Əbülfəs Qarayev: "Qloballaşma
dövründə mədəniyyətə təsir
formaları da müasirləşib"
MƏDƏNİYYƏT
NAZİRİ ƏBÜLFƏS QARAYEVİN APA-ya
MÜSAHİBƏSİ
- 2019-cu ili geridə qoymaqdayıq. Bu il
ölkənin mədəni həyatında bir sıra əlamətdar
hadisələr baş verdi. Lap əvvəl Prezident İlham
Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət
xadimləri ilə görüşü oldu və o
görüşdə bir sıra məsələlər
qaldırıldı. Həmin məsələlərdən
hansılar öz həllini tapdı, hansılar həll edilməmiş
qaldı?
- Bu il həqiqətən çox gərgin və maraqlı bir il oldu. İlk olaraq yanvarın 15-də cənab Prezidentin mədəniyyət sahəsində islahatlarla bağlı sərəncamı çıxdı. Bu sərəncam əsasında komissiya yaradıldı. Deməliyəm ki, ilin çox hissəsini Mədəniyyət Nazirliyi daxili strukturun təkmilləşdirilməsinə, işin keyfiyyətinin artırılmasına, bütün digər məsələlərin müzakirəsinə sərf elədi. Bir neçə layihə təqdim edildi. Bu da sistemin təkmilləşdirilməsi üçün çox böyük fürsət oldu. Cənab Prezidentin verdiyi tapşırıqlar artıq tədricən reallaşmağa başladı. Bu tapşırıqlar nəticəsində görülən işlər artıq öz bəhrəsini verməkdədir. Lakin hadisələrin sırasında sizin də qeyd elədiyiniz kimi, bütün bu işlərə təkan verən ən böyük hadisə martın 1-də hörmətli cənab Prezident və hörmətli Mehriban xanımın mədəniyyət xadimləri ilə təşkil edilən görüşü oldu. Bu görüş Azərbaycanda mədəniyyətin müxtəlif sahələrini qısaca da olsa əhatə etmək imkanı verdi. Orada səslənən fikirlər bu proseslərin daha çevik həyata keçirilməsinə və onlarda yeni yanaşmanın formalaşmasına müsbət təsir göstərdi. Mən xüsusilə qeyd etmək istərdim ki, cənab Prezidentin verdiyi tapşırıqlara əsasən uzun fasilədən sonra kino sahəsinə vəsait ayrıldı. Uzun fasilədən sonra deyəndə ki, ümumiyyətlə iki il çətin vəziyyətdə idik. Bəzi filmlərin çəkilişləri dayandırılmışdı. Lakin bildirmək istəyirəm ki, ayrılan həmin 5 milyon manatın hara xərclənəcəyi də məchul idi. Çünki hansı film çəkiləcək, nə cür çəkiləcək, kim tərəfindən çəkiləcək, bunlar hamısı qeyri-müəyyən idi. Buna görə biz xüsusi komissiya yaratdıq. Komissiya müstəqil və tanınmış kino xadimlərindən ibarət idi. 250-ə qədər ssenari qapalı şəkildə oxundu və iki ay bundan öncə artıq komissiya 20 filmi seçdi. Biz də həmin vəsaitlə o filmlərin çəkilməsinə qərar verdik.
- Bunlar Prezidentin göstərişi ilə hazırlanmalı olan kino konsepsiyasının tərkib hissəsidir?
- Kino konsepsiyası öz yerində, onun
hazırlanması davam edir. Vəsait verildi ki, kino çəkilişi
prosesi dayanmasın. Üç filmin çəkilişinə
artıq başlanılıb. Digər filmlərin
də hazırlığının ilkin mərhələsindəyik.
Onları çəkəcək rejissorlar da
artıq müəyyənləşib, avans da verilib. Qalan pul isə büdcədə durur, növbəti
illərdə film çəkilişlərinə sərf edəcəyik.
- Dövlət
sifarişi ilə çəkiləcək filmlər hansı
mövzuları əhatə edir?
- Filmlər
daha çox vətənpərvərlik, mənəviyyat kimi
mövzuları, bugünkü Azərbaycanın sosial problemlərini
və bu gün gedən prosesləri əhatə edir. Bundan başqa, bir neçə uşaq və cizgi
filminin çəkilməsi də nəzərdə tutulub.
