Əhməd bəy Ağaoğlunun
azadlıq və demokratiya axtarışları
Ə.Ağaoğlunun
yaradıcılığının sonuncu dövrü
(1920-30-cu illər) həm mahiyyəti, həm də məzmunu
baxımından yeni bir mərhələ təşkil edir.
"Türk
təşkilati-əsasiyyəsi" (1925), "Üç mədəniyyət"
(1927), "İngiltərə və Hindistan" (1929), "Sərbəst
insanlar ölkəsində" (1930), "Türk hüquq
tarixi" (1931-1933), "Mən kiməm?" (1936),
"Dövlət və fərd" (1936), "İran və
inqilabı", "Könülsüz olmaz" (1929), "Təkamülmü,
inqilabmı?!", "Sərbəst firqə xatirələri"
(1931) kimi əsərlərində və yüzlərlə məqalələrində
yeni cəmiyyət quruculuğunun tarixi, nəzəri,
müasir aspektləri ilə bağlı dərin təhlillər
aparır. Bu əsərlərdən biri
1930-cu ildə Ankarada tamamladığı "Sərbəst
insanlar ölkəsində" adlı fəlsəfi
traktatıdır. 30-cu illər Türkiyəsində (bu
zaman Türkiyə
birpartiyalı sistemə malik idi və hələ
demokratiyaya tam oturuşduğunu demək olmazdı) belə bir
əsərin ortaya çıxmasına yalnız təəccüb
etmək olardı. Əslində, özü də
sərbəst düşüncəli insan olan Ə.Ağaoğlu
bu əsərdə hələ heç Avropada belə
mövcud olmayan bir demokratiyanın, azad cəmiyyətin
konturlarını cızmışdır. Əsərin
bir çox yerində avtobioqrafik cizgilər yer alsa da, bu
gün də utopik görünən fikirlərə də rast
gəlmək olur.
Əsər Azərbaycanın və Türkiyənin
respublika quruluşuna yiyələndikdən, müəyyən
dövlətçilik, cəmiyyət və fərd, sərbəstlik,
azadlıq, bərabərlik yolunda qazandığı zəif təcrübədən
sonra yazılıb. Onun arzu etdiyi Avropa üsullu-respublika
quruluşlu dövlət Şərqdə ilk olaraq türk millətinə
nəsib olmuşdu. Özünün də təmsil
olunduğu Azərbaycan türkləri cəmi 23 ay bu
quruluşda yaşamış, Türkiyə türkləri 7
il idi ki, respublika idarəetməsini qoruyub saxlayırdı. Əsərdəki bir çox yanaşmaların,
anlayışların praktik olaraq hələ Türkiyə cəmiyyətinə
şamil edilməsi çox çətin idi. Əsərin başlanğıcındakı qeydlərdən
görünür ki, müəllif bunu yazmaqda çox çətinlik
çəkmiş, özünün də
yaşadığı cəmiyyətin gələcəyini
düşünmüşdür. Bu
dövrdə müxalifət cəbhəsinə çəkilməsi
də əsərin yazılmasını çətinləşdirən
amillərdən idi. Ona görə də, filosof əsərin
forması, janrı üzərində xeyli
düşünmüş, nəhayət, onu hekayət, fəlsəfi
traktat şəklində yazmağı qərara
almışdır: "Əsərimə hansı biçim
verməklə bağlı xeyli tərəddüd
keçirdim; nəhayət, onu bir hekayə şəklində
yazmağa qərar verdim. Əsarətdən qurtulmuş bir Türk
fərdini azad və sərbəst bir ölkəyə
apardım..." Lakin elə buradaca "...bu ölkənin rəhbərləri
Türk Cümhuriyyətini quran dahinin əməl və
arzularının gerçəkləşməsi
üçün çalışmaqdadır", - deyir və
bu Cümhuriyyətin baş memarı Atatürkü
"dahi" olaraq qiymətləndirir. Bununla da əsərinin
Türkiyə mühitində düzgün başa
düşülməyəcəyindən ehtiyat edərək
yaşadığı cəmiyyət və respublika ilə
bağlı fikirlərini də bildirməklə
özünü tənqidlərdən sığortalayır.
Bu özəllikləri öz üzərində hiss edən Ə.Ağaoğlu
bir fərd olduğuna görə Respublikanın mənəvi
cəhətdən ideolojisini qurmaq cəsarəti göstərir.
