Bir könül səhra içində...
ƏJDƏR
OLUN ÖZÜ VƏ ŞEİRLƏRİ HAQQINDA
Gəncəyə
getmişdim, Əjdər Olu axtarmağa. Elə bilirdim, hər
addımda qarşıma çıxacaq. İlıq
bir təbəssümlə üzümə gülümsəyəcək,
sağ əllə görüşəcək, sol əlini
çiynimə qoyacaq. Mənimlə
görüşəndə (bəlkə hamıyla) həmişə
belə edir. Sol əlini çiynimə qoymağı məndən
sağlamlığmı soruşmaqdı, bir az
da əlini çiynimə bərk vurursa, bu, artıq “nə
yazırsan?” - deməkdir.
Kim kimlə
harda tanış olubsa, o yerlər həmişə
doğmadır. Hərdən adam (elə hər
vaxt) o yerlərə qayıtmaq istəyir. Orda
tapdığı dostla yenidən tanış
olmaq və heç nəyi gözdən qaçırmadan gəlib
bu günə çıxmaq istəyir. Gəncədə
Əjdər Ol hər yerdə qarşıma
çıxdı. Xüsusən, Gəncə Dövlət
Universitetinin yataxanasının ətrafı, universitetin
qabağı, Gəncə çayının sahili... Hər tərəf Əjdərlə dolu idi, uzaqdan gəlirdi,
çatırdı və yenidən uzaqlaşırdı.
Əjdər Ol Gəncə Dövlət Universitetində
iki kurs məndən yuxarı oxuyurdu. Biz gənclər -
aşağı kursda oxuyanlar, yuxarı kursda oxuyanlarla,
tanınmış şairlər Əjdər və Kəramətlə
bir yerdə görünməkdən qürur duyardıq.
Əjdərin danışıq, şeir demək
intonasiyası o zaman aşağı kursların, daha
doğrusu, bizim öyrənmək istədiyimiz ən
maraqlı dərs idi. O vaxta kimi biz canlı şair görməmişdik. Əjdər bizi başına yığırdı,
söhbət edirdi. Biz də öz kurs
qızlarımızın yanında fərəhlənirdik ki,
biz balaca adam deyilik, yuxarı kursların
şairləri ilə oturub-dururuq.
Əjdərlə tənəffüs zamanı koridorda
qol-qola girib o baş-bu başa getmək bizim üçün
hörmət sayılırdı, həm buna paxıllıq edənlər
vardı, həm də qrupda hörmətimiz bir pillə
yuxarı qalxırdı. Əjdər öncəki tənəffüslərdə
bizim hörmətli professorlarımızla söhbət edirdi,
sonrakı tənəffüslərdə bizimlə
görüşürdü. Belə də olurdu; Əjdər
həmin professorlarla söhbət etdiyi zaman qəflətən
bizi çağırardı, tanış
edərdi, söhbət uzanardı, biz də bir az dərsə
gecikməyi özümüzə fərəh bilərdik; niyə
də bilməyək, çayxanada deyildik, siqaret çəkmirdik,
qızlara baxmırdıq, Əjdərin yanındaydıq, demək
elə dərsdəydik.
Sonralar
biz bir az böyüdük, belə ki,
yuxarı kurslara keçdik, Əjdər indi də bizdən
aşağı kursda şeir yazan tələbələri bizlə
tanış edirdi. O gülüş, o təbəssüm
heç vaxt yadımdan çıxmır. Əjdər
həmin illərdə tənha idi. Düzdü,
dostları çoxuydu, söhbət edir, danışır,
gülür, amma qəflətən bizdən ayrılıb
gedirdi. Elə bil hardansa gəlib harasa gedəcəkdi,
yolüstü bizimlə görüşürdü, dediyim
kimi, qəflətən lent kimi fikirdən açılır və
çıxıb gedirdi. Öz kəndinə,
postsovet məkanına, dünyanın bir çox ölkələrinə.
Yazdığı və yazacağı hər bir
şeirin yanına bu cür gedib çatırdı.
