Kövrək duyğuların tüğyanı

 

Bir neçə şeir və poemalar kitabının müəllifi olan tanınmış neftçi-alim, şair-publisist Hacan Hacısoy heç bir yerdə özünü şair kimi təqdim etmir.  Ancaq onun poetik topluları ilə tanış olan hər kəs poeziya aləmində özünəxas ədəb-ərkanı olan “çiynində söz yükü daşıyan bir yolçu” görür, başqa sözlə, narahat şair qəlbinin döyüntülərini eşidir.

 

H.Hacısoyun bədii yaradıcılığına nəzər saldıqda görünür ki, əsasən Vətən, Torpaq, Dünya, Zaman və insan mənəviyyatının müxtəlif probləmləri onun şeirlərinin kökünü və mayasını təşkil edir. Əsərlərinin bir hissəsi kövrək, nisgilli ovqata köklənmiş şeirlərdir. O, heca vəznində yazdığı şeirlərində klassik janrın uğurlu nümunələrini yaradıb. H.Hacısoyun  gəraylıları aşıq şeir şəkillərinə məxsus keyfiyyətləri özündə ehtiva edən maraqlı sənət nümunələridir. Bu şeirlərdə folklordan gələn motivlər müasir düşüncə ilə birləşir. Şair müxtəlif həyat hadisələrini, günah, savab, tamah haqqında düşüncələrini içindən keçirərək şeirin məzmun qatına yerləşdirir.

 

Baxtı alın tərində gəz,

Ləl-gövhəri dərində gəz.

Hər şeyi öz yerində gəz,

Yağ axtarma şor içində.

 

Heç şübhəsiz, bu ənənəviliklə yanaşı, müəllifin başqa şeirlərində yeni məzmun keyfiyyətləri də diqqəti çəkir. Qarabağ savaşının ağrı və sarsintıları içində boy atan misralar vətəndə qərib olanların içində yol taparaq lirik “mən”in ağrılarına şərik olur:

 

Əldən gedən, gözdən itən,

Kimə qaldı o yurd Vətən.

Dərd əlindən dil-dil ötən,

Sarı bülbül nə kefdəsən?

 

“Yurd yerində” şerində Laçından qaçqın tələbə yoldaşının dedikləri isə “El-obanın xəzan ömrü”nə oxunan elegiyadır.

 

“Dərd üst-üstə, qalaq-qalaq,

Dərmanını hardan alaq?

Göz yaşıtək axan bulaq,

Yurdu ağlar yurd yerində”.

 

Doğma nəfəsə möhtac sarayların harayı, “tənha qalmış ocaq daşının çarəsizliyi” şeirin mayasıdır. Təkcə didərgin ömrü yaşayanlar yox, qız-gəlin yığnağından uzaq bulaqlar qəm-kədər çökmüş dərələr, sükuta qərq olmuş sıra dağlar “Matəm saxlar yurd yerində”.

 

Gəraylılar, adətən, şən-şux notlar üzərində köklənir, ancaq Hacanın gəraylılarında zəmanənin etibarsızlığından, insanın nəfsindən, kişiliyin sındırılmasından, bir sözlə, mənəviyyatda gedən cılızlaşmalardan dil açan misralar çoxdur. Nə yaxşı ki, ruhuna kədər, yanğı, ümidsizlik hopmuş bəndlər axıracan davam etmir. Son bənddə nikbin ümid yer alır.

 

Könül, olma ürəyi dar,

Bir boşalan, bir də dolar!

El qayıdar, bərpa olar,

Köhnə çağlar yurd yerində.

 

H.Hacısoy insan, insanlıq haqqında düşüncələrində əsasən nikbin qalsa da, çiy insanların xəyanətini, unutqanlıq və biganəliyi görəndə məyus olur. Yerdəkilərdən əli üzüləndə çıxış yolu kimi Tanrıya üz tutur: Tanrım, biz niyə beləyik?! Bu şeirdə zaman-zaman ədəbiyyatımızı düşündürən suallar fərqli şəkildə qoyulub. Şeir hadisələrə vaxtında reaksiya vermək baxımından da maraq doğurur. Bu ədəbi tabloda tamahın, nəfsin önə keçdiyi günümüzün illüstrasiyası çəkilib. Onun cizgiləri şeirə bol təəssüf hissi, bir də ironik münasibət gətirməklə oxucunu xeyli düşündürür.

 

Müəllif başqa bir şeirində deyir:

Üzə çıxmaq üçün yeraltı sular,

Süzülür, durulur keçir yüz qatdan.

Ömür yollarında iki keçid var:

Ya qılıncdan keçmək, ya saqqal altdan!

 

Lirik “mən” “Çaqqal kölgəsində məst olmaqdansa”, “Qılınc kəsərində qanım axaydı!” istəyində qalır.Çünki saqqal altdan keçmək nankorluq, mənəviyyatsızlıqdır. Digər keçid isə kişiliyin, ucalığın bədii təsdiqidir. O səbəbə bu əxlaqi keyfiyyət oxucuya əminliklə ötürülür.

