Dostum Rəşad Məcidlə Yeni il ərəfəsində
söhbət
BU
DƏFƏ TƏKCƏ SEVGİDƏN DANIŞAQ...
Əziz
dostum, əksər saylarını həvəslə
oxuduğum, müasir mətbuatımızda
öncüllüyünü qoruyub saxlayan "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid.
Canından
uzaq, bu bayram ərəfəsi ətrafı bürüyən
qrip epidemiyasından mənə də pay düşüb. Adətimdir,
belə vəziyyətlərdə halsızlığı
unutmaq üçün oxumağı
planlaşdırdığım kitablar həyanım, məlhəmim
olur. Sənin yeni çapdan çıxmış "Səbəbi
sənsən" kitabı da əlimim altındadır. Yadımdadır, deyəsən, heç avqustun 21-də
55 yaşının tamamında düzənlənən məclisdə
sənə belə gəlişi gözəl sözlərlə
müraciət etməmişdim. Bəs nə
olub, nə dəyişib?
Heç
nə, sadəcə bu dəfə yuxarıda
sadaladıqlarımın əksərini kənara atıb istərdim
qarşıdakı yeni 2020-ci ili ailən,
bütün doğmaların da daxil olmaqla təbrik edim və
yalnız sevgidən danışaq. Digər cəhətlər
isə cild-cild kitablara sığmayan irili-xırdalı
duyğulardı ki, özümüz də bilmədən
iştirakçıları, personajlarıyıq.
Bir də səbrli, duyğulu-düşüncəli, həssas
Rəşad Məcid xarakterini kitab kimi oxumaq istəyənlər
onun poeziyasının da ənginliklərinə baş
vurmalıdırlar. Yoxsa, tanınmış qələm
sahibi, doğum günündə belə "şamları
söndürməyi sevməyən, bir az həlim, kövrək
üfürən" Rəşad Məcid xarakterinə bələdçilikdən
nə haqla danışmaq mümkündür.
Əziz dostum, "... ən xoş arzularla, 18 oktyabr,
2019" sözləri yazılmış yeni kitabını
axşamüstü ailədə birgə vərəqləyərək
feyziyab olduq. Qadınların lirikaya necə
möhtaclığının dərəcəsi yalnız
Yaradana bəllidir.
Kitab başdan-ayağa məhəbbət motivlidir. Onu yaxşı
tanımayan ilk oxucu mütaliədən sonra elə güman edər
ki, müəllifi əsrimizin Məcnunudur, şairin isə
eşqdən, məhəbbətdən qeyri mövzusu yoxdur.
Belələrinə heç olmasa kompyuteri
açıb məlumat bazasına sənətkarın
yalnız adını yazması kifayətdir. Onun 29
yaşından bəri işıq üzü görən
kitablarını sıraya düzək: "Hələ ki,
vaxt var", "Əlvida və salam",
"Dəlicəsinə", "Çiyələk
qadın", "Bir də gəlməyəcək",
"Çığıracam"... bunlarda şeirləri
toplanıb. "10 sentyabr"da isə hekayələri.
Doğrudur, bu kitablarda məhəbbət və ictimai
motivli şeirlərin nisbəti 60-ın 40-a birincilərin
xeyrinədir.
Bu nisbəti Rəşad Məcid şeirlərindəki
ictimai məna yükünün yüngüllüyündə
axtarmaq sadəlövhlük olardı. Gəlin
misallarla danışaq, "Yastıq"ı təhlil edək.
Bu şeiri mənalı, müşahidəli,
mütaliəli həyat yolu keçməyən şəxs
yaza bilməz.
Kamil poetik nümunədir. "Başı
yastıqdan düşən adamın bunun əsrarına
varmadan onu dübarə başının altına çəkməsinin"
fəlsəfi təfərrüatları təhlilini tapır.
Həqiqətən də insan doğulanda başının
altına, oturanda böyür-başına, yeriyəndə
durumundan asılı olaraq yolu üstünə yastıq
qoyular:
Sonra
noğul yastığı,
Sonra
nağıl yastığı,
Başı
üşüyəndə papağı yastıq,
Əli
üşüyəndə bayrağı yastıq,
Qəbri üşüyəndə torpağı
yastıq.
Ağrıyan dizinə yastıq qoydular.
...
Diksinib ayıldı yuxudan
Başı yastıqdan düşmüşdü.
Çəkdi yastığı başının
altına.
Əladır, şair tapıntısıdır.
