Beş cildlik ədəbi tərcümeyi-hal   

 

YAXUD ELÇİN İSGƏNDƏRZADƏ YARADICILIĞI BÜTÖV BİR ÇƏLƏNG HALINDA

 

 

 

“İstedaddan xəbər verən misraların işığı”

Mərhum Xalq şairi Məmməd Araz onun yaradıcılığından bu cür bəhs edib. Onun poetik ilham mayasının Allah vergisi olduğunu böyük əminliklə söyləyib. Yəqin bu vergisini sehrinə, qüvvətinə inamı imiş ki, ona ədəbi yaradıcılıqdakı ilk xeyir-duanı da məhz özü verib.

Söhbət Elçin İsgəndərzadədən gedir. Alim, şair, publisist, hər şeydən öncə isə vətənini, torpağını coşğun məhəbbətlə sevən vətəndaş Elçin İsgəndərzadədən...

M.Araz daha sonra bu fikirləri qeyd edib: “Görünür, yanılmamışam. Şeirdən-şeirə, kitabdan-kitaba Elçin sözün qədir-qiymətini bilə-bilə, artıra-artıra irəliləyi, istedadı cilalanıb, qələmi bütövlənib, hardasa mənim etimadımı doğruldub”.

Nə xoş Elçin İsgəndərzadənin halına... Ona inanan, güvənən, ona ilk xeyir-duanı verən, çətinliklərlə, ağrılarla, maneələrlə dolu yaradıcılıq yoluna ilk işıq salan böyük insanın, ulu şairin etimadını doğrultmaq, zaman keçdikcə özü haqqında daha da yüksək fikirləri formalaşdırmağı bacarmaq hər insana nəsib olan xoşbəxtlik deyil.

Xalq şairi onun haqqında illər öncə - 1998-ci ildə yazıb bu sözləri. Onun “Müqəddəs görüş” adlı kitabına Ön söz olaraq. Mənsə, onu bu günlərdə Elçin İsgəndərzadənin əsərlərinin toplandığı beşcildliyin birinci cildində oxudum.

“Vektor” Beynəlxalq Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə çap olunan beşcildliyə müəllifin müxtəlif illərdə yazdığı və sistemli şəkildə seçilmiş əsərləri toplanıb.

Birinci cilddə müəllifin şeirləri toplanıb. Cildin Ön sözü kimi Məmməd Arazın həmin məqaləsi verilib. Bu cildə məhz sözügedən məqalənin daxil edilməsi heç də təsadüfi deyil. Çünki mərhum Xalq şairi məqalədə onun poeziyasının ən dərin qatlarından söz açır, ustalıqla təhlil edir və maraqlı nəticələrə gəlir. “İstedad olan yerdə insanın daxili qızınır, istilənir, ürəyinin dərinliyində səni nəsə tərpədir” - deyən Məmməd Araz, Elçin İsgəndərzadənin şeirlərini oxuyarkən bu hissləri keçirdiyini vurğulayır, onun poeziyasını belə şərh edir: “Elçinin şeirlərində Vətənə, torpağa doğma, mərhəm münasibət bütün tarixi çalarlarla, yəni onun dünəninə baxış, bu gününə qayğı və sabahına narahatçılıq hissləri, vətəndaşlıq yanğısı ilə poetik şəkildə əks olunur. Sayı gündən-günə çoxalan səfil və dilənçi uşaqlarımıza həsr etdiyi bir şeirində olduğu kimi:

Adı nə evdə var, nə də məktəbdə,

hamının yadından çıxmaq olarmı?

Sabahı dilənən bir məmləkətdə

bu gün yaşamağa haqqımız varmı?!

Elçinin doğulub boya-başa çatdığı Qarabağ torpağının başına gətirilən faciələri əks etdirən şeirləri ilə yanaşı, Vətənin miqyasca heç də ondan kiçik olmayan digər dərdlərinə-unutqanlığına, biganəliyinə, rüşvətxorluğuna, haqsızlığa və digər bu kimi ictimai-sosial bəlalara həsr etdiyi şeirləri də obrazlı, yaddaqalan və təsiredicidir. Bu şeirlərin hamısına Vətən üçün yanan bir ürəyin poetik çırpıntıları, mənəvi narahatlığı əks etdirən döyüntülər demək olar...”

