Vaqif Bəhmənli
poeziyası: sözün və səsin rəng
çalarları
Çağdaş poeziyamızın görkəmli
nümayəndəsi Vaqif Bəhmənlinin son bir ayda iki
şeirlər kitabı nəşr edilib. Bunlardan biri
keçən ilin son, biri isə bu ilin ilk ayına təsadüf
edib.
Bu kitablardan biri Azərbaycanda (“Qansız savaş”. Ən yeni
şeir. Bakı, “Renessans-A” Nəşriyyat
Evi, 2019, 400 səh.), biri isə Türkiyədə
(“Hüzünlü misralar”. Seçilmiş
şiirler. Ankara, Bengü, 2018, 234 səh.) işıq üzü görüb. Hər iki kitabı şairin son dövr poetik
düşüncə və obrazlar aləminin zənginliyinin,
müxtəlifliyinin bir faktı kimi mənalandırmaq
mümkündür.
Vaqif Bəhmənli çağdaş Azərbaycanın
o şairlərindəndir ki, oxucusu ilə görüşə
həmişə yeni şeirlərlə gəlir, bu, şair
ilə oxucu arasında ən etibarlı və səmimi
körpüdür. “Qansız savaş” kitabında da son beş
ilin şeirləri toplanıb. Bu mənada toplunu
şairin son yaradıcılıq uğurları da hesab etmək
olar. Bu isə o deməkdir ki, şair poetik
məkanda böyük bir təkamül yolu keçib;
poeziyası fikir, düşüncə, obrazlar, dil, üslub
faktoru baxımından yeniləşib, dəyişib və ən
üst səviyyəyə çatıb. Kitabın tərtib
prinsipində (Proloq, Epiloq, ayrı-ayrı qatlara (beş qata) və qatlararası “Bəndübənd”ə
bölünməsi) də bu yeniliyi görürük. Şairin oxucusu ilə ikinci bağlı təqdim
etdiyi şeirlərin bütün poetik parametrləri,
obrazları, dil və üslub faktoru ilə yeni
olmasıdır.
V.Bəhmənlinin yeni şeirlərində obrazlar
başlıca yer tutur; şair poetik obrazlarla
düşünür və yaratdığı orijinal
obrazlarla poeziyasına yeni çalarlar qatır. Bu obrazlar həyatın
hər hansı bir məqamını, fəlsəfi
düşüncəsini, həyati
dünyagörüşünü əks etdirir.
Kitabın birinci qatına daxil olan “Vaqifin nağılı”, “Dəqiq
təvəllüd”, “Qocalmayan uşaq”, “Qəribə hal”,
“Xatirat”, “Mən hamını sevirəm”, “Mən və yol”,
“Ad günü” və başqa şeirlərində öz
obrazını yaradır. Oxucu burada iki Vaqif
görür; biri uşaqlıqdakı
nağıllaşmış, daim gələcəyə
boylanan Vaqif, digəri isə bugünündən
uşaqlığına baxan və həmişə onun həsrətini
çəkən Vaqif. Haradasa
altmış illik bir zaman məsafəsi Vaqifin tərcümeyi-halında
poetikləşir. Həyat və yaşam tərzinə fəlsəfi
məna verən şair Göy üzünün xətrinə
dünyaya gəlişini belə mənalandırır:
... dar divarlar
sıxdı məni, Göyü üzü!
Təpiklədim
dar divarı,
o
dünyada bu dünyanı,
bu
dünyada o dünyanı
görüb çıxdım, Göy üzü!
Vaqif Bəhmənli şeirləri bütöv bir bədii
mətni xatırladır; sanki bu şeirlər bir
bütündür. Obrazlı fikrin stenoqrafik tərtibi
şairin özünəmxsus poetik sistemini təşkil edir.
