Azərbaycan
kitabxanaşünaslığının patriarxı
Azərbaycan elmində məktəb yaradan, yeni cığır açan, böyük elmi kəşflər edən alimlər, ziyalılar
çox olmuşdur və indi də vardır. Ancaq bütöv bir elm sahəsini yaradan, yarım əsrdən çox bir müddətdə onu ayaqda saxlayan, ayrıca bir elm sahəsinin inkişafı
onun adı ilə bağlı olan, bütöv bir elm sahəsinin ağsaqqalı olan alimlərimiz isə çox azdır. Bəlkə bə
barmaqla sayılası
qədərdir. Məhz
belə alimlərimizdən,
ziyalılarımızdan biri
də Azərbaycanda kitabxanaşünaslıq elminin
yaradıcısı, respublikamızda
kitabxanaçılıq təhsilinin
təməlini yaradan alim, bütövlükdə
Azərbaycan kitabxanaçılar
ordusunun ağsaqqalı,
patriarxı və müəllimi olan Əməkdar elm xadimi, Əməkdar mədəniyyət
işçisi, "Şöhrət"
və "Şərəf"
ordenli, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü,
Bakı Dövlət Universitetinin "Fəxri professoru", BMT yanında
Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının akademiki,
tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovdur. Böyük
alimin özünün
yazdığı kimi,
bir vaxtlar "ayaqyalın" Qərbi Azərbaycanın Göyçə
mahalının Cil kəndindən Bakıya gələn gənc oğlan kitabxanaçılıq
ixtisasını seçərkən
heç təsəvvürünə
belə gətirə bilməzdi ki, vaxt gələcək bu sahənin, bu elmin və
bu ixtisasın yaradıcısı, ağsaqqalı
və sözün əsl mənasında
"patriarxı" olacaqdır.
Həmişə həyatda da, elmdə də yeni cığır açmaq və hər hansı bir elm sahəsinin təkamül tarixini yazmaq, formalaşdırmaq həm çox çətin və həm də çox şərəfli
olur və bu yolu tutanlara
şərəf və
böyük uğur gətirir. Məhz Abuzər müəllim
də çətinliklərdən
qorxmayaraq bu yolu tutur və
Azərbaycanda kitabxana
işinin tarixi səlnaməsini yaratmağa
başlayır və bu sahədə namizədlik və doktorluq dissertasiyası müdafiə edir, cild-cild kitablar yazır, tarix yaradanlardan olur. Azərbaycanda kitabxanaşünaslıq elminin təməlini qoyur, banisi olur,
"Abuzər Xələfov
Kitabxanaşünaslıq elmi
məktəbini" yaradır.
Bu gün 100 yaşlı
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq
və İnformasiya fakültəsinin 4 kafedrasında,
respublikamızın aparıcı
kitabxanalarında çalışan
100-dən artıq elmi
kadrların demək olar ki hamısı,
o cümlədən, bu
sətirlərin müəllifi
də Abuzər Xələfov Elmi Məktəbinin yetişdirmələridirlər.
Heç
təsadüfi deyildir
ki, bu gün
Abuzər müəllimi
böyük fəxrlə
"müəllimlər müəllimi",
"Alimlər müəllimi"
adlandırırlar. Bu gün də o, BDU-nun ilk
"Fəxri professoru"
kimi, Azərbaycanda kitabxanaşünaslıq elminin
inkişafına öz
töhfələrini verməkdə
davam edir, kitabxanaşünas, biblioqraf
və kitabşünas
elmi kadrlarının hazırlanması işlərinə
böyük həvəslə
rəhbərlik edir, alimlər ordusunun yetişməsi işində
öz tələbələri
ilə çiyin-çiyinə
çalışmaqda davam
edir, öz elmi bilik və
bacarıqlarını gənclərə
öyrədir.