Kitabda şeirlər müxtəlif başlıqlar altında toplanıb. Başlıqların adı isə, hiss olunur ki, təsadüfi deyil, özündə topladığı şeirlərin ruhuna, mövzusuna, duyğusuna uyğun şəkildə adlandırılıb. Məsələn, birinci bölmə “Pəncərə möcüzəsi” adlanır. Bölmədəki şeirlərin birində şair deyir:

Ürəyimdə hələ dərddir gül açan,

Novruzgülün mənim kimi bağrı qan.

Xarıbülbül, qovuşarıq bəs haçan,

Qarabağa bizsiz gəlir bu yaz da...

Uzun illərdir Qarabağa dar, sınıq-salxaq “pəncərədən” baxmağımızı şair Qarabağ haqqındakı şeirləri bu adla birləşdirərək ifadə edir.

“Sevdalı bəyaz dualar” adlı bölmədə şairin bəlkə də ən kövrək, ən duyğu dolu şeirləri yer alıb. Bu bölmədə həsrət də var, vüsal da, gecənin sükutu da var, günəşin nuru da, Vətən də var, vətənsizlik də...

“Ürəyimin sevda türküləri”, “Ölkələr...insanlar...sevdalar...”, “Ebrülər...ebrülər...”, “Miniatür motivləri”, “Xoşbəxtliyin rəngi” bölmələrində, adlarından da göründüyü kimi, ən müxtəlif mövzulu, insan duyğularını dilləndirən, ictimai-sosial problemləri qabardan şeirlər cəm olub.

Beşcildiyilin birinci cildi “İkiliklər”lə bitir. Bu cildlə şairin şeirlərini oxuyub bitirdiyimizi düşünürüksə, yanılırıq. Çünki özü demiş:

 

Yazılmamış şeirlər -

könüldə gizlənən sirlər.

“Üfüqdə qırmızı Günəş”

İkinci kitabda daha bir Xalq şairi “salamlayır” bizi - Nəriman Həsənzadə. Onun da Elçin İsgəndərzadə haqqında öz sözü var. O, şairin yaradıcılığını türkçülük-vətənçilik kontekstində təhlil edir. Deyir ki, Elçin İsgəndərzadə yaradıcılığında Şuşa harayını eşidirəm. Xalq şairi sonrakı abzaslarda fikrini daha geniş izah edir: “Onun “Avtoportret”, “Türkün qəzəbi”, “Qaranlıq, zülmət, qan və qaçqınlıq”, “Qazi türküsü” kimi şeirlərində və silsilə poemalarında Şuşa həsrəti, Qarabağ dərdi bir torpaq oğlunun ruhi ağrıları kimi hiss olunursa, türkçülük-şairin yaradıcılıq manifesti kimi özünü daha şəffaf göstərir. Elçinin türkçülüyü isə - vətənçilik kontekstində onun poeziyasının leytmotividir”.

Poema demiş, ikinci cilddə şairin poemaları toplanıb. Elə Nəriman Həsənzadə də Ön sözündə onun yaradıcılığının bu hissəsinə daha çox diqqət ayırıb. Burada “Adil Mirseyidin göyərçinləri”, “Rəssamın pəncərəsi”, “Səttar Bəhlulzadə nağılı”, “Pikasso və Minotavr”, “Van Qoqun günəbaxanları”, “Salvador Dali üçün Madriqal”, “Qoyya”, “Lorka və Siyah Ay”, “Üfüqdə qırmızı Günəş”, “Cavid cihadı”, “Məmməd Araz qayası”, “Bir eşqin simfonik nəğməsi”, “Bu qala bizim qala”, “Turan savaşçısının nəğmələri”, “Şahmar şikəstəsi”, “Adil Mirseyidin palitrası”, “Mavi Mərmərə”, “Biganəlik iqlimi”, “Oğlum Əliyə dualar”, “Eşq”, “Qarabağ xronikası”, “Rəssam və mələk” poemaları oxucuları fərqli dünyalara səyahətə çıxaracaq.

