Köhnə mətləblərdən təzə söhbətlər

 

 "Molla Nəsrəddin" sayağı

 

 

Qadın məsələsi

Axşamdan xeyli keçmiş hərə bir yanda başını atıb yatandan sonra yazı masamın arxasına keçdim. Təbim gəlmişdi. Neçə gündü böyük həvəslə "Molla Nəsrəddini"i vərəqləyir, gözümü o karikaturalardan, yazılardan çəkə bilmirdim. Baxırdım, yazıları üç kərə, beş kərə oxuyurdum, yenə də ruhuma çilənən ətrindən, damağıma gələn dadından, ləzzətindən doymurdum. Öz-özümə deyirdim, kaş mən də "Molla Nəsrəddin"in təbirincə yaza biləydim...

Vallah-billah, a kişilər, "Molla"nın dilindən şirini, şəkəri, qulağa xoş gələni, ruhu rahatlayanı, bir də kəsərlisi yoxdu. Burda qorxuram ki, məni köhnəlikdə, inkişafdan dalda qalmaqda tənbeh eliyələr. Deyələr ki, balam, həyatda hər şey tərəqqi etməkdəykən sən niyə yüz ildən də o yana yazılanların dilinə, mətləblərinə aşiq olmusan? Deyim də niyə. Bax, mən özüm vaxtında məmləkətimizdə yek olan sanballı bir Universiteti bitirsəm də, dilimizə yenilik xatirinə pərçimlənən əndrəbani sözləri, kəlmələri başa düşə bilmirəm. Əlimə qəzet-kitab alıb beş-üç cümlə oxuyan kimi, hövsələm daralır, götürüb atıram bir kənara. Bəs indiki özəl "universitetləri" (hələ dövlətinkiləri demirəm...) qurtaran bisavadlar bu qəzet-kitablarda yazılanlardan nə anlasınlar? Sonra da deyirik ki, kitab arası açan, qəzet oxuyan yoxdu. Burda adama deyəllər ki, dilini şirin, aydın və mükəmməl elə, milli ruhdan uzaqlaşma, tənqid adına təhqir yazma, xalqın dərdindən danış, bu qeylü-qallı, qarışıq dünyada azana, itənə düz yol göstər, gör səni necə oxuyurlar...

Xətmi kəlam, Molla baba, bundan sonra piştonu başıma çaxsalar, xəncəri kürəyimə saplasalar da sənin dilində danışacağam...

Elə bu kəlmələri yazmışdım ki, bir də gördüm, başı əmmaməli, əyni əbalı, əli əsalı, saqqallı Molla Nəsrəddin baba qarşımda zühur etdi. Əvvəl elə bildim gözümə göründü, üç dəfə yavaşcadan "bismillah", dedim. Gördüm, yox, çəkilmədi, hələ saqqalını tumarlaya-tumarlaya bir az da yavuğa gəldi.

- Övladım, eşitdim mənim dilimdə, məcazımda yazmaq istəyirsən. Xub, çox gözəl, çox pakizə. Lap ruhumu sevindirdin. Əvvəl de görüm, yüz sənə bundan qabaq bir yığın dərdlərdən yazmışdıq ha, onlara əlac qıldınızmı?

Nə yaxşı ki, "Molla Nəsrəddin"in mətləblərindən az-çox hali idim. Hələ 15-20 il bundan qabaq düşmüşdüm arxivlərin, kitabxanaların canına. Haman məcmuənin saylarını tapıb ərəb hürufatında höccələyə-höccələyə oxuyub xalqın köhnə dərdlərindən xəbərdar olmuşdum. Bu yavuq vaxtlarda isə "Molla Nəsrəddin"in yeni əlifbada nəşr olunmuş cildlərini vərəqləyir, yazıları, karikaturaları gözümə təpirdim.

Dedim, Molla baba, indi mən Sənin "köhnə dərdlərindən" birini yadına salım, gör ki sözünün kəsəri nələrə qadir olub...

O günü dayanacaqda durub avtobus gözləyirdim. Pensiyamın dalınca gedəsiydim. Soyuq kələyimi kəsirdi, ayağımın birini götürüb o birini qoyurdum. Külək küçələrdə atılıb qalmış zir-zibili qabağına qatıb ora-bura sürtdəyir, belədən-belə çırpırdı. Bir də gördüm əynində dovşan dərisindən gödəkçəsi olan cavanca, boylu-buxunlu, nərmənazik bir qız saqqız çeynəyə-çeynəyə dayanacağa yaxınlaşdı. Çatan kimi də küləyin, yağışın buna heç bir dəxli yoxmuş kimi yaxasını açdı... mədəsinin üstünəcən sinəsi çöldə qaldı. Pah, cinim vurmadı təpəmə, istədim bu canı odduya bir-iki kəlmə yağlı söz deyəm, bəlkə utana, yaxasını, başını örtə. Qız üzümün acıqlı ifadəsindən ürəyimdən keçənləri oxuyubmuş kimi qaşlarını çatıb mənə elə tərs-tərs baxdı ki, dilimin ucuna gətirdiklərimi tezcə də uddum. Dedim, kişi, lal ol, danışma! Ağrımayan başına dəsmal bağlama! Qoy onun xəcalətini evindən bayıra buraxan dədəsi, anası, varsa da əri çəksin!

