İbrahim Tahirin Xəyyamdan tərcümələri
Zəngin ədəbi irsə malik,
yaradıcılığında klassik ədəbiyyatın ənənələrini
yaşadan istedadlı şairlərimizdən biri də
İbrahim Tahir Məşədi Əbdül oğlu Musayevdir
(1869-1943). O, Şuşa şəhərində dünyaya gəlmiş,
Qarabağ ədəbi mühitinin yetirməsi olmuşdur. Gəncliyində ticarətlə məşğul
olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr
olunan əksər qəzet və jurnallarla əməkdaşlıq
əlaqələri yaratmış, mətbuatda ardıcıl
olaraq şeirləri, publisistik məqalələri ilə
çıxış etmişdir. Şair
lirik şeirlər yazır, şeir və məqalələrində
geriliyi tənqid edir, həmvətənlərini tərəqqiyə,
maarifə çağırır, milli istiqlal arzularını
tərənnüm edirdi. Onun çoxsaylı
yazıları "Şərqi-rus", "Molla Nəsrəddin",
"İrşad", "Füyuzat", "Tərəqqi",
"Sədayi-həqq", "Dəbistan", "Yeni kənd"
və başqa mətbuat orqanlarında dərc edilmişdir.
Maraqlıdır ki, İ.Tahir bir sıra məsələlərə
münasibətdə əks mövqedə dayanan Cəlil Məmmədquluzadənin
"Molla Nəsrəddin" və Əli bəy Hüseynzadənin
"Füyuzat" jurnallarında yazıları ilə
çıxış edir, hər iki redaksiya əməkdaşları
ilə dostluq əlaqələri saxlayırdı. Onun C.Məmmədquluzadə ilə dostluğuna dair
maraqlı faktlar mövcuddur. Xalqı milli
birliyə, həmrəyliyə çağıran şair millətin
ziyalılarını bir-birinə yaxınlaşdırmağı,
aralarında mübahisə düşərkən onları
barışdırmağı özünə borc bilirdi.
XX əsrin
əvvəllərində əsl milli ziyalı kimi
yetişmiş İbrahim Tahir sovet dövründə
yaşadığı 23 il ərzində, demək olar ki,
unudulmuş, onun əsərləri mətbuatda işıq
üzü görməmişdir. Bunun əsas səbəbi
onda idi ki, şair bir çoxları kimi yeni quruluşu mədh
edən şeirlər yazmamış, ömrünün son
çağlarında əsasən lirikaya meyl etmişdir.
İbrahim Tahir dövrünün yetişdirdiyi
milli ziyalılardan biri olmuşdur. O, 1905-1906-cı illərdə
Qarabağda, Azərbaycanın digər bölgələrində
cərəyan edən hadisələrə qələmi ilə
cavab vermiş, şeirlərində təpədən
dırnağa qədər silahlandırılmış erməni
faşistlərinin dinc müsəlman əhalisinə
qarşı cinayətlərini ifşa etmiş, vətən
övladlarını birləşərək doğma yurdu
xilas etməyə çağırmışdır. Təbii ki, belə bir şair əgər sovet
dövründə milli ruhda, milli istiqlal mövzusunda əsərlər
yazsaydı, nəinki çap etməzdilər, hətta onu
represiyaya məruz qoyardılar. Həmin
dövrdə yaşamış, Qarabağ ədəbi
mühitinin yetirməsi Nəcəfqulu bəy Şeyda 1924-cü
ildə yazdığı qeyri-mətbu şeirlərindən
birində sovet rejimi tərəfindən söz
azadlığının tamamilə aradan
götürüldüyünü, zorakılığın,
repressiyaların baş alıb getdiyini tənqid atəşinə
tutmuşdur. Şair "Mətbuat
bülbülü"nə xitabən nə üçün
onun səsinin gəlmədiyini soruşur və
bülbülün adından cavab verir ki, indi sözün
düzünü demək mümkün deyil, çünki haqq
söyləyənləri cəzalandırır, həbsxanaya
salırlar:
İndi
hürriyəti-kəlam yedəklənibdir,
Həq
söyləyən təhdid ilə qorxunur,
Cəbrən,
zorən ağzıbirə soxulur,
Doğru
gedir, əgri güllər toxunur,
Çirkin əğyar gör nə qəşənglənibdir.
