Dəli kim,
ağıllı kim?!
DAHİ MİRZƏ CƏLİL
MƏMMƏDQULUZADƏNİN 150 İLLİK
YUBİLEYİNƏ
Deyir - həyat
sənətdən qat-qat
maraqlıdı. Olsun-olsun!!! Hə, Füzuli də elmsiz şeiri təməlsiz, mənasız sayır...
Buna görə çətindi
bizim işimiz, hissləri bol eləsən hind kinolarından,
elmi yükü artırsan ensiklopediyalardan
təsirləndiyini deyəcəklər. Reallıqda yaşananı
qələmə alsan,
“özünü yazır”
deyib intellektinə şübhə edəcəklər,
nəyisə uydurmağa
çalışdınsa, “sünidi, kitabdan gəlir” ştampını
vurub yola salacaqlar işinin-gücünün
dalısınca. Qalırsan
iki daşın arasında, lap Hamletsayağı
suallar da verirsən özünə...
Amma əbədi bir cavab da
var “dedilər”, “deyəcəklər” və
“görən nə deyərlər” tərəddüdlərinə
aid. Bunu da Fikrət Qoca Rəsul Rzaya həsr etdiyi şeirdə deyib:
Dedilər: Vəzni pozdu.
O, bir şeir də
yazdı.
Dedilər: Şeirinin bəzəyi
azdı,
O, bir şeir də
yazdı.
Dedilər: Dayazdı.
O, bir şeir də
yazdı...
Yazdı, yazdı, yazdı.
Sadəcə yazmaq, yazmaq və yazmaq-dı çıxış yolu. Gerçək
həyatı bir az rəngləmək,
ya da gördüklərini,
xatirələrini əbədiləşdirmək
üçün, içini
gəmirən düşüncələrdən
azad olmaq üçün.... Bilmirəm, hər
halda içində birisi oturub elə
hey dodağı altda nə isə danışırsa, yazmasan
olmaz.
Elə beləcə,
“yazmasam, olmaz” ovqatında gedib çıxmışdım o qəribə
klinikanın qarşısına. Neçə ay keçib, bilmirəm, yaz idi, payız,
ya qış, o da yadımda qalmayıb, amma oranın havası, sakinlərinin ürkək
baxışları indiyəcən
gözümün önündədi.
Yaşadığı sarsıntılardan
psixi pozğunluq keçirən qəhrəmanımı
bir az
daha yaxşı başa düşmək üçün həkimlərdən
biriylə söhbət
etməli idim. Və danışıq əsnasında burda müalicə alan
müxtəlif adamların
həyat hekayələrini
öyrəndikcə mat qalırdım.
Uşaq üstə havalanmış qadın, içkiyə qurşanmış
kimsəsiz adam,
döyüldüyü üçün
beyni silkələnmiş
gənc qız, sadalamaqla qurtarmaz... Bunlar hamısı insan taleyidi, bədii əsər deyil...
Bütün suallarıma cavab alandan sonra susdum
və özümə
yer tapmadım sadəcə. Acizliyin son həddi, özünü bütöv bir kainatda gərəksiz, gücsüz, mənasız
bir qum
dənəsi hiss etmək
və bununla barışmaq... Gözünün önündəki sadə bir paltar
zivəsidi, amma Fellini
filmlərindən, ya da elə Füzuli
şeirindən daha çox “məlumat” verir. Baxırsan və bu rəngi
qaçmış, yuyulmaqdan
üzülmüş qadın
geyimlərindən, ya
da yamaqlı, dizləri sürtülmüş
idman formalarından çox şeyi anlayırsan... Hələ
pəncərəyə vurulmuş
“dəmir barmaqlıq”
arasından əlini uzadıb “qoğal ver mənə” - deyən adamın tükürpədən səsi...
Bütün bunlardan necə
“azad” olasan?! Üz qoyub getməklə, amma hara?! Hara olur-olsun... Arxana da baxmadan...
***
Ay bala, ay qızım, bir dayan?!
- deyən qoca kişinin ittiham dolu səsi
reallıq hissini bir azacıq qaytarır... Nimdaş geyimindən, üzünün
ifadəsindən dilənçiyə
oxşayır, cibimi axtarıram... Gülümsəyir
və heç dəxli olmayan informasiya verir: “Görürsən, gün
çıxıb, açkimin
də şüşələri
ona görə tündləşib e, xomelyondu
da...” - deyir, sonra - “Yox, yox,
mənə heç nə lazım deyil, o dey ora
mənim evimdi, bekar olanda gəlib
otururam burda, elə hamı sənin kimi çıxır e burdan, başılovlu...” - əlavə
edir. Təəccübümü
gizlədə bilmirəm,
kişi də deyəsən, başa düşür hər şeyi, amma özünü də o yerə qoymur, min ilinin tanışları kimi dərdləşməyə başlayır:
“Ay başıva dönüm,
bəyəm bunlar öz xoşlarına dəli olublar, bunlara dəli deyənin ağlı yoxdu, özüm ölüm... Deyirəm, nə yaxşı gün çıxıb
e, xoşum gəlir tünd açkidən, bu da ancaq
elə günəşdən
qaralır da... Hə, sən cavansan, belə şeyləri ürəyinə salma, hər şey yaxşı olar. Amma saxla mənim
sözümü yadında,
bunların hamısı
talesiz adamlardı, yiyələri olsa, evdə də sağalarlar... Dəlilik xəstəlik deyil
e, qızım, bəxtdi,
taledi. Qoy bir şey danışım
sənə, bəlkə
yadında qaldı...
