Elçin Mirzəbəylinin poetik
dünyası
Sevgi izaholunmaz bir duyğudur. İzah olunarsa dəyərini,
məzmununu, təsirini itirər. Sevgi hər
kəsin içindədir. Həmin o hər
kəsi dünyaya, həyata bağlayan bir duyğudur.
Etiraf edək ki, bu duyğular şairlərdə daha aydın
görünür və şeirdə-bədii sözdə
reallaşıb oxucuya bir az da
doğmalaşır. Füzuli sevgisi ilə yadda
qaldı, Mikayıl Müşfiq sevgisi ilə ürəklərə
köçdü, Məmməd Araz sevgisi ilə yaddaşlara
çökdü. Azərbaycan şairi nədən
yazır-yazsın, mütləq sevgi mövzusunu önə
çəkir. Ən müasir şairlərimiz - Ramiz
Rövşənin də, Zəlimxan Yaqubun da, Vaqif Bayatlı
Odərin də... sətirləri sevgi dünyasından
keçir... Bu fikirləri yadıma Elçin
Mirzəbəylinin "Sevgi məktubları" adlı
kitabı saldı.
Elçin
Mirzəbəylinin "Bir gecənin
tənhalığı", "İtirilmiş vaxtın
adamı", "Poz bu sükutu" kimi kitabları var. O
kitabların hər birində Elçin təkcə şair
deyil, həm də publisistdir, politoloqdur, dünyaya
çeşidli baxışları olan ictimai adamdır. Lakin
"Sevgi məktubları" öz tematikası ilə
birbaşa sevgiyə bağlıdır və bu sevgi o qədər
millidir ki, hər şeirin sətirlərindəki millilik bəşəri
məzmunu ilə insanı insani hisslərə
daşımaqdadır.
60x84
formatında cəmi 5 çap vərəqi həcmində bu
kitabın oxucuda yaratdığı duyğuların
özü də çox poetikdir və həmin o kitaba
"Bir eşq hücrəsində oxunan dualar" sərlövhəli duyğulu
bir ön söz yazmış Telli Pənahqızının
aşağıdakı fikirlərinə mən də şərik
oluram: Elçin Mirzəbəylinin "misraları sənin
ürəyini elə şəfqət və mərhəmətlə
isidir, bütün vücudunu elə
səmimiyyətlə sarır ki, elə bilirsən bunlar sənin
sözün, sənin kəlmən, sənin qəlbinin
döyüntüləridir"... Dəqiq
fikirdir və bu şeirlərin əsl mahiyyətinin ifadəsidir.
Elçin
Mirzəbəylinin kitabının adı da məzmunu kimi
duyğuludur: "Sevgi məktubları". Bu dünyada haçansa
sevgi duyğusu yaşamış yaşlı insandan
üzü geriyə - bu gün həmin duyğuları səmimi,
kövrək hisslərlə yaşayan yeniyetməyədək
- hər kəsin leksikonunda məktub və sevgi sözləri bir-birinə çox yaxın
olan leksik vahidlər kimi qəbul olunur.
Bu sevgi kitabı "Mən üsyan edirəm"
şeiri ilə başlayır. Aydındır ki, üsyan
sözünün semantikasında nəyəsə
qarşı sərt bir təpki, sərt bir davranış var.
Elçin Mirzəbəylinin üsyanı imkansız eşqlərin,
qərib eşqlərin
yetim sevdalaradır. Əlbəttə,
poeziya, poetik düşüncə yalnız predmetin real
yaşantısından doğur, amma bu fərdi yaşantı
ümumiləşdirilib elə təqdim edilir ki, hər kəs
bu reallığı özününküləşdirməli
olur. Elçin Mirzəbəylinin bir şair təfəkküründə
yaşayan nakam məhəbbətdən doğan
yanğısı kimi:
İçimdə
bu eşqin yarası dərin,
Min yerdə
çat verən qan damarıyam...
İmkansız
eşqlərin, qərib eşqlərin,
Yetim
sevdaların üsyankarıyam...
Mən bu
yerdə "yetim sevda" kimi duyğulu bir ifadəni deyəsən,
birinci dəfədir görürəm . Amma elə bu birinci görüş alınmayan, nakam
məhəbbəti o qədər dəqiq ifadə edir ki, bu
tapıntıya görə müəllifə minnətdar
olmaya bilmirsən.
Telli xanım kitaba giriş sözündə Elçin
Mirzəbəylinin bir şeirindəki narın
yağış damlasında gördüyü portreti, tablonu
qeyd edir. Belə portret cizgiləri Elçin poeziyasına ən
duyğulu rəng qatan məqamlardandır.
