Nəsiminin Gəncədə qorunan yadigarı
25
İL ƏVVƏL ŞAİRİN NƏSLİNİN
NÜMAYƏNDƏLƏRİ ONUN HƏLƏBDƏKİ
TÜRBƏSİNİN QƏDİM KİLİDİNİ
GƏNCƏLİ BİR SƏYYAHA BAĞIŞLAYIBLAR
Azərbaycanlıların yeni ili böyük
bir ism ilə şərəfləndi. Dövlət
başçımız 2019-cu ili hər
birimizin qəlbində
hər an qürur hissi doğuran Nəsiminin doğumunun 650
illiyi ilə bağladı. Biz azərbaycanlılar
üçün bu, həm də Nəsiminin zamanları aşaraq, neçə-neçə
nəslin mənəvi
dünyasına hopmuş
böyük bəşəri
dəyərlərin daşıyıcıları
olduğumuzu unutmamağa
bir çağırışdır!
“Nəsimi ili”ndə ruhumuzun bu böyük
şəxsin söz və fikir enerjisi
ilə bir daha təzələnəcəyinə,
eləcə də onun dünyanın od tutub yanan
bölgəsində - Suriyanın
Hələb şəhərindəki
məzarının haləti
və aqibəti haqda Söz Sahibi olacağımıza
böyük ümidlər
var.
Məzarı Vətəndən uzaqda olsa da, bu
böyük zəka sahibimizin xatirəsi Azərbaycanın hər bir guşəsində yaşayan insanların ürəyində qərar
tutub. Bu xüsusda,
Nəsimi ilə bağlı Gəncədə
saxlanılan bir yadigardan söhbət açmağı da müvafiq saydıq. Söhbət Nəsiminin Hələbdəki türbəsinin
darvazasını neçə
yüzilliklər ərzində
açıb-bağlamış və 25 il
əvvəl gəncəli
bir səyyah tərəfindən bu şəhərə gətirilmiş
dəmir kilid haqdadır.
Hazırda 59 yaşı olan gəncəli Əlişir
Azəri (Əhmədov)
nadir bir məslək sahibliyini - səyyahlığı
boynuna götürərək,
hələ cavan ikən iki dəfə
böyük səyahətə
çıxıb. Ali təhsilli gənc Əlişir günlərin
bir günü Nizami Gəncəvinin “Xəmsə”sinin cazibəsinə
düşərək, bu
böyük mütəfəkkirimizin
Dünyaya çatdırmaq
istədiyi mətləbləri
mümkün qədər
daha çox insana anlatmaq missiyasını da daşımaq qərarına
gəlib. 1989-1991-ci illər
ərzində Nizami Gəncəvinin 850 illik yubileyi münasibətilə
keçmiş SSRİ-nin
böyük bir hissəsini sözün əsl mənasında dərviş kimi payi-piyada gəzərək,
dahi şairimizin irsini Pribaltikadan tutmuş, Orta Asiya, Sibir, Uzaq
Şərqədək təbliğ
edib. Əlişir Azəri öz
səyahətlərindən neçə-neçə cildlik
xatirələr yazıb
və “Nizami nurlu səyahət” adı altında nəşr etdirib.
İkinci səyahətini isə o, böyük Füzulinin
500 illik yubileyinə həsr edib - 1994-cü ildə Yaxın Şərq ölkələrini
gəzib. Həmin səyahət vaxtı
Hələbdə də
olub, Nəsiminin türbəsini ziyarət edib, böyük şairimizin törəmələri
ilə təmas qurub.
Böyük Azərbaycan şairi
və filosofu Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsiminin (1369-1417) Suriyanın
Hələb şəhərindəki
məzarı sarıdan
hər bir azərbaycanlı kimi dərin nigaranlıq keçirən səyyah həmin məkanın 25 il öncəki ziyarəti xatirələrini
bölüşür.
O danışır ki, Nəsiminin məzarı tarixi bir yerdə,
Hələb Qalasının
yaxınlığında yerləşir.
Burda Nəsiminin adına məscid
də var. Əlişir
Hələbdə olduğu
vaxt elə bir neçə gün həmin məsciddə gecələyib.
O, Hələbdə Nəsiminin
nəslinin nümayəndələri
ilə tanış
olub, onlara yaxın bir adama çevrilib, onların qonağı olub. Nəsimilər ailəsi gəncəli
səyyahı şərəfli
tutaraq, ona şairin türbəsinin qapısının qədim
kilidini bağışlayıblar.