Professor Abuzər Xələfov
həm də Azərbaycanda kitabxanaçılıq
təhsilinin də təşkilatçısı hesab
olunur. Respublikamızda
yeganə ali kitabxanaçılıq təhsili
verən BDU-nun Kitabxanaçılıq
və İnformasiya fakültəsinin 57 il bundan öncə Filologiya fakültəsinin
nəzdində bir şöbədən müstəqil
fakültəyə çevrilməsi
təşəbbüsü də məhz Abuzər müəllimə
məxsusdur və görkəmli alim 25 il böyük uğurla dekan kimi həmin fakültəyə rəhbərlik
etmişdir. Bu vəzifədə
də o, 10 minlərlə
ali ixtisas
təhsilli kitabxanaçı
kadrlarının hazırlanması
işlərində uğurla
çalışaraq fəal
təhsil təşkilatçısı
olmuşdur. Bu gün həmin fakültənin 4 kafedrasında
çalışan 100-ə yaxın alimin hamısı Abuzər müəllimin yetirmələridir.
Abuzər müəllim 1963-cü ildən
bugünlərədək BDU-nun Kitabxanaşünaslıq kafedrasına
rəhbərlik etmişdir. Onun rəhbərliyi
və xeyir-duası ilə onlarla mütəxəssis dissertasiya
müdafiə edərək
elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
Professor A.Xələfov kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində mütəxəssis, elmi-pedaqoji
kadrların hazırlığında
da əvəzsiz rol oynamışdır.
Ümumiyyətlə, o, Azərbaycanda
kitabxanaşünaslıq elmi
sahəsində xüsusi
elmi məktəb yaratmış, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası
və aktual problemləri ilə bağlı geniş tədqiqatlar aparan 1 elmlər doktoru və 10-dan çox elmlər namizədi (fəlsəfə doktoru) hazırlamışdır. Professor A.Xələfovun tanınmış
yetirmələri sırasında
2 professor - Xəlil İsmayılov
və bu sətrlərin müəllifi,
dosent Elçin Əhmədov, dosent Knyaz Aslan, dosent
Mehmanəli Məmmədov,
dosent Pərviz Kazimi, tarix üzrə
fəlsəfə doktoru
Eldəniz Məmmədov
və digər adları təhsil, elm və mədəniyyət
tarixinə həkk olunmuş çoxlu sayda tanınmış alimlər vardır. Tanınmış alim, eyni zamanda, 25 nəfər elmlər namizədi və elmlər doktorunun hazırlanmasında
elmi məsləhətçi
və ya opponent kimi də xüsusi
fəallıq göstərmişdir.
Professor Abuzər Xələfovun
Azərbaycan kitabxanaşünaslığı
tarixində ən böyük xidmətlərində
biri və bəlkə də birincisi ilk dəfə olaraq Azərbaycanda kitabxana işinin tarixinin tədqiqindən ibarətdir. Qədim şumer tayfalarından başlamış, bu günümüzədək Azərbaycanda
kitabxana işinin tarixini zərgər dəqiqliyi ilə araşdıran böyük
alimin yazdığı
çoxcildlik "Azərbaycanda
kitabxana işinin tarixi" kitabı yarım əsrdən artıq bir müddətdə bütün
kitabxana işçilərinin,
kitabxanaşünaslıq sahəsinin
bütün tədqiqatçılarının
stolüstü kitabına
çevrilmişdir və
neçə-neçə əsrlər
boyu bir neçə kitabxanaçılar
nəslinin yetişməsində
bu əsərlər öz əhəmiyyətli
rolunu oynayacaq və müəllifinə
şərəf və
şöhrət gətirərək,
onu tarixda yaşadacaqdır.
Bu gün milli mənəvi dəyərlərimizin saxlanc yeri, mənəviyyat məbədi hesab olunan Azərbaycan Milli Kitabxanasının tarixinin də ilk tədqiqatçısı məhz professor Abuzər Xələfov olmuşdur və onun "Azərbaycanda kitabxana işinin tarixi" çoxcildliyində Milli Kitabxananın təşkili üçün göstərilən səylər, həmin kitabxananın yaradılması və inkişafının sonrakı mərhələləri böyük fədakarlıqla tədqiq olunmuş və böyük sevgi ilə qələmə alınmışdır. Hətta 2013-cü ildə Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ərəfəsində Abuzər müəllimin "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası" adlı kitabı nəşr olunmuşdur.