Sözümün canı var, ay Molla, bir zaman qadın azadlığından o qədər danışmışdın, az qalmışdı boğazın yırtıla. Əli dəyənəkli mollalar, axundlar, qoçu dəstələri üstünə gəldilər. Dediyindən geri durmadın. Demişdin, qadınlar çadranı atsınlar, atdılar. Oxuyub savad alsınlar, buna da nail oldular. Hə, bir də demişdin ki, zənənlər yeridikcə yeri süpürən, tapdaq altında qalan tumanlarının balağını qatdasınlar, qatdadılar. Bax, elə bu arzuna rəğmən, haman mətləblə bağlı köhnə dostlarından olan "Qanqulu bəy" sonralar qadınların kosmos sürətilə inkişafını görəndə gördüklərindən gözləri bərələ qalmışdı. Kişi elə məqamı gələndə yan-yörəsindəkilərə deyirdi ki:

Biz dedik ki, yubkaları qısaldın,

Demədik ki, dizdən yuxarı çıxardın...

O vədələr gəldi ki, təzə üsullü məktəblər açıldı. Qız balalar məktəblərə axışdılar. Bunların bəhərini az-çox özün də gördün. Səndən sonra şükürlər olsun ki, çox yeniliklər baş verdi. Nə arzulamışdınsa, hamısı yerini aldı. İndi çadra nədi (bu gün öz niyyətlərinə rəğmən hicabda olanlara sözümüz yox...), qadınlarımız elə soyunublar ki, sinələrində, yanlarında bircə qarış örtuk qalıb. Qoy bir yay gəlsin, əsl tamaşa ondadı.

Maşallah, dövran elə gəldi, zaman elə dəyişdi ki, qadınlar qulluqda olmaqlarıynan kişiləri ötdülər. İndi hansı idarənin qapısından içəri girirsən, qarşına yeni il yolkası kimi bəzənmiş, yeni dəbdə geyinmiş qadınlar çıxır. Dəhlizlərdə sındıra-sındıra qaynaşırlar. Kişilərin də çoxu evdə biş-düşlə, səliqə-səhmanla, uşaq böyütməklə məşğuldular. Arvadlar qazanır, kişilər yerbəyer eliyir...

P.S. Yadıma düşəndə ki bir azdan yeri, göyü yandıran istilər düşəcək və o zaman bəzi qızlarımız nə pəstəhalardan çıxacaqlar, canıma istilik gəlir. Allah bu milləti üzütökülmüşlərin günahından göndərdiyi bəlalardan saxlasın...

Kələkbaz Qurbanın hamamında

O günü bazarlıq eləməkdən ötrü yanımızdakı optovoyları, yaraşıqlı super marketləri qoyub üz tutdum Təzə bazara. Öz-özümə dedim, əl çək bu optovoylardan, nə var, nə var, 5-10 qəpik qabağa düşəcəksən. Sən gəl, get bazara, kənd-kəsəkdən elə ət, çolpa gətirirlər ki, ələ alanda titrəyir. Adam elə götürüb çiy-çiy yemək istəyir. Hələ üstəlik, çeşid-çeşid bağ-bostan məhsulları, bəh-bəh...

Bu xəyalla da payi-piyada düşdüm yolun ağına, hara tələsirdim ki. Hə, üz tutdum Təzə bazara. Elə iki tin ötmüşdüm ki, yolu bərbad, hamamı (oxu saunası) abad bir məhləyə girdim. Gördüm bu hamamın qabağında yalan olmasm, 25-30 arvad xeylağı ağız-ağıza verib qarıldaşırlar. Tappatapla hamamın qapısını döyürlər. Yolun o üzündə də məhlənin adamları toplaşıb bu səhnənin tamaşasına dayanmışdılar. Maraq mənə güc gəldi. Dedim hələ dayanım görüm bu nə məsələdi, bazar qaçmır ki? Özum babda birisinə yavuq gəlib xəbər aldım ki, qardaş, bu nə hay-küydü? Arvadlar niyə elə çığırışırlar?

Kişi bir o yana baxdı, bir bu yana baxdı, sonra da qolumdan tutub məni divar dibinə çəkdi. Kimsənin bizi eşidə bilməyəcəyinə əmin olsa da qulağıma sarı pıçıldadı:

- Gördüyün bu hamam ki var, onu düz 107 sənə bundan qabaq, yəni 1912-ci ildə xeyriyyəçi Hacı Aslan kişi öz xərcinə tikdirib. Özü də tarixi abidələr siyahısındadı. Rəhmətliyin xalqın ixtiyarına verdiyi bu hamam uzun müddət üç gün kişilərə, üç gün də qadınlara işləyib. Axır bir neçə ildi ki, bütün həftəni kişilərə, bircə şənbəni qadınlara işləyirdi. 2004-cü ildə bu hamamı öz adına özəlləşdirən kələkbaz Qurban bir-iki aydı ki, bunu da arvadlara çox gördü. Dedi ölərəm, bir də arvadları hamama qoymaram. Burda hövsələmi basa bilmədim, dedim əvvəla, tarixi abidəni necə özəlləşdirmək olar? Bir də ki, Qurbanın arvadlarnan nə ədavəti?

