Bir azadlıq əfsanəsi
Keçmiş
günlərdən xatirə-reportaj
...Həmişəki
işıqlı təbəssümü ilə salam
verdi. Təmiz sini qalağına
yaxınlaşdı, birini götürdü, içərisinə
təmiz boşqab, çəngəl, qaşıq qoydu. Sonra da gəlib bizdən arxada - növbədə
dayandı. İndi hünərin var, onu qabağa buraxmaq
istə... Buna əvvəllər cəhd edənlər
olmuşdu. Ancaq razı
olmamışdı. Razı olmamaq bir yana,
xətrinə dəymişdi. Buna görə
kimsə növbəsini ona verməyə bu dəfə də
cürət etmədi. Həmişəki
kimi sırasını gözlədi. Növbə
yetişdi. Tamara xanım (Toma xanım)
qabına yemək çəkənə qədər o,
Xanım xalanın kefini soruşdu, zarafatlaşdı,
güldürdü. Sonra boylanıb boş
stul axtardı, gətirib sinini masaya qoydu. Deyə-gülə
nahar elədi. Eyni qayda ilə gedib
özünə çay süzdü. Gətirib
içdi. Bir az söhbətləşdi.
Sonra yeməyini hələ bitirməyənlərə:
"Nuş olsun" deyib çıxmaq istədi. Bu zaman Xanım xalanın
çağırışına geri döndü.
...Xanım
xalanın 70-80 yaşı olardı. Ancaq
yaşına görə çox gümrahdı. Bir dəfə necə oldusa, Elçin Səlcuqla
sözləri zarafatyana "çəpləşdi".
Elçin dedi: "Xanım xala, sənə Əzrayıl
çoxdan "qayıb" yazır da, hii?!" O da
qayıdıb şirin Bakı ləhcəsində cavab verdi: "Ədə, başın xərəbdü?!
Mən Əzrayıla "qayıb"
yazıram ey. Hanı? Gəlib
çıxmır ki..." Elçinin qəhqəhəsi
bəlkə də Şamil Əzizbəyov küçəsinin
o başında eşidildi. Xanım xala da
ürəkdən güldü. Ağzında
dişi yoxdu deyə, ya da köhnə qaydaya görə
yaylığının ucu ilə yüngülcə
yaşmaqlandı. Hə, bu Xanım xala
redaksiyamızın təmizliyinə baxırdı, nahar
vaxtı da yeməkxanada Toma xanıma kömək edirdi. Toma xanım redaksiyanın sürücüsü
Fazil kişinin həyat yoldaşıydı. Fazil
kişinin də həmişə iki sevimli mövzusu vardı:
maşının mühərriki və beynəlxalq vəziyyət.
Xanım xala da onların qohumu idi.
...Nəcəf
bəy yeməkxananın qapısında dayanmışdı. Xanım xala yemək qazanlarının qoyulduğu mətbəx
masasının arxasından çıxıb ona
yaxınlaşdı. Yaylığının ucu ilə
ağzını örtüb yaşlı insanın səmimiyyəti
və çəkingənliyi ilə dedi:
-
Süpürgəm xərəb olub. Soxaya
qalmış day süpürmür. Fazil də yoxdu ki...
Nəcəf bəy cibindən köhnə Sovet
iyirmibeşliyini çıxardı (o vaxt hələ Sovet
İttifaqı dağılmamışdı).
Xanım xala bir iyirmibeşliyə, bir də Nəcəf
bəyə baxdı. Gözlərini yerə zillədi:
- Yoox,
axı bu, çoxdur...
- Sən
bunu götür, get, elə süpürgə al ki, lap
yaxşısı olsun. Dağılmasın.
Özü süpürsün, heç sənə
əziyyət verməsin.
İkisi də bir-birinə baxıb güldülər. Hamı gülüşdü.
Xanım xalanın gözləri yaşardı: "Allah səni
saxlasın" deyib iyirmibeşliyi aldı, içəri
keçdi.