Bunlar hamısı o mövzulardır ki, bu
gün Azərbaycan cəmiyyətinə lazımdır. Biz komediyaya üstünlük vermirik. Çünki özəl prodakşnlar onsuz da komediya
filmləri çəkir. Dövlətin
işi bu prosesi istiqamətləndirməkdən ibarətdir.
İstiqamətləndirmənin məntiqi
hansısa senzura şəklində yox, yaradıcı fikrin cəmiyyətə
lazım olan mövzulara yönləndirilməsinə xidmət
edir. Dövlət ona görə filmlərə
vəsait ayırır ki, gənc nəsil tərbiyə
olunsun, insanlarımızda vətənpərvərlik hissi
oyansın, vətənimiz uğrunda mübarizə
aparmış şəxslər tanıdılsın.
- Dövlət
hesabına çəkilən filmlərdə hər hansı
yaradıcı tələblər və ya məhdudiyyətlər
qoyulur?
- Dövlət
yalnız filmin smetasının təyin olunmasında
iştirak edir və buna uyğun olaraq daimi hesabatlar tələb
edir ki, maliyyə düzgün xərclənsin. Mən
bayaqkı fikrimi davam etdirmək istəyirəm. İkinci böyük təkan teatrların fəaliyyət
sahəsində oldu. Cənab Prezidentin
verdiyi qərarların əsasında əvvəl bir neçə
aparıcı teatrın, daha sonra isə bütün dövlət
teatrlarının maliyyə durumuna əhəmiyyətli dərəcədə
yardımlar oldu. Teatrlarda yeni
avadanlıqların qurulması, yeni tamaşaların
hazırlanması, ehtiyacı olan aktyorlara yardım göstərilməsi
təşkil edildi. Teatrlarda dərhal yaradıcı
proses formalaşaraq daha böyük canlanma getdi. Bu ilin axırında mən bir neçə teatrda
oldum və tamaşaların necə böyük həvəslə
qoyulmasının, yeni texniki imkanların şahidi oldum. Bunlar çox müsbət haldır. Digər tərəfdən Cənab Prezidentin
görüşündən sonra fərdi qaydada həm dövlət
tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən
müxtəlif sənət adamlarına yardım göstərildi.
Onların yaşayış şəraitinin
yaxşılaşdırılması haqqında qərarlar
verildi.
- Bu il eyni zamanda Bakıda UNESCO-nun 43-cü
sessiyası da keçirildi, Şəkinin mərkəzi hissəsi
və Şəki Xan Sarayı Dünya Mədəni İrs
siyahısına salındı. Lakin seçim
prosesində olduqca gərgin anlar yaşandı. Çünki prosesdə Şəkinin Dünya Mədəni
İrs siyahısına salınmasına etiraz edən ölkələr
vardı. Mənə elə gəlir ki,
orda ən çox gərginlik keçirənlərdən biri
də Siz oldunuz.
-
Sözsüz ki, bizim üzərimizdə böyük məsuliyyət
var idi. Ermənistanın təcavüzü
başlayandan sonra Azərbaycan onların əsas hədəflərinə
çevrilib. Parisdəki sonuncu iclasda da
onların fikri bu oldu ki, bizi niyə Bakıya buraxmırlar?
Biz də dedik ki, hamıya bərabər şərait
yaratmışıq, bu beynəlxalq tədbirdir, istəyirsən
gəl, istəmirsən gəlmə. Təhlükəsizlik
barədə öhdəliklər
götürmüşdük, kiminsə başından bir
tük belə əskik olmasına imkan verməzdik. Biz hansı iclasda sənəd veririksə, yüzlərlə
məsələ müzakirə olunur, Azərbaycan adı gələn
kimi mütləq ermənilər nəsə ortaya qoyurlar.