Belə bir şəraitdə İ.Tahir ictimai-siyasi, milli
mövzulara toxunmayaraq lirik şeirlər yazmağa
üstünlük vermişdir. Şair böyüyüb
boya-başa çatdığı, təlim-təhsil
aldığı dövrün, mühitin təsiri altında
klassik ədəbi irsə bağlı adam
olmuş, əsərlərini də klassik üslubda
yazmışdır. Ümumiyyətlə, XX
yüzilliyin 20-30-cu illəri mədəniyyət, ədəbiyyat
tariximizdə çox maraqlı dövrdür. Bir tərəfdən
klassik irsi, muğamı, tarı ortadan götürməyi tələb
edən gənc proletar şairlər meydan sulayır, digər
tərəfdən isə mütərəqqi yeniliyi qəbul
edən, lakin yeni poeziyanın, sərbəst şeirin deyil,
yalnız klassik ədəbiyyatın tərəfdarı olan,
klassik janrlarda əsərlər yazan nisbətən
yaşlı nəslin nümayəndələri öz
yaradıcılıqlarını davam etdirir, "zamanın tələbi
ilə ayaqlaşa bilmədikləri" üçün əksər
hallarda mədəniyyətdə, ədəbiyyatda cərəyan
edən hadisələrə seyrçi münasibətdə
qalmağa məcbur olurdular. İbrahim Tahir təbii
ki, bu sonunculardan olduğuna görə dövrün ədəbi
prosesindən kənarda qalmış, onu Yazıçılar
İttifaqına üzv qəbul etməmişlər. Onun
müasiri olan şairlərdən oxşar taleyi yaşayanlar az olmamışdır. Bakı ədəbi
mühitinin görkəmli nümayəndəsi, "Məcməüş-şüəra"
ədəbi məclisinin üzvü Məşədi Azər
Buzovnalı ana dili ilə bərabər, fars, cığatay
(orta əsrlər özbək ədəbi dili) dillərində,
klassik Şərq şeiri üslubunda əsərlər
yazmış, eyni zamanda, Nizami Gəncəvinin "Sirlər xəzinəsi"
poemasının bir hissəsini, Sədi Şirazinin
"Gülüstan"ından bir neçə hekayəti,
"Bustan"dan birinci üç babı, Firdovsinin
"Şahnamə"sindən bir neçə dastanı,
Xaqani, Hafiz və Xəyyamın əsərlərindən
seçmələri dilimizə tərcümə etmişdir. Ədib dünya ədəbiyyatı incilərindən
"Kəlilə və Dimnə"ni, "Yusif və
Züleyxa" əsərini nəzmə çəkmişdir.
Sovet hakimiyyətinin ilk onilliklərində
"zamanın nəbzini tutan", sovet quruluşunu tərənnüm
edən əsərlər yazmadığından onun əsərləri
uzun müddət diqqətdən kənarda qalmış, son
illərdə çap edilmişdir.
Lakin XX əsrin 20-30-cu illərində Şərq dillərini,
klassik poeziyanı gözəl bilən, əruz vəznində
əsərlər yazan İbrahim Tahir kimi ziyalılar hələ
sovet rejiminə, dövrün yaradıcı orqanlarına
lazım idi. Şərqin, o cümlədən, Azərbaycanın
böyük klassiklərinin yubileyləri təntənəli
surətdə keçirilirdi və bu münasibətlə
böyük sənətkarların əsərlərini
yüksək səviyyədə tərcümə edən
şairlərə ehtiyac var idi. 1934-cü
ildə Sovet İttifaqında, o cümlədən,
respublikamızda Firdovsinin 1000 illik yubileyi keçirilmişdir.
