50 ilin işıqlı adamı...
TANINMIŞ
JURNALİST, TƏDQİQATÇI-ALİM AKİF AŞIRLI
HAQQINDA QEYDLƏR
Bəzən insan onu əhatə edən mühitə,
doğmalara o qədər bağlı olur ki, gözü
başqa heç nəyi görmür və görmək istəmir. Bəzən də əksinə,
adam insanlara, dünyaya,
başqalarının gördüyü işlərə o qədər
aludə olur ki, özü, doğmaları, yaxınları
yadına düşmür.
Eloğlum,
qələm dostum, həmkarım, tanınmış jurnalist,
tarixçi, tədqiqatçı-alim Akif Aşırlı deyəndə
ki, fevralın 15-də 50 yaşı olacaq, düzü,
inanmadım! Qaynar təbiətli, şən əhval-ruhiyyəli,
üzügülər, dinamik, gənc və sevimli eloğlumu
birdən-birə yaşa dolmuş, hətta 50
yaşını qeyd edəcək İnsan kimi görməyə
inana bilmədim. Öz-özümə
fikirləşdim ki, ay Allah, illərə bax, buna nə olub, bu
axı gənc idi, nə tez yaşa doldu? Amma
ürəyimdə təbii olaraq həm də bir qürur və
sevinc hissi keçirdim.
Gör arxada qoyduğumuz illər bu gənc oğlanı
- mənim qələm və məslək dostumu necə bir
şan-şöhrət sahibi edib? Bu İnsan 50 yaşa elə-belə
gəlməyib axı... Onun bu illər ərzində
“Ağlama, Damcılı bulağı”, “Türkün
Xocalı soyqırımı”, “Nəriman Nərimanovun Kremldə
qətli”, “Cümhuriyyət mətbuatında Qafqaz İslam
Ordusu”, “Azərbaycan mətbuatı tarixi (1875-1920)”, “31 mart
soyqırımı Azərbaycan mətbuatında (1918-1920-ci
illər”, “Cümhuriyyət dövründə səfərbərlik
və hərbi çağırış”, “Türk
ocağı Azərbaycanda”, “Həsən bəy Zərdabinin
mücahid oğlu” kitabları işıq üzü
görüb. O, “Bağanıs-Ayrım soyqırımı” və
“İstiqlal yolları”nda kitablarının həmmüəllifidir.
AMEA-nın Tarix İnstitutunda elmi iş müdafiə edərək
tarix üzrə fəlsəfə doktoru olub. 2005-ci ildə
Akademik Yusif Məmmədəliyev adına
mükafata, 2005-ci ildə jurnalistikanın inkişafında
xidmətlərinə görə Azərbaycan Prezidentinin sərəncamı
ilə “Tərəqqi” medalına və Mətbuat
Şurasının Ali Media Mükafatına layiq
görülüb. Çox dəyərli, nüfuzlu qəzetimiz
olan “Şərq” qəzetinin təsisçisi və baş
redaktoru, BDU-nun jurnalistika fakültəsində Dövlət
İmtahan Komissiyasının sədri, Azərbaycan Mətbuat
Şurasının İdarə Heyətinin üzvü kimi
tanınıb. Azərbaycan
jurnalistikasının, eləcə də Türkiyə-Azərbaycan
mədəni, elmi, siyasi əlaqələrinin inkişafına
töhfə verən tanınmış simalarından biri kimi
ad qazanıb. Hələ bəlkə mənim
bilmədiyim daha başqa uğurlarını demədim? Mən ona qoca Aveyin gözü ilə baxdım.