"Futbol oynadığım yadımdan
çıxıb" sujeti bu idman oyunu üzərində
qurulan, əslində, böyüklər üçün
yazılan nümunədir. Hansımızın
yadından çıxar uşaqlıqda futbol oynayan zaman
"yıxılıb daşlara dəydiyimiz, əllərimizin,
ayaqlarımızın yaralandığı, dizlərimizin
daşlara dəyib parçalandığı, dabana qədər
tər axıtdığımız" anlar. Baxın,
şair bu oyundan uzaq düşməyimizin fəsadlarını
necə ictimai motiv kimi təqdim edir:
On il, on beş il topsuz-filansız,
Yenə də yıxılan, əzilən mənəm.
Amma
yıxılanda dizim qanamır,
Çünki
yıxılıram ürəyim üstə,
Futbol
oynamağı yadırğayandan...
Mən Rəşad
Məcidin belə motivli şeirləri az
yazmasını müasir poeziyamızın öncüllərindən
olan Ramiz Rövşənin fikri ilə əsaslandırmaq istərdim:
"Çünki o, şair işləmir". Yəni Rəşad.
Fəqət onun yaxşı şair, jurnalist
olaraq özünü qabarıq büruzə verən keyfiyyətlərindən
tanınmış qələm sahibləri elə dolğun, səmimi
danışmaqdadırlar ki, hamısını desəm,
qorxuram dostum bu şaxtalı günlərdə
arxayınlaşıb qış xoşhallığına
qapıla. İnşallah olmaz.
Mətləbdən deyəsən, bir qədər uzaq
düşdük. Qayıdaq məhəbbət motivlərinə.
Sanıram yeni il istirahətində
olduğumuz günlərdə soyuq evləri, münasibətləri,
qəlbləri söz qədər isindirə biləcək
ikinci material tapmayacağıq. Lirik sətirlər,
duyğular isə atomdan da güclü sınanmış,
etibarlı mənbələrdir. Məsləhət
görərdim ki, stolunuzun üzərində "Səbəbi
sənsən"i də saxlayasınız. Kitabın başlığının haradan
götürülməsi sualına 93-cü səhifədə
cavab aldım. Məlum oldu ki, əməkdar
artist Xumar Qədimova bu şeirə necə şirin, rəvan
mahnı bəstələyib, ifa edibsə, şairə təsirsiz
ötüşməyib. Dörd bənddən biri:
Özümü
hamıdan güclü sanmağım,
Durduğum
yerdəcə qanadlanmağım,
Mənim
sevinməyim, ya şadlanmağım,
Hamısı, hamısı sənə görədir.
X.Qədimovanın həzin səsi ilə daha birini -
"Bir də gəlməyəcək"i dinləyib digər
yeddi mahnıya da qulaq asdım. İkisinin bəstəçisi
Xanım İsmayılova ("Səndən bir söz
çıxanacan" və "O") idi. Aysel Kərim üçünə musiqi həyatı
vermişdi - "Gözlərimə bax"a, "Daha"ya və
"Nə fərqi"nə. Bu
mahnıları tanınmış təranə ustadları
Gülüstan Əliyevanın, Tünzalə Ağayevanın
və digərlərinin ifalarında dinlədim. Hər üç tərəfə xoş
duyğularımı bildirdim.
Bunlar Rəşad Məcidin niyə ovqat xarakterli səhər
verilişlərində lövbər salmaq haqqına əsaslar
verirdi. Belə
xarakterli proqramlar sirr deyil ki, insanları yaşından
asılı olmayaraq iş yerlərinə yüksək əhval-ruhiyyə
ilə səfərbərliyə alır. Rəşad
Məcid gözəl bilir ki, ovqatsızlıq, "əsəblərin
tarıma çəkilməsi, damarda qanın donması, min
illərin yorğunluğu, ürəyin zorla
vurması"dır. Bənddə bir
misranın özü belə səfərbəredici gücə
malikdir. Həmin kontekstdə,
"Ovqat"da çıxışından unudulmaz epizod.
R.Məciddən yeni sevgi şeiri istədilər, oxudu:
Sən dərdin
qənimi!
Sən
qüssənin cəlladı!
Sən
ağrıların keyidicisi!
Sən
gerçək - yalan
artan -
çoxalan
yüzə, minə vurulan
bəd
xəbərlərin qovucusu!
Valerianım!
Karvalolum!
Validolum!
Aparıcı bu vaxta qədər hesab edirdi ki, söhbət
eşqin haldan-hala saldığı qəddar məşuqədan
gedir. Elə
ki, daha 5 misranı dinlədi, heyrətdən əli
ağzında qaldı:
Bu
şeirdə mənim sənə
Təşəkkürüm,
sədaqətim!
