Ağalar Bayramov - Səs teatrı

 

 

İnsan oğlu ilk dəfə dünyaya səsi ilə gəlir, səsi ilə salam verir, səsi ilə salam alır. Buludlar, çaylar, sular hamısı səs olur. İnsan oğlu bu səslərə səsini qatır. Ağlamaq, çağırmaq, səsləmək səsini. Səs heç vaxt adamı aldatmır, səsin içindəki titrəyiş əslində ürəkdir. O, səni necə aldada bilər?

 

Gözəl şairimiz Nüsrət Kəsəmənli deyir: "Səsin həmin səsdir, baxışın ögey". Bəli, həmin səsi istəsən də, dəyişdirə bilməzsən. Sözlər yaranmamışdan qabaq, yəni dünyanın səs vaxtı müharibələr yox idi. Elə ki, səsdən istifadə azaldı, müharibələr başladı. Analar balasını ilk dəfə səsindən tanıyır. Kürrüklənən körpəni bir anın içində ananın səsi sakitləşdirir. Eşitdimi, uşaq anasını tanıyır və sakit olur.

Get-gedə dünya dəyişdi, səslər yerini sözlərə verdi. Sözlər ünsiyyət vasitəsinə çevriləndə ilk dəfə adamlar aldanmağa və aldatmağa başladılar. Sözlər adamı aldada bilir, amma səs yox. "Adamın hansı yuvanın quşu" olduğunu səsindən yaxşı bilirsən, sözləri səni bəzən aldadır. Ona görə də insanlar ilk dəfə səsdən ayrıla bilmirdilər. Söz yaransa da, ilk olaraq sözün üstündə nəğmə yaratılar ki, heç olmasa bir az insanlara inam qalsın. Nəğmə də adamı aldatmır. Axırda insanlar sözləri səslə ayağa qaldırdılar, sözü dildən qoparıb səsə çevirdilər.

İndi bu gün şeirimiz də səsə qayıdır, təbiəti, yağışı, meşəni, küləyi, at kişnərtisi, pələng nəriltisini insan indi - indi yamsılayır. Şeirdə alliterasiya güclənir. Alliterasiya nədir? Səs. Nəyə görə bu gün müğənnilər şairdən daha populyardır? Səbəb səsdir. Bu gün kitabdakı şeirlər çətin oxunur, ya da heç oxumur. Amma onu səsə çevirəndə ürəkləri ovsunlayır, insanların əqlini, ruh yaddaşını oyadır, çünki biz əvvəl səs idik. Ruhumuzun mayası səsdir, elə ki, ona toxuna bildin, qalib gələcəksən.

Bu gün Azərbaycanımızda yeni və orijinal bir səs müəllifi də var - Ağalar Bayramov. Onun səs muğamı, səs estradası, səs ansamblı tarixi keçmişimizin sirləri ilə, gələcəyin açılmamış qatları ilə doludur. Mübarizəmizi, laylamızı, Qarabağ atlarının şahə qalxan səslərini, Qurbanın tarını, Habilin kamanını öz qədim səsinə yükləyib yol gedir gələcəyə Ağalar Bayramov. Birdən-birə təsəvvür edəndə ki, səsimizin Ağalar Bayramov mərhələsi yoxdur və olmayıb, onda səsin sükütu başlayır, şeirlər vərəqlərə qayıdır, atlar qaçış sürətindən düşür, durnalar telini salır.

Baxın, Allah-Təala Koroğluya hər cür gözəllik: boy-buxun, misri qlınc, şairlik, güc, Qırat, bükülməyən qol verib. Yenə bu gözəlliyin başında dəli nərə - səs dayanır. Bu dəli nərə döyüş meydanlarında düşməni sarsıdır, haqq mübarizlərini ayağa qaldırır. Bax həmin səsin bir tərəfi də Ağalar Bayramovun səs tellərində və həm də təfəkkür və ağlında doğulan min illik mədəniyyət tariximizdən baş qaldıran səsdir.

