İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR

 

 

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək!

(Əvvəli ötən şənbə sayımızda)

AZƏRBAYCANDA MAARİF

Azərbaycanda yüksək (ali) məktəblər baş müfəttişi H. bəyin ələlümum Sovet Rusiya və bilxassə Azərbaycan maarif işləri haqqında yazmış olduğu bu raporu şimdiki Sovet maarifi haqqında əsaslı məlumatı ehtiva etdiyi üçün eynən dərc edirik. Rapor mühərriri H. bəy bir müddət əvvəl Azərbaycandan çıxmağa müvəffəq olmuş və indi hüdud xaricində bulunmaqdadır.

Sovetlərin sənaye və sosyalizm quruluşunu inkişaf məqsədilə meydana atdıqları 5 sənəlik plan, maarif sistemində dəxi bir çox cəzri (əsaslı) təbəddüllərin yapılmasına mucib olmuş və bu sahədə də öz təsirini göstərmişdir. Bugünki Rusiyanın müqəddəratını əllərində bulunduran sovet ricalı ixtilalə qədər mövcud bilcümlə məktəbləri oraq və çəkiclə təməlindən təxrib edərək bunların yerində “Cahan inqilabı mübarizləri” yeni “Komunist nəsli” yetişdirmək məqsədilə yeni ocaqlar vücuda gətirməyə qərar vermişlərdir.

Bu təxrib əməliyəsinə orta təhsili hələlik bir tərəfə buraxaraq ibtidai və ali təhsil olmaq üzrə iki tərəfdən başlanılmışdır.

Orta təhsil məsələsinin müvəqqəti bir zaman üçün “Marksizm və Leninizm təsirindən uzaq bulundurulmasına səbəb, ibtidai və ali təhsil sahəsində yapılacaq inqilabların təcrübəsindən istifadə etmək və bu təcrübələrə istinadən orta təhsil məsələsini islah etmək idi.

“Bolşevik cənnət”inin ilk günlərində sinif və dərsxanəyə gələn tələbələrin əllərində tüfənk və kökslərində 5 guşəli ulduz olduğu halda gəldiyi hər kəscə mühüm bir həqiqətdir. İştə bu vəziyyətdə təhsilə gəlmiş tələbələrin məqsədi” hər xüsusda “Amerikanı geridə buraxmaq” idi.

Gərək mərkəz və gərəksə ətrafda bulunan maarif komisarlıqları təxrib əməliyyəsinə başladıqları zaman ilk zərbəyi professorlara endirdilər. Çünki yeni bir dünya yaratmaq istəyənlər müəllim və professorlar kimi elm adamlarına ehtiyac hiss etmiyorlardı. Bundan başqa zahirə aid hər hankı bir burjuazi zehniyyəti kimi tələqqi edilir və əsasən proletar sinifinə mənsub tələbələrin məfkurəsinə müxalif görülürdü.

Mərkəzi Komunist firqəsinin idarəsi altında hər bir ali məktəb və maarif komisarlıqlarında vücuda gətirilmiş Komunist firqəsi şöbələri (komyaçeyka) ilk işə ali məktəbləri proletariləşdirməklə başladılar.

Professorlar və müəllimlər vəzifəyə yeni qiyafətlə yəni müxtəlif köynəklə gəlməli və tədris üsulları, qullandıqları təbirlər, proletar harsına müxalif olmamaqla bərabər dərslər dəzgah qarşısından gəlmiş əmələlərin səviyyəsinə müvafiq olma-lıdır. Bundan başqa oxudulan dərslər gərək mövzu və gərəksə məzmun etibarilə proletar diktatorluğuna müxalif olmamalı və bütün dərslər “tarixi materyalizm” və “komunizm manifesti” nöqteyi-nəzərindən təhlil edilməlidir. Məsələn suyun kimyəvi tərkibi Marks və Engelsin fikirlərinə təvafük etməli və digər bir çox riyazi və mexanik məsələləri Lenin yaxud Stalinin rəyinə müxalif bir şəkildə tədris edilməməlidir.

