi üzərində qurulur və arzu-ümidlərimizi, müqəddəs amallarımızı heçə endirməyə xidmət edir.

Bəzən o taylı soydaşlarımızın malları sərbəst ticarət yolu ilə deyil, təhdid yolu ilə alınır, digəri aldadılır, başına "börk" qoyulur. Gör dünyanın nə vaxtıdır ki, ticarət sövdələşmələrində hamıdan usta olan İran tacirləri Naxçıvandan suyu süzülə-süzülə gedir.

Birisi "cin bazarı"ndan BK-1500 markalı kondisioner alıb aparırmış. Həmşərilərinə tərif eləyib ki, qiyamət şeydir, isti-soyuq hava verir, su qiymətinə aldım. Özü də yoxlayıb. Ön tərəfi soyuq püləyir, arxa tərəfi isti. Bir çətinliyi var ki, qışda gərək arxa tərəfini otağın içinə çevirəsən.

Biri redaksiyamıza gəlmişdi, əlində möhürlənmiş sənədi. Bu sənədə görə bir ətək pulundan keçib şair dostundan Möminə Xatın məqbərəsini alıbmış. Diribaş naxçıvanlı məqbərənin ulu nənəsinə məxsus olduğunu, indi isə əli aşağı olduğundan satmaq istədiyini bildirib, şəninə şeir yazdığı Vətən oğlunu soğan qabığı kimi soyaraq aradan çıxıb.

O taylı soydaşımız "Böyük bağ"da gəzərkən təbii ehtiyacı yaranır. Özünü ora-bura vurub ayaqyolu axtarır. Bağda ayaqyolu nə gəzir, odur ki, özünü verir kolların arasına. İşin şirin yerində bağın gözətçisi kəsir başının üstünü:

- Gədə, ekologiyamızı korlayan az idi, sən də bir tərəfdən? Bu saat gedəcəyik şöbəyə.

Şöbə adını eşidən qonaq yalvar-yaxar eləyir ki, məni çevir balalarının başına, şöbəyə aparma. Əvəzində nə deyirsən göz üstə.

Gözətçi insaflı adammış, beş-on manat alır ki, günortadı, gedib yeməkxanada nahar eləsin. Elə ki, kefi kök halda bir azca aralanır, qonaq arxadan səsləyir: - Əmoğlu, soruşmaq ayıb olmasın, mən bu kolluğun dalında o işi görməsəydim, sən naharda nə yeyəcəkdin?

O taylı qoçaq soydaşlarımızdan biri isə gedib Moskvaya çıxır. İki-üç aydan sonra qayıdır vətənə. Eşidən-bilən yığışır başına, orada nə iş gördüyü ilə maraqlanırlar. Soydaşımızdı axı, - bezrabotnuydum, - deyə cavab verir. Yəni baxın-görün rusca necə öyrənmişəm.

Qohum-qəblə məzəmmət edir:

-  Ay sarsaq, adam da elə işi qoyub üstümüzə gələr?

Birisi isə kisədə elektrik lampaları aparırmış, İran Culfasında gömrük işçisi kisəni təpikləyərək soruşub:

- Bu vəsail nəmənədi?

- Bir təpik də vursan heç nə.

Həmin gömrük işçisi danışır ki, şurəvidən birisi kardon qutuda quş gətirirmiş, boğulmasın deyə qutuda deşik açıbmış. Bir də gördüm ki, quş deşikdən başını çıxarıb baxır. Soruşdum ki, bu nədir, dedi bayquş. Dedim ədə, filan-filan şüdə, məgər İranda bayquş az idi ki, birini də sən gətirmisən?