Hər şeir bir bədii mətn olaraq bu poetik
sistemi bütövləşdirir; misraların poetik üslubi vəhdəti
müəyyən bir kontrast effekti yaradır. Bu mənada “Birinci qat”da toplanan şeirləri yeni
tipli poema da adlandırmaq olar. Bu poemanın
baş qəhrəmanı şair özü və onu əhatə
edən insanlardır. Bəhmənliyə himn həsr
edir, taleyindən keçən insanların - Anası,
qardaşı Yadigar, həyat yoldaşı Rəhilə,
övladları, nəvələrinin obrazları ilə
tanış oluruq. Bu insanların bəzən
adı çəkilir, onların Vaqif həyatının
hansısa parçasındakı rolu, taleyi göstərilir.
Burada iki Vaqifi, onun yaddaşında heç zaman
qocalmayan uşaqlığını görürük.
Elə bir uşaqlıq ki, heç zaman “özünü
böyüdə bilməmiş”, “ölümə də
sevgiylə baxmış”, “kim hara buyurursa” sanki “hamının
qulu” kimi oraya getmişdir. Şeirin bədii məntiqi
altmış yaşlı uşağı indiyədək Allah
saxladığını diktə edir. Şair
bu şeirlərində ömürlüyünün ən incə,
çətin, ziqzaqlı məqamlarını anladır,
oxucudan gizli heç nə qalmır. Bütün
bunlar fərdi üslubla tənzim olunur; poetik dil, yeni fikir və
ifadə modelləri aparıcı olur. İstənilən
bir şeirdə poetik detallar, kəşflər, deyimlərlə
qarşılaşırıq. Burada hər şey
görümlüdür: “Bəsdir daha yaşadım
ağac-uğac ağlıyla”, “Könlüm azad
çöldü, kirayə bilməz”, “Badımcandı
qapımızın zəncisi”, “Araz qəm ağacıdı,
meyvəsi sulu, acıdı”, “Əcnəbi dildədi, dinclik və
kölgə-Zəhmətin dilini bilirəm əzbər”, “Necə
doğulmuşam, Allahım bilir, amma bilirmi ki, mən necə
öldüm” və digərləri.
Fərqli baxışlar, düşüncələr,
poetik qənaətlər, həyati detallar bu şeirlərdə
şair ömürlüyünü poetikləşdirir, tarixləşdirir. Lakin bu sadəcə
bir həyatın xronikası deyil, yaşanan həyatın fəlsəfi,
psixoloji qavramlarıdır. Həyatın hər
üzünün ziddiyyətləri, metamorfozası V.Bəhmənli
poeziyasında yenidən dərk olunur:
Hər kəs
məni xoşbəxt bilir!
Xoşbəxtəm,
əlbəttə,
çünki heç bir kimsənin
mənim
qədər dərdi yoxdu.
... Hamı məni bədbəxt
bilir!
Bədbəxtəm, əlbəttə,
çünki heç bir kimsənin
mənim qədər
xoşbəxtliyi yoxdu...
Burada fikrin gözəlliyini dilin səlisliyi, aydınlığı, zənginliyi müşayiət edir və bunun da nəticəsində poetik bir sistem yaranmış olur. Dilin canlılığı, qrammatik elastikliyi fikrin ifadə enerjisini artırır.
V.Bəhmənli poeziyasında poetik funksiya
aparıcıdır; əslində, elə poeziya bu
funksiyaların başqa komponentlər üzərində
üstünlük qazanması hesabına başa gəlir. Onun şeirlərində
poetik semantika, struktur funksiyaların formalaşmasında
dominant rola malik olur. Poetik çoxmənalılıq,
ekspressivlik, kontekstdən asılı olmamaq, linqvipoetik
axıcılıq və başqa cəhətlər şeirlərin
yükünü artırır, onu bədii mətnə
çevirir. Bu cür bədii mətnlər
poetik yüklü olduğundan effektiv səciyyə
daşıyır. “Qəfil ölüm” şeirində
olduğu kimi:
Mənə
başsağlığı verin, a dostlar,
Cismim
külə döndü,
bu gecə öldüm.
