"Əhsən sənə, Əhsən!.."
kitabı təqdim olundu
Dekabrın 23-də Beynəlxalq Muğam Mərkəzində
Mədəniyyət Nazirliyinin
təqdimatında tanınmış
yazıçı-jurnalist Rafiq
Hacıyev tərəfindən
yazılmış və
görkəmli tarzən,
Əməkdar artist, Beynəlxalq
müsabiqə laureatı
Əhsən Dadaşovun
işıqlı xatirəsinə
həsr olunmuş
"Əhsən sənə,
Əhsən!.." portret-roman
kitabının təqdimatı
oldu.
Tədbirin başlamasına az qalmış Muğam Mərkəzinin foyesində, zalda bir-birindən tanınmış
simalar, Azərbaycan mədəniyyət və
ədəbiyyat aləmində
öz sözünü
demiş sənətkarlar,
ziyalılar görünməyə
başladı. Müəllif Rafiq Hacıyevin həyəcanının, sevincinin
isə həddi-hüdudu
yox idi.
Öncə qeyd edək ki, kitabın bədii obrazlı dili ustad tarzənin
əhatəsində olduğu
mədəni mühiti
və şəxsləri
real surətdə nəzərə
çarpdırmaqla bərabər,
Ə.Dadaşovun zəngin
yaradıcılıq yolunu
və geniş daxili aləmini oxucuya təqdim edir.
Tədbir Əhsən Dadaşovun ifasında "Şur"
muğamının yer
aldığı videoçarxla
başladı. Qaranlığa bürünmüş zalda
sanki tək nəfəs alan
mərhum sənətkarın
barmaqları idi. Hər kəs səssiz şəkildə bu barmaqların yaratdığı
möcüzəni dinləyirdi.
Sonra tədbirin
aparıcısı, Əməkdar
incəsənət xadimi
İlham Rəhimli səhnəyə dəvət
olundu. O, qısa və lakonik çıxışında Əhsən
Dadaşovun həyat yoluna nəzər saldı, yaradıcılığından
söhbət açdı.
Bildirdi ki, tarzənin çalğısı insan
ruhunu oxşayaraq onu öz sehrinə
salır.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, akademik Rafael Hüseynov bildirdi ki, Əhsən Dadaşov yaşasaydı,
bu gün onun 95 yaşı tamam olardı. "Azərbaycan mədəniyyətində
Əhsən Dadaşovun
özünəməxsus yeri
var. Ona qədər Azərbaycan tarı min illik inkişaf dövrü keçib, bu sənətin Bəhram Mansurov, Qurban Pirimov kimi nümayəndələri
olub. Amma Azərbaycan tarı
bu gün özünün intibah dövrünü yaşamaqdadır.
Ərəb dilində gözəllik
mənasını verən
Əhsən adı tarzənin həyatını
gözəlləşdirib. Əhsən Dadaşovun bəxti onda gətirib ki, onun Mirzə
Mənsurov, Ənvər
Mənsurov kimi ustadları olub. "Öz müəlliminə
bənzəmə" deyərək
Ənvər Mansurov ona məsləhət verirdi. Bunun sayəsində Əhsən
Dadaşov heç kimə bənzəməyib,
öz dəst-xətini
yarada bilib", - deyə akademik çıxışını davam etdirdi. O, geniş, əhatəli çıxışında sözlər
vasitəsilə təkcə
Əhsən Dadaşovun
deyil bütünlükdə
tar sənətinin və
Azəbaycan incəsənətinin
gözoxşayan mənzərəsini
yaradırdı.
Tarzənin tələbəsi, Azərbaycan
Milli Konservatoriyasının
rektoru Siyavuş Kərimi Azərbaycan musiqi mədəniyyətinin
və xalq musiqisinin inkişafında
mərhum tarzənimizin
xidmətlərindən danışdı. Vurğuladı ki, tarzənin yaratdığı sənət
hələ neçə-neçə
əsrlər yaşayacaq
və bu sənəti seçənlər
ondan ibrət götürəcəklər.
Az sonra mikrofon arxasında kitabın müəllifi, yazıçı-jurnalist Rafiq
Hacıyev göründü.
Əhsən Dadaşov
haqqında kitab yazmağın məsuliyyətindən
danışan yazıçı,
bu prosesdən çox şeylər öyrəndiyini, bu sayədə Əhsən Dadaşovun zəngin yaradıcılığına daha
dərindən bələd
olduğunu dedi: "Əhsən Dadaşov... Dinləycini tez ələ almağı, onun diqqətini özünə cəlb etməyi bacaran, tarının yumşaq, qəlb oxşayan, cazibədar səsi ilə insanı həyəcanlandıran, sevindirən
tarzən...
Əhsən Dadaşov... Şirin,
ecazkar, rəngarəng
çalğısı, dolu
və sanballı səslənmə yaradan mizrabları, mənalı
musiqi cümlələri
ilə qulaqlarda, hafizələrdə deyil,
şüurda belə unudulmaz iz buraxan
virtuoz sənətkar...
Əhsən Dadaşov... Nəhayətsiz,
sonu görünməyən,
dərinliyi bilinməyən
çılğın qəlbli
muğam improvizatoru, sözün həqiqi mənasında ali
hissi qabiliyyətə
malik qeyri-adi ürək çalğıçısı...
Əhsən Dadaşov... Novator
solo ifaçı, bənzərsiz
müşayiətçi, görkəmli
orkestr solisti, istedadlı ansambl rəhbəri, şair qəlbli bəstəçi,
mükəmməl pedaqoq...
Sənətinə yaradıcı münasibəti,
çaldığı muğamlardakı
dərin fikri, mənanı və bədii keyfiyyətləri
özünün fərdi
istedadı və təkrarolunmaz ustalığı
ilə yüksək səviyyədə ortaya çıxarması tarın
çırpınan ürəyi
Əhsən Dadaşov
ifaçılığının ən qiymətli cəhətləri idi..."
Çıxışların arasında musiqi nömrələrinə də
yer verilirdi. Gah tanınmış sənətkarlar
bir-birindən dəyərli
ifalar səsləndirir,
gah da səhnədəki
ağ ekrandan
Əhsən Dadaşovun
barmaqları dillənirdi.
Tədbirin bədii hissəsində Xalq artistləri Teyyub Aslanov, Mircavad Cəfərov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Şəhriyar İmanov, Televiziya Muğam Müsabiqəsinin qalibi Mirələm Mirələmov çıxış etdilər. Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən "Əhsən" xalq çalğı alətləri ansamblının müşayiəti ilə Xalq artisti Şəfiqə Eyvazova və Mehri Əsədullayevanın ifaları gecəyə ayrı rəng qatdı. "Şur" muğamıyla başlayan gecədə sonrakı dəqiqələrdə "Rahab rəngi", "Peyman etdik", "Neyçün gəlməz", "Sona bülbüllər", "Biri sənsən, biri mən", "Rast rəngi", "Rando", "Qara xal yar", "İlk məhəbbət", "Şüştər rəngləri" kimi əksəriyyəti Əhsən Dadaşovun bəstələri olan musiqilər dinləyicilərin zövqünü oxşadı.
Sonda mərhum tarzənin qızı Xanım Məhərrəmova çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirdi.
Gecə kövrək və musiqi ətirli notlarla yekunlaşarkən xoş duyğularla Muğam Mərkəzini tərk edən qonaqların əlində "Əhsən sənə, Əhsən!" kitabı gülümsəyirdi.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 25 dekabr.- S.14.