Nəcəf
bəy süpürgənin qiymətindən ən azı 25
qat çox pulu elə şirinliklə, elə ədəblə
Xanım xalaya verdi ki... Hamı
bu pulun Xanım xalaya kömək üçün verildiyini
bildi. Ancaq bunu elə tərzdə elədi
ki, Xanım xala bundan sıxılmasın. Başqası
başqa vaxt bir manat artıq pul versəydi, Xanım xala
götürməzdi. Ancaq bu gənc adam
o pulu tənha, yoxsul və yaşlı qadına verəndə
elə xoş aura yaratdı ki, Xanım xalaqarışıq
hamı az qala elə bildi ki, süpürgənin qiyməti elə
bu qədərdir və özü süpürür, Xanım
xalaya da əziyyət olmayacaq.
...O aralar
Nəcəf bəyin kefi çox kök idi. İkinci
qızı dünyaya gəlmişdi. Səhər
iclaslarında da zarafatlarından qalmırdı. Bir gün iclasda Elçin Səlcuq həmişəki
kimi yenə coşmuşdu. Nəcəf bəy
də körpə qızına aldığı
oyuncağı əlində oynada-oynada Elçinə qulaq
asırdı. Elə oyuncaqlar olur axı.
Uşaq ağlayanda silkələyirsən, səs
çıxarır, uşaq sakitləşir. Hə, Elçinin çıxışı
kulminasiyaya çatanda Nəcəf bəy əlindəki
oyuncağı Elçinə tərəf tutub sanki ağlayan
körpəni sakitləşdirirmiş kimi yellətdi. Elçin sözünü yarımçıq
dayandırıb bir anlıq duruxdu. Sonra qarnını
tutub necə qəhqəhə çəkdisə, az qaldı stuldan yıxıla. Sonra da zarafatyana
"ciddiləşib": "Nəcəf bəəəy, mənim
başımı oyuncaqla aldadırsan, bə niyə?!
Hii?!" dedi və iclasdakıların gülüşündən
redaksiya binası silkələndi az qala.
Elçin Nəcəf bəyə "sən" deyə
müraciət edirdi. Bir dəfə səbəbini
soruşmuşdum. Gülüb dedi: "Biz dava
yoldaşıyıq da bə". Hansı dava?
Nə davası? Bunun da
tarixçəsi varmış. "Azadlıq"
təzə-təzə çıxan vaxtlarda indiki "Azərbaycan"
Nəşriyyatının mətbəəsində hələ
də köhnə kommunist təfəkkürü ilə qəzetin
nəşrinə öz aləmlərində çətinlik
yaratmaq istəyənlər olmuşdu. Bir dəfə
mətbəədə çapçılardan biri ilə Nəcəf
bəyin sözü düz gəlmir. Mübahisə az qala əlbəyaxa davaya çevriləcəkmiş
kimi bir yerə gəlib çıxır. Nəcəf bəy
mədəni adam, sülh adamı. Elçin Səlcuq da ki davakar. Yeriyir
qabağa və Nəcəf bəyin "əvəzindən"
çapçıya öz yerini yumruqla göstərmək istəyir.
Nəcəf bəy mane olur. Hətta
Elçindən küsür, hirslənir də. İnsident yatışandan sonra aralarında
maraqlı dialoq olur.
Nəcəf
Nəcəfov:
-
Elçin, sən niyə bizim söhbətimizə
qoşulursan?
- Nəcəf
bəy, nə söhbət?! Adam dava-dava deyir.
Onu yerində oturtmaq lazımdı axı...
Nəcəf
Nəcəfov:
-
Tutalım, lap davadır. Ona mənim
gücüm çatmır bəyəm?! Sən
araya girəndə olur iki adamın bir nəfəri təkləməyi.
Bu da düzgün deyil axı.
Elçin
bunu mənə danışmışdı: "Nəcəf
bəy sonuncu cümləni deyəndə qaşları
çatılmışdı, mənə hirslənmişdi. Çox gərgin idi. Cümləsini
bitirib dayandı. Qəfildən mənim
çiynimi qucaqladı, bir-birimizə qoşulub gözlərimizdən
yaş gələnə qədər güldük. O vaxt
mənə elə gəldi ki, Nəcəf bəy daxilən hələ
də bir körpə uşaqdır".