Bu dövrdə İ.Tahir Firdovsi yaradıcılığı
ilə ciddi məşğul olmuş, "Şahnamə" əsərinin
bir sıra dastanlarını ("Rüstəm və
Söhrab" dastanı, "Səd Vəqqasın İrana
hücumu", "Qubad ilə Məzdək dastanı" və
s.) uğurla tərcümə etmişdir. 1934-cü ildə
Ruhulla Axundovun elmi redaktorluğu ilə Azərnəşr tərəfindəın
5000 tirajla nəşr edilmiş "Şahnamə"nin "Zöhhak və Gavə", "Səyavuş"
dastanlarının bədii tərcüməsi də ona həvalə
edilmişdi (həmin tərcümə 2018-ci ildə "Elm və
Təhsil" nəşriyyatında yenidən çap
edilmişdir).
İbrahim
Tahir Musayevin şəxsi arxivi ilə tanış
olduqda onun istedadlı şair olmaqla bərabər, həm də
klassik ədəbiyyatın məhsuldar tərcüməçisi
olduğunu görmək mümkündür. İ.Tahirin
tərcüməçilik fəaliyyətinə nə zaman
başladığını deyə bilmərik. Lakin
şairin Salman Mümtaz adına Ədəbiyyat
və İncəsənət arxivində saxlanan
külliyyatını nəzərdən keçirdikdə
görürük ki, ədib ötən əsrin 30-cu illərində
aktiv surətdə tərcüməçilik fəaliyyəti
ilə məşğul olmuş və onun tərcümələrinin
mühüm hissəsi rəsmi orqanların sifarişi ilə
həyata keçirilmişdir. Bu bir daha təsdiq
edir ki, İ.Tahir ədəbi ictimaiyyət arasında tərcüməçi
kimi tanınırdı. Şairin şəxsi arxivində
onun mühüm dövlət sifarişlərini yerinə yetirərək
tərcümələr etməsi barədə sənədlər
vardır (təəssüf ki, bu sənədlər onun bu sahədə
gördüyü işlərin az bir hissəsinə
aiddir). 13 noyabr və 30 dekabr 1932-ci il tarixlərində
İ.Tahirə verilmiş sənədlərdə ondan
Firdovsinin "Şahnamə"sinə daxil olan "Gavə"
dastanının 1168 misra həcmində tərcüməsinin
təhvil alındığı göstərilir.
XX əsrin
30-cu illərində istedadlı şair-tərcüməçi
İ.Tahir Şərq ədəbiyyatının görkəmli
klassikləri Ömər Xəyyam, Əfzələddin Xaqani,
Nizami Gəncəvi, Hafiz Şirazi, Əlişir Nəvai və
başqalarının əsərlərini tərcümə
etmişdir. Arxiv sənədlərindən onun
1939-cu ilin fevral ayından həmin ilin 28 avqustuna kimi Nizami Gəncəvinin
"Məxzənül-əsrar" əsərini tərcümə
etdiyi məlum olur. Nizami adına
Ədəbiyyat və Dil institutunun direktor müavini Məmməd
Arifin İbrahim Tahirə ünvanladığı 16 yanvar
1939-cu il tarixli məktubunda deyilir: "Yoldaş İbrahim
Tahir! Nizami adına Ədəbiyyat və
Dil institutu tərəfindən Nizaminin "Məxzənül-əsrar"
poemasının hərfən tərcüməsi sizə
tapşırılır. Müqavilənin rəsmən
düzəlməsini gözləmədən başlamaq rica
olunur". Bu sifarişi aldıqdan sonra dərhal əsərin
tərcüməsinə başlayan İ.Tahir həmin ilin 9
fevralında 1034 misra, 14 mayında 1019 misra, 14 iyununda 1246 misra,
28 avqustunda isə 338 misra həcmində "Məxzənül-əsrar"dan
etdiyi tərcümələri rəsmi qaydada
sifarişçiyə təhvil vermiş və bunun
müqabilində qəbz almışdır.