Sovet məktəbinin iləri sürdüyü bu tələbləri həzm edən və anlayan professorlardır ki, proletar parasını ala bilməyə müvəffəq oldular.  Bilakəs bu yeni üsulları bir dürlü anlamayan və bəyənməyən professorlar məsləklərini tərk edərək həyatlarını idamə üçün soqaq süpürmək və müxtəlif sovet müəssisələrində qapıçılıq kimi edən aşağı vəzifələri ifa etmək məcburiyyətində qaldılar.

Professorları təmizlədikdən sonra artıq sıra tədris planının islahına gəldi. Bu məsələdə professorlar bir tərəfdə buraxılaraq bütün işlərin tənzimi, tədris planının tərtibi, komyaçeykaya mənsub tələbələrə müxtəlif müəssisələrdən, fabrikalardan gələn əmələ müməssillərinin əllərinə tövdi edildi. İştə digər məsələlərdə olduğu kimi tədris işlərində dəxi proletar görüşü ilə hərəkət edən komunist tələbələr elim naminə nə varsa 2-ci dərəcəyə buraxaraq tədris planında 1-ci yeri proletar tərbiyəsinə, siyasi məsailə təxsis etdilər. Ali məktəblər “cahan inqilabının mübarizləri” tərəfindən nəticə etibarilə bir propağanda ocağı və əskəri təlimlər meydanına çevrildi. İştə bu surətlə ali məslək məktəbləri mühəndis texnik yetişdirəcəyinə, elm naminə heç bir şey bilməyən siyasi adamlar, mübəlliğlər yetişdirməklə müvəzzəf bulunuyordu. Bu məktəblərdən çıxanlar mühəndis namilə əski mühəndislərin yerinə təyin edilir və sovet sənayei bu cahil insanların əllərinə verilirdi.

Beş sənəlik planın ortaya atılması sənaye sahəsində çalışa biləcək bu kimi mütəxəssislərin mümkün mərtəbə fəzlə miqdarda yetişdirilməsi məsələsini icab etdirirdi. İştə bu məqsədlədir ki, “5 illik planın” suya düşməməsini təmin üçün Komunist firqəsi 5 sənəlik plan müddətincə 35-40 min kimyagər, böyük sənaye üçün 40-42 min makina mühəndisi və o qədər də elektrik mühəndisi yetişdiril-məsini Maarif Komisarlığına əmr etmişdi.

Heç şübhəsiz, yetişdiriləcək olan bu mütəxəssislər inqilab əleyhdarı “yabançı ünsür” olmamalı tam mənasilə proletar məfkurəsilə məşbu bulunmalıdır. Bunu təmin üçün Maarif Komisarlığı və ayrı-ayrı ali məktəblərdə təmizliyə başlandı. Təbiətilə  sıqı bir təmizlik nəticəsində ötədən bəri çalışan bəzi “yabançı ünsürlər” inqilab əleyhdarı mütəxəssislər dışarı atıldı. Bu meyldə bulunan komunistlər dəxi “firqə xəttindən inhiraf (sapınma)” cürmilə (təqsirilə) qapı dışarı edildilər.

Mütəxəssislərin 5 illik planı nasıl olursa-olsun ikmal etmələri üçün “sosyalizm yarışı” deyə ortaya bir şüar atıldı. Məzkur şüar altında bilcümlə müəssisələr, fabrika, emalatxanələr, ayrı-ayrı mütəxəssis hətta professorlar arasında yarışlar başlandı.

Sənaye və məslək məktəblərinin daha müsmir (faydalı) bir hala gəlməsi üçün Maarif Komisarlığı idarəsindən alınaraq Azneft, Donbas, Ural-trest kimi sənaye müəssisələrinə verilməsi qərarlaşdırıldı.

