"Sənətkarın elmi
pasportu" seriyasından ilk
monoqrafik tədqiqat
Artıq yarım əsrdən çoxdur ki, Azərbaycan ədəbiyyatşünaslıq
elmində ədəbiyyatımızın
böyük yaradıcıları
olmuş şəxsiyyətlərin
həyatı və yaradıcılığına həsr
edilmiş monoqrafik tədqiqatlara təsadüfdən-təsadüfə
rast gəlmək olur.
Ədəbiyyat tarixi istiqamətində keçən əsrin
50-70-ci illərində yazılmış
monoqrafik tədqiqatlar,
çap edilmiş kitablar isə ideoloji cəhətdən köhnəldiyi üçün
müasir dövrün
tələblərinə tam cavab verə bilmir.
Klassiklərimizdən tutmuş müasirlərimiz
olan sənətkarlaradək
bütün yazıçı
və şairlərimizin
elmi pasportu olan monoqrafik tədqiqatların yazılıb
nəşr olunmasına,
geniş oxucu auditoriyasına, xüsusən
ədəbi-elmi ictimaiyyətə
çatdırılmasına təzədən müraciət
etmək zərurəti
meydana çıxıb. Həmin
sahədəki ciddi ehtiyac nəzərə alınmaqla Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
2017-ci ildən etibarən
ədəbiyyat tarixi yönlü şöbələrin
elmi-tədqiqat planlarında həm klassiklərin, həm də çağdaş sənətkarların həyatı
və yaradıcılığına
həsr olunmuş monoqrafik tədqiqatlara geniş yer ayrılıb. Artıq
"Nizamişünaslıq" şöbəsində Nizami
Gəncəvinin, "Qədim
dövr Azərbaycan ədəbiyyatı" şöbəsində
Xaqani Şirvaninin,
"Orta əsrlər
Azərbaycan ədəbiyyatı"
şöbəsində Məhəmməd
Füzulinin, "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində
Mirzə Fətəli
Axundzadənin, "Şifahi
xalq ədəbiyyatı
və yazılı abidələr" şöbəsində
Aşıq Ələsgərin,
"XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsində
Mikayıl Müşfiqin
və Mehdi Hüseynin, "Cənubi Azərbaycan ədəbiyyatı"
şöbəsində Məhəmmədhüseyn
Şəhriyarın, "Ədəbiyyat
nəzəriyyəsi" şöbəsində
Məmməd Cəfər
Cəfərovun, "Ədəbi
tənqid" şöbəsində
Kamal Talıbzadənin
və başqalarının
həyatı və yaradıcılığına, elmi fəaliyyətinə həsr edilmiş tədqiqatlar tamamlanmaq üzrədir. Hazırda
"Yeni dövr Azərbaycan ədəbiyyatı"
şöbəsinin əməkdaşları
tərəfindən hazırlanmış
"Əbdürrəhim bəy
Haqverdiyev. Həyatı və yaradıcılığı"
monoqrafik tədqiqatı
isə başa çatdırılıb və
çap edilib.
Bu, dövlət müstəqilliyi
şəraitində milli
ədəbiyyat tariximizə,
yazıçı, tənqidçi
və ədəbiyyatşünaslarımızın
həyatı və yaradıcılığına elmi-ədəbi pasport formasında yenidən qayıdışın ilk addımı
kimi mühüm əhəmiyyətə malikdir.
"Yeni dövr
Azərbaycan ədəbiyyatı"
şöbəsinin əməkdaşlarının
yazdıqları "Əbdürrəhim
bəy Haqverdiyevin həyatı və yaradıcılığı" monoqrafiyası müstəqillik
dövrünün yeni
təfəkkürü işığında,
mümkün qədər
keçmiş sovet ideoloji streotiplərindən
fərqli movqedən yazılıb. Monoqrafiyada görkəmli yazıçının
həyatı və yaradıcılığı ədəbi-tarixi
prosesin reallıqlarına
uyğun şəkildə
tədqiq olunub. Sovet dövründə Əbdürrəhim
bəy Haqverdiyev haqqında yazılmış
elmi əsərlər
isə bugünkü tədqiqat üçün
mənbə, qaynaq funksiyasını həyata
keçirib.
"Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı"
monoqrafiyası müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatşünaslığı
konsepsiyasının həyata
keçirilməsində ilk mühüm addım kimi də əhəmiyyət
kəsb edir.
AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin kitaba yazdığı "Yeni
ədəbiyyat tarixçiliyi
konsepsiyası və
ilk elmi addımlar"
adlı ön söz həm "Əbdürrəhim bəy
Haqverdiyev. Həyatı və yaradıcılığı",
həm də bütövlükdə "Sənətkarın
pasportu" seriyasından
nəşr ediləcək
sonrakı kitablar üçün nəşrin
zərurətini əsaslandıran
və seriyanın inkişaf yoluna işıq salan mükəmməl elmi-nəzəri
müqəddimədir.
"Əbdürrəhim bəy Haqverdiyev. Həyatı
və yaradıcılığı"
monoqrafiyası AMEA Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
"Yazıçıların həyatı və yaradıcılığının tədqiqinə yenidən qayıdış" layihəsi
əsasında "Sənətkarın
pasportu" seriyası
üzrə
hazırlanmış birinci
monoqrafik tədqiqatdır.
Yeni dövr Azərbaycan ədəbiyyatı
şöbəsində yazılmış
bu monoqrafiyada görkəmli yazıçı
və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılığı əhatəli
şəkildə təhlil
edilib, ədibin ömür yolu, ictimai fəaliyyəti və yaradıcılığının
əsas sahələri:
dramaturgiyası, bədii
nəsri, publisistikası,
ədəbi görüşləri,
habelə əsərlərində
sənətkarlıq xüsusiyyətləri,
ədəbi irsinin tədqiqi və nəşri tarixi haqqında geniş və sistemli elmi məlumat verilib.
Qeyd edək ki, layihənin
ideya rəhbəri və kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru mərhum ədəbiyyatşünas
alim, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, rəyçisi AMEA-nın
müxbir üzvü
Tehran Əlişanoğlu, məsul
redaktoru filologiya üzrə fəlsəfə
doktoru, dosent Aygün Bağırlıdır.
"Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı" monoqrafiyası tədqiqatçılar,
ali və
orta məktəblərin
müəllimləri və
tələbələri üçün
nəzərdə tutulub.
Aygün BAĞIRLI
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2019.- 1 fevral.- S.7.