Ə.Ağaoğlu dövlət quruluşunda
Respublikaçılığı təqdir edirdi. Bəzən o, içində yaşadığı
cəmiyyətin şərtlərini və tarixi şəraiti
də nəzərdən qaçırmırdı. Ancaq bütün hallarda yazdıqları ilə fəaliyyəti
üst-üstə düşürdü.
Ədibin qızı Tezer Taşkıran onun 20-30-cu illər
mücadiləsinin demokratiyaya köklənməsi ilə
bağlı yazır "...Cümhuriyyət dövründəki
mücadiləsi də bu nöqtəyə çevrildi. Bütün
çalışmalarında millətə dayanan dövlət
görünüşünü fərdin haqq və hürriyyətlərini
qoruyan dövlət deyə mənimsəyir, hər vəzifənin
qarşılığında bir haqq vardır tezisini müdafiə
edirdi. Bu tezis Əhməd Ağaoğlunun
fikir və siyasət həyatının son mərhələsidir".
T.Taşkıranın bu fikri Ə.Ağaoğlunun
əsərləri və fəaliyyəti ilə təsdiq
edilir. Xüsusilə, demokratiya, fikir
azadlığı, hürriyyət məsələsində
heç zaman heç kimə güzəştə getməmişdir.
F.Sakal bəlgələrə dayanaraq onun millət
vəkili olduğu zaman Türkiyə Böyük Millət Məclisində
"hər şeyin bir münəqqidi olmalıdır"
fikrini söylədiyinə diqqət çəkir. Bu isə onu göstərir ki, Ə.Ağaoğlu
demokratiya üçün ən mühüm şərtlərdən
biri olan tənqid institutunu həmişə müdafiə
etmişdir.
Ə.Ağaoğlu "Ön söz"də filosof
Monteskyönün "Qanunların ruhu" adlı əsərindəki
hakimiyyət biçimləri ilə bağlı deyilmiş
"İstibdad-yəni şəxsi hakimiyyət-məşrutiyyət-şərəfə,
respublika isə ləyaqətə dayanır" fikrini
xatırladır və bunun hələ də məna və əhəmiyyətini
itirmədiyini söyləyir. Yazıçı-filosofun
Ş.Monteskyenin (1689-1755) fikrini sitat gətirməsi onu göstərir
ki, Ə.Ağaoğlu demokratiya və azadlıq
anlayışları ilə bağlı nəzəri və
praktik qənaətlərə malikdir. O, bu zaman yalnız
Ş.Monteskyenin deyil, dünyanın bir çox
tanınmış filosofların fikirlərilə tanış olmuşdur. Şarl
de Monteskye C.Lokkun ənənələrini davam etdirməklə
demokratik dövlət quruluşunun sistemini daha da
formalaşdırmışdır.
Ə.Ağaoğlu əsərdə C.Lokk, C.Milton,
Spenser, Kant, Hegel, Volter, Jan-Jak Russo, Makiavelli, Bruno və b.
mütəfəkkirlərin də adını çəkir. Bu isə o deməkdir ki, bu
müəlliflərin əsərlərini oxumuş, fikirlərilə
yaxından tanış olmuşdur. Əsərin sonunda millət mövzusunda ustadın
meydana atdığı ən mühüm yenilik millətin təşəkkülü
haqqındakı fikri və ədəbi cərəyanların
çox önəmli olduğunu göstərir. Ə.Ağaoğlu bu fikrini ustada aid edir və onun
inqilab etdiyini düşünür. Onun
fikrincə, millətlərin təşəkkül
tapmasına ədəbiyyat da çox önəmli təsir
göstərir. Ə.Ağaoğlu bu sırada
Şekspir, Höte, Şiller, Molyer, Viktor Hüqo, Dante,
Puşkin, Lermontov, Tolstoy kimi yazıçıların,
şairlərin adını çəkir və "...onlar
olmasaydılar, ingilis, alman, fransız, italyan, rus millətləri
yaranmazdı", - deyə millətin
formalaşmasındakı rolunu yüksək qiymətləndirir.
Ə.Ağaoğlu əsərdə hakimiyyət məsələsinə
də toxunur.
Konstitusiyalı monarxiya zamanı hakimiyyətin
hökmdarla imtiyazlı hakim sinfin əlində, respublikada isə
bütünlüklə xalqın əlində olduğu qənaəti
əsər boyu öz təsdiqini tapır. Onun fikrincə, şəxsi hakimiyyət zamanı
xalq tək şəxsin şıltaq və həvəsinə
tabe olur, milyonlarca insan bu şıltaqlıq və həvəsə
itaət edir, xalq qorxur və xof işində yaşayır.