Burda da belə oldu. Faylın
müzakirəsi zamanı Azərbaycan xanlıqları
haqqında məlumat verilirdi, bu xanlıqların
sırasında sözsüz ki, Qarabağ xanlığı da
olmalıdır. Bu, bizim tariximizdir. Özümüzdən nəsə ixtira eləmirik,
bunu sübut edən mənbələr var. Lakin Qarabağ
xanlığının faylda yer alması onları
çaşdırdı və siyasi don geyindirməyə
çalışdılar, müxtəlif kanallarla bizə təsir
göstərmək istədilər. Əfsuslar
olsun ki, bu məsələni dərindən bilməyən bəzi
mütəxəssislər onların bu hay-küyünə
uyurlar, ehtiyatla olsa da, etirazlarını bildirirlər. Ədalət bizim tərəfimizdə idi və sənədlər
- fayl dünya standartlarına cavab verən səviyyədə
hazırlanmışdı, bununla belə, mən yenə də
həyəcan keçirirdim. Lakin komitə üzvlərinin
hamısı sonda Şəki və Xan Sarayının
Dünya İrs siyahısına salınmasının lehinə
səs verdi. Beləcə,
ermənilərin siyasi don geyindirmək istəyi baş
tutmadı. Şəkinin qəbul edilməsi
üçün mən heç kəsə təsir göstərməmişdim.
Bütün faylların bərabər şəkildə
müzakirəsi təşkil olunmuşdu. Sözsüz
ki, Bakıda keçirilən tədbir istər-istəməz
qonaqlarda Azərbaycan haqqında xoş təəssürat
yaratdı. Əsas məsələ odur ki,
bu siyahıya daxil olmaqla biz qələbə çaldıq.
Amma bu digər tərəfdən çox
böyük məsuliyyətdir. Artıq
Şəki şəhəri tək Azərbaycana deyil, bütün
bəşəriyyətə məxsusdur. Dünyada
bu cür yalnız 1121 məkan var. Buna görə də orada
hansısa tələblərə qarşı
uyğunsuzluğa yol verilsə, ciddi problemlər yaranacaq.
Mənim yadımdadır, bir zamanlar İçərişəhəri
Dünya İrs Siyahısından çıxarmaq istəyirdilər.
Cənab Prezidentin apardığı siyasət nəticəsində
bu baş tutmadı. Bu onu göstərir
ki, Azərbaycan dövləti və xalqı bəşəriyyətə
məxsus məkanlara xüsusilə diqqətli yanaşır.
Mən inanıram ki, Şəki də belə
bir nümunə olacaq. Lakin Şəki
şəhərdir, orada insanlar yaşayır.
- Şəkinin bu siyahıya salınması şəhər
sakinlərinin yaşayışında hər hansı məhdudiyyətlər
yaradacaq?
- Biz
çalışacağıq ki, insanların
yaşayışında heç bir problem olmasın. Eyni zamanda, onların yaşayış tərzinə
uyğunlaşmaq üçün müəyyən qaydalar
hazırlanmalıdır.
- Son illər
insanlarımızın mədəni səviyyəsi bir nazir
kimi Sizi qane edirmi? Çünki cəmiyyətdə
tez-tez zövqlərin bayağılaşması barədə
fikirlər müzakirə olunur.
- Mən
bu məsələyə fərqli yanaşmaq istəyirəm. Biz qloballaşma dövründə
yaşayırıq və müxtəlif dövrləri
müqayisə etsək, görərik ki, insanların mədəniyyətinə
təsir formalarının özü də müasirləşib.
Bu gün daha çox internet vasitəsi ilə təsir
göstərilir. Orda da sən ciddi musiqini,
ciddi ədəbiyyatı verə bilməzsən.
- Bəstəkarlar
İttifaqının qurultayındakı çıxışınızda
şikayətlənmişdiniz ki, klassik musiqi tədbirlərinə
çox az adam gəlir, salon demək olar
yarıboş qalır.