Digəri isə köhnə "Zil-131" markalı yük maşınının dirsəkli valını satmağa aparırmış. İki-üç nəfər ona kömək edib yükü İran gömrüyünə qədər sürükləyir. Gömrükçülər onun nə olduğunu anlamadıqları üçün anbara vurmaq istəyirlər. Lakin yük ağır olduğundan onu qaldıracaq adam tapılmır. Bizim müsafir arada yaranmış nəzarətsizlikdən istifadə edərək yükü dik götürərək aradan çıxır. Malı satmaq istəyi ona iki yüz kiloqramlıq yükü qaldırmağa imkan verir. Heyf ki, azçəkili bu adamın ağırlıqqaldırmada dünya rekordu təzələməyindən İran gömrükçülərindən başqa kimsə xəbər tutmur.

Naxçıvanlı dərzi Təbrizdə sap almaq istəyirmiş. Girir bir dükana:

- Ağa, yorulmayasız, sap almaq istəyirəm.

- Sap nəmənədi, oğlan?

Dərzi başlayır sapın əlamətlərini saymağa. Saydıqca dükançı soruşur:

- Deşik nəmənə deşikdi?

- İynənin deşiyi, sapı oradan keçirib paltar tikərlər.

- Hə, denən qərqərə də, yoxsa nə sap-map salmısan? Qərqərə o yandakı ikinci dükanda satılır.

Dərzi həmin dükana gəlir:

- Ağa, yorulmayasız, sizdə qərqərə var?

- Qərqərə nəmənədi, oğlan?

Birinci dükanda başına gələn burda da başına gəlir. Nəhayət satıcı soruşur:

- Bəlkə sap istəyirsən?

- Hə, hə sap...

- Denən sap də, yoxsa nə qərqərə salmısan?

Təbrizdə beləcə məsxərəçilik də var.

Yol gedirdik. Mənzil başına çatanda təbrizli dostum şoferə dedi:

- Ağa, lütf edib maşını körpünün yanında saxlasan, məmnun olaram.

Sürücü maşını saxladı. Dostum yol pulunu verib dedi:

- Ağa, əllərin ağrımasın!

- Ağa, lütf etdiniz!

Bu dialoqu Naxçıvanda - işdən taksi ilə evə gedərkən xatırladım. Sürücü indicə maşının təmirini qurtarmışdı deynən, heç üst-başının tozunu da çırpmamışdı. Tüklü sir-sifətindən gözləri işarırdı. Yolboyu hardasa bizon açarını itirdiyindən danışırdı. Mənzil başına çatanda eynən təbrizli dostum kimi dedim:

- Usta, lütf edib maşını bazarın yanında saxlasan məmnun olaram.

Sükan az qala sürücünün əlindən çıxdı, maşın səkkiz yaza-yaza bir təhər dayandı. Dönüb tərs-tərs mənə baxdı:

- Məllim, nə dedin?

- Nə deyəcəm, dedim ki, maşını saxla.

- Denən yenirəm da... yoxsa nə lütfbazarlıqdır, məni ələ salmısan?

O dedi ki, mənə indiyədək "dur" deyiblər, "dayan" deyiblər, bir sözlə, əmr ediblər. İndi bizon açarını itirdiyi vaxt birdən-birə...

Lütf edin, ağalar! Biz o taylı elimizlə bir xalqıq, bir soya mənsubuq. Biz bir olanda güclüyük, ayrılıqda isə...

 Ayrılıqda bizim Dağlıq Qarabağ dərdimiz var. Belə bir vaxtda hər birimiz üçün müqəddəs olan Vətən, Millət sevgisini alverə, ticarətə çevirməyin!

Lütf edin, ağalar!

"TƏBRİZ": MEHMANXANA, YA DÜŞMƏNXANA?

Bu günlər (90-cı illər) o taylı, bu taylı soydaşlarımız yetmiş illik ayrılığın acısını çıxararaq qarşılıqlı səfərlər edir, sorağında olduğu qohum-əqrabasına qovuşur, kəndləri, şəhərləri gəzir, görməli yerlərlə tanış olurlar. Naxçıvana gələn qonaqlar əsasən şəhərin mərkəzindəki "Təbriz" mehmanxanasında yerləşirlər.