İbrahim Tahir Musayevin şəxsi arxivinə daxil olan
qovluqlarda onun Xaqani, Məhsəti, Yəğma, Hafiz, Nəvai
və Xəyyamdan etdiyi çoxsaylı tərcümələr
toplanmışdır. Şairin dörd dəftərdə
köçürülmüş böyük fars
şairi Ömər Xəyyamdan etdiyi tərcümələr
diqqəti cəlb edir. Bu dəftərlər
göstərir ki, İ.Tahir Ömər Xəyyamın
rübailərinin tərcüməsinə ciddi
yanaşmış, bir şeiri bəzən bir neçə
variantda dilimizə çevirmiş, misraların üzərində
çoxsaylı dəyişikliklər etmişdir. İ.Tahirin tərcümə edilən hər bir
rübaidən öncə farsca orijinalı verməsi
çevirmənin keyfiyyətini dəyərləndirməyə
imkan verir.
İstər
Şimali, istərsə də Cənubi Azərbaycanda Ömər
Xəyyam rübailərinin dəfələrlə dilimizə
tərcümə edilməsi Azərbaycan oxucusunun böyük
fars şairinin
yaradıcılığına olan hörmət və məhəbbətinin
göstəricisidir. 2016-cı ildə Ömər
Xəyyam rübailərinin tanınmış şair Kərim
Məşrutəçi Sönməz tərəfindən dilimizə
tərcümə edilərək Təbrizdə nəşr
etdirilməsi bu marağın hələ də sönmədiyini
göstərməkdədir.
İbrahim Tahir tərcümələrini nəzərdən
keçirdikdə görürük ki, o, Xəyyam rübailərinin
məzmun və vəznini saxlamağa
çalışmış, onların Azərbaycan oxucusu
üçün aydın səslənməsinə fikir
vermişdir.
Qiyasəddin Əbülfəth Ömər ibn İbrahim əl-Xəyyam
Nişapuri 1048-ci ilin 18 mayında dövrün elm və mədəniyyət
mərkəzlərindən biri olan Nişapurda dünyaya gəlmişdir. İlk təhsilini
burada almış, tanınmış alim və ruhani Nəsrəddin
Şeyx Məhəmməd Mənsurun şagirdi olmuşdur.
Ömər Xəyyam biliklərini genişləndirmək,
elmlərə daha dərindən yiyələnmək məqsədi
ilə Səmərqəndə, sonra Buxaraya yola
düşür. Buxarada 20 il
yaşayan alimin şöhrəti geniş yayılır. Oradan İsfahana gedən Ömər Xəyyam Səlcuqlu
hökmdarının vəziri, "Siyasətnamə" əsərinin
müəllifi Nizam əl-Mülklə yaxınlaşır.
Ömər Xəyyam Səlcuqlu hökmdarı Sultan Məlik tərəfindən
İsfahanda tikilmiş rəsədxanaya 18 il
rəhbərlik edir. Bu illərdə alim Müəyyəd
əl-Mülkün sifarişi ilə "Novruznamə" əsərini
yazıb başa çatdırır. Bu əsərdə
onun tərəfindən tərtib olunub, dəqiqliyinə
görə bu gün də əhəmiyyətini itirməmiş
günəş təqvimi 1079-cu ildə rəsmən qəbul
edilmişdir. Həmin dövrdə Xəyyam riyaziyyata aid
ən mühüm əsərlərindən birini -
"Evklidin kitabındakı girişdə olan çətinliklərin
şərhi"ni yazır. 1091-ci
ildə o, fəlsəfəyə dair "Mövcudluq
haqqında risalə"sini tamamlayır.
Bütövlükdə alimin beş fəlsəfi
risaləsi dövrümüzədək gəlib
çatmışdır. Ömər Xəyyam
1131-ci ilin 4 dekabrında vətənində, yoxsulluq içində
vəfat etmişdir.
Qeyd edək ki, sağlığında
dövrünün görkəmli riyaziyyatçısı,
astronomu, filosof-alimi kimi tanınan Ömər Xəyyamın
şeirləri onun ölümündən xeyli sonra geniş
oxucu kütləsinə məlum olmuşdur.
Xəyyamın şeirlərində həyatın,
kainatın sirlərini dərk etməyə, hər şeyin əsl
mahiyyətini bilməyə çalışan alim-şairin
düşüncələri əksini tapmışdır. Xəyyamın
şeirləri heç kimin qarşısında baş əyməyən,
mövhumatçı və xurafatçı din xadimlərini
ifşa edən, sözün həqiqi mənasında
azadfikirliliyi təbliğ edən bir mütəfəkkirin əsərləridir.