"Qış
nağılı" şeirində müəllif qəfil
çıxıb gedən bir sevgilidən sonra şəhərin
qərib görünməsinin, gecənin tənhalığında
bu şəhərin üşüməsinin cizgilərini bir rəssam
ustalığı ilə çəkir və sonda çox dəqiq
bir portret yaradır:
Soyudu
havalar... ürəyim kimi,
Yollar buz
bağladı baxışlarımda...
Titrəyən
nəfəsim çəkdi rəsmini,
Çəkdi yağan qarın naxışlarında.
("Qış
nağılı")
Ümumiyyətlə, Elçin Mirzəbəyli poetik
söz üçün, reallığın poetik ifadəsi
üçün söz ovuna çıxmır. Sanki bu söz ovu özü
gəlib şairi tapır və onun təsvirindəki poetik
ifadələrə heyran qalmaya bilmirik:
Əlim əlində
əriyir,
Sözüm baxışın altda.
Gəl
saçına sığal çəkim,
Sevda yağışı altda. ("Yuxu")
Daha bir dəqiq
portret cizgisi:
Çiçəklər
içində, güllər içində
Çiçək gülüşünün şəklini
çəkdir.
Çəkdir
əllərinin hərarətini,
Titrək öpüşünün şəklini çəkdir.
("Səndən
son istəyim")
Bu da
portretləşmiş bir söz möcüzəsi:
İçinlə,
ruhunla, baxışlarınla,
Qəlbinlə təmasda şəklini çəkdir.
Təpədən-dırnağa
bürün sevgimə,
Sonra...
Bu libasda şəklini çəkdir.
Bunlar
şairin səmimi sevgi şəkilləri, sevgi portretləridir:
Astaca
pıçılda sevirəm sözün -
Sonra
çək...
Səsinin
şəklini göndər...
Mənə
saçlarının ətrini yolla,
Mənə nəfəsinin şəklini göndər.
("Səndən
son istəyim"...)
Bu rəssam
cizgilərində sevgi dünyasını yaşayan hər kəs
reallığın və poetikliyin vəhdətini
görür: "səsin şəklini", "nəfəsin
şəklini" çəkmək mümkünmüş və
hətta sevən bir kəsin saçlarının ətrini
yollaya bilmək ehtimalı da reallığa oxşayır.
Elçin
Mirzəbəylinin bu "Sevgi məktubları"nda hər sətir,
hər misra poetik bir lövhədir, poetik tapıntıdır:
Dərdimin
üstündə kirşə çəkən qız
Çəkmə, dərdlərimin buzu əriyib.
Sənin
duz basdığın köhnə yaradı
Üstündə min ilin duzu əriyib.
Bu misralarda heç bir süni axtarış, heç bir
şeir quraması yoxdur. "Dərdin buzu", "min ilin
duzu" - bunlar qafiyə kimi görünə bilər, amma
mahiyyəti çox dərindədir, o dərinliyi ancaq
köhnə yaralarına duz basılanlar anlaya bilər.
Yenə
aramıza səd düşüb, Allah,
Düşüb
toxum kimi...
Dərd
düşüb, Allah...
İçimə
elə bir od düşüb, Allah,
Alnıma yazdığın yazı əriyib.
("Alnıma
yazılan yazı əriyib")
Bu da
xalqın min illərdən bəri pənah gətirdiyi
alın yazısına poetik münasibət!
Şair
öz sevgisində nə qədər yumşaq olsa da, əks tərəfi
nə qədər səmimi sevsə də, yeri gələndə
bağışlamamağı da var:
Aç
sinəmi...
Dərd
xışlasın...
Ört, sinəmdə dərd
qışlasın...
Get,
Allahın bağışlasın
Məndən
əfv diləmə, gülüm...
("Məndən
əfv diləmə")
Bu yerdə şairin bağışlamamaq, əfv etməmək
sərtliyini qınamaq olmur. Çünki onun
öz sevgisi o qədər təmiz, ehtiraslı və o qədər
səmimidir ki, onun bu təmizliyə, bu ehtirasa, bu səmimiliyə
etinasızlığı bağışlamamaq haqqı da var. Elçin Mirzəbəyli
Allah adamıdır. Qəribədi, mənim
də yaxşı tanıdığım Elçin
bütün münasibətlərində real bir Tanrı
düzənindədir. Bu mahiyyət - Allaha tapınmaq
onun şeirlərinin də mahiyyətindədir:
"Get,
Allahın bağışlasın"...
"Tanrı
özü kəbin kəssin
Çıxan
nəfəsimizə"...