- Bəli,
demişdim. Fikir verirsinizsə, Mehriban
xanımın muğama qayğısından sonra muğam
konsertlərinə nə qədər insan gəlir. Klassik musiqiyə marağımız təəssüf
ki, azalıb. Yaxşı olardı ki, bu
tarazlıq pozulmasın, klassik musiqi konsertlərinə də
insanlar gəlsin. Burda təkcə Mədəniyyət
Nazirliyi yox, başqa qurumlar, media da
çalışmalıdır. Niyə televiziya
verilişlərində daha çox estrada
musiqisi səsləndirilir, amma klassik musiqiyə o qədər
yer verilmir? Yaxşı olardı ki, o verilişlərə estrada musiqiçiləri ilə yanaşı,
misal üçün, simli kvartet də dəvət olunsun,
Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri
səsləndirilsin. Bunlar hamısı
zövqü formalaşdıran amillərdir. Azərbaycanda çoxdan klassik musiqi
radio-kanalının açılmasına ehtiyac var. Bizdə
caz radiosu var, cazsevərlər dinləyir, qalanları isə
yerli, xarici, türk estradasına qulaq asır. Klassik musiqi radiosunun yaradılması da çox
yaxşı olardı. Mən bunu keçən dəfə
demişdim, yenə də təkrar edirəm. Hesab edirəm ki, hər bir azərbaycanlının
evində mütləq və mütləq bir Azərbaycan rəssamının
əsəri olmalıdır. Qoy olsun 50 manatlıq, kimin
imkanı varsa, lap 100 min manatlıq əsər alsın. Amma evdə bu əsər asılmalıdır.
Çünki uşaqların tərbiyəsində bunun
çox əhəmiyyəti ola bilər. Digər tərəfdən, bu, yaradıcılıq
sənayesinin genişlənməsidir. Əgər
hərə bir rəssamın əsərini alsa, bu onların
yaşayışına da təsir göstərəcək.
Bu gün dünya bir az fərqli templə
və fərqli üslublarla seçilir. Misal
üçün, qeyd etdiyim kimi, dövlət filmlərin daha
ciddi mövzulara həsr edilməsini dəstəkləyir.
Bu filmlərə çəkilən vəsaitin
qaytarılması, prokatın geniş yayılması təəssüf
ki, böyük deyil. Biz bu filmləri təmənnasız
olaraq yayımlayırıq.
- Bəlkə
dövlət sifarişi ilə çəkilən filmlərin
keyfiyyəti zəif olduğu üçün onlara maraq da az olur, ona görə gəlir gətirmir?
- Yox, elə
deyil. Sözsüz ki, dövlətin müəyyən
məhdudiyyətləri var. Elə film var ki, onun büdcəsi
5 milyondur, biz ona bu pulu verə bilmərik. Ümumiyyətlə,
biz bir filmin çəkilişinə 1 milyondan çox vəsait
vermirik. Ola bilsin ki, hansısa prodüser vəsait
tapıb film çəkir. Amma bu filmlər
daha rahat qəbul olunan, yüngül mövzuda olur. Çünki prodüser də çəkdiyi xərcin
qaytarılmasına çalışır, ona görə onu
qazanc gətirməyən ciddi mövzular
düşündürmür.
- Cənab
nazir, serialların çəkilişinə də Azərbaycan
Prezidentinin müvafiq sərəncamları ilə maliyyə vəsaitləri
ayrılıb. Hazırda ölkədə onlarla
serial çəkilir və serial sahəsi hardasa dirçəlib.
Lakin belə bir fikir səsləndirilir ki, həmin
seriallarda Azərbaycanın ailə dəyərləri pozulur.
- Bizim serialların
hamısı haqqında danışa bilmərəm,
çünki baxmağa vaxtım olmur, ancaq bir neçə dəfə
bəzi serialları izləmişəm. Mənə elə gəlir
ki, problemlər bir az süniləşdirilmiş
şəkildə təqdim olunur. Bəli, ailə
münasibətlərinin, gənclər arasında münasibətlərin
sağlam olmamasına təsadüf etmişəm, müəyyən
sünilik var. Hesab edirəm ki, burda da yaradıcı kollektivə
peşəkarlar yol göstərməlidirlər. Ona görə də cənab Prezidentlə
görüşdə təklif olundu ki, televiziyalarda Bədii
Şura yaradılsın. Bu Bədii
Şuralar da tanışlıqlar üzərində qərar
verməməlidir və bu şuraların seriallar barədə
söz demək hüquqları olmalıdır. O zaman
serialların səviyyəsi də tarazlaşa bilər.
- Bu il həm də "Nəsimi ili" qeyd olundu.
Bununla əlaqədar Nəsiminin məzarının
gətirilməsi, eyni zamanda, yeni "Nəsimi" filminin
çəkilməsi fikirləri də səsləndirildi.
Lakin bunların heç biri baş vermədi.