Əslində, lap qədim zamanlarda dövlətçiliyimizi möhkəmlədən atributlardan biri də səs olub. Bu dağdan o dağa, o səngərdən bu səngərə uçan qanadlanan səs bu gün də Ağalar Bayramovun ifasında yaşayır. Ulu babalarımız düşmən üstünə səslə gedib, səslə qələbə çalıb. Tək əldən səs çıxmaz - deyib babalar. Niyə məhz səs!

Yaxşı yadımdadır, on il bundan öncə Azərbaycan Dövlət Filarmoniyasında Ağalar Bayramovun dediyi "Vətən" şeiri bütün zalı ayağa qaldırdı. İlk anda düşündüyüm bu oldu: Ağalar Bayramovun kitabdan əzbərlədiyi şeirə verdiyi səs və nəfəs adamları elə bir başa Şuşaya aparmaq gücünə malikdir. İlkin variantda "vətən" şeiri kitabın bir səhifəsində səssizdi. Amma Ağalar Bayramov o şeirə odlu nəfəs, səs verir, qulaq, göz, işıq verir, kağızdan qoparır, ayağa qaldırır, onu Azərbaycanın qəhrəmanına çevirir.

Ağalar Bayramovun səsi bu günün, dünənin səsi deyil. Ağıla dolan ağıllaşan, ağır-ağır ləngəriylə ahıllaşan səsdi. Bu səs bir istiqamətli deyil, zəngüləli, çox gedişli xaotik, xaotkliyin içində harmoniya təşkil edən, zamanla ayaqlaşan, yaşa dolan bir səsdir. Bu səs Ağaları alov kimi bürüyür, barmaqlardan, gözlərdən, çiyinlərdən işıq şüaları hərəkətə gəlir. Elə bil alov rəqs edə-edə çox obrazlı dramaturgiyaya, ordan da səhnəyə çevrilir. Burda səsin Ağalar Bayramov bəhri başlanır. Şaquli yox, yaylım dialoqlar ortaya çıxır. Səsin içində mənfi və müsbət qəhrəmanlar üz-üzə gəlir. Dərin dramatizm ortaya çıxır və Səs teatrı yaranır.

Ağalar Bayramov bütov bir yaradıcılıq ittifaqıdır. O, hara getsə, deyək ki, Şəkiyə, Qubaya, Almaniyaya və ya Polşaya, harda olsa, o səs teatrının repertuarında bütün Azərbaycan ədəbiyyatı yazılır və bu yazılanlar səsin Ağalar Bayramov bəhrində gözəl də oynanılır.

Neçə-neçə ədəbi dühanın, görkəmli şair və yazıçıların əsərləri Ağalar Bayramovun səs teatrında ölməzlik qazanıb və tamaşaçıların yaddaşında dərin iz buraxıb.

Mühüm dövlət tədbirləri, milli anım və bayram günləri, əlamətdar hadisələrin ildönümləri, ədəbi-musiqili gecələr onun səsinin ecazkar bəhrində tamaşaçı və dinləyiciləri milli ruha kökləyir, gələcəyə səsləyir, könüllərdə yaşayıb yaratmağa bir ümid tonqalı yandırır. Cəbhə bölgələrində əsgərlər qarşısında oxuduğu şeirlər, Aprel döyüşlərində şanlı ordumuzun qazandığı qələbələr haqqında söylədiyi fikirlər onun ifasında daha möhtəşəm səslənir, eşidənlər bu səsin hikmətinə yenidən valeh olurlar.