“Amerikanı geridə buraxmaq” məqsədilə açılmış bu sənaye səfərinə tələbələri dəxi cəlb edilərək tələbələrə bitirdikdən sonra məcburi hizmətdə bulunmaq şərtilə məsləkinə müvafiq müəssisələrdə yer verildi. Şübhəsiz bu tələbələrin həyatı, bağlı bulunduğu müəssisə tərəfindən təmin edilirdi. Sözdə pək münasib bir yol alan bu qəbil tədbir, tətbiqat sahəsinə gəlincə gülünc bir şəkil alırdı. Məsəla digər müəssisələr kimi firqənin əmri üzərinə balıq tresti dəxi müəssisəsində çalışdırmaq üçün 20 tələbə almağa məcbur bulunurdu. Fəqət bu sahədə təhsil görən və bu sahədə çalışan tələbə bulunmayınca balıq tresti işin içindən çıxmaq və məhz firqənin əmrini hərfiyən yerinə yetirmək məqsədilə makina mühəndisliyi, yaxud hüquq fakültələrində təhsildə bulunan və heç bir vəchilə balıqçılıqla münasibəti olmayan adamları alır və həyatlarını təmin edirdi.

Bir çox müəssisələrdə də təxsisat olmadığı üçün tələbələr açıqda qalır və b.u surətlə gah komunist firqəsinə və gah da digər müəssisələrə müraciət etməklə vaxt keçirirlərdi. Hasili bütün müəssisələr böyük bir anarşi içərisindən bir türlü çıxamıyorlardı.

Tələbələri qəbul etməmək üzündən müxtəlif müəssisələri idarə edən və firqəyə mənsub olmayan bir çox müdürlər vəzifələrindən əzl edildi.

Tələbələrin fəaliyyətini daha məqul bir şəklə salmaq üçün əski tədris üsulları kafi gəlmədiyindən yeni bir çox Amerika və Alman üsullarına müraciət edildi. Fəqət bütün bu üsulların tətbiqi üçün lazımi vəsait olmadığından təşəbbüslər iqamətə məhkum oldu.

Bu sahədə dəxi müvəffəq olmayan “Komunizm mübarizləri” işin içindən çıxmaq üçün tələbələrin fabrika və emalatxanalarda çalışmasını təmin üçün çarələrə baş vurdular. Bu surətlə məktəbdə nəzəri olaraq keçilən dərsləri tələbələr fabrikalarda təcrübi olaraq öyrənmiş olacaqlardı. Fəqət bir tərəfdən mövcud fabrika və emalatxanaların minlərcə tələbəyə bir təcrübə yeri olmayacağı keyfiyyəti, digər tərəfdən əksər tələbələrin nəzəriyyata dalaraq təcrübədən istifadə etməməsi bu tərzin dəxi pək də müsmir olmayacağını göstərirdi.

Tələbələrin bütün tədris sənəsi nisbət etibarilə bu surətlə təqsim edilmişdi:

1. Nəzəri dərslər - 30%

2. Təcrübə - 26%

3. Əskəri təlim - 10%

4. İctimai-siyasi işlər - 20%

5. Tətillər - 14%

İştə bu cədvəldən belə görüldüyü vəchilə tələbə öz tədris işilə sənədə yalnız 50% məşğul olur və mütəbaqi qismini müxtəlif ictimai və siyasi işlərə sərf edirdi. Maddi zərurət üzündən bütün tələbələrin xaricdə bir məmuriyyət aldıqları da nəzəri-etibara alınırsa o zaman dərslərə davamın və dərslərdən istifadənin nə qədər az olduğu görülür.

Tərtib etdiyimiz cədvəl Azərbaycan ali məktəblərində mövcud tələbələrin miqdarını və digər millətlərə nəzərən türklərin nisbətini göstərməsi dolayısı ilə əhəmiyyətlidir.

Cədvəldən görüldüyü vəchilə əsil yerli əhaliyi təşkil edən türklərin miqdarı bilcümlə ali məktəblərdə orta hesabla 14% təşkil edir. Halbuki Azərbaycan xalqı öz kisəsindən hər sənə Politexnik İnstitutuna 990 min, Darülfünuna 1 milyon 200 min, Ziraət (k/t) İnstitutuna 750 min, yalnız bir tələbəsi türk olan konservatoriyaya 630 min rublə təxsisat verir. Ali məktəblərdə türkləşdirmə siyasətinin nə kimi yol təqib etdiyini təqdim etdiyimiz cədvəldəki rəqəmlər kafi dərəcədə isbat edər, zənnindəyiz.