Tütünüm!
Nikotinim!
Tüstüm!
Siqaretim!
Rəşad Məcidin bu şeiri ilk dəfə avtobusda
Milli Mətbuatımızın 140 illiyi ilə əlaqədar
Zərdaba gedərkən yolu qısaltmaq, yorğunluğu
azaltmaq üçün dilə gətirmişdi. Yumorla fəlsəfi duyumun vəhdəti!
Ona görə aparıcıda doğurduğu təəssürat
başadüşülən idi.
Burada haşiyəyə çıxım ki, onun siqaret
barədə bəy tərifli şerindən sonra avtobusda
papiros çəkməyənlər belə qullab vurmağa
çalışdılar. İçərini
tüstü və öskürək səsləri
bürüdü. Ümumiyyətlə,
xaricə, ölkə daxilinə saysız səfər təcrübəmizə
istinadən deyim ki, xoş o adamın halına qismətinə
Rəşad kimi yol yoldaşı düşür. Bu zaman onun hər kitabını, o cümlədən,
"Səbəbi sənsən"i özünlə
götürməkdən itirməzsən.
Şairin kimsənin ismini çəkmədiyi
adlı-adsız şeirlərinin ünvanı, qəhrəmanı
sevgi adlı saf, nəcib, tərəf müqabilindən həssaslıq
uman mücərrəd varlıqdır. Bu mücərrədliyin
təməlində hər birimizə doğmalıq, ucalıq
təlqin edən saf hisslər dayanır. Adsız
şeirlərdən:
Bəs bu
nə qəm nəğməsidir -
ağaclar ağı deyir,
Bəs o
qara bulud niyə tabuta
bənzəyir -
keçir damların üstündən?
***
Sənsən
varım-varidatım, mülküm
-dövlətim -
səninlə doluyam,
Çox
zənginəm, çoox...
***
Beş
misralıq "Səni düşünmək"də sevgi
düsturu cızılır:
Quyuya qəfil
sallanan kəndirin sevinci...
Qara
buludlar arasından sıyrılan
Günəş
şüasının səadəti!
Yalanı, riyanı qovan saflığın,
duruluğun qalibiyyəti!
Şair bütün kitab boyu kredosuna sadiqdir. Yəni sevgi
onun üçün əbədidir. O, insanın qəlbinə
bir dəfə gələ bilər. Nə zamansa tuş gəldiyin
sevgi həqiqidirsə, elə sevginin özüdürsə,
bütün ümumiliklər bir "O"da cəmləşəcək:
Qoluma girəcək
yenə də qızlar,
Əsən xəfif külək O olmayacaq.
Hansısa
baxışlar nəsə deyəcək
Nə arzu, nə istək O olmayacaq.
Bəlkə
yaşanacaq yeni bir nağıl,
Bu sevgi kitabı O olmayacaq.
Sevinci, atəşi,
gur səadəti,
Kədəri, əzabı O olmayacaq.
Min yoldan
qayıdam, min yol axtaram,
Beləsi bir daha doğulmayacaq.
Tapdığım
gözəllər tez gözdən düşüb,
Sevdiyim mələklər O olmayacaq.
Onun fəlsəfi, təbiət şeirləri də
sonda mütləq sevgi motivləri ilə vəhdət təşkil
edir.
Yalnız 7 rəngin palitrasından yaranan "Göy
qurşağı"nı çıxmaq
şərtilə. Müəllif Tiflis
yağışının saçlarını
yaladığı, yanaqlarından sürüşdüyü,
dodaqlarının arasından şirinləşdiyi, boynunu,
boğazını titrətdiyi... "Tiflis
yağışı"na həsəd aparır,
"Sabahın xeyir"lə salamladığı gözəli:
... Bahardı.
Təkcə
çöl-çəmən deyil,
ruhumuz
da bürünüb yaşıla -
misraları ilə görüşə səsləyir.
Oxucuların da mütaliəsi üçün misraları, sətirləri saxlayıb vaxtı ilə poeziyaya özünün "Sənsən"i ilə qədəm qoyan Rəşad Məcidin indi gənc yazarların pasibanı olmağından dilə gətirdiyi qürur hissinə qayıtmaq istəyirəm. Atalar yaxşı deyib: hər kəs əkdiyini biçər. Bu hər sahədə belədir. Haradansa, kimdənsə yan keçməz.
Yeni ilin mübarək, Rəşad Məcid!
Əflatun
AMAŞOV
Azərbaycan
Mətbuat Şurasının sədri, millət vəkili
525-ci qəzet.- 2019.- 29 dekabr.- S.12.