Bəli, içində bir körpə uşaq səmimiyəti
var idi. Ancaq çox da inadkar, doğru bildiyindən dönməyən
adamdı. Belə bir işıqlı, səmimi,
mehriban insan haqsızlığa qarşı çox
dözümsüz idi. Mənim
yaxşı yadımdadır ki, qəzetin təsisçisi
olan təşkilatın - Azərbaycan Xalq Cəbhəsinin sədrinin
sürücüsü "Azadlıq" qəzetinin siyasi
şərhçisi İsrail Musayevə qarşı fiziki
zorakılıq tətbiq etmişdi. Nəcəf
Nəcəfov buna görə təşkilatın rəhbərliyi
qarşısında tələb qoymuşdu ki, İdarə Heyəti
bu insidentə münasibət bildirsin. Həmin
sürücü də İsraildən üzr istəsin.
Hətta bu münasibət bir qədər gecikdiyinə görə,
qəzetdə Xalq Cəbhəsini - "Azadlıq" qəzetinin
təsisçisini davamlı tənqid edirdi, etiraz əlaməti
olaraq qəzetin bir səhifəsini ağ
buraxırdı. Eyni mövqeni AXC-nin əsas fəallarından
biri, sonralar Elçibəy hökumətində daxili işlər
naziri postunu tutan İsgəndər Həmidovla Hikmət
Hacızadə arasındakı münaqişə zamanı da
sərgiləmişdi Nəcəf bəy. Sonralar
İsgəndər Həmidov daxili işlər naziri olanda onun
haqqında tənqidi yazılarıma görə
özünü "Boz Qurd" adlandıran bir qrup polis
işçisi redaksiyamızın qarşısına gəlib...
etiraz piketi (!) keçirmişdi. DİN-in
Baş İdarə rəislərindən biri, məşhur
"Lətifə" filminin dialoqlarının müəlliflərindən
və quruluşçu rejissorlarından biri olan Nizami Musayev
piketin qətnaməsini oxudu və redaksiyaya təqdim etdi.
O zaman da Nəcəf bəy məni müdafiə etdi:
"Jurnalistin yazdığı yazı haqlıdır". Özünün də təmsil olunduğu hökumətin
o zaman qılıncının qəbzəsi də kəsən
daxili işlər nazirinin qarşısından nəinki geri
çəkildi, əksinə, onun üstünə getdi.
Daha sonra Nəcəf bəy İsgəndər Həmidovla
bir də qarşı-qarşıya gəldi. İsgəndər Həmidov "Ayna" -
"Zerkalo" qəzetinin əməkdaşı Cahangir
Hüseynovu döymüşdü. Nəcəf
bəy bütün jurnalistləri "Azadliq" qəzetinin
həyətinə topladı. İsgəndər
Həmidov üzərində faktik "media məhkəməsi"
qurdu. İsgəndər Həmidov özü də ora gəlmişdi:
"Mən onu nazir kimi deyil, İsgəndər kimi
vurmuşam" dedi. Bu sözlər Nəcəf
bəyi lap qəzəbləndirdi. O, son nöqtəyə
qədər jurnalistlərin, mətbuatın arxasında
dayandı. "Azadlıq" və Nəcəf
Nəcəfov həmin dönəmlərdə medianın,
jurnalistlərin arxası, dayağı idi; Nəcəf bəy,
indiki dillə desək, insan hüquqları üzrə müvəkkil
idi. O zaman, təbii ki, belə bir təsisat yox idi hələ.
Ancaq Nəcəf Nəcəfov öz təmiz və
prinsipial ziyalı şəxsiyyətinin gücü ilə
faktiki olaraq ombudsman olmuşdu. Təbii, özünün
qurduğu və qoruduğu "Azadlıq" qəzeti ilə
birlikdə...
Çox
çətin günlərdən biri... 1991-ci il
avqustun 19-u. Hamımız "Azadlıq" qəzeti redaksiyasının
həyətində toplaşmışıq. Moskvada
Prezident Mixail Qorbaçova qarşı çevriliş olub.
