Qələmsiz yazılanlar
Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə
belə cavab vermişdi: “Bəlkə bu da bir
ədəbiyyat növüdü,
hələ ki bir söz deyə
bilmərəm”.
Dövrün, innovasiyaların yaratdığı
bu janrın mahiyyəti yəqin ki, gələcəkdə
xüsusi araşdırılacaq!
Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən
sosial şəbəkə
statuslarını “fastfood”
yeməklərə bənzədirəm!
Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı
və razılaşmalıyıq!
10 ildir ki, feysbukdayam!
Sosial şəbəkələrin
meydan suladığını
gördüyüm üçün
kitabın və klassik kağız qəzetlərin gələcəyinə
skeptik yanaşmağa
başlamışam! Axı
dövr, zaman dəyişir və min illik ədəbi məhsulları barmaq boyda “yaddaş”a yerləşdirib özünlə
daşıya bilərsənsə...
Statuslar yazmağım isə ovqatımdan asılıdı
- bəzən hansısa
ictimai-siyasi hadisələrə
münasibətimi operativ
olsun deyə sosial şəbəkələrdə
bildirirəm. Hərdən də qaçhaqaç həyatımızda əlçatmaz
olan bədii yaradıcılıq arzusu
yeni status - esselərin
yazılmasına səbəb
olur! Ona görə zaman keçdikcə geriyə çevirib baxanda bu statuslar həm
qəlbin, həm ovqatın, həm də sürətlə bir-birini əvəz edən gündəmlərin
xronologiyası təsiri
bağışlayır...
Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında
dərc etdirim?! Bizdə
belə bir təcrübəni xatırlamıram,
xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə ilki mən edim!? - deyə düşündüm.
Beləcə, “Qələmsiz yazılanlar”
kitabından daha bir hissəni “525”in oxucuları üçün
hazırladım.
2019
***
Redaksiyaya gəlirdim, təsadüfən
Rəşad Sadıqovla
rastlaşdım. Sən demə, müsahibə
üçün “Qol.az”a
gəlibmiş. Görüşdüm
və xatırladım,
ona da xatırlatdım:
2009-cu il iyulun 23-ü, Ağdamın
işğalı günündə
“Qarabağ”ın Norveçin
“Rusenborq” komandası ilə oyununu. Oyundan bir gün qabaq
Aqil Abbasla birlikdə oyunçularla görüşmüşdük. Mən orada demişdim ki, sabah bütün
stadion dolacaq, mənim adaşım Rəşad Sadıqov bir qol vuracaq
və biz 1:0 udacağıq.
Oyun günü də bunu qəzetlər yazmışdı. Dediyim
kimi də oldu!!! Səhərisi gün “Yeni Müsavat” qəzetində
Xalid Kazımlı “Samir Sarı” imzası ilə “Bir Rəşadın falı, bir Rəşadın qolu” adlı məqalə yazdı. O zamanlar məndən soruşmuşdular
ki, bunu necə hiss etdiniz. Demişdim ki, son 15 ildə heç vaxt Allaha bu qədər
səmimi qəlbdən,
saf, təmənnasız
yalvarmamışdım. Sonra Rəşad Sadıqov da müsahiblərində demişdi ki, topun qapıya girəcəyini mən də təxmin eləmirdim. Bu, nəsə
başqa cür oldu.! “Rusenborq”un qapıçısı
isə demişdi ki, o top qapıya girməməli idi, onu külək elədi!!! 10 il
qabaq baş verən bu hadisədə
mistik məqam indiyədək beynimdə
yaşayır. Rəşadla
görüşümüzdə bunları ona da dedim.
Əlavə elədim ki,
həmin gün - Ağdamın işğalının
16-cı ildönümündə sən o qolla yüzminlərlə insanı
sevindirdin. Və bu
qədər insanı
sevindirmək, xoşbəxt
etmək missiyası həyatda hər adama nəsib olmur. Məncə, bu, Tanrının Rəşad Sadıqova bəxş etdiyi bir lütf idi!
***
Deməli,
AYB-də mənim otağımda “Azərsell”
tutmur! Mən də zarafatla deyirəm ki, burda qədim yazıçıların - Əli
Vəliyevin, Osman Sarıvəllinin, Hüseyn
Abbaszadənin ruhu var, qoymur “Azərsell”in
dalğaları içəri
girsin! :)
***
Bura vaxtilə Respublika fizika-riyaziyyat təmayüllü
1 nömrəli orta internat məktəbi idi! 1979-1981-ci illərdə
burda oxumuşam! Riyaziyyatı yaxşı bilirdim, amma ədəbiyyat üstün
gəldi! Fizika lirikaya uduzdu?! İndi litseydi. Təhsil
Nazirliyinin təşəbbüsü
ilə burda şagirdlərin, beynəlxalq
olimpiadaya hazırlıq
prosesi ilə tanış olduq. Dərs oxuduğum sinif
otaqlarını gəzdim.