- Kim bu
cür düşünüb bilmirəm, mənim əvvəldən
belə gözləntilərim yox idi. Məzarın
Azərbaycana gətirilməsi fikri vaxtı ilə də
qaldırılmışdı. Lakin Suriya
dövlətinin, yerli əhalinin də fikri odur ki, Nəsiminin
məzarı artıq müqəddəs ocağa çevrilib.
Nəsiminin adı orda müqəddəsləşdirilibsə,
onu bura gətirməyə dəyməz. Nəsiminin
məzarının abadlaşdırılması ilə
bağlı dövlətlərarası müzakirə
aparılıb. Bununla bağlı layihə
də hazırlanıb. Lakin Suriyada indiki
durum bu ideyanı gerçəkləşdirməyə icazə
vermir. Kinoya gəldikdə isə bizə Nəsimi
ilə bağlı ssenari təklif edən olmadı. Biz də başqa yolla gedib, "Nəsimi" filmini
bərpa etdik.
- Cənab
nazir, gələcəkdə Xaqani, Xətai, Füzuli və
başqa dahilərimiz haqqında film çəkilməsi
planlaşdırılırmı?
- Tarixi
şəxsiyyətlər haqqında bir neçə film
çəkilib. Lakin onlar auditoriyanın
marağına səbəb olmadı. Xaqani, Xətai,
Füzuli kimi şəxsiyyətlər o qədər
ucadırlar ki, yaradıcı insanlarımızın bəlkə
də onlara müraciət etməyə cəsarətləri
çatmır. Çünki onlar dahidirlər.
Yadınızdadırmı, bir müğənni
Nəsiminin sözlərinə mahnı oxudu. Görün cəmiyyətdə ona qarşı nə
qədər etirazlar oldu. Amma onun da
mahnı oxumağa haqqı vardı.
- Bununla
belə, həmin mahnı il boyu müxtəlif
şənliklərdə səsləndirildi, xalq arasında
sevildi.
-
Görürsən, necə müxtəlif yanaşmalar var.
- Belə
başa düşdüm ki, bizim hazırda Füzulidən film
çəkəcək rejissorumuz yoxdur?
- Mən
istəyərdim ki, olsun. Bizim kino və ədəbiyyat
ustadlarına müraciət edirəm, əgər böyük
şəxsiyyətlərimiz haqqında ssenari təklif etsələr,
biz onun çəkilişinə mütləq şərait
yaradacağıq. Baxmayaraq ki, bu cür
filmlərin çəkilişinə çox böyük vəsait
tələb olunur.
- Bu il həm də Bakıda 6-cı Kitab Sərgi-Yarmarkası
keçirildi. Nəşriyyatları narahat edən
məsələlərdən biri də kitaba tətbiq edilən
ƏDV-dir. Bunun ləğv olunması ilə bağlı hər
hansı bir addım atılması gözlənilirmi?
- Biz bu
barədə məsələni müzakirə edərək,
onun Azərbaycanda formalaşan yaradıcı sənaye çərçivəsində
həllini tapmasına çalışırıq. Azərbaycanda yaradıcı sənaye
anlayışı hələlik formalaşmayıb. Hesab edirik ki, həm nəşriyyatlara, həm kino
sahəsinə, həm də fərdi qaydada
yaradıcılıqla məşğul olan insanlara yanaşma
sistemi dövlət tərəfindən vahid forma təşkil
etməlidir. Qrantların verilməsi və
başqa məsələlərlə bağlı münasibətlər
sistemi dəyişməlidir. Artıq bir
neçə dövlətlərin nümunəsində biz
öz təkliflərimizi hazırlamışıq. Sadəcə, bu təkliflər bəzi bürokratik
proseslərdən keçməlidir ki, hamısı haqda vahid
qərarın qəbul olunması mümkün olsun. Burda da tələsmək lazım deyil.
Çünki dövlətin də iqtisadi maraqları,
qaydaları var. Bu gün birinə imtiyaz istəyəndə
onun ətrafında səbəbsiz yerə bu imtiyazlardan istifadə
etmək arzusunda olan o qədər adam
ortaya çıxır. Bilirsinizmi, bu proses tədricən getməlidir.
