"Jurnalistikada peşəkarlıq
istedadla yanaşı, mənəvi keyfiyyətləri də əhatə
edir"
QULU MƏHƏRRƏMLİ:
"BUGÜNKÜ TƏLƏBƏLƏRİN
TƏNBƏLLİYİ, AZ MÜTALİƏ
ETMƏLƏRİ MƏNİ NARAHAT EDİR"
Müsahibimiz Bakı Dövlət Universitetinin professoru,
tanınmış telejurnalist Qulu Məhərrəmlidir.
- Qulu
müəllim, uzun illərdir ki, praktik jurnalistika fəaliyyəti
ilə yanaşı, dərs deyirsiniz, pedaqoqsunuz, tələbələrin
sevimli müəllimlərindənsiniz. Ümumiyyətlə,
Qulu Məhərrəmli tələbələri ilə
münasibətləri necə qurur?
- Bu məsələyə
hər müəllimin öz yanaşması ola
bilər. Mənə görə, dərs dediyin,
nəyi isə öyrədib bilik vermək istədiyin tələbə
sənə inanmalıdır, sən də
qarşındakı tələbəni bir şəxsiyyət
və gələcək həmkarın kimi görməlisən.
Auditoriyaya bu prinsiplə girirəm və o səbəbdən
də tələbələrlə çox vaxt münasibətlərim
yaxşı alınır. Əlbəttə,
tələbələrin də hamısı eyni deyil,
çalışqanı da var, başgirləyəni də, hətta
yaxşı tərbiyə almayanı da. Ona
görə də qarşılıqlı münasibət məsələsində
çox şeyi tələbənin davranışı həll
edir. Bəzən elə müəllim olur ki, xüsusi cəhdlə
və davamlı güzəştlərlə daim tələbələrin rəğbətini
qazanmağa çalışır. Mən bunu
müəllim üçün yanlış tərz hesab edirəm.
Tələbənin yaxşı və ya pis münasibəti müəllimin
fəaliyyətini qiymətləndirmək üçün əsas
kriteriya ola bilməz. Onsuz da dərslərin,
xüsusən praktik məşğələlərin
gedişində müəllim və tələbə
arasında münasibət yaranır, bir-birlərini
yaxından tanıya bilirlər. Tələbə dərk
edəndə ki, müəllim ona bilik vermək, həyatın
sınaqlarına hazırlamaq istəyir, o zaman mütləq səninlə
dostlaşır, amma bunu anlamırsa, heç nə!
- 1970-ci
illərin ortalarında Jurnalistika fakültəsində təhsil
almısınız. Sizin tələbəlik illərinizdəki
gəncliklə bugünkü tələbələri müqayisə
edə bilərsinizmi?
- Almanlar
demişkən, bütün müqayisələr qüsurludur,
amma bəzən onsuz keçinmək olmur. İndiki
tələbələr daha informasiyalıdırlar,
sözün yaxşı mənasında ayıqdırlar.
İctimai idealı olanlar azdır, praqmatik
davranır və öz maraqları çevrəsində hərəkət
edirlər. Utanmaq, çəkinmək deyilən
şey yoxdur. Bunların hamısı
informasiya mühitinin yetişdirdiyi gənclərdir. İndiki jurnalist tələbələrin sərbəst
davranışlarını, açıqfikirliliyini, texnoloji
bacarıqlara yiyələnmələrini müsbət qiymətləndirirəm.
Öz fikrini açıq şəkildə deməkdən
çəkinməyən, müəllimlə sağlam
polemikaya girən tələbələr mənim
üçün çox qiymətlidir. Bizim
dövrümüzdə müəllimlərdən bir az çəkinirdik, amma çox işgüzar
idik. Amma bugünkü tələbələrin tənbəlliyi,
az mütaliə etmələri məni narahat
edir. Tələbələrin bir qisminin verilən praktik
tapşırıqları yerinə yetirməyə can çəkmələrindən
və bir də seçdikləri peşəni dərindən
öyrənməyə can atmamalarından çox məyusam.
- Uzun illərdir
mediada fəaliyyət göstərən bir peşəkar
jurnalist kimi bu peşə sizin üçün nə ifadə
edir?
