İsveçdə yaşayan Nərgiz Qazi "Ülvi Bünyadzadə-50" müsabiqəsində mükafat qazanıb

 

 

"525-ci qəzet"in 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda elan etdiyi şeir esse müsabiqəsinin qalibləri müəyyən olunub.

Professor Cahangir Məmmədli, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə "525-ci qəzet"in baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin münsifliyi ilə seçilən qaliblər arasında hazırda İsveçdə yaşayan, tanınmış yazıçı Vahid Qazinin qızı Nərgiz Qazi var. Nərgiz Qazi müsabiqədə üçüncü yeri tutub. Qəzetin baş redaktoru Rəşad Məcid deyib ki, müsabiqənin təltifetmə mərasimi 20 Yanvar ərəfəsində olsa da, həmin vaxt Nərgiz Qazi Azərbaycanda olmayacağı üçün onun mükafatı diplomu indidən qəzetin redaksiyasında özünə  təqdim edilib.

Mərasimdə münsiflər müsabiqə haqqında fikirlərini bölüşüblər. Professor Cahangir Məmmədlideyib: "Məni sevindirən məsələ o oldu ki, qısa müddətdə müsabiqədə çox sayda müəllif iştirak etdi. Burada janr müxtəlifliyi var idi. Yazılarda, şeirlərdə vətəndaşlıq hissi, vətən sevgisi əks olunub. Hər kəsin vətən sevgisiylə döyünən ürəyi sanki Ülvinin ruhu ilə birlikdə idi. Hər sətrin başında Ülvi vardı. Amma Ülvi orada bir fondur. Əsas duyğu vətənpərvərlik idi. Vətən, vətəndaşlıq, Ülvi qəhrəmanlıq haqqında bu yazıların hər biri mənim ürəyimcə oldu".

Könül Bünyadzadə şəhid şairin xatirəsinə göstərilən diqqət ehtirama görə "525-ci qəzet"ə öz təşəkkürlərini bildirib: "Əslində, mən həmişə deyirəm ki, Ülvi Bünyadzadə təkcə bir ailənin yox, böyük bir ölkənin övladıdır. Onun yazdıqları 20 yaşlı bir gəncin yox, vətənini sevən bir vətəndaşın yazılarıdır. Onun adına müsabiqənin elan olunması da təqdirəlayiq bir addım idi. Buna görə "525-ci qəzet"ə təşəkkür edirəm. Bu qəzet hər zaman gənclərə dəstəkdir, onlara tribunadır, müqəddəsliyə xüsusi yer ayıran həmişə o müqəddəsliyi baş tacı edən bir qəzetdir. Yazılara gəlincə, çox fərqli yazılar var idi. Bunların hər birində vətənini sevən bir şəxsin, gəncin düşüncələri, hissləri vardı. Mən esseyə daha həssas yanaşıram. Çünki burada insan düşündüklərindən çox, hiss etdiklərini yazır. Deməli, Ülvi burda onlara içlərindəki vətənlə bağlı hissin oyanmasına kömək etdi. Bu baxımdan mən o gənclərin adına da sevinirəm". 

Seyfəddin Hüseynli müsabiqənin məhz gənclərin iştirakilə keçirilməsinin əhəmiyyətini vurğulayıb: "İştirakçıların böyük əksəriyyəti 1990-cı ildən sonra doğulanlardır. Deməli, onlar 20 Yanvar hadisəsi barədə sonradan eşidib, faciənin mahiyyəti şəhidlərimiz haqqqında böyüklərdən, qəzet kitablardan məlumat alıblar. Yəni ki, bu mövzularda onlara ötürülən yaddaş materialları həm dolğun, həm dəqiq olub. Ona görə gənc müəlliflərin yaxın tariximizə, 20 Yanvar qırğınına, şəhidlik vətənsevərlik anlayışlarına münasibəti dürüstdür, arzuolunan səviyyədədir. Müsabiqəyə təqdim etdikləri esselər, şeirlər sayəsində onlar da bu yaddaşı həm öz gənc müasirlərinə, həm gələcək nəsillərə çatdırmış oldular ki, bu da son dərəcə təqdirəlayiq işdir".  

Mükafatçı Nərgiz Qazi bu müsabiqədən çox gec, hətta sonuncu gün xəbər tutduğunu deyib: "Müsabiqə şənbə günü gecə bitməli idi. Mənsə bunu cümə gününün axşamında atamdan eşitdim. Hətta atama şikayət elədim ki, bunu mənə niyə tez deməmisən. Çünki elə bir vaxt idi ki, işlərim həddindən artıq çox idi.

Mən yazılar yazıram. Artıq illərdir İsveçdə yaşasaq da, ürəyim, düşüncələrim Azərbaycandan qopmayıb. Yazılarımda da bu var. Bu yaxınlarda Azərbaycan qadınları, eləcə İsveç qadınlarıyla bağlı yazdığım bir yazı orada müsabiqədə uğur qazandı.

Həmin gün işə getdim, elə hey düşünürdüm ki, mən yazım. Nəsə fərqli bir şey yazmalı idim. İş yerimdə xalçaların olduğu bölüm var. Orada İsveç xalçalarıyla yanaşı, İran xalçaları da var. Onlar həmişə mənim yadıma kəndimizdə nənəmin divara asdığı xalçanı xatırladır. Həmin gün düşüncələrlə işdə dolanarkən o xalçaların yanından keçdim sanki həmin duyğuların içərisinə girdim, yazı öz-özünə gəldi. Araşdırma, digər insanlardan bəzi faktları dəqiqləşdirmə, redaktə işləri isə bir az vaxt apardı mən İsveç saatıyla gecə yarısında yazını müsabiqəyə göndərdim.

Ülvi haqqında atamdan eşitmişdim. Həyatı, şeirləri ilə az-çox tanış idim. Sonradan da atam bir neçə şeirini oxudu. Onun vətənlə bağlı həmin şeirləri mənə çox doğma gəldi.

İsveçdə yaşadığım şəhərdə BMT-nin yerli bölməsinin sədri seçilmişəm. Tez-tez müsabiqələrdə, konfranslarda, layihələrdə iştirak edirəm. Əsasən söhbətlərim Azərbaycan, Qarabağla bağlı olur. Çalışıram vətənimi, Qarabağ problemimizi orada təbliğ edib. Çünki BMT-nin Qarabağa dair qətnamələri, təəssüf ki, yerinə yetirilmir. Mən pianoda ifa edə bilirəm, bir musiqi müsabiqəsində Tofiq Quliyevin "Sənə qalmaz" əsərini səsləndirmişdim. O qədər bəyənilmişdi ki, dünya klassikləri bir kanarda qalmışdı, hər kəs Tofiq Quliyevi müzakirə edirdi".

Qeyd edək ki, qəzetimizin növbəti sayında "Ülvi Bünyadzadə-50" esse şeir müsabiqəsinin digər qaliblərinin adları açıqlanacaq. Bütün qalibləri öncədən təbrik edirik!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 27 dekabr.- S.9.