Bu otel memarlıq baxımından şəhərin ən gözəl binalarından biridir. Keçən onilliyin quruculuq ünvanları sırasında mehmanxana öz möhtəşəmliyi ilə seçilir. Ona "Təbriz" adının qoyulması da bir çox mətləblərdən xəbər verir. Əvvəllər xidmət müəssisəsi səliqə-sahmanı, kommunal şəraiti ilə heç də Avropa standartlarından geri qalmayıb. Otel yaxın-uzaq ünvanlardan gələn qonaqlarda həmişə xoş təəssüratlar yaradıb.

Lakin son illər laqeydlik və baxımsızlıq ucbatından bu xidmət müəssisəsində çoxlu problemlər ortaya çıxıb. İsti su bir tərəfə qalsın, soyuq su saatlarla, bəzən günlərlə kəsilir. Nəticədə yaranmış vəziyyətin şərhinə ehtiyac varmı? Qonaqlar narazı halda tez-tez soruşur: bura mehmanxanadı, ya düşmənxana? Otaqlarda, sanitar-texniki qurğularda antisanitariya hökm sürür, iaşə xidməti yoxdur və s. Bütün bunların müqabilində isə müsafirlər bir gün üçün 20 manat ödəməli olurlar. Ümumiyyətlə, mehmanxanada yaranmış vəziyyət təcili tədbirlər görülməsini tələb edir.

Yaxşı ki, xalqımıza məxsus yüksək milli-mənəvi dəyərlər var. Bu dəyərlərdən biri də qonaqpərvərlikdir. Otelə gələn o taylı soydaşlarımız evlərə qonaq dəvət edilir, qarşılıqlı mehribançılıq, gediş-gəliş yaranır. Lakin etiraf edək ki, indi qonaq qabağına çıxmaq hər oğulun işi deyil. Sosial-iqtisadi çətinliklər, ərzağın talonla satıldığı bir dövrdə qonaq qəbul etmək hünər sayılmalıdır. Vay odur ki, qonaq da üzlü ola, ev sahibinin qonaqpərvərliyindən sui-istifadə edərək onun acı xəmrəsini kəsə. Necə ki, tamaşaçılarımızdan birinin başına gəlib və məşhur çex satiriki Yaroslav Qaşekin qələmə aldığı əhvalat onun yanında toya getməlidir.

AXIRINCI XORUZ

Günlərin bir günündə Seyyid Məşədi İbadulla Rza müəllimin evinə qonaq gəldi. Tək özü deyildi, özünün üç, qızının dörd ailə üzvünü nəzərə almasaq, qudasının doxsan yaşlı anası da onunla idi. Ev yiyəsi qonaqların rahatlığından ötrü əlindən gələni əsirgəmirdi.

Bu minval ilə bir həftə keçəndən sonra Rza müəllimin ömür-gün yoldaşı ərinə dedi:

- Göydə Allahdı, yerdə sən, ey mənim əziz ərim! Qonaqlardan yaxamızı qurtarmağın vaxtı çatmayıbmı? Bu zalımların hərəsi bir oturuma üç nəfərin yeməyini yeyir, bir azdan evimizdə heç nə qalmayacaq.

- Yox, belə yaramaz, - deyə Rza müəllim dərdli-dərdli cavab verdi, - Allahın mömin bəndələrini evdən qovmaq olmaz, şəhərdə rüsvay-caiz olarıq.

Həmin minval ilə ikinci həftə də ötüb keçəndən, soyuducu, ərzaq şkafları boşalandan, həyətdəki bibər, badımcan, pomidor və xiyar kollarının qorası da tükənəndən sonra Rza müəllimin arvadı yenə öz ərinə müraciət etdi:

 

 

- Göydə Allahdı, yerdə sən, ey mənim əziz ərim! Daha bu qonaqlar çıxıb getməlidi, bir azdan heç özümüz də yeməyə bir şey tapmayacayıq.