Sözündən
qan damar yanaqlarıma,
Utana-utana çıxıb gedərəm.
Bir kimsə
ovutmaz, oxşamaz məni,
Gözümü qəlbimə sıxıb gedərəm.
Əjdərin necə şeir yazdığından xəbərim
var, dəfələrlə şahidi olmuşam. O, şeirini səsinin, intonasiyasının
üstə yazır, xeyli onu zümzümə etdikdə,
düşüncəsində val kimi o
üz-bu üzə fırlatdıqdan sonra yazıya
köçürürdü. Əjdər Ol
ötən əsrin 80-ci illərində heca şeirinin fərqli
bir qanadında yazırdı. O qanad ki, qədim Şirvan
torpağından qopan əruzdan başlanğıc
götürürdü, min illik Muğan şeiri, folkloru ilə
birləşərək saz havacatına yönəlirdi. Onun şeirinin ömürlüyü belədir.
Daha dəqiq; Əjdərin şeirləri qəlibləri
pozulmuş (ərimiş) əruzun materialları idi. Zahid Sarıtorpaqda başqa bir istiqamət
başlayırdı. Zahidin ərimiş əruzu
sərbəst şeirə, Əjdərin əruzu heca
şeirinə axırdı. Nəticədə
hər ikisi nəsr dəryasına tökülürdü.
Əjdər Ol şeirləri ilə göyə
əyilirdi, Zahid Sarıtorpaq isə yerə boylanırdı.
Əjdərin ilk kitabı yaxşı yadımdadır. Mən kənddə
müəllim işləyirdim. Poçtalyon
evə bir məktub gətirdi. Açdım ki, Əjdərin
ilk kitabı: “Gələcəkdə yaşayıram”. Biz hamımız gələcəyə uçmaq istədik.
Avtoqraf olduğu kimi yadımdadır. “Qəşəm, al, bu da kitab”. Hələ
indiyə kimi mənə avtoqraf yazılmamışdı.
İndi vardı artıq, özü də onu
dostum yazmışdı.
İndi gələcəkdə
yaşayıram mən,
Adəmin, Həvvanın gələcəyində.
Körpələr
doğulur, qönçələr açır,
Atamın, babamın gələcəyində.
Və
yaxud:
...
Oyadır küçəni ayaq səsləri,
Günəş
də oyanıb səsə çıxacaq,
Dünən
qaranlığa qarışan kölgəm,
Bu səhər təzədən üzə
çıxacaq.
Keçmiş əslində, gələcəkdir. Axşam qaranlığa
batan kölgə səhər doğulursa, onda Adəm də, Həvva da gələcəkdə
yaşayır. Həyat nədir? Həyat odur ki, biz bütov bir zamanın,
boşluğun içindəyik. Müəyyən
vaxtlarda həmin boşluğun və ya zamanın əvvəlində,
ortasında, axırında ola bilərik. Gələcək nisbi addır. Hamımız
keçmişdəyik, indiki zamanın üstü bir kəndirin
üstü qədərdir, keçmişdən gələnlər kəndirin
üstündə dayana bilmir, o andaca gələcəyə
düşür. Keçmişə atdığımız daşlar da gələcəyə
dəyir. Yaşadığımız indiki tarix - 2019-cu il də bir azdan gələcəyə
yuvarlanacaq. Keçmiş bir ucdan gələcəyə
çevrilməkdədir. Bu şeirin enerjisindən
aldığım bu təəssürat həmişə mənimlə
yol başlayıb.
Əjdərin şeirinə giriş Gəncədən
başlayır, ilk cümlə, baş cümlə Gəncədə
yazılıb, yerdə qalanların hamısı budaq cümlələrdir. Gəncə də
gələcəkdir, mən Əjdəri axtarmağa gedəndə
gələcəyə getmişdim.