Biz uşaq olanda buranın baş həkimi vardı, çox imkanlı, səviyyəli adamdı...
Bizimlə qapı bir qonşu idilər, oğlanlarıyla
da dostluq eləyirdik, gündə bizdəydilər, amma bizim onların evinə getməyə ixtiyarımız yox idi, çünki kişi yaman zabitəliydi, evləri də muzey idi
elə bil, dünyada nə qədər bahalı qab-qacaq vardı, arvadı hamısını
tapıb alırdı.
Amma bizim evdə qonaqlıqlar olanda kef eləyirdik də... Atam haləhliydi, məclis
düzəldib qonum-qonşunu
yığırdı başına,
sağlıq deyirdi, yeyirdi içirdi, anamın da yeməklərindən olmazdı.
Əşşi bilirsən nə
dolma bişirirdi?!
Hə, bu həkim bizim
evdə yeyib içəndən sonra gedirdi evə, bir azdan haray-həşir
düşürdü, arvadını
elə çırpırdı,
elə çırpırdı,
day necə?! Anam
gedib zorla alırdı əlindən...
Səhər də biz
kef eliyirdik, hə... O
dey, orda zibilxana vardı, gecə kişinin sındırdığı qab-qacaqla
dolurdu oralar, biz də uşağıq da, rəngli, bəzəkli şüşə
qırıqlarından xoşumuz
gəlirdi, “yeddi şüşə” oynayanda
forsdanırdıq dostlarımızın
yanında... Çətin vaxtlarda o kişini
öldürdülər e, narkomanlar.
Çox satmışdı,
sonra nədisə qorxub “yoxdu” - deyəndə başını
üzdülər... Hmmm...
Amma uşaqlıqdan yadımda
qalıb e, o rəngli
şüşələr, bu
dey, eynəyin şüşəsi də
gör nə qəşəng qaralıb,
ləzzət eliyir.
Sən də burda gördüklərini
çox ürəyinə
salma, salamat get...”
... Kişinin rabitəsiz və izahsız sözlərindən beynim alt-üst idi. “Talesiz adam” ifadəsi rahat buraxmırdı, bir də doktor Lalbyuzun sualı: “Kim dali?!”
***
Yaşadıqlarıyla, gördükləriylə barışmayıb, həm də taleyin, mühitin əlində aciz qalmış adamlardı “Dəli yığıncağı”nın qəhrəmanları. Əsəri oxuduqca Mirzə Cəlilin insan, qadın, kişi, mühit, cəmiyyət, kütlə xarakterinə necə dərindən bələd olmasına heyrət edirsən. Molla Abbas və onun xanımı, həm də dostları dəlidirlər, başlarına hava gəlib. İndi bunları müalicə edə biləcək əcnəbi həkim Lalbyuz hərəkətlərini müşahidə edib dərman yazmalıdı... Amma elə ağıllılara da baxdıqca “Kim dali?” deyə soruşur, çaşıb qalır. Mirzə Cəlilin “ölü dirilər” və “dəli ağıllılar” ideyasının mükəmməlliyinə söz yoxdur, əlbəttə. Amma bu əsərdə sadəcə xurafata qarşı qurulmuş süjeti istənilən “gerilikçi” situasiyaya aid etmək olar. Misal üçün, dəli qardaşının zövcəsi Sonanı özünə arvad etmək istəyən Fazil Məhəmməd bu arzusunu qadına bildirəndə o, “Mən imamı axtarıram. Mən imam sahibbəzzəmana ərə gedəcəyəm”. - deyir və bununla “dəliliyini” boynuna alır. Xudayar bəyin qurbanı Zeynəb gəlir adamın gözünün önünə, o da bu cür bəhanə uydurub özünü dəliliyə vura bilərdi yəqin... Mirzə Cəlil əbədi bir “çıxış yolu” göstərir, ətrafındakı “ayıqlarla” bacarmadığın üçün Kefli İskəndər, ya da “ağıllıların” qaydası ilə yaşaya bilmədiyin üçün dəli Molla Abbas olmaq.
Anar “Şairin kədəri” essesində İsgəndəri Məcnunun “varisi” kimi yozur: “Məcnunun dövranla barışmaması, zaman etirazı, mühitlə uyuşmaması və faciəvi aqibəti N.Vəzirovun, Ə.Haqverdiyevin bəxtsiz cavanlarının müsibətidir. Mirzə Fətəlinin Hacı Nurusunun da, Cəfər Cabbarlının Aydınının da bir suyu Məcnuna çəkir. Füzulinin “zülmət içrə nur” deyə təqdim etdiyi Qeysi - Məcnun - Dəli deyə damğalayanların xələfləri - XX əsrin işıqlı insanını - İsgəndəri - kefli İsgəndər deyib lənətlədilər”.