Bu dəfə Rza müəllimin razı olmaqdan başqa çarəsi yox idi. Seyyid Məşədi İbadulla bağçadakı çəmənlikdə oturub heyranlıqla göydəki ulduzlara baxırdı. Rza müəllim həmin aydınlıq gecədə sıxıla-sıxıla qonağına yaxınlaşaraq, - ya Seyyid, - deyə sözə başladı, - evimizə gəlib bizi şərəfə yetirdiyiniz üçün hüzurunda min dəfə baş əyirəm. Amma Allahın buyruğu ilə, deyəsən, daha bizdən gedəsi olacaqsınız, çünki hər cür ərzağımız, qış üçün tədarük etdiyimiz qovurma da tükənib və axırıncı xurmanı da yemişik.

Allahın bəndəsi başını tərpətdi və dedi:

- Allah deyən olsun! Sabah sübh tezdən məni yuxudan oyat, duraq düzələk yola, çünki yolçu yolda gərək!

Sübh tezdən, elə ki, göydən ulduzlar yox oldu, Rza müəllim Seyyid Məşədi Ibadullanı yuxudan oyatdı:

- Ya Seyyid, ey Allah adamı, oyan! Allah sənin canını həmişə sağ eləsin, ailənin başından əskik olmayasan, yaxşı yol! Vaxtdı daha! Xoruz da banladı.

- Hə, sənin hələ xoruzun var?! - deyə Seyyid Məşədi İbadulla həyatından razı halda dilləndi və sonra o biri böyrü üstə çöndü ki, müqəddəs yuxusunu sakitcə yatsın özü üçün.

"Ayrılıq" verilişinə gələn tamaşaçı məktublarından

"Naxçıvan televiziyasının "Ayrılıq" verilişinin hər dəfə mənim ifa etdiyim eyniadlı mahnı ilə başlaması məni qəlbən sevindirir. Bu mahnını Naxçıvanla bahəm İranın sərhədboyu kənd və şəhərlərində də dinləyirlər. Güman edirəm vətən həsrəti olmasaydı, çətin ki, "Ayrılıq" mahnısı da yaranaydı. Doğrudur, bu mahnı bir neçə ifada səslənib. Amma mənim ifamda hədəf odur ki, gərək o tay, bu tay arasında dəmir pərdə götürülə, bir-birimizə get-gəl ola.

Mən ki, şimali Azərbaycana gəldim, xalqımı gördüm, o ki istəyimə yetişdim, ta canıma yüz ölüm gəlsə də, fərq eləməz. Ölsəm də, Azərbaycan iftixarında öləcəyəm və fəxr edəcəyəm" (Yaqub Zürufçu - müğənni).

"Sizləri görmək ümidi ilə yaşayıram. Azərbaycan böyük bir ölkədir. Azərbaycan xalqı heç vaxt qoymaz ki, bu əziz diyar iki parça qalsın. Mənim erməni başkəsənlərinə də sözüm var: Qarabağ Azərbaycanın gözüdür. Heç kəs gözünü çıxarıb başqasına verməz. Hər kəs Qarabağı Azərbaycandan qoparmaq istəsə, bunu bilsin ki, azərbaycanlılar oyaqdırlar və doğma yerlərindən bir addım da geri çəkilməyəcəklər. Mən də o taylı qardaşlarım kimi Qarabağ üçün canımdan keçməyə hazıram:

And olsun Tomrisin qanlı əlinə

And olsun Qorqudun şirin dilinə

And olsun Səttərxan tutan bayrağa

And olsun Səhəndə, Savalan dağa.

Nə qədər zülm evi bərbad olmayıb

Doğma ana dilim azad olmayıb

Azərbaycan türkü yatmayacaqdır,

Bu fikri başından atmayacaqdır.

(M.Abbaszadə. Təbriz)

"Sizin "Ayrılıq" verilişinizin sorağı Salyana da yetişdi. Arazın o tayında yaşayan qan qardaşlarımıza, qəlbi hərarətli bacılarımıza böyük töhfədir sizin "Ayrılıq". Mən də neçə illərdir ki, Təbriz radiosu ilə əlaqə saxlayıram. Tehrandan, Təbrizdən, Ərdəbildən, Səlmasdan məktublar alıram. Salamımı o taya çatdırın. Arzum budur ki, səmamız aydınlaşa, bağlı yollar açıla, ağsaqqal babalarımız, ağbirçək nənələrimiz bir-biri ilə görüşüb hal-əhval tuta. Əzəməti ilə ad-san qazanmış Heydər babanın, başı qarlı Savalanın üzü gülə, bulaqları ağlaya. Biz də ətəyindən dərəydik laləni, boynubükük bənövşəni. Minbir ətirli gül-çiçəkdən dəst bağlayardıq.