(Ardı var)

 

“Odlu Yurd”, 28 May 1930, ¹16

İSTİLA TƏQVİMİ

(1920-nin başından 1930-un nisanına qədər)

1920

1. Azərbaycan istiqlalının cahan dövlətləri tərəfindən təsdiq edilməsi.

2. Ermənilərin Əskəranı zəbtləri. Milli ordumuzun hərəkətə keçməsi. Ordumuzun Əskəranı alması və Qarabağ-Zəngəzur cəbhəsində böyük müvəffəqiyyətləri.

3. Qızıl Ordunun Azərbaycan hüdudunu keçərək Bakı üzərinə yürüməyə başlaması. Anadoluya yardım şüarı ilə irəliləyən Qızıl Ordunun Bakıya girməsi.

4. Milli hökumətin düşməsi. Süngü gücilə təsis olunan Sovet hökumətinin ilk icraatı. Verilən vədlərə rəğmən məbus, vəkil, rical, siyasi firqə əzaları, zabitan və münəvvərlər (ziyalılar) həbs olunuyorlar.

5. Mühakiməsiz qətliamlar.

6. Generallardan Murad Geray Tilexas, Haşımbəyli, Yusifov, Süleyman Paşa və s. mühakiməsiz qətl olunurlar.

7. “Müsavat” firqəsinə mənsub milliyyətpərvərlərdən Məhəmməd Bağır bəy, Piri Mürsəlzadə, Zərif, Hüseyin Müzəffər, Qasım Kazımzadə bəylərin “Çeka” tərəfindən günahsız öldürülmələri.

8. Evlər, mağazalar, anbarlar, banklar, ticarətxanələr qarət edilərək Moskvaya göndərilir.

9. Ordumuz qismən İrana, qismən Rusiyaya sövq edilməklə, qismən dəxi zabitlər şəhid edilməklə imha (məhv) edilir. Qarabağ və Gəncədə duran hissələrin  tərkisilah edilmələri üçün əmr verilir.

10. Gəncədə müsəlləh qiyam. Bir həftəyə qədər davam edən qiyamın qan və atəş içərisində yatırılmasından sonra Gəncədə qanlı qətliam.

11. Azərbaycanın məruf pedaqoq və alimlərindən, Qazax müəllim məktəbinin müdiri Firudin bəy Köçərlinin şəhid edilməsi.

12. Gəncə valisi operator-doktor Xudadat Rəfibəyli qətl edilir.

13. Zaqatala, Şəki, Salyan, Lənkəran və Qarabağ üsyanları.

14. Azərbaycan Millət Məclisi rəisi Dr. Həsən Bəy, Xariciyyə naziri Fətəli Xan Tiflisdə şəhid edilir. Son baş vəkilimiz Nəsib Bəy qeyb olur.

15. Qarabağdakı milli ordu hissələri uzun müqavimətdən sonra İran Azərbaycanı təriqilə Türkiyəyə keçir.

1921

1. Lənkəran qəzasında və Muğanda müsəlləh müqavimət davam edir.

2. Üsyançılar, “Camal Paşa” adı ilə məruf “Camal çavuşun” komandası altında qəzanın dağlıq qismini, Astara və Şah Ağacını işğal edirlər.

3. Sovet hökumətinin Lənkəran əhalisinə bəyannaməsi.

4. Muğan və Lənkəranda Qızıl Ordunun vəhşətləri və türk qətliamı.

5. “Camal Paşanın” şəhadəti. Üsyançılar dağlara çəkilirlər.

6. Azərbaycan ixtilalçı-sosyalistlərinin həbsi və Sibiryaya sürülmələri.

7. Gürcüstanla hərb münasibətilə Bakıda və sair Azərbaycan şəhərlərində külliyyətli həbslər.

8. Neft mədənlərində yanğın.

9. Bakıda “Ya ölüm, ya Vətən!” adlı gizli bir təşkilat kəşf edilir.

1922

1. Lənkəran dağlarında istilaya qarşı müsəlləh müqavimət davam edir. Bakının yaxınında “Qobustan” və “Daşlar” kimi məhəllərdə Arslan namında bir gəncin dəstəsi ələ keçən komunistləri terror etməyə başlayır.

