Laçın nisgilli şair
Bir neçə
gündür, yazı
masamın üzərində
iki kitab var. Hərdən açıb,
vərəqləyir, içindəki
misralar əllərimi,
gözlərimi, ürəyimi
yandırana qədər
yerə qoymuram. Heyf ki, çox tab gətirə də bilmirəm. O səhifələrdən
boylanan kədər, həsrət, intizar, qəlb yanğısı
o qədər böyük,
o qədər güclüdür
ki, qarşısında
daş da olsa əriyər, nəinki insan ürəyi...
Kitablardan birinin üzərində həsrət dolu gözlər uzaqdakı dağlara boylanıb. O gözlərdən
elə bir kədər yağır ki, insan o dağlara
həsəd apara bilmir. Bir dağa, bir
qaya parçasına bunca sevgi, özləm
hardandır belə?!
O gözlər elə
hey durmadan oxuyur:
Dağlar,
sənin həsrətindən,
İlə dönüb günüm mənim.
Hər baxanda yurda sarı,
Qalxır ərşə ünüm
mənim.
Bu gözlər bütün
poeziyasında vətən
sevgisi, yurd həsrəti çağlayan
dərdli şair
Elbrus Abbasovun gözləridir. O Elbrus Abbasov ki, illər
öncə bir milyon qarabağlı kimi yurdundan, yuvasından didərgin düşüb, başı
qarlı, buz bulaqlı dağları, lalə-nərgizli çəmənləri
qoyub şəhərin
boğanağına pənah
gətirib. Hərə dərdini
bir cür səsləndirər, bir cür çəkər.
Onun dərdi də qələminə bərk-bərk
sarılmağına səbəb
oldu. O, ney
kimi nalə çəkdikcə, qələmi
ağ varaqlar üzərinə Qarabağ
dərdini, Laçın
həsrətini həkk
elədi:
Ellər
başqa, üzlər
başqa,
Mənə baxan gözlər
başqa,
Yollar başqa, izlər başqa,
Keçir Laçınsız yenə
də.
Elbrus Abbasovun hər
misrası Laçın
deyib inləyir, hər şeiri gözündən uzaq, könlünün isə
tam mərkəzində yurd
salmış el-obasına
ağı deyir. Kitabların
hər səhifəsini
çevirdikcə müəllif
gözümüzün qabağında
misra-misra, bənd-bənd
qocalır, ümidsizləşir,
şux qaməti bükülür:
Əyilibdir dağ vüqarım,
Talanıbdır o dağlarım,
Əsir
qalıb "Laçın"
yarım,
Keçir Laçınsız yenə
də.
Özü də günbəgün qocaldığının fərqindədir. Ona görə deyir ki: "Qocalmazdım, elsiz illər qocaltdı...", "Qəriblik
olmasa mən qocalmazdım..."
Düz deyirlər
ki, insanı dərd qocaldır. Yaşının neçəliyindən, statusundan,
cəmiyyətdəki mövqeyindən
asılı olmayaraq, dərd insanı bircə gündə qocaldır, saçlarına
dən salır.
O da ola
vətən dərdi,
yurd möhnəti...
Bir daha, təkrar-təkrar şairin
şəklinə baxıram. O şəkildə
nələr yoxdur, İlahi?! Üzündəki dərin qırışlar
Qarabağa gedən, amma illərdən bəri bağlı qalan yollardır sanki. Bir milyondan çox
insanın gözünü
dikdiyi, hər gün yüz dəfə, min dəfə
baxışlarıyla gedib-gəldiyi
o yollar dərdli şairin üzündə
cığır açıb.
Təkcə baxışlar getmir
o yollardan, qəlbin yanğısı ərşə
çıxanda hərdən
yaşlar da süzülür, yuyur, təmizləyir cığırları.
Məcburi şəkildə öz
elindən didərgin salınanların ahı, utanc hissi, pənah
apardıqları heç
bir yerdə rahatlıq tapmamaqları, xor görülmələri
də ayrı bir dərddir onun üçün:
Hara getsən, sanki ora yamaqsan,
Uyuşmayan, bərkiməyən calaqsan,
Öz evində bir utancaq qonaqsan,
O dağlara mən dönümü gəzirəm,
"Vətən" deyib mən elimi gəzirəm.
"Dağlardan nə çox yazmısan" deyən "şəhərli
dostu"na xitabən söylədiyi "dağların
qədrini hardan biləsən?" sualında
da bir yanğı,
həsrət, giley, küskünlük, bəzən
isə qəzəb özünü göstərir.
Vətənsizi, taleyindən küsəni,
Odlananı, alovlanıb bişəni.
Görməmisən, qınamıram
mən səni,
Dağların qədrini hardan biləsən?
Burda, inan, mən yanıram halıma,
Qohumluq qurama, dostluq qurama.
Dostum, küsüb Elbrusu qınama,
Dağların qədrini hardan biləsən?!
Hərdən bu həsrət,
intizar, uşaqlığının
qaynar günlərinin
özləmi, ata-babasının
ayaqlarının izi, nəfəsinin hərarəti
qalan dağların intizarı o qədər güclü olur ki, şair dözmür,
uşaq kimi kövrəlir, əli hər yerdən üzülüb, üzünü
o dağlara, kəndinə,
Laçınına tutub
haray çəkir:
Dağları şəfalı, qayası
yalçın,
Nə olar, Elbrusa siz qucaq
açın.