"Mənim
üçün dua eylə
De, biri
var yerdə, Allah,
De,
nisgilli ürəyində
Bir mən
varam, bir də Allah"...
Elçin Mirzəbəyli öz sevgisində bəzən
pessimist də görünə bilər. Ancaq bu,
yalnız görüntüdür. Bu pessimizmin dərinliyində
heç vaxt bitməyəcək, unudulmayacaq bir sevginin uzun
sürən varlığı var:
Mən
Sərsəri,
Dəli
rüzgarların adamı...
Nə gedəcəyim
yer bəlli,
Nə
dönəcəyim...
Bir
gün qapıları arxamca çırpıb
Gedə
bilərəm, səssiz-səmirsiz...
Ya bu
dünyadan,
Ya da həyatından...
Uçacaq
əllərimin silueti...
Xəyalının
Yarıaçıq
pəncərəsindən...
Qaçacaq
ayaqlarımın kölgəsi
Arzularının
kimsəsiz küçəsindən...
Və bir
gün qayıtmayacaq...
("Bağlanma
mənə")
Sətirlərin səmimiyyətindən duyulur ki, bu sevən
obraz nə bu dünyadan, nə də onun həyatından gedər. Çünki
bu, elə-belə sevgi deyil, bu sevgi yaşatmaq
üçündür, bu sevgi mütləq qayıtmaq
üçündür. Həm də axı, şair
ayrılığa dözənə, gedib qayıtmayana
oxşamır:
Mən bu
yükü necə çəkim,
Yetməz
gücüm, yetməz çəkim...
Ayrılığı
kim doğdu, kim?
Gedib
deyim...
"Balan ölsün!"... ("Ölsün")
Ümumiyyətlə,
ayrılığı bu tərzdə təsvir edən poeziya
ayrılığa imkan verən deyil:
Görüşlərin,
ayrılıqların
Tək
ünvanı
Qəlbimiz...
Sən və
Mən...
Yox, ikimiz
-
Ayrılıqlara vida deyən
İki Mən,
İki Sən,
İki Biz... ("Əlvida ayrılıq")
Bu şeirin sərlövhəsi çox maraqlıdır: "Əlvida, ayrılıq". Qəribə orasıdır ki, "əlvida" və "ayrılıq" semantik cəhətdən bir-birinə çox yaxın olduğu halda, müəllif ayrılığın özünə də "əlvida" deməkdədir.
"Sevgi məktubları"nda sevən kəsin yoxluğu, bir gün xatirəyə çevriləcəyi kimi məqamların poetik təssüfü bəlkə də hər kəsin yaşadığı uzaq xatirələrin ülvi ifadəsidir:
Bir gün mən olmasam...
Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?
("Bir gün mən olmasam")
Elçin Mirzəbəylidən ötrü üç nöqtə böyük məzmun daşıyır. Onun az qala bütün şeirlərində üç nöqtənin intensiv iştirakını görürük. Bütün nöqtələr bütün məqamlarda deyilmiş sözün bitməyən akkordu kimi, deyiləcək sözün yarımçıq qalmış, lakin deyilən sözdən qat-qat artıq məzmun daşıyan bir nağıl kimi bizi təsirləndirir, duyğulandırır:
Bir gün mən olmasam...
Dəyişəcəksən...
Bu sətirlərin birincisindəki üç nöqtə sevən kəsin üzülən ümidləri, əslində, daha aydın görünən görünməzliyidir. İkinci sətrin üç nöqtəsi sevən kəsin sevgilisinin dəyişə biləcəyindən yaranan qorxu dolu bir mətləbdir.
Bu üç nöqtə bəzən sətrin əvvəlində, bəzən sonunda olur:
Belə sətirlər bədii söz ustasının hansısa bir hekayəni "və" bağlayıcısı ilə başlamasına bənzəyir: yəni ki, başlanğıcdan əvvəl mənim xeyli sözüm var, amma "özün anla" prinsipidir bu üslub. Elçin Mirzəbəylinin əvvəl, axır üç nöqtələri mətnin arif oxucuya, yalnız arif oxucuya müraciətidir.
...Və haqqında söz açdığım "Sevgi məktubları" bu tipli bədii tapıntıları ilə də çox maraqlıdır. Ruhumuzu oxşayan, sevən bir kəsin duyğularını yerindən oynadan, kimisə ötənlərin sevgi xatirələrinə qaytaran "Sevgi məktubları" təkcə yaradıcılığına deyil, insanlığına da çox hörmət etdiyim bir şairin fəlsəfi düşüncələrinin məhəbbətə söykənən mükəmməl ifadəsidir.
Məmmədli Cahangir
525-ci qəzet.- 2019.- 27 dekabr.- S.14.