Nostalji yaşadım!
***
Gələcək nəsillər qəzet
köşklərinin şəkillərini
görəndə təəccüblənəcək!
Köşklərdə qəzet satırdılar
ki?! Niyə?! Ağıllı telefonlar yox
idi ki?!
***
Bu səhər göy
üzü sarı, qırmızı, qara rənglərin qarışığına
bürünmüşdü. Fotosunu çəkdim! Təkrar çəkmək fürsəti
yoxdu! O ANıydı! Keçdi getdi!
***
Nəsimi
ilində şairin bir beyti ağlıma
gəldi:
“Dünya duracaq yer deyil, ey
can, səfər eylə!
Aldanma anın
felinə, andan həzər eylə!”
2018
Bu gün həyatımda ilk dəfə ADPU-da oldum! Düşündüm
ki, el arasında
“APİ”, “Pedaqoji”, “Tusi”
adlandırılan ali təhsil ocağına heç vaxt yolum düşməyib,
bəlkə marağımda
olmayıb! Bura sadə kənd qızlarının müəllimlik
oxuduğu məkan kimi qalıb ağlımda! :) Bu gün həmkarlarımla birgə xoş təəssüratlar və
bolluca informasiya aldıq. AMEA-nın
10 prezidentindən 3 nəfəri
buranın məzunu olub!
Əgər 5 il əvvəl 500-dən yuxarı
bal toplayan abituriyentlərdən
cəmi 5-10 nəfəri
bu ali təhsil
ocağını seçmişdisə,
son qəbul ilində bu rəqəm 566 nəfərə çatıb!
Bunu müəllimliyə marağın
artması ilə izah etdilər. İnkişafın yolu kənd
məktəblərindəki müəllimlərin səviyyəsindən
keçir. Yaşasın
müəllim olmaq istəyən sadə kənd qızları! :)
***
“Könül ən yakınındakından qırılır”
- deyir konuşmaçı
Nejdet Ünüvar...
***
Bu gün qatarın pəncərəsindən görünən
bu Bakını 25 il öncə
heç kim xəyal bələ edə bilməzdi!
***
Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına görə,
Qırğızıstan xərçəng
xəstəliyinin ən
az müşahidə
olunduğu ölkələrdəndi!
Havası tərtəmiz,
ərzağı təbii,
saf, insanları harınlıqdan uzaq, istirahət məkanları
sadə, dəbdəbəsiz...
Heç əsəbə,
stressə də səbəb yoxdu! Qızları da ki, ay parçası! :)
***
Saytını göstər kim olduğunu deyim!
***
Bəzən qeyri-ciddiyə varan
Lüğət diskussiyaları
bir lətifəvari əhvalatı yadıma saldı! Deməli,
90-cı illərdə qarlı
havada xanəndələr
- rəhmətlik Yaqub
Məmmədov və Süleyman Abdullayev metroya minəsi olurlar! Yaqub müəllim stansiyanın
adını oxuyur: “Əsəmi”. Yandakı gənc qızdan soruşur:
- Əsəmi nədi,
a bala?
- Əmi, Əsəmi yox e, Əcəmi! Təzə əlifbaya keçmişik də! “S”
olub “C”!
- Hə?! “S” “C” olub?!
Onda Süleyman da oldu Cüleyman?! :)
2017
Deyir (Türkiyə filmində),
bu da bizim
millətə xas bir şey: mutlu
olmaqdan qorxarız!!!
***
“Çelsi”nin də gücü elə “Qarabağ”a çatırdı!..
2016
Feysbuk sirr qoymadı heç kimdə... Statuslar, şəkillər, şərhlər
də dil açıb bilinməyən
sirləri faş edir.
2015
Bu yeni mediada meydan sulamağa nə var ki?! Yazıları
planlaşdırmırsan, redaktə,
korrektə etmirsən,
səhifələrə yerləşdirmirsən,
nəşriyyata aparmırsan,
çapına göz-qulaq
olmursan, yayımına
diqqət etmirsən!.. Elə saatda bir sərsəm fikir, fantaziya uydur qoy sayta, oxucular
razı qalsın.
:)
2014
İstəyirəm, bu Monika Belluçini
dostluqdan siləm!.. Yaman çox və
ehtiraslı şəkillər
paylaşır. :)
2012
Tarixin heç bir dönəmində bu qədər çox yazmayıblar! İndi hamı - siyasətçidən məktəbliyə qədər dayanmadan hər şey - sms, status, şərh, köşə, şeir, hekayə, roman... yazır. Bəs niyə oxumağa bir şey tapılmır?
2011
Kondisioner orucu batil eləmir
ki, görən?
Rəşad MƏCİD
525-ci qəzet.- 2019.- 2 fevral.- S.11.