Abuzər müəllim həm də dövrün, zamanın fövqündə gedən alimdir, müasir dövrdə kitabxanaşünaslığın qarşısında duran vəzifələrdən, informasiya cəmiyyətində kitabxanaların yeri və funksiyalarında bəhs edən "Kitabxana və cəmiyyət", "Kitabxanaların kompüterləşdirilməsinin əsasları" kimi elmi əsərlərin və monoqrafiyaların da müəllifidir. Yaşının kifayər qədər olmasına baxmayaraq, Abuzər müəllim bu gün də yazıb-yaradır və bu günlərdə ömrünün ən gözəl illərini həsr etdiyi və əbədi olaraq əhdi-peyman bağladığı Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində "Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının 100 illiyi" adlı 270 səhifəlik monoqrafiyası nəşr olunmuşdur.
Professor Abuzər Xələfovdan sonra Milli Kitabxananın tarixinin sonrakı inkişafı dövrlərini tədqiq edən bütün müəlliflər, o cümlədən, dosent Almaz Abbasova və bu sətirlərin müəllifi də öz əsərlərində Abuzər müəllimin tədqiqatlarına əsaslanmışlar və zənnimizcə, hələ bir çox onilliklər ərzində bu ənənə davam edəcəkdir.
Professor Abuzər Xələfov həm də böyük elm və təhsil təşkilatçısıdır və uzun illərdir ki (1972-ci ildən bugünədək), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq" bölməsinin sədridir, kitabxanaçılıq təhsili sahəsində bütün proqramların və digər elmi-metodik materialların hazırlanması işlərinə rəhbərlik etmişdir. Eyni zamanda, uzun müddətdir ki, Təhsil və Mədəniyyət nazirliklərinin Kitabxana şuralarının da üzvüdür və bu gün də bu istiqamətdə fəal çalışmaqdadır.
Abuzər müəllimi əbəs yerə bütün Azərbaycan kitabxanaçılarının ağsaqqalı adlandırmırlar, çünki bu gün ölkəmizin 10 mindən artıq kitabxanalarında çalışanların demək olar ki, böyük əksəriyyəti bu böyük alimin tələbələridirlər, onun xeyir-duası ilə həyata vəsiqə almışlar, elmimizin və mədəniyyətimizin inkişafı yolunda uğurla çalışırlar.
Abuzər müəllimin Azərbaycan Respublikasında təhsilin, elmin və mədəniyyətin inkişafındakı xidmətləri respublikamızın rəhbərliyi tərəfindən, o cümlədən, xalqımızın Ulu öndəri Heydər Əliyev tərəfindən və həm də onun elm, mədəniyyət, təhsil siyasətini böyük uğurla davam və inkişaf etdirən cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirilmişdir. Görkəmli alim Əməkdar mədəniyyət işçisi və Əməkdar elm xadimi fəxri adları ilə, "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif olunmuşdur, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsüdür.
Professor Abuzər Xələfovin 85 illik yubileyi təntənəli şəkildə bütün respublikamızda, o cümlədən, Milli Kitabxanada çox böyük təntənə ilə qeyd olunmuşdur və bu yubiley çərçivəsində keçirilən tədbirlərin birində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Abuzər müəllimi Azərbaycanın "Baş Kitabxanaçısı" adlandırmışdır. Məncə, ölkəmizin 20 minlik kitabxanaçılar ordusunun önündə gedən, hamımızın ağsaqqalı, Azərbaycan kitabxanaşünaslığının patriarxı tarix elmləri doktoru, professor Abuzər Xələfov bu adı ləyaqətlə daşımağa haqqı olan bir alimdir, ziyalıdır.
Mənə
kitabxanaşünaslıq elminin sirlərini
öyrədən və mənim bu səviyyəyə
gəlib çıxmağımda böyük
əməyi olan, mənim elmi
rəhbərim gözəl insan və
ziyalı, cəfakeş və təəssübkeş alim, yorulmaz tədqiqatçı
olan professor Abuzər
Xələfovun ad gününü təbrik edir və
ona uzun və sağlam ömür və
cansağlığı arzulayıram.
Kərim
TAHİROV
Milli
Kitabxananın direktoru, Əməkdar mədəniyyət
işçisi, professor
525-ci qəzet.- 2019.- 27 dekabr.- S.12.