2. Rəsulzadə Məhəmməd Əmin bəy Moskvadan Avropaya keçməyə müvəffəq olur.

3. Xaricdə Milli Azərbaycan nəşriyyatının işə başlaması.

4. Göyçay ətrafında, Quba və Şamaxı dağları ilə Qarabağda partizan hərəkatları əleyhinə Qızıl Ordu hissələri sövq olunur.

5. “Müsavat” firqəsinin gizli konqrası.

6. Bakının Suraxanı, Sabunçu, Balaxanı, Bibiheybər kimi neft ocaqlarında milliyyətpərvərlər böyük yanğınlar yapırlar.

1923

1. Lənkəran, Göyçay, Quba, Qarabağ dağları ilə Bakı ətrafında və Gəncə ormanlıqlarında partizan hərəkatları davam edir.

2. Gizli “Müsavat” təşkilatı “28 May 1918 İstiqlal Bəyannaməsini” - “Azərbaycan Misaqi Millisi” elan edir.

3. Gizli “Müsavat” təşkilatına mənsub bir çox milliyyətpərvərlər tövqif (həbs) edilir.

4. “Çeka” mövquf müsavatçılar namına uydurulmuş bir Bəyannamə elan edir. Gizli “Müsavat” heyəti mərkəziyyəsi bunu protesto olmaq üzrə mətbu bir Bəyannamə ilə cavab verir.

5. Təşrini-əvvəlin 5-də Bakıda Müsavat firqəsinə aid gizli bir mətbəə və təb edilməkdə olan gizli “İstiqlal” qəzetəsi kəşf edilir. Bakıda, Gəncə, Qarabağ və Lənkəranda ümumi həbslər başlayır.

6. Kürdəmir və Göyçay ətrafında böyük müsəlləh qiyam. Qiyamda iştirak edən “Hümayun” nam bir köylü qızı əsir və qətl edilir.

1924

1. Mövquf (həbs olunmuş) müsavatçılar qeyri-insani işkəncələrə qarşı “Çeka”da aclıq qrevi elan edirlər.

2. Münəvvərlərdən, tələbə və zabitlərdən ibarət olan müsavatçılar Buzlu Şimal Dənizində olan “Solovki” adasına sürürürlər.

3. Daxildə gizli nəşriyyatın yenidən təsisi. “İstiqlal” qəzetəsi çıxmaqda davam edir.

4. Lənkəran dağlarında “Xan dərəsi” ətrafında Xan kişi və Çan kişi adlı və “Güdələr” namı ilə məruf 2 qardaşın partizan qurupu getdikcə qüvvət kəsb edir.

5. Dağlıq Qarabağın ermənilərə verilməsinə qarşı Qarabağda hərəkatlar. Qarabağda milli hərəkat rəhbərlərindən Seymur bəy xalq hərəkatı əsnasında şəhid düşür.

6. Komunist firqəsində milliyyətçi bir qrup təşkil olunur.

1925

1. Bakı, Gəncə, Qarabağ, Lənkəran, Salyan və Şəkidə 600-ə qədər gizli “Müsavat” təşkilatına mənsub olmaq töhmətilə milliyyətpərvər münəvvərlər tövqif (həbs) olunur.

2. Solovkiyə 2-ci “Müsavat” qafiləsi sövq olunur.

3. Lənkəran dağlarında “Güdələr” hərəkatı Lənkəranı təhdidə başlayır.

4. Qarabağda Xan Əli və Qabil bəylərin partizanları fəaliyyəti keçirlər.

5. Samux ormanlarında partizan hərəkatı artır.

Komunist firqəsində milliyyətçi qurub Moskva əleyhinə açıq çıxışlar yapır.

