Anamın boyat dərdi
Esse
1988-ci ildə Göyçə mahalında anadan olub. Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsində (əyani) təhsil alıb (2005-2009). “Gənc qələm sahibləri-2014” layihəsində “Ən adi şəkil...” hekayəsi ilə qaliblərdən biri olub. AYB-nin nəzdində fəaliyyət göstərən “Gənc ədiblər məktəbi-2”nin dinləyicisi olub (2013-2015). Azərbaycan Yazıçılar Birliyinin (2014) və Dünya Gənc Türk Yazarlar Birliyinin (2014) üzvü, Prezident təqaüdçüsüdür. Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb (2016). “Ümiddən olan qurbanlar” (2010, hekayə və esselər), “Poçtalyona məktub” (2017, şeirlər) kitablarının müəllifidir.
- Lalələri çox sevirəm... - demişdim anama...
Anam da sevdiyini demişdi... Göyçə gölünün laləli sahillərindən, lalələrin çobanyastığı ilə birləşib solmaz çiçəyinə həsəd aparmağından danışmışdı... Onda da içimdə indiki kimi çoxbucaqlı hisslər vardı. Düşünmüşdüm ki, görəsən, mən də nə vaxtsa Göyçədən danışa biləcəyəmmi?
Əslində, anamın dilindən heç vaxt “Göyçə gölü” çıxmayıb, bunu coğrafi termin kimi yazıram. O, həmişə: “Göyçədəki dəniz...” - deyir. “Saçlarım uzun idi, hörüklərimi açıb buraxırdım dalğaların ümidinə, bir sığal çəkirdilər ha...” - deyə bir fərəhlə danışır ki... O, belə danışanda mən yeni-yeni kəşflər edirəm öz beynimdə. “Dalğalı saçlar” ifadəsini ilk işlədən bir kişi olub. O, qadının saçlarını dənizə qıymasını görüb, sonra da içindəki təlatümləri məcazlaşdırıb...
Hə, mən ancaq bu cür kəşflər edə bilirəm anam Göyçədən danışanda. Onun xatirələrinə təsəlli söykənəcəyi olacaq çiynim də yox mənim...
... O günü bir uzaq qohumumuz mənə zəng eləmişdi. Yaşlı kişidi, danışanda elə danışır, elə bil Göyçədən dünən çıxıb. “İnəyin suyunu az qoydum, deyən... Tələsikdə bircə boş vedrə tapdım, elə onu doldurub yanına qoydum. Görən, susuzluqdan yanmadı ki, yazıq heyvan?” - deyə bir peşmanlayır, bir dərd çəkir, İlahi! Utanıram deməyə ki, ay qağa, başına dönüm, sənin o inəyə su daşıyan əllərindən öpüm, axı, sən Göyçədən otuz bir ildi çıxıbsan. Düz otuz bir il... İndiyə inəkmi qalar, a qarabaxt?!
Hə, onun zəngindən danışırdım elə. Deyir, “ay Şəfa bala, bir vətən şeiri də yaz dayna!” “Yazacağam...” - dedim. Yox, yalançı deyiləm ey, kişiyə yalandan söz vermədim. Bir gün yazacağam... İnanmırsınız? Vallah, yazacağam, billah, yazacağam... Lap elə Göyçə haqqı yazacağam! Bir gün yazacağam... Bir gün... Sadəcə, o gün hansı gündür, onu bilə bilmirəm...
Vətən anadan olduğumuz yerdimi? Mənim ayağım o torpaqlara dəyməyib... Üç aylıq bir körpə özüylə bələyində o dağların qarını-buzunu gətirib. Onu da Gədəbəydə, odun sobasının istisi əridib, axıdıb... Xatırlaya bilmirəm... Soyuğu qalıb canımda...
Vətən böyüdüyümüz yerdimi? Taxtaların arasından içəri görünməsin deyə babam qəzet yapışdırıbmış vaqonun divarlarına... Anam çörək növbəsinə hamıdan gec gedirmiş ki, qoy bütün uşaqlar yeyib doysun... Atam üç yaşlı bacımı vaqonların altında axtarırmış, bacım əlindəki bir tikə yavan çörəyi qırıb siçovullara paylayırmış... Xatırlaya bilmirəm... Soyuğu qalıb canımda...