Mənim səkkiz qardaşım var. Onların qulluğunda dayanmaqdan zövq alıram. Daha çox qulluğunda dayandığım Vüqar deyəndə ki, o taylı qardaşlarına məktub yazandan sonra bu taylı qardaşlarına da yemək ver, - qəlbim sevincdən aşıb daşır. Arzum budur ki, qoy atanı oğuldan, bacını qardaşdan ayıran sərhəd dirəklərindən vüsal körpüləri tikilsin.

Bir də əgər imkan varsa, veriliş inizin yeni il proqramında o taylı dostlarımıza - Huşəng Rezaiana, doktor Mənçöhr Əziziyə, vəkil Fəthiyə, Aydın Təbrizliyə, Axşin Ağkəmərliyə salamlarımızı yetirin". (Gülarə Bağırova. Salyan şəhəri)

"Ayrılıq" verilişi başqaları kimi mənim də qəlbimdə həm sevinc, həm də kədər oyatdı. Bir tərəfdən sevinirəm ki, heç olmasa indiyə kimi deyə bilmədiyimiz ürək sözlərimizi deyə bilirik. İkinci tərəfdən isə ayrı düşmüş qardaş-bacılarımızın acı taleyi məni çox kədərləndirdi. Bir az da cəsarətli olun, çünki bir neçə verilişinizlə sübut etdiniz ki, artıq cin şüşədən çıxıb. Qoy hamı bilsin ki, Rusiya ilə Qacar səltənəti arasında baş verən müharibədən sonra Gülüstan və Türkmənçay müqaviləsinin şərtləri əsasında Azərbaycan ikiyə bölünüb. Bu siyasi bölgü bizi heç vaxt ayıra bilməmişdir; eyni ləhcə ilə danışır, eyni acıları yaşayır, eyni mahnıları oxuyur, eyni ağılara ağlayırıq... Türk dünyasını parçalamaq istəyən böyük güclərin yardımı ilə keçən əsrin 20-ci illərində İranın min illik türk hakimiyyəti devrilib farslara təslim edildi.

Bütün bunlara baxmayaraq, hazırda İranda 35, Azərbaycan Respublikasında 10 milyona yaxın türk yaşayır. Son min ildə İranı birləşdirib böyük dövlətə çevirən Səlcuq, Atabəy, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətini quran bizik, Azərbaycan türkləri!

 

 

Arzu edirəm ki, bu cür cəsarətli verilişlər tez-tez efirə buraxılsın. Verilişi hazırlayan hər bir televiziya işçisinə dərin minnətdarlığımı bildirirəm". (Dövran Əliyev. Şərur rayonu, Tumaslı kəndi)

"Dünyada bütün parçalanmış xalqlar birləşib. Azərbaycan da gec-tez öz istiqlalına qovuşacaq. Ayrı düşmüş bacı-qardaşlar bir-birinə qovuşacaq. Mən istərdim ki, o tayda dostlarımın sayı get-gedə çoxalsın. Əlaqələr o qədər genişlənsin ki, daha iki parça Azərbaycan bir-birində həll olsun. Buna görə də mənim ünvanımı hər kim istəsə verin, ta mənə məktub yazsınlar. Əllərimizi sıxmaq vaxtı yaxınlaşıb. Qoy sıxan əllər çoxalsın. Qoy xalqımız birləşmə ruhundan düşməsin. Qoy dünya bilsin ki, biz bir xalq, bir can, bir millət və Azərbaycanıq. Dilimiz, yolumuz birdir. Bunu heç bir qüdrət dana bilməz. Cin daha şüşədən çıxıb".  (Qulamrza Dadigər. Təbriz)

"Qılıncını sıyır qından, Naxçıvan!

