Bakı, caz və
düşüncələr
Küləklər şəhərinin tarixi,
lap qədim tarixi həmişə mənə
maraqlı gəlib. Elə bir
tarix ki, onda adamlar hələ
təzə-təzə küləyə,
dənizə, qağayılara
ad verirlərmiş. Bax bir də o yaşlarında tanımaq istəyirəm Bakını.
Mənim gördüyüm ən qədim liman şəklində iki tacir və taxta
gəmi var idi. Qədim Bakı mənim
üçün o gəmidən
ibarət oldu. Nə “Qız qalası”, nə də Badü-Kubə ifadəsi
o gəmini mənim düşüncəmdəki şəkildən
çıxara bildi.
Sirli bir keçmişi var bu şəhərin,
bilirəm. Mənə elə
gəlir, dənizin altından çıxıb
bu şəhər.
Bütün divarları mavi
olub. Qumu səma rəngində
imiş. Adamları balığa
oxşayıb. Öz təsəvvürlərim
var Bakı haqqında. Nə əzan, nə
muğam, nə qavaldaşın səsi, nə də dənizlə küləyin
dueti məni öz təsəvvürlərimdən
ayırır. Bircə caz
Bakını şəhər
kimi düşünməyimə
kömək edir.
Bircə
Vaqif Mustafazadə mənə Bakı haqqında həqiqi nağıl danışa bilir. Onun barmaqlarının ucunda milyon illərin
Bakısı sərgilənir,
həm də ağ-qara. Fondakı saksofon şərq
tütəyinin sürreal
formasıdı, elə
düşünürəm. Bakını pianodan və saksafondan ibarət hiss edəndə
gülümsəyib bu
şəhərin uçmadığı
və dənizin altından çıxmadığı
həqiqətilə barışıram.
“Düşüncə”
Bakını, Şərqlə Qərbin
acıqlı iki öküz kimi burun-buruna dayandığı
bu şəhəri onunla bərabər addımlamaq gözəldi. Şərqlə Qərbin adını təsadüfi çəkmədim.
Onun məhz bu musiqisində
qumlu səhrada ağır-ağır addımlayan
dəvələri və
başında “silindr”
olan avropalının maşınına minməsini
izləyirik. Ya da bu musiqidə elə notlar var ki, onu
yalnız Bakıda - içindən dəvələr
və avtomobillər keçmiş şəhərdə
eşitmək olur.
Bakının bütün küçələri
var bu bəstədə.
Hər kəs yığılıb
“Düşüncə”mizin içinə elə bil. Milli cazın ən
dəyərli nümunəsidir
buna görə də. Hamılıqla iştirak edirik.
Vaqif Mustafazadə və bakılı olmaq olmaq arasında qalan görkəmli bəstəkarın tərəddüdüdür
“Düşüncə”. Mənim təxəyyülümdəki o mavi şəhər birdən-birə itir və yerini yorğun boz rəng alır. Bu rəngin içində
artıq “Şirvanşahlar”
da var, “Qız qalası” da, “İsmaliyyə” də. Bakı öz donunu
geyinir. Nağıllardan çıxıb Xəzərin sahilinə gəlir Bakımız.
Və hər şey Mustafazadənin barmaqlarının
piano dillərinə toxunmağı
ilə başlayır.
Bakının tarixi, bəli,
məhz öz tarixi bu adamın
ifalarında yenidən,
yorulmadan təkrarlanır.
Ona əbəs yerə “Azərbaycan
cazının memarı”
demirlər. O, təkcə
cazı yaratmaqla öz memarlığını
sübut etməyib, həm də cazın notları arasına Şərqin ən gözəl şəhərini yenidən
inşa etdiyinə görə bu adı alıb. Arxadakı ritm cazın ahəngini pozmadan bəstəkarın Qobustan
sevdasını da öz səsi ilə gətirir. Milliliyi qoruyub saxlayan adam.
Öz kimliyindən çıxa bilməyən
və bunu ustalıqla yaradıcılığa
çevirən adam.
“Bakı gecələri”
“Dağüstü park”dan
şəhərimin hündür,
gecələr üzərində
işıqlar yarışan
şüşəli binaları
da, asfalt yolları da, dənizi də, İçərişəhəri də görünür. Kimin əfsanəsi
olub bu şəhər?
Kimsə
yaxşı uydurub Bakını. Hələ
min il sonra
da bura qərarsız
qalacaq. Və onun bu qərarsızlığı hər
addımda ən gözəl əsərlərə
ilham olacaq. Bakı müsəlman şərqinin
mədəniyyət beşiyi
olub. Musiqidə xüsusən. İlk opera,
ilk balet, ilk qadın bəstəkar, ilk üvertura
və yüzlərlə
ilk. Avropa Bakıda İslama
və orta və yaxın Şərqə qarışır.