Vətən məktəbə getdiyim yerdimi? Dizləriməcən qara batırdım kitab dalınca sinif yoldaşlarımın qapısını gəzəndə... Kəndin ağsaqqallarından biri: “Ağlı olsa, oxumaz!” - deyirdi... O biri: “Ürəyindəki təpərə qurban, qara qız” - deyirdi... İlk dəfə rayon olimpiadasında anamın “O ulu Göyçəyə dönərik dedim” şeirini söyləmişdim... İkinci siniflər arasında birinci yerə çıxmışdım...
Vətən ali təhsil aldığım yerdimi? Hərbi xidməti bitirib geri qayıdan gənclərin əsgər paltarını geyinib fəhləlik etməsinə hirslənirdim. Mənimçün o paltar Vətənin müqəddəsliyindən kamını almışa dönürdü... Bu mövzuda yazdığım esseni institutun konsert zalının səhnəsində oxumuşdum... Rektor valideynlərimə “Təşəkkür məktubu” yazmışdı... Kövrəlmişdim... Elə anam da kövrəlmişdi... Məktəbdə inşa yazdığım dəftərlərimi gətirib qarşıma qoymuşdu... Bir-bir açıb oxumuşdum... Oxuduqca anlamışdım ki, “Vətən haradır?” sualına illərlə axtardığım cavab ürəyimdəymiş... Bütün inşalarımda yazmışdım bunu... Uşaqlıq şeirlərimdə yazmışdım bunu... Yazmışdım ki: “Vətənim Azərbaycan Şərqin gözəlidir!”... Yazmışdım ki: “Dimdiyi göy Xəzərdə, qanadları Qafqazlara kölgə salan bir şahindir Azərbaycan!”... Yazmışdım ki: “Qürur duyuram səninlə, Azərbaycanım!”... Yazmışdım ki: “Mən gözələm, gözəllərin gözəliyəm, Çünki Azərbaycandanam!”
Yazmışdım, amma yenə də həmişə gözlərimin önünə gələn sualın arxasınca düşmüşdüm düşüncə-düşüncə, fikir-fikir... Bunun da niyəsini o gün anlamışdım. Ayağım doğulduğum torpağa dəyməmişdi... Saçlarımı Göyçə gölü yumamışdı... Dizlərimi Saqqızlı dərənin tikanları qanatmamışdı... Anam əlimdən tutub məni çaşır yığmağa aparmamışdı... Dodağımı Buz bulağın gözünə dayayıb dişlərimi göynətməmişdim... Mən “qaçqın” uşağı idim... Nağıllardakı kimi “dərələrdən selə bənzər, təpələrdən yelə bənzər” keçib gəlməmişdim... Vətəndən vətənə gətirmişdi anam məni qucağında... Amma arxada qoyub gəldiyini mənə tanıtmaq üçün ömür xərcləyirdi...
... Otuz bir il... Düz otuz bir ildi ki, ən savadlı həkimlər, ən bahalı dərmanlar mənim canımdan “qaçaqaç”ın soyuğunu çıxara bilmir. Düz otuz bir ildi ki, kimsə beynimin içində oturub, “bircə dəfə Göyçədəki dənizə baş vursan, azar-bezarın qalmayacaq...” - deyir... Deyir desin də... Hardadı məndə o bəxt?! (“bəxt” yerinə “hünər” yazasıydım, ürəyimdə təpər tapmadım...)
... Keçən həftə baxıram anam bayatı deyir: “Göyçə dərdim, boyat dərdim, boyat dərdim...”
Kədərimə bürünüb elə qaçdım anamgildən... Bir həftədi gözümə yuxu da getmir... Anama nolub, görən? Həmişə “O ulu Göyçəmə dönərik” deyən anamın dərdi niyə boyatlayıb? Boyatdırsa, o dərd kimə lazımdı, axı?!
... - Lalələri çox sevirəm... - demişdim anama...
- Lalənin göyçəyi Göyçədədi... - demişdi anam...
- Sabir Yusifoğlu yazıb ki, “Bir “Qarabağ şikəstəsi” uçur Qarabağa tərəf...”
- Göyçəyə tərəf nə uçur, ay Şəfa?
- Lalə ləçəkləri, anam...
- Lalənin neçə ləçəyi olur?
- Dörd...Ya da beş... Nənəm demiş, huşumdan çıxıb...
- Nə eləsən elə, bircə Göyçəni qoyma huşundan çıxsın, ay Şəfa...
- ...
Şəfa VƏLİ
525-ci qəzet.- 2019.- 29 dekabr.- S.14.