Ordunun və başqa güc strukturlarının
rəhbərləri müvəqqəti hökumət elan edib.
Vitse-prezident Gennadiy Yanayev mətbuat
konfransında Prezident səlahiyyətlərini öz üzərinə
götürdüyünü deyib. Ətrafında kimlər
var - müdafiə naziri, marşal Yazov, daxili işlər
naziri Puqo, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri
Kryuçkov...
"Bura qədərmiş, axşama qalmaz, bizi həbs
edəcəklər", dedik. Çünki Azərbaycan
Prezidenti Ayaz Mütəllibov da həmin hərbi-saray
çevrilişini dəstəkləmişdi. Bunun nəticəsi olaraq avqustun 23-də AXC-nin qərargahına
polis əməliyyatı olacaqdı, Elçibəy başda
olmaqla bir sıra təşkilat rəhbərləri xəsarət
alacaqdı. Qərargah zəbt ediləcəkdi.
Buna hələ üç gün var idi. Nəcəf bəy həyətdə bizi
başına toplayıb dayanmışdı; bizi həbs edəcək
polisləri gözləyirdik. Bir yandan da
uşaqlar deyirdi ki, kompüterləri evlərdən birinə
aparaq, qəzeti çıxaraq. Nəcəf
bəyin üzündə kədər də var idi, təbəssüm
də. Bu mənzərə mənim
yadımdan çıxmaz. Hamımız
onun üzünə baxırdıq. "Nə
edək?! Nə olacaq?!" suallarına Nəcəf
bəyin gözlərində cavab tapmaq istəyirdik. O isə
elə hey düşünürdü. Biz öz
aramızda müzakirə edirdik. Hərə
bir söz deyirdi. Artıq hər şeyin
bitdiyini, qəzetin bağlanacağını, Nəcəf Nəcəfov
başda olmaqla hamımızın türməyə gedəcəyimizi
deyirdik. "Bir formada evdəkiləri başa salmaq
lazımdır ki, hazırlıqlı olsunlar" dedi kimsə.
Nəcəf bəy bu deyilənləri sanki
eşitmirdi; gözlərini yerə zilləmişdi,
düşünürdü. Birdən canlandı,
başını qaldırıb eyni kədərli və təbəssümlü
ifadə ilə bizə baxdı:
- Yox!
Hamı
duruxdu, bir-birimizə baxdıq: "Nə "yox"?!"
- Yəni
qəzet bağlanmayacaq?! - səhv etmirəmsə,
Elçin sanki ortalığa soruşdu.
Nəcəf
bəyin növbəti replikası da çaşbaşlıq
yaratdı:
- Həbs
də ola bilər, bağlaya da bilərlər,
ancaq...
"Ancaq nə?!" sualını dilə gətirən
olmadı, ancaq əminəm ki, hamının beynindən
keçdi.
- Ancaq bu,
uzun sürməyəcək. Əlləri əsir.
Yanayevin əlləri əsir. Onlar hakimiyyəti götürə bilməyəcəklər.
Götürsələr də, saxlaya bilməyəcəklər.
Və Napoleon
Bonapartın bu sözləri ilə son nöqtəni qoydu:
"Süngü hər şeyə yarayır, təkcə
üzərində oturmaqdan başqa"...
İki gün keçdi. Bizi həbs etmədilər,
qəzet bağlanmadı, "QKÇP" adlanan hərbi
xunta məğlub oldu.
Ancaq o
gündən 8 il sonra Nəcəf Nəcəfov
bu dünyadan getdi. Başqa Nəcəf
qalmadı. Sonrakı illərdə çox jurnalistlərlə,
mətbuatla bağlı çox şeylər yaşandı,
çox hadisələr oldu...
"Azadlıq" da bağlandı...
"Yaşasaydı, 30 yaşı
olacaqdı" dediyimiz qəzet...
Bahəddin HƏZİ
525-ci qəzet.- 2019.- 27 dekabr.- S.13.