Lakin mən yeni fikirləri dəstəkləməyə
hazıram. Ona görə biz gənclərlə
çox işləyirik, onların bizim komandamızda
iştirakını təmin edirik. Bu
yaxında "Debüt" studiyasına Amerikada təhsil
almış bir gənc direktor təyin olundu. Bundan başqa, "Azanfilm" studiyasına da gənc
rəhbər təyin etdik. Belə
addımları biz atırıq, xüsusilə həm kino, həm
teatr sahəsinin inkişaf strategiyasının bünövrəsində
mütləq və mütləq gənc mütəxəssislərin
yetişdirilməsi dayanmalıdır.
- Cənab
nazir, gənclərə mühüm yer verildiyini dediniz. Mən qonşu dövlətlərlə müqayisə
etmək istəməzdim, ancaq onlarda gənc
yazıçı və qələm adamları artıq xaricdə
nəşr olunur və kifayət qədər
tanınırlar. Ancaq bizdə bu proses nədənsə
ləng gedir.
- Mən
deməzdim. Biz Yazıçılar Birliyi ilə
xüsusi bir proqram gerçəkləşdirdik. Bu proqrama uyğun olaraq Azərbaycanın gənc
şair və yazıçılarının əsərləri
təxminən 10-12 dilə tərcümə olunub. Bir layihəmiz budur. İkinci
layihə kimi biz artıq Türkiyədə "Azərbaycan
kitabının dünyada tanıdılması" layihəsini
həyata keçiririk. Amma kimsə
gözləməməlidir ki, onun yerinə dövlət, ya
hansısa qurum əsərlərini tərcümə etsin.
Gərək yazarların özləri də əsərlərinə
maraq oyatsınlar. Gərək sübut
olunsun ki, bu ədəbiyyat xaricə
çıxmalıdır, yoxsa yox. Amma
bizim elə ədəbiyyatımız da var ki, artıq
özünü sübut edib. Onları
xaricdə təbliğ etməyək?
-
Hazırkı ədəbi prosesi izləyə bilirsiniz?
- Mən ədəbi
prosesi daha çox resenziya və məqalələr vasitəsi
ilə izləyirəm. Çünki
bütün bu əsərləri oxumaq təbii ki çətindir.
Amma "Ədəbiyyat qəzeti"ndə,
"525-ci qəzet"də gedən məqalələrə,
tənqidi yazılara nəzər yetirir və ümumi mənzərəni
əldə edirəm.
- Son illər
bəyəndiyiniz imza var?
- Son illər
oxuduğum müəlliflər arasında Elçin Hüseynbəyli
var, düzdür, onu artıq cavan hesab etmək olmaz. İlqar Fəhminin yaradıcılığı ilə
yaxından tanışam. Pərvinin də
adını çəkə bilərəm. Onun tarixi şəxsiyyətlər haqqında
çox gözəl məqalələri var. Bunlar məni
sevindirir.
- Tədbirlərin
birində Noah Yuval Hararinin kitabına baxıb, dediniz ki, onun əsərlərinin
üçünü də oxumusunuz. Sizdə
necə təəssürat yaratdı, bəyəndiniz?
- Mən
onun əsərlərini ingilis dilində oxumuşam.
- Belə
başa düşdüm, mütaliəyə kifayət qədər
vaxtınız olur.
- Mənim
evdə yazı masamın üstündə azı 4 kitab var.
- Sirr
deyilsə, hansılardır?
- Etiraf
edim ki, mənim üçün rusca oxumaq daha rahatdır,
çünki rus dilində təhsil almışam. Mən "İnostrannaya literatura"
jurnalını oxuyuram, Haruki Murakaminin əsərlərini
çox sevirəm. Bu yaxınlarda italyan
yazıçı Andrea de Karlonun "Cəzbetmə texnikası"
romanını, avstraliyalı Greqori Devid Robertsin
"Şantaram" və "Dağın kölgəsi"
əsərlərini oxudum. Harariyə gəldikdə
isə o, dünyada gedən prosesləri müəyyən qədər
əks etdirməyə çalışan insandır. Hansısa fikri ilə razılaşmaya bilərəm,
çünki sonrakı əsərlərində özü də
özünü təkzib edib. Ancaq onu
müasir fəlsəfə məktəbinin dəyərli
nümayəndələrindən biri hesab edirəm. Azərbaycan ədəbiyyatına gəldikdə isə
Natiq Rəsulzadəni həmişə oxumuşam, Anarı
oxumuşam. Elçinin kitabı indi də
stolumun üstündədir. Mən teatrlarımızda
səhnələşdiriləcək pyesləri oxuyuram. Ədəbi prosesin içində olmaq çox
vacibdir. Sözsüz ki, vaxt məhdudluğu
o dənizdə üzmək imkanı vermir, amma mən yenə
də çalışıram.