“Nəsimilər ailəsinin
üzvləri məni
evlərinə qonaq apardılar. Onlar hamısı bizim
dilin şirin, hətta deyərdim, poetik bir ləhcəsi
ilə danışırdılar.
Mən də onlara Azərbaycanda hər kəsin Nəsimini nə qədər sevdiyindən, böyük
şairə həsr olunmuş musiqi, rəsm və ekran əsəsrlərindən
qürurla danışırdım.
Həmçinin, mənim
bir səyyah kimi, bir neçə
il əvvəl
Nizami Gəncəvinin
təbliği ilə Avrasiya məkanına uzun səyahətimin əhvalatlarını da maraqla dinləyirdilər. Sonra gördüm ki, nə isə
öz aralarında məsləhətləşir, pıçıldaşırlar…
Sən demə, mənə böyük şərəf
verərək, məni
bu məqama layiq bilərək, Nəsiminin türbəsinin
evlərində saxladıqları
köhnə kilidini bağışlayacaqdılar. Onlar izah etdilər
ki, bu kilidin
bir neçə yüz il
yaşı var. Kilid hələ türbənin
qapısı taxtadan olarkən onun üstündəymiş. İndi isə
qapı metaldandır və kilid də
yenisi ilə əvəzlənib” - deyə
Ə.Azəri xoş xatirələrə meydan verir.
Amma dəyərli
ərməğanlar təkcə
kilidlə bitməyib. Əlişir bir neçə kağız vərəqdə
həkk olunmuş Nəsimilərin nəsəb
şəcərəsini də
nümayiş etdirir.
“Bu, mənimçün əvəzsiz bir sərvətdir. Onlar mənə tərtib etdikləri “Nəsimilərin
şəcərə ağacı”nın təsvirinin bir nüsxəsini də hədiyyə etdilər. Maraqlıdır ki, bu nəslin nümayəndələrinin,
istər keçmiş,
istər də indiki nümayəndələrinin
hamısının tam ad-soyadının
axırı “İmadəddin
Nəsimi” ifadəsi ilə qurtarır. Belə nəticəyə gəlmək
olar ki, “İmadəddin Nəsimi” bir növ, soy ad, familiyadır. Daha doğrusu,
lap qədimdə onların
soyadı “İmadəddin”
olub, böyük şairin təxəllüsü
isə sonralar bu nəslin adının axırına
əlavə edilib.
Doğrudan da şairin
adı Seyid Əlidir, atasının adı Seyid Məhəmməddir. Tam şəkildə isə Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin, təxəllüsü isə
Nəsimidir” - deyə,
Ə.Azəri maraqlı
mülahizələr söyləyir.
Səyyah fikirlərinin təsdiqi üçün öz dəftərçəsindəki qeydləri də göstərir. 25 il
əvvəl həmin qonaqlıqda iştirak edənlər Əlişirin
dəftərçəsinə öz adlarını yazaraq, imzalarını qoyublar. “Avtoqraf”ların
hamısı da “İmadəddin Nəsimi” soyadı ilə bitir.
Səyyah Əlişir söyləyir
ki, Azərbaycandan apardığı bir qətrə torpağı
Nəsiminin qohumlarına
bağışlayarkən, onlar göz yaşlarını saxlaya bilməyiblər.
“Bir yaylığa bükdüyüm torpağı onlara verib, babalarının yurdundan, Azərbaycandan gətirdiyimi söylədim. Onlar bir-bir torpağı öpərək, gözlərinə qoyur, “yaşa, yaşa canımız-gözümüz Azərbaycan” deyərək, qəhərlənirdilər” - deyə, səyyah yada salır.
Bir Nizami sevdalısı, Füzuli heyranı, Nəsimi bilicisi kimi səyyah Əlişir içində yaşadığımız ilin “Nəsimi ili” elan edilməsinə hədsiz sevindiyini və xüsusən bu il xalqımızın bu böyük övladının öz dövrünü əsrlərlə qabaqlamış ümumbəşəri fəlsəfəsinin mahiyyətini bir daha bütün dünyaya bəyan ediləcəyinə əmin olduğunu da qeyd etdi.
Həqiqətən də əsərləri ilə insanı ən uca məqamlara səsləyən, onu yaradılışın mükəmməl timsalı görmək istəyən, bu il anadan olmasından 650 il keçən Nəsiminin dünyanın xilasının yalnız mənəvi yüksəlişdən keçməsi fəlsəfəsi bu fani dünyada hər zaman aktualdır.
Gəncə
Zakir
MURADOV
525-ci qəzet.- 2019.- 2 fevral.- S.23.