- Ta orasını bilmirəm adına nətər keçirib, arvadlara gələndə, deyir, zənənlər mənə çox ziyan vurur. Onnansa verərəm böyük qulluq sahibləri olan kişilərə, onlar adama yaxşı pul verirlər. Hə, pulu Qurbana quruca çimməyə görə vermirlər ey...

Ağzımı doldurmuşdum soruşam, bəs nəyə görə? Kişi arif adammış, sualımı gözümdən oxuyan təki danışmağa imkan vermədi:

- Elə burdaca saxla. Onsuz da bunnan artıq söz deyən döyüləm.

Biz bu söhbətdə ikən gördüm qapının o üzündən bir "remont" kəlməsini yapışdırdılar şüşəyə. Bu dəm gözüm hamamın böyründən burulan tüstüyə sataşdı. Əvvəl elə bildim nəsə yanır, ya bəlkə hamama od düşüb. Diqqət eliyəndə gördüm, yox, heç hara od düşməyib. Bu, hamamın qazanxanasından çıxan buxardı. Deməli, hamam bala-bala işləyirdi. Demə, arvadlar bunu bildiklərindən daha da qızışmışdılar. Lap Üzeyir bəyin seminaristləri sayaq qışqırırdılar ki, aç qapını, gələk səni öldürək. Ay kələkbaz, bizi remont adına başdan eliyib, cavanca qızları da salmısan bığıburma kişilərin yanına, hamamı döndərmisən ....xanaya!

Booy, bu nə sözdü mən eşitdim, qulaqlarım guruldadı, kaş kar olaydım! İstədim ötüb gedəm bazara, genə maraq məni tutub saxladı. Dedim, görüm hələ, bu işin axırı necə olacaq. Bir də baxdım, üzütökülmüş arvadlardan biri hardansa yol tapıb qalxdı hamamın damına. Əyilib şüşədən içəri baxmağıynan dizinə şappıldatmağı bir oldu.

- Evin yıxılsın, kələkbaz Qurban, səhərdən bizi soyuqda saxlayıb, içəridə açdığı pəstahaya bax!

Arvad orda nə görmüşdüsə, hirsindən partlayırdı. Bir azdan hansı yolnan dırmaşmışdısa, o yolnan da düşüb gəldi zənənlərin içinə. Sir-sifəti elə qızarmışdı ki, elə bil nənəmin təndirinin başından durmuşdu. Əl-qolunu ölçə-ölçə Qurbanın qarasına danışırdı. Axırda da arvadlara bir getmək komandası verdi.

- Gedəyin, vaxt olar, bu imansız oğlu imansızın dərsini verən tapılar. Bu boyda da abırsızlıq olar?

Arvad dəstəsini çəkib getdi. İndi mən şəkli qalmışam, görəsən, onlar kələkbaz Qurbanı məşhər ayağına çəkməyə getdilər, yoxsa özgə yerdə hamam axtarmağa? Əşşi, dava-dalaşdan nə çıxar, məgər bu boyda şəhərdə özgə hamam-zad yoxdu? Hamam elə Qurbanın hamamıdı? Burda ağlıma bir şey də gəldi. Fikirləşdim, indi gedib başqa hamamlarda da qapını döyələr, orda da bu arvadları içəri buraxmazlar. Canı yanmamış, bayaqkı arvad orda da çıxa hamamın damına, genə gözünü zilləyə şüşədən içəriyə, görə haman hamam, haman tas. Ordan da dizinə döyə-döyə düşə aşağıya. Belə düşünəndə, bayaq qapı ağzında dayanıb, soyuqdan əlləri, ayaqları kəsilən arvadlara yazığım gəldi. Dedim, kaş bir rahat hamam tapıb ordasa qızına biləydilər.

Burda hamamçı Qurbana da çox acığım tutdu. A kişi, qışın bu çağında adamı da çöldə saxlayarlar? Niyə qoymursan barı həftədə bircə günsə də isti hamamda canlarını yumşaltsınlar? Ay əzazilsən, ha... Nə demişəm, indi Hacı Aslanın bir törəməsi çıxa ortalığa, sənnən dava çəkə. Deyə, babamın hamamına sahib çıxmağın bəs döyül, üstəlik, hələ bir oranı, nə bilim, nəyə də döndəribsən? Vaapşe şələ-küləni yığışdır, çəkil get evinə. İnnən belə babamın hamamını özüm işlədəcəm. Hə, bu olar ədalətli bir iş.

Başım, bu hamam qeylü-qalına elə qarışdı ki, ta bazara-zada getməyə həvəsim qalmadı. Yolumu genə də optovoylardan saldım. Gedə-gedə elə hey fikirləşirdim ki, görəsən, arvadlar canlarını yumşaltmağa hamam tapdılar, yoxsa yox? Allah sənə insaf versin, ay kələkbaz Qurban...

 

 

Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 29 dekabr.- S.22.