 

Göründüyu kimi, “Yollar gördüm: dərə keçdim, dağ aşdım” - deyən müəllifin şeirlərində Yol obrazı diqqəti cəlb edir. Bu yollar oxucunu qədim yurd yerlərinə-Borçalıya, Azərbaycana, Xudafərinə oradan Turana aparıb çıxarır. Ancaq

 

“Xırdalandım dənə-dənə,

Yol qalmadı məndən mənə”,

 

misralarındakı həsrət, nisgil bizi qarsıyır. Çünki əzəli torpaqlarımız Qarabağın yolları indi üzümüzə bağlıdır.

 

Qurulsa da neçə tələ, gedirəm,

Övladımla mən əl-ələ gedirəm,

Sonu ölüm olsa belə, gedirəm.

Döndər məni Qarabağın yoluna!

 

Şeirdə iki hiss vəhdətdədir: yurd yerləri, şəhid ruhunun çağırışı ilə lirik qəhrəmanın üsyankar çıxışı. Fikrin əyaniliyi, istəyin aliliyi şeirin poetik intonasiyasinda aydınca duyulur. Yollar üzünə nə qədər qapansa da, lirik qəhrəman ümidsizləşmir, çünki bu yol həm də haqqın-ədalətin yoludur. 

 

H.Hacısoy özünü mühakimə edən, həm də özünə hesabat verən ziyalı, harada düz, harada səhv etdiyini etiraf edən şəxsiyyətdir. Oxucu müəllifin poetik aləmi ilə tanış olduqca kövrək duyğuların doğurduğu etiraf və hesabatların şahidi olur:

 

Hər nəyin var verib bada,

Qul oldum bir təmiz ada.

Bu əqidə yolunda da,

Öldünmü Hacan Hacısoy?

 

Digər şeirlərində hesabatla kifayətlənməyən müəllif için dərin qatlarına enir. “Asılı”, “Məni öz əlimdən qurtar, İlahi” şeirləri lirik qəhrəmanın taleyi haqqında ciddi fikirləri özündə ehtiva edir.

 

“İçim nəhəng bir məngənə,

Çölüm içimdən asılı”

 

- deyən müəllifin təbiəti ilə zəmanənin gedişatı təzad təşkil edir. Qeyrət və haqsızlıq... Bunlar bir-birini təkzib edən qütblərdir. Hacan özünə qarşı o qədər tələbkardır ki, hətta öz əlindən qurtarmaq üçün İlahiyə müraciət edir:

 

Dəyirmanım özüm, dənim özüməm,

Vallah, öz-özümə qənim özüməm.

Məni dara çəkən mənim özüməm,

Məni öz əlimdən qurtar, İlahi.

 

Misralardakı fikirlər ümidsizliyin, acizliyin əlaməti deyil, əksinə, daxili psixoloji yaşantıların məzmunlu ifadəsi, başqa sözlə, mənəvi əzabların poetikləşdirilməsidir.

 

Şair H.Hacısoyun şeir dili sadədir. Xüsusən lirik şeirlərində şifahi poeziyanın dilinə məxsus təbiilik, axıcılıq diqqəti cəlb edir. Əlvan təşbehlər, atalar sözü, zərb məsələlər, cinaslar təzadlı qarşılaşdırmalardan məqamında istifadə onun şeir dilinə şirinlik gətirib:

 

Dəyirmanım düzənlikdə,

Dəhnəsi dayanıb dikdə.

Daş-daşı yedi, dənlikdə,

Dənim olmadı neyləyim.

 

Birinci bənddə cinasla yanaşı, xalq dili üçün səciyyəvi olan “cızdağ olub” frazeoloji dialektizmi şeirə yeni ifadə çaları gətirmişdir. 2-ci bənddə “d” cingiltili samitinin yaratdığı alliterasiya şeirin daşıdığı məna yükü ilə yanaşı, rəvan səslənməsini də təmin etmişdir.

 

Daha sonra mövzuya uyğun digər ifadə tərzlərinin tapılması da müəllifin yaradıcılıq uğurlarındandır. Bir gəraylıda həyatın təzadlı məqamlarının ustalıqla ifadəsi şeirin maraqlı oxunaqlığını təmin etməklə bərabər, həm də müəllifin fərdi dəsti-xəttini müəyyənləşdirir.

 

Bədii yaradıcılığını əsasən kövrək duyğulu, didaktik ruhlu şeirlər təşkil edən şair H.Hacısoyun poemaları Vətən yarayının əks-sədasıdır. Dərin yanğı hissi ilə qələmə alınmış “Dərd örnəyi-Vətən” poemasında xəyanət, unutqanlıq və biganəliyə qarşı güclü ittiham var. Çünki “Könlü qıyma-qıyma doğranan Vətən”dən yazmaq, “Vətənində vətən həsrəti çəkmək”dən ağır iş ola bilməz. Odur ki, əsərdə coşqun hiss və həyacan sonadək davam edir. Giley, etiraf nə qədər güclüdürsə, bir o qədər təsirlidir. 