(Ardı var)

M.B. (Mirzəbala Məmmədzadə)

“Odlu Yurd”, 27 nisan 1930, ¹14

TÜRKİYƏNİN DOSTLARI

“Türkiyə milləti dostlarından bir qrup” imzası ilə əvvəlcə “Pravda” qəzetəsi və sonra bütün bolşevik mətbuatında “Türkiyə Hökumətinə açıq bir məktub” nəşr edilmişdir. Bu məktubda Türkiyədəki komunistlərin tövqif olunaraq “İstiqlal Məhkəməsi”nə verilmələrindən müəəssir olan “Dostlar” Türkiyə hökumətinə “dostanə” sərzənişlərdə (məzəmmətlərdə) bulunuyor və ona “baba nəsihəti” veriyorlar: “Siz feodalizmi kökündən qaldırıyorsunuz. Amənna (inandıq), çox iyi ediyorsunuz, tarixi bir vəzifə görüyor, burjua sistemini “qüruni-vüsta” məngənəsindən xilas ediyorsunuz. Biz buna seviniyor, sizi təqdir ediyoruz” diyorlar. “Halbuki sizi bu hərəkətdə təşci” edən Türk komunistlərini də tövqif (həbs) ediyor, dərəbəylərini tıxdığınız həbslərə onları da çəkiyorsunuz, bunu isə anlamıyoruz” deyə əlavə ediyor, “yapdığınız dəmir yollarda açdığınız və açacağınız fabrikalarda çalışan əmələnin məsləki olan komunizmi feodalizm kibi məhv edəməzsiniz” deyə “dostanə” bir ixtar yapıyorlar.

“Cümhuriyyət” rəfiqimiz “Rusiyadan gələn bu səda”ya cavab verir. Türkiyənin bulunduğu tarixi mərhələdə yapılacaq təbii işin yapılan inqilabdan başqa olmayacağını “Elmi mənasına görə, komunizmin yapılamayıb, olsa-olsa, kəndi-kəndinə təkəvvün (yaranma) və təhəqqüq (meydana çıxma) edəcəyini bizzat Karl Markısın vəz etdiyi əsasa görə süni və hələ cəbri komunizmə nə cəvaz (icazə), nə də imkan olduğunu” söylədikdən sonra “komunizm propağandası ilə məşğul 3-5 adamın Şeyx Səidlərdən fərqli olmayan macərapərəstlərdən ibarət olub “Təqriri Sükun Qanunu” (Asayişi qoruma qanunu) mövcibincə məzərrətləri (ziyanları) önünə keçilmək lazım gəldiyini” anlatıyor və bununla iktifa ediyor.

Türkiyədə komunizm təqibatı yeni degildir. “Cümhuriyyət” qəzetəsinin yazdığı kibi, daha Sovet Rusiyası ilə mübariz Türkiyə arasındakı dostluğun təəssüs eylədigi ilk günlərdən etibarən, daxili komunizm intriqası ilə mücadilə səfhələri də başlamışdır.

Komunizmin propağandası ilə Türkiyə “dost”larının iləri sürdükləri əmələ hərəkatı arasında yerdən göyə qədər fərq vardır. Rusiyadakı əmələ belə komunizmi tamamilə mənimsəmiş deyildir. Milliyyətpərvər Türkiyə ilə dostluğu çox müfid (faydalı) gördügü halda, kəndi daxilindəki milliyyətpərvərligi atəş və dəmirlə basdıran Rusiya, Komunist Rusiyası ilə dostluğu müfid görən Türkiyəyə nədən komunistlərə qarşı alınan tədabiri caiz görəmiyor.

“Türkiyə milləti dostlarının” bu açıq məktubuna müqabil “Cahan İnqilabı dostları” Sovet hökumətinə xitabən nə münasib bir açıq məktub yaza bilərlərdi. Bu məktubda çox qüvvətli əsaslara istinad edərək deyilə bilərdi ki, “Müstəmləkə və nim müstəmləkədəki məhkum millətlərdə hürriyyət və istiqlal hərəkatının irəliləməsini cahan inqilabının inkişafı üçün müfid buluyorsunuz. Bu hərəkatı təmin üçün təhti-idarəmizdə bulunan qeyri rus millətlər, bilxassə Şərq millətlərinə, tətbiq etdiginiz məzalimi azaltsanız, onların daxili işlərinə qarışmasanız, məmləkətlərini Qızıl Ordu çizməsi altında əzməsəniz, bulunduqları dövrü-tarixi ilə mütənasib demokrasi və milliyyət məfhumlarının məfkurəçisi bulunan milliyyətpəvrərləri qətl, nəfy və həbsdən vaz keçsəniz, nə əla edərsiniz!”