Millətimin keçiyində sərvaxt dayan, Naxçıvan!

Zülm zəncirini qır biləyindən

İllər boyu darda qalan, Naxçıvan!

Bir can idin paralanıb ortadan,

Hər ikimiz ayrı qalan, Naxçıvan!

Biz qardaşıq, qanı, dili bir olan

Düşmən bizi ayrı salan, Naxçıvan!

Aç qolunu, Zahidi bas bağrına

Küfrü sıxıb, haqqın alan Naxçıvan! (Səfər Zahidi. Maku)

"Bir biləydim ayrılığı kim saldı..."

"Ayrılıq" verilişinə baxdıqca qızım Nurxanımın 50 ildən sonra Arazın o tayından məni səsləyəcəyinə inanıram.

1937-ci ildə Bulqan kəndində yaşadığımız vaxt 12 yaşındakı qızım Nurxanım bir neçə qızla Arazdan su götürmək üçün çayın sahilinə yanaşırlar. O vaxt kənd camaatı içməli suyu Arazdan götürürdü. Nurxanım səhəngi doldurarkən ayağı sürüşüb və çaya düşüb. Bunu görən qızlardan biri onu xilas etmək üçün suya tullanıb. Lakin geri qayıtmayıb. Bir neçə gündən sonra isə onun meyidi tapılıb. Qızımın axtarışından isə bir nəticə hasil olmadı. Bir müddət sonra xəbər çıxdı ki, Nurxanımı İran tərəfdə Yəhya adlı bir çoban xilas edib. Həmin gündən qızımın sorağındayam.

1965-ci ildə Araz Su Elektrik Stansiyasının tikintisində bizim inşaatçılarla yanaşı, iranlılar da işləyirdilər. Onlar söhbət zamanı qızımın Arazboyu Bəycan, Qəmbərkənd, Həsənkənd, Sərdara kəndlərinin birində yaşadığını, üç övladı olduğunu demişlər.

İndi - ömrümün 90-cı illərini yaşadığım bir vaxtda sizə müraciət etməyim heç də hədər deyil. Mənim uzun ömür sürməyimin birinci səbəbi qızım Nurxanımın həsrəti olub ki, haradasa, nə vaxtsa, onunla görüşəcəyəm.

Əminəm ki, bu görüş sizin vasitənizlə baş tutacaq. O zaman mən və övladlarım sizə əbədi minnətdar olacağıq. (Nənəxanım Bağırova. Bulqan kəndi)

Bu məktub efirə gedəndən sonra redaksiyamıza telefon zəngi gəldi. İranın Arazqırağı Sərdara kəndindən idi bu zəng. Telefon edən Nurxanımın qızı idi. Televiziyada Nənəxanımın hekayətini eşitmişdilər. Tezliklə anası ilə birlikdə Nənəxanımın görüşünə gələcəklərini bildirirdi.

Culfada - Araz üstündəki körpüdə ana ilə balanın 45 illik ayrılıqdan sonra vüsala qovuşması hamını ağlatdı.

Yaşantıları sözlə ifadə etmək mümkün deyildi. Yalnız ana və balanın hıçqırıqları eşidilirdi:

- Ana, ana, başımın tacı ana!

- Can bala!

...Toran qovuşanda ana doğma balasından ayrılmışdı. Bir də qırx beş il sonra toran qovuşanda görüşdülər. Hər gecənin bir gündüzü də var axı... Sabah günəşinin hələ bundan sonra da neçə-neçə talesiz yurddaşlarımızın ömrünə öz parlaq şəfəqlərini salacağı günlər hələ irəlidədir.

Artıq Araz o Araz deyil...

Naxçıvan televiziyası. 1987-1990-cı illər

 

Əsgərov, Hüseyn

 

525-ci qəzet.- 2019.- 25 dekabr.- S.20-21;24.