Sevməyin “Cəza”sı
“Hələ dünən
addım at, mən səni tutacam deyən birinə qollarımı açdım...
uçuruma düşdüm. Mən elə
birini sevdim ki, elə bu,
intihar idi”.
Görəsən, bundan daha dəhşətli
nəsə var? Sənə “gəl”
deyirlər, qorxma, atıl, səni tutacağam söyləyirlər,
ümidlə, inamla, güvənərək, həyəcan
keçirərək özünü
boşluğa - onun gülərək, geniş
açılan qollarına
doğru buraxırsan.
Vəə... budur, son anda çəkilir və sən bumbuz betonun üstünə çırpılıb, min tikəyə
bölünürsən! Dəhşətlidir, deyilmi?
Sevirsən, fədakarlıq edirsən,
onun həyatındakı
varlığını hüceyrələrinə
sancırsan, toxumalarına
yeridirsən, iliyinə
qarışdırırsan, sübut etmək istəyirsən ki, dəyərlidir. Amma o, əlinə düşdüyü
ilk fürsətdəcə səni xərçəng
edir, vərəmə
yoluxdurur. İtirə-itirə gedirsən, ağrı-acı
ilə qol-boyun yaşayırsan, gözünün
yaşı quruyur, damarındakı qan çəkilir. Hə,
bax, sevməyin CƏZAsını bəzən
bu cür çəkirsən...
Rəşad Məcidin təkidi
və dünyadan uzaqlaşmaq...
Bir neçə gün öncə Rəşad Məcid dedi ki, Gənc Tamaşaçılar
Teatrında “Cəza” tamaşası var, mütləq ora get. Özü də israrla... Maraqlı gəldi, görəsən,
bu təkidin səbəbi nədir?
Əmin idim ki, Rəşad
Məcid bunu belə möhkəm-möhkəm
tapşırırsa, deməli,
orada nəsə böyük hadisə var. Çünki o, məni elə mənim qədər çox tanıyır. Donuq təbəssümümün,
isti gülüşümün
nədən qaynaqlandığını
bilir. Nəyin məni daha
çox düşündürəcəyinə
də yaxşı bələddir. Tamaşa başlayan
ərəfələrdə başım şirin söhbətə qarışmışdı.
Hətta bir ara öz-özümə
tərəddüd etdim
ki, bəlkə getməyim. Hələ bir az yubandım da... Onsuz da hava soyuq
idi, üşüməmək
üçün içəridə
vaxt qazanırdım.
Düşünürdüm ki, özümü
yarısına çatdıraram.
Elə də oldu! On beş
dəqiqə gecikdim. Ancaq sən demə, elə mən içəri daxil olan anda başlayırmış.
Zalın
qaranlığına qarışdığım
məqamdaca, sanki geridə qoyduğum hər yerlə və hər şeylə əlaqə kəsildi və özümü yeni - çöldəki soyuğu
unutduran qaynar dünyanın içərisində
tapdım. Yeriyən
sandıq, uçan yelləncək, düyünlənən
intihar kəndirləri,
ortalıqda görünən
stullar, şimşək
kimi çaxan, gah qızaran, gah sönən işıqlar, göydən
yağan daşlar, bərq vuran ulduzlar, tüstülü hava, zülmət gecə, hadisələrin gərginlik dərəcəsini
tənzimləyən musiqi
parçaları... Öz-özümə
dedim, İlahi,
mən hara düşmüşəm?!
Qara paltarlı qadın...
Mehriban Ələkbərzadənin müəllifi
olduğu “Cəza”
mono-tamaşası... İnsanı
haldan-hala salırdı:
gah ümidləndirir,
gah hüznləndirir,
gah güc verir, gah taqətin
kəsirdi. İzlədikcə özün, tanıdıqların,
həyat hekayəsinə
şahid olduqların hamısı fotolent kimi bir-bir gözünün
önündən keçirdi.
Səhnədə qara paltarlı
qadın danışırdı.
15 il öncə
bu cəzaya məhkum qaldığını
deyirdi. Gənc yaşlarında ailə
həyatı qurmuş,
iki övlad anası olmağından bəhs edirdi. Ərindən, sevgisindən, xəyanətindən,
iztirablarından elə
danışırdı ki,
tamaşaçılar bu
mənzərə qarşısında
donub qalırdılar.
Adama elə gəlirdi ki, danışan bir qadın deyil, milyonlarla qadının bir ağızdan çıxan
hayqırtılarıdır. Evi-eşiyi, əri, övladı, yeməyi-içməyi, geyimi-keçimi
vardı, amma rahatlığı yox idi. Həyatında sevgisizlik hökm sürürdü! Ətrafındakı hamı, hər kəs, öz balası belə boynuna keçirilən kəndir kimi onu boğurdu. Nə gedə bilirdi, nə qala... Onu heç nə
ovundura bilmirdi. Darıxır, sıxılır, istəklərinin başından
basır, məişət
qayğılarının içində
itib-batırdı. Xoşbəxt
olmaq istəyirdi, dünya ilə yenidən tanış
olmaq, itmiş kimliyini tapmaq, içində öləziyən
duyğuları dirçəltmək
üçün dəridən-qabıqdan
çıxırdı. Hesab edirdi
ki, işləsə, insan içinə çıxsa, hər şey düzələcək.
Elə belə də edir. Lakin çox keçmir
ki, çalışdığı
şirkətin rəhbərinə
aşiq olur. Sevgiyə qanad açır. Elə ondan sonra gözü
heç kimi görməməyə başlayır.