- Jurnalist
peşəsi mənim üçün ilk növbədə həqiqət
hissini, cəmiyyətə, ictimai maraqlara xidməti, təbii
ki, həm də ləyaqət və dürüstlüyü
ifadə edir. İndi bizim cəmiyyətdə bu
peşənin nüfuzdan salınmasına baxmayın,
jurnalistlik dünyada ən şərəfli peşələrdən
biri sayılır. Hansısa siyasi partiyanın, məmurun,
qrupun nəzarətindən azad, cəmiyyətə xidmət
edən ruhlu jurnalist olmaq çiynində ictimai yük
daşımaq deməkdir. Bizim ən
böyük vətəndaşlığımız
jurnalistikanın əsas prinsipinə əməl etməkdir, yəni
həqiqəti demək, həqiqəti yazmaq və onun
yanında olmaqdır.
- Peşəkar
jurnalist olmaq üçün universitetin jurnalistika fakültəsinin
məzunu olmaq mütləqdirmi?
- Xeyr,
bunun üçün jurnalistikanı qurtarmaq mütləq
deyil, amma bu sahənin qızıl qaydalarını bilmək
vacibdir. Əslində, peşəkarlıq
jurnalist praktikasından gələn anlayışdır.
Burada elə nüanslar var ki, onu auditoriyada
öyrənə bilmirsən, amma istehsalat bu boşlugu doldurur.
Peşəkarlıq mənim üçün fəaliyyət
sahəsindən irəli gələn tələb və prinsiplərə
yüz faiz əməl etməkdir. Özünü
peşəkar hesab edən adam heç vaxt
razı olmaz ki, onun əlindən pis məqalə, pis qəzet
nömrəsi, yaxud zay televeriliş çıxsın. Bizim sahədə peşəkarlıq istedad və
bacarıqlarla yanaşı, həm də mənəvi keyfiyyətləri,
o cümlədən, əxlaq və ləyaqəti də əhatə
edir. Elə adamlar var ki, yaxşı
yazır, istedadlıdır, işi, istehsalatı da
yaxşı bilir, amma mənəvi siması yoxdur. Yalan yazmağın, istedadla yaltaqlanmağın, etik
qaydaları pozmağın peşəkarlıqla əlaqəsi
yoxdur. Bax bunlardan uzaq olmaq üçün
sən jurnalistikanı ruhunla duymalı, onun prinsiplərinə
əməl etməlisən. Təbii ki, bunları dərk etmək
üçün jurnalist təhsilinin də rolu var.
- Cəmiyyətdə
baş verən bəzi məsələlərə tənqidi
münasibətiniz hərdən səs-küyə səbəb
olur. Bəs özünüz tənqidə məruz
qalırsınızmı?
- Bəzən
ekranda və cəmiyyət həyatında elə zərərli
proseslər görürsən ki, sadəcə, susmağa
adamın vicdanı yol vermir. Xüsusən
qeyri-peşəkarlığa, ciddi bir işdə özfəaliyyət
davranışa, ictimai əxlaqın pozulmasına, dəyərlərin
tapdalanmasına göz yummaq olmur. Bilirsiniz,
tənqid acı dərman kimidir. Bu dərman
xəstəni sağaltdığı kimi cəmiyyətə
də şəfa verə bilir.
Təəssüf ki, bizdə o acı dərmanı
çoxları qəbul edə bilmir. Bunlar
anlamaq istəmirlər ki, tənqid olmasa, cəmiyyət
inkişaf edə bilməz. Deyim ki, tənqid etmək asan
iş deyil. Bəzi insanlar haqlı tənqiddən
qıcıqlanır, səndən intiqam almaq istəyir, əllərinə
keçən ilk fürsətdəcə sənə hücum
edirlər. Hətta səni məhkəməyə
verib uduzanlar da olur. Əlbəttə,
hamı tənqidə qarşı bu düşüncədə
deyil, bəzən ağıllı adamlarla da
rastlaşırsan ki, tənqidə görə sənə səmimi
minnətdarlıq edir. Bu mənada mən
özüm də obyektiv və qərəzsiz tənqidi normal
qəbul edirəm. Amma söhbət
sağlam, işə kömək edəcək qərəzsiz
tənqiddən gedir. Tənqidlə təhqiri
qarışdırmaq olmaz.
- Bir qədər
də Azərbaycan teleməkanının bugünkü durumunu
təhlil etməyinizi istərdik. Hazırda
televiziyaların mənfi və müsbət tərəfləri
hansılardır?
-
Televiziyalarımızın son 10-15 ildə ciddi
yaradıcılıq böhranı keçirir. Düşük
şou proqramlarının artması, ekranda ciddiliyin itirilməsi,
ucuz təbliğatın və bayağılığın
çoxalması, insan talelərinin şouya çevrilməsi,
maarifçi proqramların yoxa çıxması, əyalət
təfəkkürünün qabarması, forma və məzmun
kasadlığı TV-lərimizin ciddi nöqsanlarıdır.