Bir zamanlar Avey dağının, Qızıl
qayanın döşündə, gündöyər, səfalı
oylaqlarda gəzib-dolaşan, hər sirrini, hər sözünü
bu qoca dağla bölüşən balaca Akif indi Avey kimi uca
bir zirvə olub. O, quzularını dağın
otarğısına ötürüb, çantasını kənara
itələyib, köksünü Aveyin yumru daşına
söykəyib, əlinin başına dayaq edərək, dərslərini
hazırlayanda, Aveyə demişdi. Demişdi ki, vaxt olacaq, mən
də belə kitablar yazacam, Avey! Soruşsalar, bu qoca dağ
şahidlik edər bu oğlanın hünərinə! Sonra,
Damcılının axar-baxarlı əncir, nar
bağlarından heyvəsini doldurub anasına pay da aparardı
bu oğlan. Hələ dağın
qulançarını, quzuqulağnı, bənövşəsini
demirəm. Anasının sevincdən
gözləri gülər, ürəyi dağa dönərdi.
“Oğul qazancı”nı nimçələrə
doldurub qohum-qonşuya, qoca anasına aparar, öyünər, fəxrlə
deyərdi: “Akif dağdan yığıb gətirib!”
Akif
Aşırlı 1969-cu il fevralın 15-də
Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 nömrəli
orta məktəbini bitirib. 1988-1990-cı
illərdə keçmiş Sovet ordusunda hərbi xidmətdə
olub. 1999-cu ildə BDU-nun tarix fakültəsini
bitirib. BDU-da təhsil aldığı illərdə
paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı
İnstitutunda oxuyub. 2005-ci ildə “Təfəkkür”
Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi
alıb. Orta məktəb illərindən
başlayaraq dövri mətbuatda məqalələri və bədii
yazıları çap olunub. Jurnalistlik fəaliyyətinə
“7 gün” qəzetində başlayıb və bir müddət
“Müxalifət” qəzetində çalışıb.
1996-cı ildə “Şərq” qəzetini təsis
edib. Həmin vaxtdan etibarən “Şərq”in
baş redaktorudur. 1993-cü ildə
ABŞ-ın rəsmi dövlət agentliyi USAİD-in dəvəti
ilə bu ölkədə olub. 2005-ci ildə
İsveçin Stokholm şəhərində keçirilən
Dünya Azərbaycanlıları Konqresində məclis
üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib.
Akifin bir müsahibəsini oxudum. Orda öz gəncliyini belə ifadə
edir: “Ancaq gəncliyimiz çox qaynar oldu, Azərbaycanın
müstəqilliyi uğrunda mübarizədə iştirak
üçün tarix bizə fürsət verdi.
Gəncliyim Milli Azadlıq hərəkatına təsadüf
edib. Çap olunan qəzetlərdə,
jurnallarda çıxış etmişəm. Uzun illər “7 gün” və “Müxalifət” qəzetlərində
çalışmışam. Daha sonra isə
“Şərq” qəzetini yaratmışam. O həyatı
yaşadığım üçün peşmanlıq
çəkmirəm. Bəzən adam fikirləşir
ki, zamanında bunu etsəm, yaxşı olardı. 30
yaşında etdiyini indi edə bilmirsən, bir az
çətin gəlir. Ona görə də
keçmişə baxanda elə pessimist deyiləm.
Ötən illər ərzində xeyli sayda kitablarım, məqalələrim,
araşdırmalarım çıxıb”... Həyatda ən
böyük mükafatı öz əməlindən, öz
hünərindən, bir də qadir Allahdan gözləyən və
ömrünün hər dönəmində taledən yüksək
dəyərlər, şanslar, uğurlar görən Akif
Aşırlı deyir: “Övladlarım orta məktəbdə
oxuyanda mənə ad günüm münasibətilə
açıqcalar yazırdılar, o açıqcaları dəyərli
bir hədiyyə olaraq saxlayıram. Övladlarımın
yazdığı açıqcalar mənim üçün
çox dəyərli hədiyyədir”. Akif
gözəl ziyalı olmaqla yanaşı, həm də gözəl
atadır. Onun nur topası kimi üç övladı
var, ikisi ali məktəbdə təhsil
alır. Akif qazandığı uğurlara görə öz
iradəsinə güvəndiyini və əzmlə,
inadkarlıqla çalışdığı illərə
borclu olduğunu deyir: “Eyni
zamanda, peşəkar jurnalist olmaq üçün öz
üzərində çox çalışmaq lazımdır,
mütaliə etmək lazımdır. Hər bir
qələm insanı yazdıqlarının arxasında
durmağı bacarmalıdır. Hansı mövzular ki, cəmiyyətin
üçün maraqlıdır, o mövzuları ciddi şəkildə
işləmək lazımdır... Cəmiyyət
görəndə ki, onun sabit fikirləri var, öz fikirlərini
doğru ifadə etməyi bacarır, öz fikirlərinin
arxasındadır, həmin jurnalistin qələminə
hörmət yaranır”.