Əjdərin şeirinin sadələyində həyatın
mürəkkəbliyi dincəlir. Qarışıq xətlər,
müxtəlif yönlü, rəngli işıq seli, bir
neçə gedişli yollar, sapma və dönmələr,
vüsalda həsrət, həsrətdə vüsal
işartları bu şeirlərdə boldur. Əruzdan qopmuş heca ilə sərbəst
şeirin arasında bir dayanacaqdı bu şeirlər. Onun ifadə tərzini Əjdər gözəl bilir.
Sonra qiraət ustaları daha orijinal ifa vasitələri
tapacaqlar və tapanlar da var. Bu şeirlərin nə heca
şeiri kimi coşmağı var, nə də sərbəst
şeir kimi axmağı. Sadəcə həyatın
- hadisənin canlı heykəli kimi dayanıb. Bir səs, bir dodaq lazımdır ki, tərpətsin,
ayağa qaldırsın bu şeirləri.
Əjdər
Olsan, qəbul elə,
hamını olduğu kimi.
Əjdər Ol şeiri yazır, ondan ayrılır, daha
onun vəkili deyildir. Əslində, ədəbiyyatın
missiyası budur. Necə ki,
“çıxardım yun köynəyimi keçdim yazın tərəfinə”,
vəssalam, yun köynək qış şeiri kimi qaldı
qışın tərəfində. Əjdərin
tez-tez özünə xitabı klassik heca şeirindən gəlsə
də (ənənəyə bağlılıq), həmişə
özünə, soy kökünə, daha çox başqa
anlamlara, ruhu idraka, “mən”ə, milli düşüncə
kodlarına söykənir. Böcəyin,
çiçəyin arxasında dünya gizləndiyi kimi,
Əjdərin də şair ünvanı şeirlərindəki
ən xırda detallarla təfəkkürün
yaratdığı bərabərlik işarəsindədir.
Böyük Füzuli dediyi kimi, gözümüzə nə
görünürsə, şəkildir; dərya şəkil,
bulud şəkil, dünya şəkil... Əslində,
bu şəkillərin mahiyyəti başqa bir yerdədir.
Şəkil demişkən, Əjdərlə bir
maraqlı şəkilimiz var. 1980-ci ildə çəkdirmişik. Ürəyim
ağrıyanda, Əjdərin “həkim” məsləhətini
dinləyəndən sonra. Arxa planda məscidin
minarəsi görünür. O şəkil o əhvalatın,
o nağılın, o ağrının şəkilidir. Şəkilin önündəki - biz burdayıq.
Şəkilə daxil ola bilsəydik, gələcəyə
düşərdik.
Dayanmışıq,
qızarmışam,
köz
kimiyəm.
Sən -
şəkil,
mən
- şəkilaltı
söz
kimiyəm.
Həyat mikroskopik cizgilərlə doludur. Həndəsi fiqurlar,
işıq sürəti, qarışıq xətlər, insan
münasibətləri, istehlak məsələləri,
şübhə, anlaşılmazlıq, qara rəngin
içində nəfəs alan rənglər,
molekullar, hüceyrələr, hüceyrələrin beyni,
elektiromaqnit dalğaları, qeyri-müəyyən, qeyri-səlis,
2x2=6 formulu kimi laboratoriyalar ədəbi mətnin içidir. Bəzən şeirimiz bu ədəbi səhranın
kənarında yalquzaq kimi ulayır. Amma bu
“bataqlığa” girmir, daha doğrusu, girməyə
gücü çatmır, rədif ayağının
üstündə dayanıb qafiyə çənəsini bizə
taqqıldadır. Əsl şeir bu səhranın
içindədir. Əjdərin şeir
işığı həmin qara səhranın içindən
axır, əvvəl qara rəngdə olur, sonra işıqlanır.
Bu şeirdə olduğu kimi:
Daha nə gizlədim?
Məni
gözləyənlər bağışlasınlar,
Onları gözlədib, səni gözlədim.
Yoruldum,
bezmədim,
Uzaq bir
şəhərdə bilmirəm niyə,
Dayanıb küçədə səni gözlədim.