“Ümidin qanadlarında”

Elçin İsgəndərzadə şair olmaqdan əlavə, həm də dəyərli alim, publisistdir. Onun müxtəlif mövzulu məqalələri, kitablara yazdığı ön sözlər, rəylər də özünəməxsus fikir dolğunluğu, obyektiv yanaşması ilə seçilir. Biz onun bu yazılarını beşcildliyin üçüncü cildində oxuyuruq. Ondan öncə isə daha bir Xalq şairi - mərhum Zəlimxan Yaqub “Ümidin qanadlarında” salamlayır bizi, qələminin ucunda bir dəstə Elçin İsgəndərzadə misrası ilə...

O, müəllifin poetik yaradıcılığını zərgər dəqiqliyi ilə incələyir, misralarının bədii mahiyyətini açıb oxucuya təqdim edir. O, Elçin İsgəndərzadəni səmimi şair deyə səciyyələndirir: “Onun qələmi yazır, əli işləyir, ürəyi döyünür. Hər üç ilahi varlıq Tanrı töhfəsi şairin bütövlüyünü yaradır. Vətənin müqəddəsliyindən söz açanda da, şeirlərini qürbətə uçuranda da... Qarabağın dərdi ilə bağlı qanlı şeirlər yaradanda da, qələm dostlarına şeirlər yazanda, həyatda olan .çatışmazlıqları qamçılayanda da Elçin səmimidir”.

Kitabın “Ömür və peşə idealım” adlı ilk məqaləsi elə birinci abzasdan diqqətimi çəkdi: “Ömrümün 50 illik yaşantıları ilə vidalaşarkən öz-özlüyümdə belə bir qənaətə gəldim ki, Tanrımızın lütfü ilə layiq ola bildiyim az-çox nə qədər uğurlarım varsa, onlar müəllimlik adım, müəllimlik peşəm, müəllimlik fəaliyyətim və müəllimlik ləyaqətim ilə bağlıdırlar”.

Ömrü boyunca böyük uğurlar qazanmış, orden, medallara, müxtəlif mükafatlara layiq görülmüş, neçə-neçə kitablar müəllifinin özünün ən böyük uğurunu müəllimlik olaraq görməsi, bu sənətə olan sonsuz sevgi və sayğısının daha bir təsdiqidir.

Bu cilddə müəllifin Vaqif Bayatlı, Tofiq Abdin, Suqra Bağırzadə, Rəşad Məcid, Xudu Məmmədov, Nail Tan, Qərib Mehdi, Rəsul Rza, Əbülfət Mədətoğlu və başqaları haqqında dəyərli fikirləri yer alıb.

“Danış görüm səni...”

Həmişə düşünmüşəm ki, yaradıcı insanı ən yaxşı müsahibələrində və fəlsəfi məzmunlu yazılarında daha yaxşı tanımaq olur. Bu baxımdan beşcildliyin dördüncü cildinin qapağını açmaq bambaşqa bir Elçin İsgəndərzadə dünyasına giriş deməkdir. Qapının önündə isə bizi Qərib Mehdinin “Uzağa uçan söz arısı” qarşılayır. O, müəllifin özü və yaradıcılığı haqqında müfəssəl məlumat verir. Burada öncəki müəlliflərin ön sözlərində qarşılaşmadığımız şeirlər, fikirlə rastlaşırıq. O, Elçin İsgəndərzadənin uzaq-uzaq ölkələrə saysız-hesabsız səyahətlərinə və bu səyahətlərin onun yaradıcılığında qoyduğu izlərə işıq tutur: O deyir ki, Elçin İsgəndəzarə bir söz arısı olaraq dünyanın uzaqlarına, ucqarlarına qədər uça bilir. Səyahət təəssüratı müqayisə etməyə, fərqləndirməyə və bəşəri nəticə çıxarmağa imkan verir...