Akifin həyatında gözlənilməz ağrılar,
həyatın acı zərbələri də olub. Amma bu, onu
sındırmayıb. Akif daha çox əzmlə,
inadkarlıqla yoluna davam edib.
1992-ci ilin oktyabrın 29-da qəflətən eşitdik
ki, kəndə bədnam ermənilər qratlardan atəş
açıb, dağıntı və tələfat olub. Həlak olanlar arasında
Akifin atası Əbdüləzim kişi də
var idi. Bu, bir elin dərdi olmaqla yanaşı, həm
də bir oğulun çiyninə düşən dağ boyda
dərd idi. Akif öz kiçik ailəsinin
yox, indi böyük bir ailənin ağsaqqalı,
böyüyü oldu. Bu dərdin də
öhdəsindən fədakarlıqla gəldi. O, indi bir
ailənin deyil, bir kəndin, bir rayonun, bir xalqın oğlu,
himayəçisi, fədakarı, ziyalısıdır və
bu işi də şərəflə yerinə yetirir.
İndi bütün həyatımızı qapsayan, demək
olar ki, “ağıllı-dəli” hamımızın
şüurunu, diqqətini özünə çəkən
feysbuk səhifəsində bu yaxınlarda bir yazı
gördüm və tezcə onu götürüb yaddaşa
qoydum ki, mənə lazım olacaq. Bir tələbə yazırdı
ki: “Akif Rüstəmov bizə demişdi ki, bu gün “Şərq”
qəzetinin baş redaktoru, tanınmış qələm
sahibi Akif Aşırlını bizə dərs keçməyə
dəvət edəcək. Sağ olsun, Akif müəllim də
müəllimimizin xahişini yerə salmadı, bizimlə
görüşə gəldi. Elə ilk dəqiqələrdən
tanınmış jurnalistin bizimlə səmimi söhbəti,
mehriban davranışı görüşümüzün səmərəli
keçməsinə şərait yaratdı. 60 nəfər Jurnalistika fakültəsinin birinci kurs
tələbəsinin Azərbaycan mətbuatının
kapitanlarından biri ilə görüşməyinin nə demək
olduğunu təsəvvür etmək yəqin ki, elə də
çətin deyil.