Ümumiyyətlə, rübai janrı klassik
Şərq poeziyasında hər zaman fəlsəfi, elmi
düşüncələrin meydanı olmuşdur. Təsadüfi deyil ki, İbn Sina, Nəsrəddin
Tusi kimi böyük alimlər də rübai yazmışlar.
Xəyyam rübailərində (orasını da qeyd edək
ki, şairə aid edilən rübailərin bir çoxu
sonradan başqa müəlliflər tərəfindən
yazılmışdır; tədqiqatçılar uzun müddətdir
ki, Xəyyamın yazdığı orijinal rübailəri
ayırd etməklə məşğuldurlar) onu əhatə
edən dünyaya dialektika nöqteyi-nəzərindən
baxmağa çalışır. Onun həyata dialektik
baxışına nümunə: Bir zamanlar bir
gülüzlü gözəl olmuş, o vəfat etdikdən
sonra torpağa qarışmış, bu torpaqdan kuzə
düzəltmişlər, biz də hazırda həmin kuzədən
şərab içirik.
İbrahim
Tahir Xəyyamın fikir dünyası ilə bərabər,
onun rübailərinin vəzn və qafiyəsini də
saxlamağa çalışmışdır:
Qaldır
qədəhi səbu ilə, ey məhru,
Get səbzəliyi
gəzib də gör arxda su.
Bu çərxi-fələk
xeyli gözəllər bədənin,
Yüz dəfə piyalə yapdı, yüz dəfə
səbu.
Rübailərində Xəyyam tez-tez vurğulayır ki,
bu kainat, həyatımız bizdən çox-çox əvvəllər
mövcud olan qanunlar əsasında yaranmışdır və
mövcuddur. Hər şeyin səbəbi vardır. Materiya formasını dəyişsə də, mahiyyəti
dəyişməz qalır. Onun rübailərindən
biri İ.Tahirin tərcüməsində belə səslənir:
Bizdən
irəli olubdu çox leylü nahar,
Bir karə görə fələk dönüb də
dolanar.
Toprağa
qoyan zaman qoy ahəstə qədəm,
Bir mahvəşin o yerdə yatmış gözü var.
Humanist mütəfəkkir olan Ömər Xəyyam
insanlara ömrün hər gününün, dəqiqəsinin
qədrini bilməyi, keçmiş və gələcək
barədə həyəcanlı fikirlərdən uzaq
durmağı, həyatı mümkün qədər xoş
keçirməyi məsləhət görür. İ.Tahir onun bu məzmunlu
rübaisini belə tərcümə etmişdir:
Keçmiş
bu qədər, keçən günü eyləmə yad,
Etmə yarın ölməmişdən əvvəl fəryad.
Xatırlama keçmiş, gələcək vaxtları,
Hər ləhzə xoş ol, ömrünü etmə bərbad.
İbrahim Tahirin tərcümələrinin əlyazmalarını nəzərdən keçirdikdə ğörürük ki, o, fars dilini yaxşı bilmiş, Ömər Xəyyamın fəlsəfi fikirlərini, məzmun və formanı mümkün qədər saxlamaqla, oxucuya anlaşıqlı şəkildə, aydın bir dillə çatdırmaq istəmişdir. Lakin onun bütün tərcümələri eyni dərəcədə uğurlu olmamışdır (ədalət xatirinə deməliyik ki, biz şairin tərcümələrini onun arxivindən götürmüş, əlyazmalarından köçürmüşük; ola bilər ki, bu tərcümələr kitab halında çap edilsəydi, şair onların üzərində daha çox işləyər, uğursuz tərcümələri çıxarardı).
İbrahim Tahirin tərcümələri XX yüzilliyin birinci yarısında Azərbaycanda tərcümə ədəbiyyatı barədə daha ətraflı fikir söyləməyə imkan verir.
Paşa
ƏLİOĞLU
AMEA
Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun direktor müavini
525-ci qəzet.- 2019.- 25 dekabr.- S.22;23.