Zaman anlayışında şair məkanı unudur. Kim deyə bilər
ki, Moskva ilə Bakının arası üç min
kilometrdir? Bu, insanın
ölçüsüdür. Olsun. Bəs həqiqət nə qədərdir? Bəlkə də bu yol gözlə qaş
arasındadır. Fkrin sürətində
bu yolu bir saniyəyə qət etmək olar. Şeirin səmavi ruhudur bu. Bəlkə elə
unutmaq sevməkdir. Ölmək də dirilmək.
Həqiqət şübhədə gizlənir.
Şübhə tədqiq edir, həqiqəti
üzə çıxarır. “Hamını
gözlədib bir nəfər gözləmək”
situasiyasını şeirə alındırmaq uzun bir təcrübənin
məhsuludur və şeirdən alınan assosiasiya bir
könül səhra içindən göyə
yağmaqdır. Allahın izni belədir.
“Uzaq bir şəhərdə səni gözlədim”
misrası bu roman ruhunu xatırlatdı mənə.
Əlbəttə, gözləmək olar, gözləmək məsafə
ilə bağlı deyil ki... Bu, ruhun
ehtiyacıdır. Milyon kilometr uzaqlıqda da bir nəfər
gözləmək
zaman və məkanca doğrudur. Dünya
bir nöqtədən yarandığı kimi bir nöqtəyə
də yerləşə bilir.
Əjdər Olun bütün şeirlərinin
dramaturgiyası, səhnəsi var. Hadisənin içindən
gələn dialoqlar, səhnə tərtibatı ədəbi
qəhrəmanın halına uyğundur. Əjdər Ol şeirlərində
gündəlik peşə, iş, bir sözlə,
ümumişlək dialoqlardan istifadə etmir. O, intonasiyadan,
alliterasiyadan, ən adi bir detaldan, hətta danışıq
zamanı gözdən qaçan, heç kimin
unamadığı bir tərzdən şeir vəziyyəti
yaradır.
Deyirsən:
- Sirrimi hamıdan gizlə!
- Gizləyirəm
də...
Deyirsən:
- Bir az da, bir az da gözlə!
- Gözləyirəm
də...
Əjdərin hər bir şeirinin yarandığı
yer var. O yerin özü də maraqlıdır. Hər
şairin şeirində hadisənin - şeirin
yarandığı yer görsənmir. Amma
Əjdərin “könül vuruşu” bir könül səhra
içindən başlanır. Ucsuz-bucaqsız səhra, əzan
səsi, günün batışı və doğuşu,
günəşin dəvə və insan ayaqlarına dolanan
sarısı, dəvə ləngəri, qum
dənəcikləri, qum dumanı və könül
vuruşu... Bir könül səhrada yağış... bir
könül səhrada şeir və könül vuruşundan
sona Əjdər Olun gəldiyi tək həqiqət:
Yüzüncü
babamın itmiş adı tək,
Adları ya torpaq, ya göy udacaq.
Köhnə
divardakı qədim bir yazı,
suvaqlar
altında itib-batacaq.
Bunu kim uçurub, onu kim tikib,
Düşərmi dənizin, dağın yadına?!
Axırda
adları unudacaqlar,
Hər
şey çıxılacaq İnsan adına.
Könül vuruşunun qələbəsi
budur. Bütün dolanmaclarda, şübhə və
qısqanclıqda aldanış və yalvarışlarda, həyat
və ölümlərdə, beyin meşəsində yeni
varlığın - insanın, mətnin doğuşu baş
verir. Bu insan Əjdər Ol şeirinin ən böyük
tablosudur. Tablo səhra şəklindədir. Səhra da qara rəngdədir.
Qara rəng əriyir, əriyir, əridikcə müxtəlif
rənglər qaradan azad olur, qara nəfəs alır, rənglər
nəfəs kimi çıxır ağzından. Qaradan
çıxan rənglər ayaqları səhrada, başı
göy qübbəsində olan bir göyqurşağı
yaradır. Deyəsən, yağış yağıb indicə.
Qəşəm
NƏCƏFZADƏ
525-ci qəzet.- 2019.- 2 fevral.- S.14.