Doğma
Daşlı kəndim,
vətənim Laçın,
Yaman darıxmışam
səndən ötəri.
"Nahaq endim o dağların başından"-
deyən şairin qəlbində peşmanlıq
da var. Axı o, necə yurd-yuvasını
qoyub gələ bildi? Niyə yağı düşmənin
qabağında dayanmadı?
Niyə evinə, kəndinə
sahib çıxa bilmədi?
Bu peşmanlıq onun ürəyini didib-parçalayır, bir
quzğun kimi ətini yeyir.
Ey dərdli
şair, axı sən nə edə bilərdin?! Kim sahib çıxa
bildi, o mənfurların
qarşısını kim kəsə bildi ki, sən
də kəsəydin?
Əlində qələm tutan
şair silahın, topun, tüfəngin qarşısına necə
çıxacaqdı? Axı, sən duyğu insanı, hiss adamısan? Sən qıyardınmı bir insan canına?
Sən qıyardınmı qan töküb, can almağa?
Heyhat, qıymazdın!
Düşmənin nə
qədər mənfur,
iyrənc, qəddar olduğunu bildiyin halda qıymazdın! Çünki sən azərbaycanlısan, qarabağlısan!
Üstəlik, sən
şairsən!
Hər fürsətdə
o dağlara, Laçına
səslənən şair,
təkcə öz dərdini dilə gətirmir, bütün azərbaycanlıların dərdini,
naləsini hayqırır. Qarabağ təkcə
qarabağlıların dərdidirmi?
Əlbəttə, yox!
Damarında azərbaycanlı qanı axan hər kəs, yaşından, mövqeyindən
asılı olmayaraq, bu dərdi ürəyinin
bir küncündə
saxlayır, qoruyur, hərdən çıxarıb,
tozunu silib bir ağız layla da deyir.
Amma o səs, o ün elə içindəcə
qırılır. Nə
o dağlara çatır,
nə də ədalət carçılarına!
Bir sıra
şeirlərində müəllif
kəndini, kənd camaatını, Laçının
bulaqlarını, çəmənlərini,
dağlarını ad-ad xatırlayır.
O misraları oxuduqca sanki şair sənin əlindən tutub Laçına qonaq aparır. Və sən tozlu-torpaqlı, daşlı-kəsəkli,
ot basmış
cığırlarla keçib
cənnəti görəcəyinin
həyəcanı ilə
misra-misra addımlayırsan.
Bax, burada şeirlərini yanğıyla
oxuduğun o şair doğulub, burada məktəbə gedib, burada dostları ilə oynayırmış,
o ağacın altında
oturub kitab oxumağı sevirmiş,
o dağlara baxıb xəyallar qurar, şeirlər yazarmış,
yayın al günəşi
nəfəsini yandıranda
bu bulağın buz suyunu içər
sərinlərmiş. Bircə-bircə
hamısıyla tanış olur, şeir bitdikcə sanki sən də səyahətini yekunlaşdırırsan. Amma "ayaqların
geriyə qayıtmır".
O misraların içərisindəki
Laçında, Qarabağda
qalmaq keçir könlündən. Sonra isə
birdən ayılırsan.
"Mən bir
şeirdən heç
görmədiyim, getmədiyim,
yoxluğu mənlə
yaşıd yerlər
üçün bu qədər qəribsədimsə,
uşaqlıqları, gənclikləri
o yerlərdə keçən,
ömrünün ən
gözəl illəri
o yerlərin adıyla
bağlanan insanlar necə dözür bu yoxluğa?" - deyə düşünürsən.
Onda anlayırsan, vətən nədir, həsrət nə...
Bu həsrət insanı qocaldar da, öldürər
də... Elbrus Abbasova etdiyi kimi... Vətənindən kənarda,
Laçın həsrətiylə
can verən şair hələ ölümündən
öncə bu ölümü görürmüş
kimi "Elbrus" şeirində
yazırdı:
Əgər o dağlara gedəsi
olsan,
Denən, həsrətindən öldü
Elbrus.
Yaşasan, ömürlük vətəndə
qalsan,
Demə, onsuz ömür sürdü Elbrus.
O yerlərdə ömür
sürdü kişilər,
Göz açandan kişi
gördü kişilər.
Mərd
yaşadı, mərd
də öldü kişilər,
Köhlənini minib getdi, Elbrus.
Bir başqa şeirində isə şair bu dərdin onu hələ sağ ikən yandırıb, yaxdığını,
öldürdüyünü deyir, ayrılıq isə bitmir ki, bitmir:
Bir ömür adladı ömrümdən mənim,
Gözüm baxırsa da, ölüb bədənim.
Sağalmır, bu dərdi de, kimə deyim?!
Qardaş, ayrılığın sonu
görünmür.
Elbrus Abbasovun da taleyinə
vətənindən uzaqda,
o dağlara baxa-baxa can vermək, bu həsrəti, bu özləmi gözlərində ruhunun
getdiyi yerə daşımaq yazılıbmış.
Ölüm onun üçün qurtuluşmu
idi, yoxsa ruhunun o dağlara azadca gediş bileti, bilmirəm! Amma ümid edirəm ki, çox keçmədən dərdli
şairin vətəninə
getmək bizlərə
qismət olacaq. Və biz təkcə öz gözlərimizlə deyil,
vətənsiz məzara
gedən bütün həsrətlilərin gözüylə
o dağlara baxacağıq.
Müşfiq Şahanə
525-ci qəzet.- 2019.- 1 fevral.- S.8.