Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı təqdim olundu

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı Yunus Oğuzun "Səfəvi Şeyxi" tarixi romanının təqdimat mərasimi keçirilib. Tədbirdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat, incəsənət xadimləri, oxucularmedia nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə yazıçı, kitabın bədii redaktoru, aparıcı Elçin Hüseynbəyli açaraq deyib ki, Yunus Oğuzun Azərbaycan tarixi romançılığımızda özünəməxsus yeri var: "O, uzun müddətdir tarixi romanlar yazır. Bu fəaliyyətə "Nadir şah"la başlayıb. "Səfəvi şeyxi" romanı bir müddətdir ki, işıq üzü görüb. İlk təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasında olmuşdu. Bu romanın özəlliyi ondan ibarətdir ki, burada Şeyx Cüneyddən üzü bəri səfəvilərin həyatı göstərilib, sufi anlayışı akademik şəkildə açılıb. Təsadüfi deyil ki, roman çıxar-çıxmaz Nizami Cəfərov, Tehran Əlişanoğlu və başqaları kimi tanınmış qələm adamları haqqında resenziyalar yazdılar".

Sonra söz AYB-nin sədri, Xalq yazıçısı Anara verilib: "Yunus Oğuz təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının tarixinə müraciət edir. Azərbaycan tarixinə aid əsərləri isə Azərbaycanın ən mühüm dövrlərini əhatə edir. O cümlədən, Səfəvi haqqında romanı. Səfəvilər Azərbaycan tarixinin ən önəmli dövrünü təşkil edir. Romanın əhəmiyyəti ondan ibarətdir ki, Səfəvi dövlətinin hansı dini, fəlsəfi, nəzəri ideologiyadan yarandığını göstərir. Burada göstərilir ki, türklər irfan təlimlərini çox yaxşı biliblər. Bu dövlət mühüm nəzəri əsaslarla yaranıb. Eyni zamanda, Səfəvi dövlətinin dini, ideoloji, fəlsəfi əsaslarının hardan gəldiyi də göstərilir. Mən Yunus Oğuza bundan sonrakı yaradıcılığında da uğurlar arzu edirəm".

AYB-nin katibi Rəşad Məcid çıxışında deyib ki, Yunus Oğuzun bu əsərlərinin əsasında tarixi-publisistik yazıları durur: "Yunus Oğuzla uzun illərdir ki, tanışıq, müxtəlif ölkələrdə səfərlərdə olmuşuq. O, Azərbaycanın, Türk dünyasının tarixiylə bağlı özünün çoxyönlü biliyiylə məclislərdə hər kəsi heyrətə salır. O, publisistik yazılarla başladığı bu yolda sonradan bədii əsərlərlə davam etdi. "Atilla" adlı ilk pyesisonradan tarixi romanları cəmiyyətimizdə rezonansa səbəb oldu. "Nadir şah" romanıyla Yunus Oğuz diqqəti öz üzərinə çəkdi, roman ətrafında müsbət də, mənfi də fikirlər oldu. Ondan sonrakı fəaliyyətində, bədii yazılarında da Yunus Oğuz tarixlə bağlı öz mükəmməl biliklərini göstərir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, yazıçı, publisist Səyyad Aran kitab haqqında geniş məlumat verib: "Tarixi əsər yazmaq nisbətən çətindir. Çünki bu, müəllifdən bədii istedaddan əlavə, güclü tədqiqat tələb edir. Mən əminəm ki, hər hansı Azərbaycan oxucusu Yunus Oğuz adını eşidəndə ilk növbədə ağlına tarixi romanlar müəllifi gəlir. Bütün bunların hamısı onun ədəbiyyatımızdakı yerini artıq möhürləyib".

AYB-nin Ədəbiyyat Fondunun direktoru, yazıçı Əjdər Ol çıxışında bu işin davamlı, silsilə halında olmasını arzulayıb: "Hər şey ideologiyadan başlanır və ideologiyaya bağlanır. Yunus Oğuz bu romanında onu ön plana çəkib. Ümumiyyətlə, Yunus Oğuzun romanları çox sürətlə, asan oxunur. Arzu edirəm ki, bu cür kitabların sayı çoxalsın. Yunus Oğuzun tarixə klassik münasibəti var. Əgər bu işi silsilə kimi düşünsək, onda Yunus Oğuzun hələ çox işi var".

Daha sonra qonaqlardan Əhməd Qəşəmoğlu, Qulu Ağsəs, İlqar İlkin, Müşfiq Ələsgərli, Tahir Aydınoğlu və başqaları çıxış edərək yeni kitab münasibətilə müəllifi təbrik edib, roman haqqında müsbət fikirlərini bölüşüblər.

Sonda müəllif Yunus Oğuz kitabın təqdimatına şərait yaradan AYB rəhbərliyinə, çıxışçılara və qonaqlara təşəkkürünü bildirib, kitablarını iştirakçılar üçün imzalayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 27 dekabr.- S.9.