- Bu
yaxında Mədəniyyət Nazirliyinin dəstəyi ilə
Xalq yazıçısı Elçinin də kitabı
çıxdı. Elçin hər halda maddi cəhətdən
təmin olunmuş yazıçıdır. Olmazdımı bu cür imkanlı
yazıçıların yerinə daha çox gənc,
imkansız və ehtiyacı olan yazıçıların əsərləri
nazirliyin dəstəyi ilə çap olunsun?
- Gəlin
belə danışaq. Biz gənclərin də
kitabının çıxması üçün şərait
yaradırıq. Və biz bunun
davamlılığını təmin edəcəyik. Digər tərəfdən, hesab edirəm ki, Anar,
Elçin, Natiq Rəsulzadə, Allah rəhmət eləsin,
Maqsud İbrahimbəyov və bizim metr hesab olunan digər
yazıçılarımız da yaddan
çıxmamalıdırlar. Çünki
onların əsərləri cəmiyyətin şüuruna təsir
göstərən yaradıcılıqdır. Mən Elçinə yalnız imkanlı şəxs
kimi yanaşmazdım. Onun böyük
yazıçı olması mənim üçün heç
vaxt şübhə doğurmayıb. O ki qaldı gənclərə,
mən onlara həmişə kömək etmişəm:
Əkbər Qoşalı, Aydın Xan, Səlim Babullaoğlu. Yeni müəlliflərə də canla-başla yol
açmağa hazıram. Bəzən tənqid
olunuruq ki, niyə eləmirik? Dövlətin
axı bütün kitabları buraxmaq imkanı yoxdur. Dövlət, sadəcə, hamı üçün
bərabər şərait yaradır.
- Mətbuatda
tez-tez sənət adamları arasında yaşanan mübahisələrə
şahid oluruq. Xalq artisti Afaq Bəşirqızı
Azər Paşa Nemətovu, Xuraman Qasımova isə Opera və
Balet Teatrının rəhbərliyini tənqid edir. Mən iki nümunə çəkdim, əslində
çoxdur. Bu cür nüfuzlu sənət
adamlarının qalmaqallarda iştirakına Sizin
reaksiyanız nə olur?
- Buna iki
nəzər nöqtəsindən yanaşmaq lazımdır.
Birincisi odur ki, yaradıcı proses heç vaxt münaqişəsiz
keçmir. Hər bir yaradıcı adam
özünü bəyan edir və bu iddiaları cəmiyyətdə
biri qəbul edir, o biri qəbul etmir. Siz
görmüsünüz ki, iki adam
muğamı eyni cür oxusun? Hər ikisi oxuyur,
ancaq onların arasında müəyyən fərqlər,
yanaşmalar, interpretasiyalar var. Ona görə də bu
münaqişələrə yaradıcı prosesə bəlkə
də müsbət təsir göstərir.
- Təəssüf
ki, bu cür mübahisələr Sizin dediyiniz kimi sənət
müstəvisində deyil, hansısa məqsədlər
üçün həyata keçirilir.
- Bu
cür qalmaqalları cəmiyyət içərisinə
çıxarmaq mənim aləmimdə düzgün deyil. Burda mətbuatın da rolu var, milçəkdən
fil düzəltmək, münaqişə açmaq
yaxşı hal deyil. Mətbuatın mədəniyyət
adamlarına münasibətdə müəyyən etika
normaları olmalıdır. Yaradıcı
insanların cəmiyyətdə rolunu dərk edərək
qarşılıqlı ziddiyyətlərin qabarıq şəkildə
təqdim edilməsinə tərəfdar deyiləm. Qaldı onların özlərinə, mən kiməsə
qadağa qoya bilmərəm. Nazirlik,
ümumiyyətlə, senzor deyil, mən özüm də bunun
tərəfdarı deyiləm. Hesab edirəm
ki, Afaq Bəşirqızı da, Azər Paşa Nemətov da
Azərbaycanda kifayət qədər tanınmış,
çəkisi olan şəxslərdir. Mən
onların daha çox əməkdaşlıqlarını, bərabər
teatr layihələri gerçəkləşdirməklərini
görmək istəyərdim, nəinki qalmaqal
yaratmaqlarını. Ancaq həyatdır da,
nə etmək olar.