Bu tezisi çox qumətli dəlillər və çox müəssir vaqeələrlə isbat etmək və nəticədə, “Türkiyə Dostlarından Bir Qrub”un vəz eylədigi “Şimdi əcəba Türkiyə komunistləri nə vaqt azad ediləcəklərdir?” sualına müqabil “Cahan İnqilab Dostları”.

“Şu halda Rusiya mənfələrindəki milliyyətçi və istiqlalçı Türk məhbuslarını nə vaxt azad edəcəksiniz?!” sualını daha ziyadə müvəffəqiyyət və isabətlə vəz edə bilirlər!..

Azəri (M.Ə.Rəsulzadə)

“Yeni Qafqasiya”, 1 avqust 1924, ¹21

SALAM TÜRKİSTANA

“Yeni Qafqasiya” qarelərini təbşir edir. “Yeni Türkistan” məcmuəsi nəşr olundu. 4 sənəyə yaxın bir zamandan bəri məzlum və əsir Türklüyün Qızıl Rus istilasından çəkdiyi - çəkilməz əzabı bütün dünyaya, bilxassə Türk və İslam dünyasına anladan “Yeni Qafqasiya” artıq yalnız deyildir.

“Yeni Türkistan”ın əhəmiyyəti bu qədərlə də qalmaz. O mübariz Türklüyün sədasını, bizimlə bərabər, bu cahana əks etdirəcəyi kimi hürriyyət və istiqlala mütəvəcceh mücadiləmizdə dəxi bizi təqviyə edəcəkdir (gücləndirəcəkdir). Azərbaycan xalqının hürriyyət və istiqlalını başlıca olaraq hədəf ittixaz edən “Yeni Qafqasiya” hürriyyət və istiqlal mücadiləsinə atılan Türkistanın həqiqi sədasına məkəs (əks yeri) “Yeni Türkistan”ı çox səmimi bir həyəcanla qarşıladı.

“Yeni Türkistan” qızıl istila üzərinə yurdlarını tərklə mültəci (qaçqın) və mühacir sifətilə yaşayan türkistanlıların vasiteyi-nəşri-əfkarı olaraq nəşr olunur və “Türkistan” təbirini “Şərqi və Qərbi Türkistana Qazaxıstan, Türkmənistanlara da şamil bir isim” sifətilə alıyor və bu ismə verilən “Yeni” sifəti ilə “Müstəqil Türkistan” mənasını qəsd edir.

Müstəqil Türkistan: iştə yeni arqadaşımızın 2 kəlmədə ifadə edilən böyük proğramı! Müstəqil Azərbaycan və müstəqil Qafqasiya proğramını təqib edən bizim üçün başqa izahata lüzum yoxdur. Dərd - aşinayız, anlarız. Türklüyün ana yurdunu təşkil edən Türkistan istiqlalının federalist Türkçülüyün təsəvvür etdiyi müstəqil Türk elləri silsiləsindəki mövqei mühümdür. Türk Azərbaycanının təkrar istiqlalına qovuşması üçün Türkistan istiqlal hərəkatının ciddiyyət kəsb etməsi nə qədər mühümdür!.. 30 milyonluq Ukrayna, 12 milyonluq Qafqasiya yanında 12 milyonluq Türkistan: iştə bir miqdar ki, Rusiyanı adət əzəmətilə görməyə alışqan gözlərə soxulmalıdır!..

“Yeni Türkistan”, istiqlalını istihdaf etdiyi məmləkətin müstəqil həyata namizəd bir vətən olduğunu tarixi, harsi, iqtisadi və siyasi mülahizələrlə isbat edir. İlk nüsxədə ortaya atılan “Müstəqil Türkistan” tezisinin mütəaqib nüsxələrdə kəmali-müvəffəqiyyətlə müdafiə ediləcəyi hiss olunmaqdadır. Bundan dolayı yeni arqadaşımızı səmimiyyətlə təbrik edir, müdafei bulunduğu “Yeni Türkistan”a candan müvəffəqiyyət dilər - söyləriz:

“Salam Türkistan”a!

Rəsulzadə Məhəmməd Əmin

“Yeni Qafqasiya”, 18 həziran 1927, ¹18

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 2 fevral.- S.20-21.