Konstitusiyalı monarxiya zamanı isə hakimiyyət
hökmdarla imtiyazlı bir sinfin əlində olur. Respublikaya gəlincə isə orada hakimiyyət
bütövlükdə xalqın əlində olur, o, xalqa
aiddir və hər kəsin idarəçiliyə qatılmaq
haqqı vardır. Yazıçı burada
əsas diqqəti ləyaqətə yönəldir və
respublika zamanı vətəndaşların ləyaqətlərinin
qorunmasına diqqət çəkir.
İlk dəfə 1930-cu ildə Türkiyədə
"Cümhuriyyət" qəzetində hissə-hissə dərc
edilən "Sərbəst insanlar ölkəsində" əsəri
"Mən bir əsir idim, azad olmaq istədim" epiqrafı
ilə başlayır. Bu epiqraf müəllifin Azadlığa nə
qədər böyük önəm verdiyinə sübutdur.
Bu mənada əsərin baş qəhrəmanını
"Azadlıq aşiqi" də adlandırmaq olar. Zəncirlərini
qıraraq əsirlikdən qurtaran insanın azad olduqdan sonra
qarşısında iki yol görünür: Azadlıq və
köləlik yolu. Sağ tərəf Azadlıq, sol tərəf
isə köləlik yoludur. O, Azadlığı istədiyi
üçün sağ tərəfi tutur və Sərbəst
insanlar ölkəsinə gəlib çıxır. Lakin ölkəyə gəlməklə hələ
hər şey həll olunmur. Azadlığa
çatmaq kimi, orada yaşamağın da müəyyən
şərtləri vardır. "Azadlıq aşiqi"
"Əsl mən istəyən yerdir", - deyə fikirləşərək
içəri keçmək istəyərkən, sorğu-sual
edilir: İç zəncirini də söküb
atmısanmı?; Tamahına yiyə
durmusanmı?; Doğrunu sevirsənmi?; Həqiqətə
dözümün varmı?; Ləyaqət sahibisənmi? Bu sualların hər biri Azadlığı əldə
etmənin prinsipləri kimi müəyyənləşir.
Sərbəst insanlar ölkəsinin vətəndaşı
olmaq istəyən insanlar, hər şeydən əvvəl, o
ölkənin Anayasasını bilməli və əməl etməli
idi. Pirlərin
tanış olmaq üçün ona
verdiyi "Anayasa"da isə bu ölkənin qanunları,
azadlığın şərtləri öz əksini
tapmışdı. Yasada qeyd olunan maddələrdə
deyilirdi:
1.
Azadlıq doğruya və cəsarətə söykənir;
2. Yalan sərbəst
insanlar ölkəsində tam yasaqdır. Bu azara tutulan ölkə
xaricinə çıxarılır;
3.
İkiüzlülük və yaltaqlıq ən ağır
günahdır. Bu günaha batanlar hamılıqca daşa
tutulurlar;
4.
Çuğulluq edənlər sərbəst insanlar ölkəsinin
vətəndaşlığından
çıxarılırlar; qorxaqlıqla sərbəst ölkə
vətəndaşlığı bir araya sığmaz.
Ə.Ağaoğlunun qəhrəmanı haqqı qorumaq,
çalışmaq, dözüm və yardım göstərməyin
bir vəzifə olduğunu deyir. Bu yasalarla və sərbəst
insanlar ölkəsinin həyatı ilə yaxından
tanışlığı əsir insanı azad ölkədə
yaşamağın, onun qanunlarına əməl etməyin
şərəfli olduğu qədər də çətinliyini
başa düşür. Ancaq artıq bu bir şərəf
işi olduğundan əsir adam
bütün deyilənlərə can-başla əməl edir,
bu ölkənin tarixini öyrənir. Məlum
olur ki, bu ölkənin şərəfli bir tarixi olub; indi
insanların azad gəzib dolaşdığı küçələrdə
bir vaxtlar insanlar bir-birinin üstünə qalxmış, qan
su yerinə axmışdı. Lakin insanlar
azadlıq uğrunda mübarizə aparıb və
çarpışıbdır. Ə.Ağaoğlu
bununla iki məsələni demək istəyir; birincisi,
Azadlıq verilmir, alınır. Onun
uğrunda mübarizə aparılmalıdır; ikincisi, bu
gün müəyyən mənada bu cəmiyyətə sahib
olan Avropada cəmiyyət heç də bugünkü kimi
olmamışdır, insanlar bir-birinin üzərinə
qalxmış, qan su yerinə axmışdır. Məncə, bu fikir, Ə.Ağaoğlunu həddən
artıq Qərbi öyməkdə tənqid edənlər
üçün yaxşı cavabdır. O, tarixə
müraciətdə yalnız Şərqi tənqid etmirdi, həm
də Qərbi tənqid edirdi. Ancaq indi Qərb
bütün bu mərhələləri keçmiş, yeni cəmiyyət
quruculuğunda demokratik əsaslara söykənmişdir.