Hamımız yaxşı başa düşürdük ki, belə bir fürsət bir daha əlimizə düşməyə bilər, ən azından yaxın gələcəkdə. Odur ki, sanki hər saniyəmizə qənaət edərək Akif müəllimə onun qələm təcrübəsi, mətbuatımızın tarixi, hazırkı jurnalistika və digər istiqamətlərdə suallar verir, müzakirələr edirdik. O da bizim jurnalistikaya olan marağımızdan, həvəsimizdən daha böyük stimul alaraq suallarımızı usanmadan ətraflı şəkildə cavablandırdı. Əlbəttə, Akif müəllim bizə maraqlı olduğu kimi, biz də gələcəyin media nümayəndələri kimi onun diqqətində idik. Çünki qonağımız da öz növbəsində tələbələrə jurnalistikaya olan maraqlarının haradan qaynaqlandığı, indiyə kimi hansısa mətbu orqanlarda çıxış edib-etməməyimiz barədə suallar verirdi. Şübhəsiz, təcrübəli bir qələm sahibi kimi Akif Aşırlı yaxşı jurnalist olmağın sirlərini də bizimlə bölüşdü. O bildirdi ki, “dördüncü hakimiyyət”in layiqli bir nümayəndəsi olmaq heç də asan deyil. Bunun üçün çox çalışmaq lazımdır: “Jurnalistika elə bir sahədir ki, onun sərhədi yoxdur. Sonsuza qədər irəliləyə bilərsən. Amma bunun üçün gərək iti, qüvvətli qələmin, çoxlu söz ehtiyatın olsun. Buna görə də müntəzəm mütaliə ilə məşğul olmaq vacibdir. O cümlədən, bir neçə xarici dildə, sərbəst danışıb-yazmaq lazımdır. Unutmayın ki, müasir dövrdə ingilis dili beynəlxalq jurnalistikaya gedən yolda bir növ pasport rolunu oynayır. Bir də jurnalistin müşahidə qabiliyyəti çox güclü olmalıdır. Çalışın, bunları özünüzdə aşılayın”. Eyni zamanda, qonağımız bizə baş redaktoru olduğu “Şərq” qəzeti haqda da məlumat verdi. Məlum oldu ki, adıçəkilən ictimai-siyasi qəzet öz orijinal profili və daha çox xəbər tipli yazılara üstünlük verməsi ilə 23 ildir ki, oxucularla görüşə gəlir. Yəni hələ azad sözün, mətbuatın qarşısında qırmızı işıq kimi dayanan senzuranın 1998-ci ilə qədərki dövrünə qədər qəzet nəşr olunub və o vaxtdan bu vaxta kimi müstəqil fəaliyyət göstərir. Yazımın əvvəlində təsadüfi olaraq demədim ki, Akif Aşırlı bizə dərs keçməyə gəlmişdi. Düzdür, o, bizə konkret bir mövzu ətrafında mühazirə oxumadı. Amma daha vacib olanını etdi: biz - jurnalistika sahəsində hələ ilk addımlarımızı atan gənclərin yoluna bacardığı qədər işıq saçdı, dedi ki, sağa-sola dönmək yox, necə başlamışıqsa, elə də düz istiqamətdə irəliləmək lazımdır. İnanmıram ki, o gün hansısa tələbə zamanın tez keçməsini arzulayaydı. Amma vaxt arzu-istəyi nəzərə almır ki... 90 dəqiqənin sonunda hamımız Akif müəllimə yaxınlaşıb onunla xatirə şəkilləri çəkdirdik. Ən böyük xatirəmiz isə ondan aldığımız dəyərli məsləhətlər, maraqlı fikirlər oldu”.
Əzizim, Akif! O qədər təvazökar, o qədər sadə İnsansan ki, özünü təbliğ etdirməyi də bacarmırsan. Səndən dönə-dönə xahiş etdim ki, kitablarını mənə göndər, səndən yazı yazacam. Eləmədin, canın sağ olsun. Səndən oxuduqlarım bu yazını yazmağa bəs edəcək. Amma gələcəkdə özüm bu kitabların hamısını əldə edəcəm və sənin üçün hansısa yubileyində müfəssəl və geniş yazacam. Yaradıcılığını dedim, sənin şair kimi fəaliyyətini demədim. Qazaxlı olasan, şeir yazmayasan? Bu, çox inanılmaz bir şey olar. Çünki sən anadan olduğun torpaqda uşaqlar saz üstə doğulur, söz üstə böyüyürlər! Demək olar ki, hamısı yarışairdir, ən azı şeir xiridarıdır! Gələn dəfə bir şair olaraq yaradıcılığını incələyəcəm. Hökmən yazacam! Çünki Sən təkcə mənim yox, bütün qələm əhlinin, ziyalıların vəfalı, sadiq dostusan!
Zərəngiz DƏMİRÇİ QAYALI
525-ci qəzet.- 2019.- 2 fevral.- S.10.