İçimi
buz tutdu, ayağımı qar,
Necə
lazım idi,
eləcə öldüm!
Qəfil
çiçəkləndi çinim içimdə;
Tüstü
kimi uçdu cinim içimdə-
Terror
törətdilər mənim içimdə-
o yalan
sözdü ki, gizlicə öldüm.
Vaqif Bəhmənli bədii mətnlərində hadisəni,
fikri, hissi daha effektli, ekspressiv şəkildə təqdim edir;
söz, ifadə, misra düzümlərində müəyyən
semantik və sintaktik bölgülər yaradır. İlk
baxışdan bu misralarda, bölgülərdə qulağa
qeyri-yatımlılıq da hiss olunur, lakin diqqətlə
baxdıqda fikrin hərəkətinin xronikasının fərdiliyini
görməyə bilmirsən. Poetik
xronikada fikir əyaniləşir, detallaşır,
görümlüləşir. “Azərbaycansayağı
ayrılıq”, “Ağacın dərdi”, “Nidalı qoşma”,
“Qoca və ocaq”, “İndiki oğlanlar, indiki qızlar” və
digər şeirlərində fikrin hərəkətinin əyaniliyi
aydın görünür. Vaqif Səmədoğluya
həsr etdiyi “Adaş” elegiyasında epik təsvirlə poetik təsvir
birləşərək ağı formasında ifadə olunur.
Şairin son günlərinə ayrı-ayrı
fraqmentlərlə nəzər salır və 75 illik yubiley gecəsindəki
ovqatını detallaşdırır. “Azdrama”da təntənəli
yubiley axşamında “ikibaşlı düyünlü can
qantelini dünyanın ən yüngül daşı kimi
aparan” şairin bu ovqatı onda yaratdığı təzadlarla
göstərilir:
Beşmərtəbəylə
üzbəüz
Füzuli
meydanının tuşunda
“Azdrama”nın ağuşunda
Altı
yüz qadın, kişini
Səmədoğlu
azarına
yoluxmuş gördüm,
Dünyada
xərçəng adında
Cəfəngiyyat
yoxmuş gördüm...
Halbuki bu,
yatsam
yuxuma da girməzdi!
Vaqif Bəhmənli şeirlərinin bir özəlliyini
də xüsusi qeyd etməyi vacib bilirəm; o da
poeziyasının orijinal ritm və ahəngə malik
olmasıdır. Onun şeirlərinin ayrı bir ahəngi,
musiqisi var. Şeirlərinin heç birində axıradək
bir ritm, ahəng izlənilmir, yaxud şeirdən-şeirə təkrar
olunmur. Bu da hər bir şeirin taleyinin
olmasından xəbər verir. Bu
xüsusiyyət həm də şeirlərin yaşam həyatıdır.
Bu ritm və ahəng onun şeirinin vəznini də
orijinallaşdırır. Yəni V.Bəhmənli
şeirlərini vəzn baxımından təhlil etməli
olsaq, burada heca ilə sərbəstin
qarışığını görərik. Ayrıca sərbəstdə, yaxud hecada şeirləri
var; bu öz yerində, lakin elə şeirləri də var ki,
burada vəzn qarışıqdır. Bu da
şairin poetik üslubunu müəyyənləşdirən
amil kimi çıxış edir. Bu
cür poetik mətnlərində ritmik qruplaşmalar şeirin
ahəngini tənzimləyir, ayrı-ayrı ritm vahidləri bədii
mətndə sərbəst hərəkət edərək bir
qrup yaradır ki, bu sərbəstlik, yaxud muxtariyyət
şeirdə ahəngi başqa bir istiqamətə dəyişir.