Əsərdə Pirlərlə verilən söhbətlərin
məna yükü böyükdür; azad olmaq istəyən
insan azadlığın çətin və keşməkeşli
yollarda keçdiyini dərk edir. "Yalan",
"İkiüzlülük", "Yaltaqlıq"
bölümündə bunlarsız cəmiyyəti
ağlına gətirə bilməyən insan Pirlərin
söhbətindən sonra fikrini dəyişməli olur və
bunun bir tərbiyə məsələsi olduğunu anlayır:
"Ən xırda və ən günahsız yalana da
dözüm göstərmək olmaz. Bir sözlə,
uşaq ailə və məktəbdən çıxıb cəmiyyətə
qovuşduğu zaman yalanın iyrənc bir azar olduğunu duyub
anlamalıdır".
Maraqlıdır ki, bu məsələyə Ə.Ağaoğlu
buna qədərki əsərlərində də toxunur. Onun fikrincə,
bütün bunlar demokratik cəmiyyətlərdə deyil,
dövləti hökmdardan ibarət bir zümrənin hakim
olduğu cəmiyyətlərdə baş verir. Belədə hamı bir şəxsə
bağlıdır. "Üç mədəniyyət"
əsərində də bunun üzərində dayanaraq
yazırdı: "Fəqət iş bir kərə şəxsi
bağlılıq alanına töküldümü,
yaltaqlanma, ikiüzlülük, hiylə, yalan, intriqa, xəyanət
və cinayət dövlət adamları üçün məziyyət
və fəzilət yerinə keçər. Rəqabət
dövləti yaxşı idarəetməkdəki ləyaqəti
bilgi, əzm, mətanət, namus sahəsindən
çıxar. Şəxsə
bağlılıq alanındakı zillət və rəzalətlərə
tökülür. Gerçək
ağıl, zəka və fəzilət yerinə biclik, hiylə,
fırıldaq keçər".
Sərbəst insanlar ölkəsində Azadlıqla
çuğulçuluq da bir araya sığmır; Azadlıq
səmimiyyət və doğruçuluq istəyir. Azad bir ölkəyə
xəbərçilik, çuğulçuluq qədər zərərli
şey olmaz. Çuğulçuluq olan
yerdə kimsə kimsəyə inanmaz, yalan və
ikiüzlülük artar.
Bu ölkənin bir parkında Azadlıq heykəli də
ucaldılmışdır. Heykəl istibdada
qarşı Azadlıq bayrağını qaldıran ilk vətəndaşın
şərəfinə ucaldılıb. Heykəlin
ətrafında vaxtaşırı mitinqlər keçirilir.
Azad olmaq istəyən adam həmin gün
üç mitinqin şahidi olur; mitinqlərin birində
hökumətin proqramına sadiq qalmadığı, ikincidə
gənc nəslin yurdsevərlik keyfiyyətindən
uzaqlaşdığı və bunda təhsil sisteminin
günahkar olduğu, üçüncüdə isə
qadın hüquqlarının kişilərlə tam bərabər
tutulması istənilirdi. Sonuncu mitinqdə
qadınlar bütün hallarda kişilərlə bərabər
tutulan hüquqlarının eyni olmasını istəyirdi.
Ə.Ağaoğlu cəmiyyətdə ziyalı, ədib
mövqeyindən danışarkən məqalələrində
olduğu kimi, Qərb-Şərq müqayisəsini aparır,
ziyalının Şərq aləmində millət amilinə
yabançı qalması məsələsinə də
toxunur. Onun
fikrincə, Şərq aləmində millət anlayışı Qərbinkindən
fərqlənib. Şərq ədəbiyyatı
içində olduğu mühitə, insan və təbiət
mühitinə yabançı qalıb, daim göylərdə,
boşluqlarda dolaşıb. Bu ədəbiyyat
tək bir şəxsin ifadəsi olduğundan insanlıq və
təbiətlə dil tapmağı aşılamayıb.