Daha sonra Xocalı faciəsi, Daşaltı xəyanəti xatırlanır.

 

“Kəsilib Şuşaya gedən yolumuz,

Daşaltı hələ də daş altındadır”.

 

Bu xəyanəti kim bağışlasa da, nə torpaq, nə də onun ər kişilərinin ruhu bağışlamayacaq.

 

Bir azca düşünün ağıllı başlar,

Babaların ruhu didəcək bizi.

Dəlidağda yatan abidə daşlar,

Oyanıb daşqalaq edəcək bizi.

 

Müəllifin təhkiyəsi ilə nəinki babaların ruhu tarixin daş yaddaşı da torpağın müqəddəslik rəmzi kimi poetik görüntüyə gətirilir. Kimdir Vətəni, milləti bu günə salan? “Təqsirkar tək ancaq fələkmi, babam?!” - sorğusu ilə ortaya çıxan müəllif erməni və onun havadarlarını göstərməklə yanaşı, tarixdə buraxdığımız səhvləri də sərgiləyir.

 

Bəzən müəllif tarixin şanlı səhifələrini vərəqləyərək keçmişin həyat həqiqətlərinə ayna tutur. Babalarımızın fədakarlığı hörmətlə xatırlansa da, bu günlər onların layiqli xələfi olmadığımızı etiraf edir.

 

O vaxt götürmədi bu torpaq ləkə,

Qılıncla pozuldu düşmənin səfi,

Soltan bəy dərs verdi Andranikə,

Biz ola bilmədik onun xələfi..

Yenə də ən çox qınaq obyekti özümüzük. 

 

Müəllifin ikinci poeması “Yurdum-yuvam...” adlanır. Əsərdə Azərbaycanın ağrı-acısına geniş əhatəli prizmadan yanaşılır. 

 

Əsər milli ağrılarımızın poetik tərcümanıdır. Müəllif poetik düşüncələrini, xalqımızın sinəsinə çəkilən çalın-çarpaz dağları yenidən görüntüyə gətirməklə ədəbiyyatımızda “Azərbaycannamə” ənənəsinə sadiq qalıb.

 

Poemada qədim dövrdən bu günə kimi xalqımızın tarixi yoluna işıq salmaqla bizi taleyüklü məsələlər barədə bir daha ciddi düşünməyə sövq edir. Müəllif milli mövzuya digər ciddi motivlər də əlavə edib. Onun Vətən haqqında düşüncələrində təkcə bir xalqın deyil, bütün türk xalqlarının istəyi poetik əksini tapıb.

 

Qarabağ probleminin mənbəyini poetik təfəkkürün işığında təqdim etməyə çalışır, əsasən də buna nail olur. Bölmənin sonunda da xaraktercə nikbin olan müəllif səsini müasirlərinin çağırışına qoşur:

 

De, nə çıxır inləməkdən, ahu-zardan,

Ər igidlər qisas alsın yağılardan!

Torpaqların azad olsun, çıxsın dardan,

Ayağa qalx, dirçəl sən, ey Azərbaycan!

 

Bəndlər həm də ümidsizlikdən, bədbinlikdən xilas olub səfərbərliyə çağırış marşı, həm də əsir torpaqlarımızın gec-tez azad olunmasına inamın poetik ifadəsidir.

 

Poemanın ikinci hissəsi Vətənin digər parası “Gözümün ağı-qarası Borçalıya” həsr olunub. Onu da qeyd edək ki, Borçalı müəllifin bədii yaradıcılığında əzəli-əbədi mövzulardan biridir. 

 

Bir qapısan beləcə,

Həm açıq, həm kilidli...

Olsam da gözdən uzaq,

Bir az vüsal ümidli,

Bir az hicran kimisən.

Ögey gözlə baxılan,

Nahaq oda yaxılan,

Qəlbi şişə taxılan,

Azərbaycan kimisən!

 

Poemada paralanmış Borçalının qayğı və iztirabları ilə yanaşı, milli qürur və iftixar hissi də aparıcı mövqedədir. 

 

Müəllif əski yer-yurd adlarını poemada olduğu kimi verməklə, elin arxalandığı kişiləri bir daha xatırlamaqla tariximizə, qədimliliyimizə, keçmişimizə sevgisini göstərir. Əsərdə milli dərdlə fəxarət, sevinclə ağrı birləşir. Bu təzadların vəhdətindən yurd sevgisi, Vətən məhəbbəti boylanır.

 

Əsər yazılarkən süjetli poema yox, süjetli şeirlər kimi düşünülüb. Belə ki, poemalardakı “Azərbaycan”, “Borçalı”, “Bu yol bizi hara aparır görən”,”Tanrım, biz niyə beləyik” və s. şeirləri müəllifin vətəndaşlıq lirikasının bir qolu olmaqla yanaşı, poemada lirik qəhrəmanın istək və arzularını, ağrı və iztirablarını əks etdirməyə xidmət edir.

 

Fərhad XUBANLI

Pedaqogika üzrə fəlsəfə doktoru

Gürcüstan

 

525-ci qəzet.- 2019.- 2 fevral.- S.19.