- Bakı Dövlət Sirkinin yeni binasının tikilməsi
nə vaxta planlaşdırılır?
- Bizim
sirkdə ciddi problemlərimiz var. Sirkin texniki təminatı
Sovet dövründə qurulub. Uzun müddət
təmir olunmayıb, yaranmış nöqsanların aradan
qaldırılmasını biz yalnız daxili imkanlar
hesabına təmin edirik. Ona görə
sirkin binası funksional olaraq müflisləşməyə
doğru gedir. Yeni məkanın da
seçilməsi vacibdir. Çünki
hazırkı ərazidə sirkin heyvan saxlamaq
üçün imkanları yoxdur. Biz bir neçə il əvvəl bu məsələni
qaldırdıq, bir neçə layihə hazırlandı. Bu gün də bu məsələ gündəmdədir.
Dövlət investisiya proqramı çərçivəsində
yəqin ki, bu məsələ həllini tapacaq. Lakin bu olduqca bahalı layihədir.
- Mikayıl Müşfiqə aid olduğu iddia edilən
qalıqların müayinəsinin nəticələri
haqqında bir məlumat var?
- Mən
də nəticələri bilmək istərdim. Siz
ona inanırsınız?
-
Sözün açığı o qədər
inandırıcı gəlmir.
- Burda da
sensasiya axtarışı var. Belə məsələlərə
bir az məsuliyyətlə yanaşmaq
lazımdır. Orda 50 il müddətində
insanlar dəfn olunub. Nə qədər meyit var,
kimsə bilmir. Onların
hamısını təhlil etmək, hamısının
genofondunu axtarmaq uzun bir işdir, illərin, bəlkə də
on illərin işidir. Ola bilsin, hansısa ekspertiza sabah nəyisə sübut edəcək, ancaq
arxayınlıqla durub demək ki, bu, Mikayıl Müşfiqin
qalıqlarıdır, doğru deyil. Ora ümumi
məzarlıqdır. Sovet
dövrünün gərgin repressiya dövründə və
ondan sonrakı dövrdə həmin ərazidə nə qədər
insan basdırılıb. Allah Mikayıl
Müşfiqə və o dövrdə onunla birgə həyatdan
getmiş adamların hamısına rəhmət eləsin.
Hesab edirəm ki, o məzarlıq
abadlaşdırılmalı və orada ümumi bir abidə
quraşdırılmalıdır.
- Prezidentlə görüşdə Cəlil Məmmədquluzadənin heykəlinin qoyulması da təklif edilmişdi. Heykəl nə vaxt hazır olacaq?
- Növbə ilə hamısı olacaq. Tələsmək lazım deyil. Müzakirələr aparılır, Heydər Əliyev Fondunun rəhbəri, şəxsən Mehriban xanım Əliyeva özü bununla məşğuldur. Tapşırıqlar verilib, biz də öz funksiyalarımız çərçivəsində işləyirik.
- 2020-ci ildə planlarınız nədir?
- 2020-ci ildə yaradıcı sənayenin formalaşdırılması önəmli məsələ kimi qarşımızda durur. Gələn il bizim üçün daha çox regionlarda mədəniyyət xidmətlərinin işinin təşkili böyük önəm kəsb edəcək. Amma mənim fikrim ondan ibarətdir ki, Azərbaycanda da həm yaradıcı sənayenin formalaşdırılması, həm də yeni texnoloji vasitələrdən istifadə daha çox əhəmiyyətlidir. Növbəti ilin proqramında mənim üçün daha ciddi məsələlərdən biri Azərbaycan mədəniyyətinin daha ciddi beynəlxalq şəbəkə daşıyıcılarında əks olunmasını təmin etməkdir. Onun üçün vəsait də, bilik də, peşəkarlıq da lazımdır. Biz bu istiqamətdə irəliləməyi nəzərdə tuturuq.
Mirmehdi
AĞAOĞLU
525-ci
qəzet.- 2019.- 29 dekabr.- S.8-9.