Daha pisi son illərə qədər
durğunluğun və sükunətin mövcudluğu idi.
Amma artıq bəzi televiziyalarda müəyyən dirçəliş
hiss olunur. Məsələn, İTV-də
maraqlı layihələr yayımlanır, ictimai müzakirələr
çoxalıb, maraqlı forma dəyişikliyi var,
verilişlərdə cəmiyyəti düşündürən
problemlər qabardılır. Hiss olunur ki, bu telekanala
baxanların sayı artır. AzTV-nin özündə də
müəyyən yenilənmə havası duyulur,
intonasiyanı dəyişməyə can atırlar.
- Sizcə,
bu dəyişikliklər sosial şəbəkələrə
meyl salmış kütləvi tamaşaçı
axınını geri qaytara biləcəkmi?
-
Bilirsiniz, əsas məsələ odur ki, mahiyyət dəyişsin.
Mahiyyət dəyişməsə, heç nə
dəyişməyəcək. Kosmetik dəyişikliklər
çox qorxuludur, tamaşaçı
aldandığını hiss edəndə ekrandan üz
döndərir.Televiziya maraqlı olsa, xüsusən də,
ictimai müzakirə proqramları, gerçək müzakirələr
olsa, bizdə sosial şəbəkələrə bu qədər
meyl yaranmaz. Niyə Avropada sosial şəbəkələr
bu qədər dəbdə deyil? Çünki
insanlar istədikləri informasiyanı televiziya kanallarından
əldə edə bilirlər. Bizdə isə
internet məkanı, o cümlədən, sosial şəbəkələr
böyük bir zibilxanadır, burada yaxşıları
görmək çətin olur. İndi də
bura çevrilib siyasi mübarizə meydanına. Hesab edirem ki, televiziyalar öz fəaliyyətlərini
yaxşılaşdırmaqla həmin auditoriyanı sosial şəbəkələrdən
ayırıb özünə cəlb edə bilər. Cəmiyyəti düşündürən problemləri
açıq müzakirə edəndə ondan cəmiyyət,
hakimiyyət və dövlət çox şey qazanır.
- Bəzən
insanlar doğruları deyəndə yanlış
anlaşılırlar. Sizcə, bu nə ilə əlaqədardır,
bunu necə önləmək olar?
-
Mövlanənin bir sözü var ki, doğruları demək
mütləqdir və doğrudur, amma hər doğrunu hər
yerdə demək doğru deyil. Bəzən təsadüfi
hadisələr baş verir, televiziya onu ekrana gətirəndə
ictimai davranış üçün mənfi mesajlar verir.
İnsanlar da neqativlərə çox meyllidirlər.
Onlar dərhal pisi yamsılamağa
çalışırlar. İnsanlar
düşüncələrini ifadə etməkdə çəkinməməlidir.
Bu düşüncələr də həmin
proseslərə kömək etməlidir. Bəzən
öz fikirlərini açıq deyən adamları
"demaqoq" adlandırırlar. Əgər
sizin danışmaq imkanınız varsa, mütləq həqiqətləri
deməlisiniz. Belə olanda həm
vicdanınız qarşısında rahat olursunuz, həm də
cəmiyyətdə hər hansı problemin həllinə
yardım edirsiniz. Yəni necə
anlaşılmasından asılı olmayaraq, ictimai faydası
varsa, həqiqəti deməlisiniz.
- Müsahibələrinizdən birində kanallarda mövcud Bədii şuraların fəaliyyətindən narazı olduğunuzu bildirmisiniz. Onların formal olduğunu deməyinizə əsas verən səbəblər hansılardır?
- Məsələn, özəl televiziyaların hər birində guya Dil şuraları var. Bu, tamamilə formal, ictimaiyyətin gözünə kül üfürmək üçün yaradılmış şuralardır. Onlar nə işlə məşğuldur bunu heç kim bilmir və fəaliyyətlərinin də nəticəsi yoxdur. Elə mütəxəssislər var ki, adlarını hansısa TV-də şurasına yazıblar, amma özləri bundan xəbərsizdirlər. İndi mən soruşuram ki, belə formallıq kimə lazımdır? Eləcə də "Bədii şura" söhbəti tamamilə səmərəsiz bir şeydir. Məsələn, siz öz işinizi yerinə yetirirsinizsə, verilişinizi hazırlayır, çəkiliş aparır, mövzuya uyğun qonaqlar seçirsinizsə, bunu məgər sizə hansısa şura diktə etməlidir? Vaxtilə Azərbaycan radiosunda musiqi əsərlərini qəbul edən bədii şura olub. Orada Cahangir Cahangirov, Süleyman Ələsgərov kimi böyük bəstəkarlar şura üzvü kimi musiqi əsərlərini qəbul edib efirə yararlı olub-olmamasını qiymətləndiriblər. Yəni gərəkli və həm də özlərinə aid olan qiymətli işlə məşğul olublar. İndi məsələn, TV-də yaradılmış bədii şurada əyləşmiş hansısa bəstəkar, müğənni, şair, xanəndə sizə necə deyə bilər ki, rejissor və ya jurnalist verilişi belə deyil, belə hazırlamalıdır. Burada heç bir məntiq yoxdur. Buna görə də o cür şuraların fəaliyyət göstərməsinin heç bir əhəmiyyəti yoxdur.