Dünyanın ən sekulyar
müsəlman şəhəridir.
Bu sekulyarlığı bir nəfər öz musiqilərinə daşıyıb. Yorulmayıb. Milyon illərin yükünü
çiyninə atıb
yeddi nota bölüb.
Bakı gecələri hər kəsin ağlında qalacaq füsunkarlığa
malikdir. Bunu şişirtmədən deyirəm. Taksidə radiodan Vaqif
Mustafazadənin “Bakı
gecələri” ifasını
dinləyib Bakıya vurulmamaq olmur. Sevgili olursan şəhərlə.
Əzizləmək istəyirsən. Xətrinə dəyən küləkləri
dənizə verib bircə gecəlik rahat uyutmaq istəyirsən
bu yorğun şəhəri. Melanxolikliyini tarixə bağışlayın
bu mətnin.
Nə qədər
gözəlliyindən, şərqindən,
qərbindən danışsaq
da, tarixindəki ağır yaralar gözümüz önündə
eləcə dayanır. Musiqidəki pauzalar
da o təqvimlərdir.
Nağara səsi Vaqifin
vətənindən Avropaya
ayaq basan özünəməxsusluqdu. Caz nə muğamla, nə Şərq musiqisi ilə bu qədər gözəl olmuşdu.
“Fantaziya”
Bu əsər onun
şah əsəridi bəlkə. Bəlkəsiz. Bu ifanı dünya eşitməli və tanımalıdır.
Bədəni yırğalanan, özünü notlara çatdıran, səbirsizliklə,
eyni zamanda, harmonik ifa edən
bəstəkarın bütün
ruhu var bu bəstədə.
Bakı Vaqif Mustafazadənin yeganə bu ifasında mənim düşündüyüm şəklə
bürünür. Uçan xalça
üzərində, mavi
rəngdə. Sehirlidi. Nə isə var bizim
bilmədiyimiz, şəhərin
bizdən gizlətdiyi.
Elə bil qaladan atılan
qız heç dənizə düşməyib,
uçub gedib. Ümidlidi.
“Fantaziya” ümidvericidi. Sürrealdı. Xilas olmaq
istəyən adam var o ifada. Nədən, kimdən, bilmirik.
Qaçır. Amma getdiyi yer eynidi. Musiqinin sonunda yox olur
adam. Bitməsini arzuladığımız
keçmiş kimi.
Vaqif Mustafazadənin “Fantaziya”sı
Bakının unutmaq istədiyi keçmişidir.
O, özü bunu etiraf etməsə də. Mən bilirəm. Mənim şəhərimin
unutmaq istədiyi tarixləri var. Bəlkə
özünün əlində
olsa idi qələm, daha maraqlı nələrsə
cızma-qara edərdi
Bakı.
“Yollar”
Görəsən, nə qədər yaxşı tanıyıb şəhəri? Həmişə yazıçıların öz şəhərlərinə, bəstəkarların öz evlərinə, rəssamların öz ölkələrinə xüsusi bir bağlılıqlarının olmasını düşünmüşəm. Nə qədər çox gəzsələr də, nə qədər çox adam tanısalar da, yenə eyni yerə qayıdıb dünyanı o balaca şəhərdə, o balaca küçədə, o balaca otaqda yaşayırlar. Hər kəsi oradan görür, hər şeyə oradan baxırlar. Vaqif isə yolları elə tanıyıb. İçərişəhərdə onu itirmək asan olub yəqin. Ya da sahildə təkbaşına gəzəndə gözlərini yumub pianosunun arxasına keçib elə bu bəstəni işləyib. Onun da dünyası mənə maraqlıdır.
Vaqif Mustafazadə 39 ilə Qərbdən Şərqə, Şərqdən Qərbə uzun bir yolu keçə bildi. Amerika cazını yolun başından götürüb Azərbaycan muğamına qədər gətirdi. “Yollar”ı dinlədikcə bunları düşünmədən belə fərqinə varırsan ki, necə böyük bir sənətkarın şəhərindəsən.
Musiqi bütün
hallarda sehirlidi. Əgər
o, Bakıda yaranıbsa, onun
daha müqəddəs sehri,
aliliyi özünü
göstərir. Mədəniyyət bu yerlərə
xasdır. Buralardan başladı hər şey, buralarda da davam edir.
İncəsənət dünyanı xilas
edəndən sonra elə buralarda
da qeyb olacaq.
Buralarda - Vaqifin doğulduğu və yaratdığı şəhərdə.
Rəvan
CAVİD
525-ci qəzet.- 2019.- 2 fevral.- S.12.