Ağalar Bayramovun ssenarisi və iştirakı ilə çəkilmiş "Atamın kitabı" (Məmməd Araz. 1996), "Zamandan kənarda" (Fikrət Qoca. 1997), "Heç demirsən, Ələsgərim hardadı?" (Aşıq Ələsgər. 1997), "Ələsgərəm, hər elmdən halıyam" (Aşıq Ələsgər. 1998), "Yol ayrıcında söhbət" (Məmməd Araz. 2000), eləcə də Mirzə Cəlilin, Əjdər Olun əsərləri əsasında film-tamaşalar bu gün bu sahədə ən dəyərli işlərdən sayılır.

O, keçən illər ərzində müxtəlif səpkili dövlət əhəmiyyətli tədbirlər vasitəsilə dünyanın Köln, Ottava, Oslo, Kopenhagen, Brüssel, London, Stokholm, Moskva, Sankt-Peterburq, Riqa, İstanbul və başqa şəhərlərində mədəniyyətimizi və ədəbiyyatımızı özünəməxsus səsiylə təbliğ edib.

Ağalar Bayramov 1983-cü ildən bu günə kimi Azərbaycan Televiziyası və Radiosu, elecə də özəl teleradio kanallarının ədəbi-bədii verilişlərinin daimi iştirakçısıdır.

1991-ci ildən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində "Səhnə danışığı" kafedrasında dosent vəzifəsində çalışır, tələbələrə səhnə danışığının sirlərini öyrədir. Yuxarıda qeyd etdiyim kimi, onun "Səs teatrı" vətənimizə, dövlətiminzin möhkəmlənməsinə, mədəniyyətimizin çiçəklənməsinə xidmət edir.

Bu yazını yazarkən son illər onun haqqında yazılmış 70-ə qədər şeirlə tanış oldum. Fikrət Qoca, Musa Yaqub, Məmməd Aslan, Əjdər Ol, Ramiz Qusarçaylı və bir çox başqaları onun yaradıcılığında səs, istedad, sənət, vətən, Azərbaycan sevgisini dönə-dönə qeyd edirlər, vətən və xalq qarşısında xidmətlərini xüsusi ilə vurğulayırlar. Böyük şairimiz Musa Yaqub bir şeirində Ağalar Bayramova müraciət edir və həmin şeirin rədifi (Nə deyim?) əslində, bütün həqiqətləri üzə çıxarır:

İl ağacın nə mübarək böyüyür,

Yarpaq-yarpaq, dənə-dənə, nə deyim?!

Bir şerimdə sözüm yarımcan olsa,

O sözümü dirildənə nə deyim?!

Sənət durmur bir ölçüdə, vəzndə,

Öz çəkim var sənət tərəzisində.

Sözün rəngi cilvələnir səsində,

Söz - incidi, söz - dürdanə, nə deyim?!

Ona həsr edilən şeirlərdə əsas obraz səsdir. O səs ki, insanı vüsala qovuşdurur, ayrılıqları bitirir, ikiyə bölünmüş Azərbaycanı bir görür. Vaxtilə Ağalar

Bayramovun ifasında klassik şairlərimizin şeirlərini dinləyən akademik Tofiq Hacıyev demişdi: "Ağaların dadı, duzu özündədir, onu heç kim unutdura bilməz".

Kəlbəcər həsrətinə dözə bilməyən unudulmaz şairimiz Məmməd Aslan Ağalar Bayramova qulaq asanda "yurd həsrətinə od vuran səsdir bu səs" - söyləmişdi.

Bu il bu səsin sahibinin 65 yaşı tamam olur. 2002-ci ilin dekabrında Ağalar Bayramov Əməkdar artist adına layiq görülüb. Bu illər ərzində dəyərli sənətkarımız öz yaradıcılığını daha da inkişaf etdirib, səsi, qiraəti, müəllimliyi, vətənpərvərliyi, aktyorluğu ilə yeni uğurlar qazanıb.

Əziz dostum, gözəl sənətkarımız Ağalar Bayramov! 65 yaşın mübarək olsun!

Qəşəm NƏCƏFZADƏ

Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2019.- 5 fevral.- S.8.