- Mütəmadi olaraq köşə yazıları ilə çıxış edirsiniz. Telejurnalist Qulu Məhərrəmlini köşə yazmağa vadar edən nədir?
- 2013-cu ildən başlayaraq davamlı olaraq "Ayna" qəzetində köşələr yazıram. Ondan əvvəl isə müqavilə ilə "Zaman" və "Yeni dünya" qəzetlərində silsilə köşələrim gedib. Həyat təcrübəsi və jurnalistika imkanları bizə publisistikada o platformanı reallaşdırmağa imkan verib. Bu yaxınlarda Ayna.az saytında yayımlanan məqalələrimi toplayıb "Gələcəyə ön söz" adlı kitab dərc etdirmişəm. Həm esse janrının imkanları baxımından, həm də ölkənin yaşadığı tarixi problemləri, ictimai-siyasi və mədəni-mənəvi mənzərəni əks etdirmək baxımından bu məqalələr mənim üçün qiymətlidir. Yazmaq bizim işimizdir, mənəvi ehtiyacdır.
- Mətbuatda sizin təşəbbüsünüzlə Xalq rəssamı Natiq Əliyevin 20 il əvvəl ərsəyə gətirdiyi və Suriyada Nəsiminin dəfn olunduğu məkana vurulması üçün nəzərdə tutulmuş barelyefin Azərbaycan Ədəbiyyatı Muzeyinə verildiyini oxuduq. Bu istək nədən qaynaqlandı?
- İlk dəfə Hələbdə Nəsiminin məzarına baş çəkəndə (1990) məni təkcə baxımsızlıq yox, həm də sahibsizlik məyus etdi. Məzarın kimə aid olduğunu bildirən heç bir yazı yox idi. Onda qərara aldım ki, bu barelyefi düzəltdirim. O vaxt dostluq etdiyim, indi Xalq rəssamı olan heykəltəraş Natiq Əliyevlə bu mübarək işi 2-3 ilə görə bildik. Yaxşı qalsın deyə barelyefi muzeyə verdim, amma nə vaxtsa onun şairin məzarını gizlədən hasara vurulacağına əminəm!
- Bu günlər mətbuat sizin də daxil olduğunuz beş nəfərlik ziyalı qrupunun "Borcumuzu qaytaraq! Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi" təşəbbüsü barədə çox yazır. Bu təşəbbüsünüzün gerçəkləşməsinə inanırsınızmı?
- Mən istərdim ki, ədalətin nə vaxtsa zəfər çalacağına hamı inansın. M.Ə.Rəsulzadə bizim milli qürur və şərəf tariximiz olan Azərbaycan Cümhuriyyətinin banisi, müsəlman Şərqində ilk demokratik respublika olan müstəqil Azərbaycanın ilk dövlət başçısıdır. Mürəkkəb tarixi şəraitdə öz məsləkdaşları ilə birgə bu Cümhuriyyəti qurub və iki il yaşatmış Rəsulzadə bizim milli tariximizin ən parlaq simalarından biri, siyasi təfəkkürümüzün təmsilçisidir. O, Azərbaycanın müstəqilliyi uğrunda son nəfəsinə kimi çarpışıb, bu yolda bütün ömrünü, sağlamlığını, ailəsini, bütün həyatını qurban verib. Belə bir adamın xatirəsi mütləq layiq olduğu səviyyədə əbədiləşdirilməlidir. Biz bu işə onun ev-muzeyinin yaradılmasından başlamağı vacib saydığımız üçün təşəbbüs qprupu yaradıb çağırış etdik. Əlbəttə, bu təşəbbüsün müsbət nəticə verəcəyinə ümidliyik.
Ayan RZAYEVA
525-ci qəzet.- 2019.- 27 dekabr.- S.7.