Davamlı səs, ahəng ayrılıqları
ümumilikdə şeirin təşkili prosesində poetik
düşüncənin yerini və mövqeyini bəlirləyir,
emosionallığını artırır. “Eşqin
şəkilləri”, “Yoxluğun var olmağı”, “Hüceyrə”,
“Olacaqlar”, “Tanrı məndə qalır”, “Sevgi sualları”, “Dəli
rəssam”, “İndiki oğlanlar, indiki qızlar” və
başqa şeirlərinin təşkilində müxtəlif
ahəngli söz və ifadə modelləri iştirak edir. “Həyat nədir” şeirinin təşkilində
söz və misra faktlarının tez-tez dəyişməsi
fikrin fəlsəfi çalarlarının əks etdirilməsini
şərtləndirir. Yaxud “Dəli rəssam” şeirində
bəndlərarası ahəng axıradək izlənilmir,
müxtəlif variasiyalarda davam edir:
Yaradana
Tanrı vəkil...
cəhənnəmi cənnət eyləyən biri var,
onu təsvir
etmək istəyirəm...
Mümkünsə,
azca kənara çəkil,
fırçanı bəri ver, Bəhlulzadə Səttar!
Leylilər
naturadı həmişə,
Yoxdan
varın rəsmini çəkən
Məcnunlar
da həmişə var...
Fırçanı
rica etdim...
dərd
özü sevdi ruhumu, bax...
Bəhlulzadə
Səttar, bu yerdə məni
fırçayla təkbətək burax!
Vaqif Bəhmənlinin şeirləri forma cəhətdən
də zəngindir; bayatı, qoşma, gəraylı
formasından tez-tez istifadə edir. Lakin bu klassik
bayatı, gəraylı və qoşmadan texniki cəhətdən
fərqlənir. Yaxud “Öz-özündən
qafiyələr” silsiləsi tamamilə yeni bir formadır.
İki sətirdə poetik fikrin açılımı baş
verir: “Sözlərin...eşitmədiyim! Gözlərin...
içində itmədiyim! Dillərin...dadmadığım! Yanaqların...toxunmadığım!” Əslində, “öz-özündən
yaranmış” bu qafiyələrdə sevginin yeni ifadə dili
qullanmışdır.
Şairin işlətdiyi yeni formalardan biri də dördlüklərə uyğun gələn parçalardır. Şair bu formalardan geniş istifadə edir. Lakin onu dördlük deyil, “bəndübənd” adlandırır. Şairin yenilikçiliyi yalnız bu formanın adında deyil, həm də məzmunundadır. Bu şeirləri strukturuna görə rübai, yaxud bayatıya da bənzətmək olar. Lakin onun məzmununda fəlsəfi düşüncə ilə yanaşı, bir istehza, ironiya da var; ömürlüyü ilə bağlı hər hansı bir hadisədən çıxan nəticənin poetik qənaətləri kimi səslənir. Şair bu şeirlərə ad da qoyur. Bu şeirlər hecada da, sərbəstdə də ola bilir. Əsas xüsusiyyətlərindən biri də hökmən dörd sətirdən ibarət olmamasıdır; bəzən iki, bəzən dörd, bəzən isə daha çox misradan ibarət olur. “Altmış yaşıma”, “Axır”, “Son hədd”, “Ovqat”, “Əmanət”, “Bacı bayatısı” və digər bəndübəndləri hər hansı bir əhvali-ruhiyyənin poetik qənaətləridir.
Vaqif Bəhmənlinin Türkiyədə dərc
edilən “Hüzünlü misralar” kitabı
oxucularının coğrafi hüdudlarını bir qədər
də genişləndirir. Bu şairin Türkiyədə
dərc edilən ilk şeirlər kitabıdır.
İnanırıq ki, şairin poetik universallığı, bədii
nitqinin söz və rəng çalarlarının zənginliyi,
intonasiya polifonizmi Türkiyə türklərinin duyğu və
düşüncələrinə yeni bir hava gətirəcək.
Bədirxan
ƏHMƏDLİ
525-ci qəzet.- 2019.- 2 fevral.- S.15.