Həqiqətən, bütün “əlacsız” mübarizələrdə, “bir nəfər hamıya”, ya da “azlıq çoxluğa qarşı” davalarında bir dəlilik var və Mirzə Cəlilin də dediyi, bizə çatdırmaq istədiyi budur. Həm də əsərdə əks olunanların xeyli hissəsi ədibin gerçəklikdə üzləşdiyi hadisələrdir. Müəllifin “dəlilər” kimi yazdığı adamlar o dövrün “formasionları” imiş. Bunlar hətta yerli əhalinin “Dəlilər” adlandırdığı məhəllədə xurafat “qanunlarını” məsxərəyə qoyur, gülürlərmiş. O dövrdə başqa bir üsyankar yol nöqtəvilərin yolu imiş... Bunlar daha sakit edirlərmiş etirazlarını və Mirzə Cəlil bütün bu sakit və hay-küylü etirazları öz üsulları ilə çatdırmağa müvəffəq olub. Yazıçının sarkazmı, boyaları tünd göstərməsi də oxucunu ayıltmaq, diksindirmək üçündü:
“Molla Abbas başını salıb aşağı dinmir, möminlər ağlaya-ağlaya deyirlər “Tuman bağına qurban olum, ya seyyidüş-şühəda!”, başlarına döyürlər. Həkim Lalbyuz və fərraş Şimrəli xəlvətcə bunlara tamaşa edir. Molla Abbas da möminləri yamsılamaq babətindən öz-özünə tez-tez deyir: “Tuman bağına qurban olum, ya seyyidüş-şühəda! Tuman bağına qurban olum, ya seyyidüş-şühəda! (Və birdən qah-qah çəkib gülür və çıxıb qaçır. Sona da qaçır)”.
“Tuman bağına qurban olum” yəqin ki, Mirzə Cəlil yaradıcılığında ən ağrılı ifadələrdən biridir, yəni bu cür düşüncəli insanların yanında dəliyə dönməmək mümkün deyil və həm də onlara nəyi, necə sübut etmək olar axı, heç necə?!
Mehdi Məmmədov 1978-ci ildə Dram Teatrında “Dəli yığıncağı”na quruluş verib. O zaman rejissorların öz tamaşalarını televiziyada təqdim etməsi ənənəsi varmış və indi həm Mehdi Məmmədovun şərhini dinlədikcə, həm də Şəfiqə Məmmədova, Səməndər Rzayev, Yaşar Nuri, Rafiq Əzimov kimi sənətkarların təkrarsız oyununa baxdıqca bu əsərə müraciətin səbəbini anlayırsan. Əsərdə dəliləri ağıllandırmaq üçün dəlixanaya - həbsə salırlar və Mehdi Məmmədov şərtiliklə qurduğu tamaşada bu dəlixana-həbsxananı kiçik bir taxta qəfəs kimi göstərib. Molla Abbas, Sona və onlar kimi bu taxta qəfəsin içərisinə salınmış dostları nələri demirlər, nələri?! Mehdi Məmmədov isə özünəməxsus ləngərli nitqi ilə əsəri “ağlamalı komediya” adlandırır və bunları deyir:
“Bu komediya köhnə dünyada, köhnə cəmiyyətdə, cəhalətin hökm sürdüyü, insan ağlının, zəkasının, insan mənliyinin və ləyaqətinin heçə endirildiyi yerdə meydana çıxan faciədir.”
Elə bu sözlərin də, tamaşanın da özü Mehdi Məmmədovun Mirzə Cəlil dilində üsyanıdır, axı Sovet dövründə ayrı nə cür demək olardı bunları?! Bir də Mehdi Məmmədov Mirzə Fətəli Axundzadədən gətirdiyi sitatla əsərin də, tamaşanın da əsas ideyasını açır:
“Bəşəriyyətin xoşbəxtliyi o vaxt mümkün olacaq ki, insan ağlı həbsdən tamam qurtaracaq, işlərdə və fikirlərdə yalnız insan ağlı istinadgah və dəlil olacaqdır”.
Beləliklə, bütün zamanlarda və zəmanələrdə müdriklərimizin, mütəfəkkirlərimizin demək istədiyi, anlatmağa çalışdığı budur. Molla Abbas sonda “ağıllılara” işarə ilə deyir:
“Onun üçün də indi mən həzrət sahibül-əsr vəzzəmanın xidmətinə müşərrəf olan bu camaatın (əlini zəvvara tərəf uzadır) hərəkətinə diqqət ilə tamaşa edib deyirəm: Vallah və billah biz “dəli yığıncağına” düşmüşük. Dəlilər gülüşür, Sona ağlayır, Cinni Mustafa yumruğunu zəvvara tərəf tutub çığırır”.
Görünür, zamanı qoruyan, dünyanı məhvərindən çıxmağa qoymayan elə bu gülüşmə, ağlaşma və çığırışmadı... Dəli olanda nə olar?!
PƏRVİN
525-ci qəzet.- 2019.- 2 fevral.- S.17