Elçin İsgəndərzadənin müsahibələri də yazıları kimi təsirli və maraqlıdır. Hiss olunur ki, o, bütün söhbətlərində səmimidir, özüdür. Bər-bəzəkli cümlələr, pafoslu fikirlər yoxdur. Qarabağ dərdi isə yaradıcılığı kimi, söhbətlərində də əsas mövzu obyektidir. Məsələn, 2004-cü ildə “Ekspress” qəzetində Rəfael İncəyurda müsahibəsində dedikləri insanın ürəyinə ox kimi sancılır. Uşaqlığından söz açan şair deyir: “...bir dəftər dolusu şeir yazdım. Hər söhbət düşdükcə yanıb-yaxılıram. Qaçqın düşəndə o dəftər kənddə qaldı. O dəftərlə birgə 2500 şəxsi kitabım əsir düşdü Ağdamda...

Qarabağ dərdi, qaçqınlıq taleyi ürəyimin ağrısındadı. Səni inandırım ki, şəhidlərimizin sayı qədər şəhidlik nisgili gəzdirirəm, yaşayıram içimdə...”

Və son, yaxud “Şuşa Adam”...

“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan E.İsgəndərzadəni “Şuşa Qardaşım” adlandırıb. Beşcildliyin sonuncu - beşinci cildinə Ön söz kimi daxil edilib bu yazı. Yazının müəllifi dərin təəssüf içərisindədir: “...mən onu necə deyərlər, “məhdudlaşdırmaq”, Turan müstəvisindən birbaşa Şuşa müstəvisinə köçürmək və şeirlərini itirilmiş vətənin dilində oxumaq istəyirəm. Bəlkə də dostumun qəlbinə toxunacaq, amma demək istədiyim odur ki, Elçin İsgəndərzadə Turanın deyil, Şuşanın şairidir. Bu mənada, zaman indiki çərçivəsində Şuşanın şairi Turanın şairindən heç də az əhəmiyyətli deyil. Şuşanın şairliyi, təəssüf ki, həm də Elçin İsgəndərzadə ilə tamamlanır. Bu, faciədir”.

Son cilddə müəllif haqqında ayrı-ayrı söz, sənət, ədəbiyyat xadimlərinin dedikləri, yazdıqları toplanıb. Elə ilk fikir də dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatova aiddir. O deyir ki, Elçin İsgəndərzadənin poeziyasının son illər dünyanın onlarla ölkəsində yerli dillərə çevrilərək çap olunması ondan xəbər verir ki, Türk poeziyası da artıq dünya poeziya okeanına yelkən açmaqdadır.

Kitabın sonrakı bölməsi isə Elçin İsgəndərzadəyə həsr olunmuş poema və şeirlərdir. Hər birini oxuduqca görürsən ki, insan olan özü-özün gizləməyi bacarmır. Hələ o yazırsa, hisslərini, düşüncələrini kağıza büküb onu oxuyanlara əmanət verir deməkdir. Kim onu duya bilən ürəyə sahibdirsə, əmanəti bax beləcə, bu kitabda yer alan dəyərli söz adamları kimi hisslərində, sözlərində və qələmində yaşadır.

Beşcildliyin redaktoru akademik, millət vəkili Nizami Cəfərov, texniki redaktoru isə Şükufə Əhmədlidir.

Bu kitabları vərəqləyərkən düşündüm ki, heç bir yerdə Elçin İsgəndərzadənin tərcümeyi-halı verilməyib. Adətən, kitabların ilk səhifəsində, ya da arxa üzündə olur müəllif haqqında məlumat. Bu kitabların isə heç birində yox idi. Sonra isə öz-özümə dedim: “Beş cilddən böyük tərcümeyi-hal?!”

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 2 fevral.- S.18.