Təbiətlə insan arasındakı, eləcə
də insanların öz arasındakı yadlaşmanı
aradan qaldırmağa, mənəvi baxımdan bütövləşdirməyə
çalışmayıb.
Azad olmaq
istəyən adam pirlərin müşayiəti
ilə Sərbəst insanlar ölkəsinin parlamentində,
universitetində, institutunda, iri maşınqayırma zavodunda,
ibtidai məktəbdə və kitabxanada olur, nizamnaməsi və
onun maddələri haqqında düşünmək üçün
vaxt istəyir. Ölkənin qəribəliyi və
heyrətamizliyi onu məftun etmişdi. Hər
şeyi yenidən öyrənmək, hər şeyə yenidən
alışmaq lazım idi. Nə qədər
çalışıb-çabalasa da, köhnə vərdişlərdən
əl çəkmək heç də asan deyildi. Bu
işi bacarmayacağı haqqında pessimizmə də
qapılır, ancaq onu da fikirləşir ki, mən bu ölkənin
tarixi ilə tanış olarkən
onların da eynən bizim yolumuzu keçdiyini gördüm,
deməli, onlar da başladıqları zaman hər şey asan
olmayıb, onlar da əziyyət çəkib. Köhnə
həyata dönməyin mümkünsüzlüyünü
görərək o, Sərbəst insanlar ölkəsində
qalmağa qərar verir.
Demokratiya, hakimiyyət, dövlət və fərd məsələləri də Ə.Ağaoğlunun yaradıcılığının sonlarında ən çox toxunduğu məsələlərdəndir. "Dövlət və fərd", "Üç mədəniyyət" əsərlərində, "Demokrasi və dövlətçilik" məqaləsində bu mövzuda fikirlərini sıx-sıx bildirmişdir. Bu məsələdə həmişə Qərblə Şərq demokratiyasını müqayisə də etmişdir. Onun fikrincə, demokratiyanın əsaslarını çeynəyən dövlətçilik sistemində demokratiyadan danışmaq mümkün deyil. Bu cür rejimlər şəxslərin və zümrələrin təhəkkümünə yol aça bilirlər. Hətta xalqın tənqid azadlığının olması belə demokratiya üçün yetərli deyildir, bu azadlığı qullana biləcək güc də əsasdır. Bu gücü isə xalq liberal toplumlarda tapır və işlədir.
Ə.Ağaoğlunun "Üç mədəniyyət" əsərində də demokratiya mücadiləsinin şahidi oluruq. Onun dövlət qavramında insanın haqq və hürriyyətini qoruyan Qərb mədəniyyətinin təməl prinsipləri başlıca yer tutur. Əsərdə mədəniyyət anlayışı geniş anlamda götürülür və burada din, əxlaq, fərd, ailə, cəmiyyət, dövlət, hökumət amilləri təhlil edilir. Cəmiyyət həyatının qüvvətlənməsinə və gəlişməsinə səbəb olan amilləri təhlil edən müəllif Böyük Fransa inqilabına toxunaraq Volter, Didro, Monteskye, Russo, Kant, Şellinq, Hegel kimi fikir adamlarının nəzəriyyələrinə istinadlar edir, İnsan haqları bəyannaməsinin adını çəkir. Bu əsərində Ə.Ağaoğlu demokratiya, cəmiyyət və fərd anlayışlarına iki kontekstdə - Şərq və Qərb kontekstində yanaşır. Bir tərəfdə "kimsə yox, padşah var, haqq yox, keyf var, digər tərəfdə isə "fərd yox, cəmiyyət var, haqq yox, vəzifə var" prinsipi yer tutur. Ümumiyyətlə, demokratiya, insan haqları məsələsində Ə.Ağaoğlu daim Qərbçiliyi üstün tutur. F.Sakal bunu "Şərqin keçmişini demokratiya acısından yerə vurması" kimi dəyərləndirir.
"Sərbəst insanlar ölkəsində" əsərində filosof-ədib dövlət idarəedilməsində demokratiyanı əsas götürür. Bu isə xalq idarəetməsidir. Xalq idarəetməsi olan yerdə "istibdad quruluşunda olduğu kimi, dövlət səriştəsizlərin əlində təcrübə taxtası ola bilməz". Onun fikrincə "Xalq idarəsi ilə istibdad arasındakı əsas fərqlərdən biri də budur ki, istibdadda dövlət adamlarının və məmurların arxalandıqları güc hökmdarın yaxşılıq və qayğısıdır. Halbuki xalqın yönəltdiyi dövlətdə həmin adamlar yalnız xalqın inamına söykənə bilər".