Artıq
ana olduğunu da unudurdu. Analıq onun üçün boynuna keçən ip, ayağına dolaşıb, ətinə
girən tikanlı
kola çevrilmişdi. Nə yatağına, nə evinə sığırdı.
İstəkləri o qədər şiddətlənir,
elə böyüyürdü
ki, heç dünyada da özünə yer tapa bilmirdi. “Uçurum”un kənarında addımlamaqdan
zövq alırdı!
Uçub, “sıldırım qayaların” üstünə
köç etmək istəyirdi, uşaqlar qanadlarına ilişirdi.
Üsyanı dözülməz həddə çatmışdı.
Artıq susmurdu: “Bir məndən soruşun görün, mən bu evi,
bu uşaqları istəyirəmmi? Ərim mənə
mətbəxi vəd edir, sevgilim isə dünyanı.
Kim harda xoşbəxt
olmaq istəyirsə, ora da qaçır...”
Göyün yeddinci qatında
idi. Eləcə uçmaq istəyirdi.
Amma mətbəxtdən gələn
soğan qoxusu buz kimi suya
dönüb başına
tökülür və
həqiqətləri önünə
sərirdi. Üsyan
edirdi: “Məni niyə bu qədər
sıxırsız? Niyə məni
sındırıb özünüzə
gərəkli olan adama çevirmək istəyirsiniz?! Siz heç
fəzadan mətbəxə
enməyin nə olduğunu bilirsiniz?”
Fəza da aydın deyildi,
sisli, qorxulu, təhlükəli idi. Dumandan nəyin necə olduğu görünməsə
də, oranın mətbəxdən daha öldürücü
olduğu dəqiq idi.
Qadının bu çırpınışlarını
nə əri, nə digərləri görürdü. Bütün diqqəti, fikri,
mehri uşaqlarda idi. Qadın isə onun gözündə öhdəliklərini
yerinə yetirən robota çevrilmişdi.
Belə davam etmir, əri
ilə bir-birinə
tab gətirə bilməyib,
ayrılırlar. Yeni həyata başlamaq
eşqi ilə bütün əzablara tab
gətirən qadın,
sevgilisinə “Mən xilas oldum, səni
də xilas etmək üçün sürünərək gəldim”
deyir. Sevgilisi “Bizim macəramız
sənə də, mənə də üzqaralığından başqa
bir şey gətirməyəcək. Biz ikimiz də bir az əylənmək istədik...
Əyləndik, bəsdir...
Mənim
gül kimi arvadım var. Mən onu çox sevirəm” deyir. Bu sözlərdən sonra qadın qanadları qırılmış quş
kimi çırpına-çırpına
qalır: “Axı mən sənin yaşaman üçün
həyat səbəbin
idim!” demək istəyir sevgilisinə, sözlər boğazında
düyümlənir. Namərdliyin dərəcəsini ölçmək
istəyir. Amma unudur
ki, elə bir ölçü vahidi yoxdur, qadına zərbə vuran kişinin namərdliyini hesablasın.
Heç
tapa da bilmir,
çıxdığı yüksəklikdən yerə
çırpılır. Ah, qadın... qadın! Fədakar, sevgisi uğrunda bütün sərhədləri vurub dağıdan qadın! Kişi çox nadir hallarda sevdiyi üçün hər şeyindən keçir. Nəinki vazkeçmək, hətta
rahatlığı pozular
deyə, az
qalır ürəyi köksündən çıxsın.
Amma qadın... bir göz qırpımında
onu var edən
bütün dəyərləri
heçə döndərir.
Göz yaşına qarışan
üsyan...
İki gün əvvəl cərrah-transplantoloq
Kamran Beydullayevlə söhbət edirdik. Ötən həftə
iştirak etdiyi bir tamaşadan gileylənirdi. Həmin
gileyin ümumiləşdiyini
- digər tamaşalara
da sirayət edəcəyini hiss etdim, qərar verməyə tələsməyin dedim. Telefonumu açdım və iki dəqiqəlik görüntünü izləməyini
xahiş etdim. Hə, “Cəza” tamaşasından
bir epizod idi. Hətta əvvəlcə, “bir nəfər səhnədə
diqqəti nə qədər özündə
saxlaya bilər?” sualını verdi
və ekran hərəkətə gəldi!
Gözlərini Əməkdar
artist Kəmalə Hüseynovanın
fəryadına, üsyanına
zilləmişdi... Aktrisanın səhnədəki
performansı onu yerindəcə, məni isə təkrar heyrətə salmışdı.
Aktrisanın gözündən yaş, ağzından köpük axırdı.
Qışqırır, üsyan edir,
tamaşaçı ilə
üz-üzə dayanıb,
həqiqətləri hayqırırdı.
Müəllifin -Tamara Vəliyevanın yaratdığı hadisələrin
dinamikası o qədər
güclü idi ki, aktrisa salonu
bütün enerjisi ilə doldururdu. Telefonu geri alanda, Kamran
həkimin təəccüblə
baxmağı artıq
hər şeyi deyirdi. Dostlara söz vermişəm,
növbət dəfə
hamımız birlikdə
gedib izləyəcəyik.
Bu cür keyfiyyətli,
düşündürən sənət əsəri üçün əməyi
keçən hər kəsə təşəkkür
edir, Mehriban Ələkbərzadənin isə
ürəyindən öpürəm!
Türkan TURAN
525-ci qəzet.- 2019.- 2 fevral.- S.24.