Əsərdə qoyulan məsələlər Ə.Ağaoğlunun "Dövlət və fərd və "Sərbəst firqə xatirələri" əsərlərində davam etdirilir. Bu əsərlərdə fəaliyyətinin müəyyən dönəmlərindəki situasiyada onun nə qədər doğru yol tutduğunu göstərir. 20-ci illərdə mövcud rejimi müdafiə edən Kadroçular ona qarşı hücuma keçmişdilər. Onların bu hərəkətlərini Ə.Ağaoğlu demokratiyaya qarşı hərəkət kimi qiymətləndirirdi. "Dövlət və fərd" əsərində Kadroçuların tənqidinə cavab verərək "Həqiqətən Kadronun müdafiə etdiyi sistem, cahanda örnəyi olmayan, anlaşılmaz, qərabətlərlə dolu bir şeydir. Bnaənəleyh hadisələr və vakaların önündə qoşan eşsiz və örnəksiz, məchul və anlaşılmaz bir sistemi Ağaoğlunun müfəkkirəsi təbiətiylə qavraya bilməz", - deyə yazırdı.
Türkiyədə seçkilərdən dərhal sonra yazdığı "Sərbəst firqə xatirələri" əsərində Türkiyənin təkpartiyalı sistemdən çoxpartiyalılığa keçid dövründə baş verən hadisələri qələmə alır. Bu əsər göstərir ki, hətta təkpartiyalı sistem zamanı Ə.Ağaoğlu nəzəri cəhətdən söylədiyi fikirləri həyatda da müdafiə etmiş, cəmiyyətin demokratikləşməsi ilə bağlı söylədiyi nəzəri fikirləri praktik cəhətdən həyata keçirməyə çalışmışdır. Nə qədər çətin olsa da, yeni cəmiyyətin qurulmasında müxaliflik institutunun yaranmasında qatqısı olmuş, yeni partiyanın yaranmasında əlindən gələni etmiş, lakin onun qapanmasından sonra partiyaya geri dönməmişdir.
Azadlıq və demokratiya anlayışları Ə.Ağaoğlunun bütünlüklə yaradıcılığında mühüm yer tutur. Bu təməl prinsiplər "Sərbəst insanlar ölkəsində" əsərində ilk dəfə olaraq sistemli şəkildə işlənilir. Onun fikirlərində Qərb dünyasının dövlətçiliyinin təməl prinsiplərinin başlıca yer tutduğunu görürük. Bu təməl prinsiplər, demək olar ki, onun əsərlərində olduğu kimi, həyatının və fəaliyyətinin də əsas prinsiplərindən olmuş, yeni cəmiyyətin formalaşmasında müstəsna xidmətlər göstərmişdir. Əsərdə Azadlıq və Demokratiya haqqında nəzəri fikirlərlə yanaşı, praktik məsələlər də yer alır. Yəni Ə.Ağaoğlunun yaşadığı cəmiyyətin bir çox məsələləri üstüörtülü şəkildə öz əksini tapır. Burada qoyulan məsələlərin bir çoxunu yaşadığı cəmiyyətə birbaşa şamil etməyin mümkün olmadığı üçün fəlsəfi traktat formasında yazmağa üstünlük verir. Bu forma həm fikrin çatdırılması, ümumiləşdirilməsi, həm də mövcud durumda kəskin tənqidlərdən uzaq durmasına imkan verir. Ə.Ağaoğlu cəmiyyətdəki demokratikləşmənin fərdin güclənməsinə etkisi olacağını, bununla da topluma dinamizmin gələcəyini və fərdlərin vəzifələrinin artması ilə azadlıqlarını daha da artıracağını düşünürdü.
Ə.Ağaoğlu "Sərbəst
insanlar ölkəsində" əsərilə demokratiya,
insan haqları, azadlıq, fərd, dövlət, cəmiyyət,
hakimiyyət kimi təməl prinsiplərlə
çıxış edən filosof və
yazıçılar Aristotel, Tomas Hobbs, Con Lokk, Con Milton,
Şarl de Monteskye, Jan Jak Russo, Con Stürt Mill, Mirzə Fətəli
Axundzadə, Avraam Linkolnun fikirlərini yeni dövrdə
inkişaf etdirmiş və zənginləşdirmişdir.
Bədirxan
ƏHMƏDLİ
525-ci qəzet.- 2019.- 29 dekabr.-
S.18;19.