"Vətən ayrısı"na
söz abidəsi
Azərbaycan xalqının tarixinə və taleyinə
qara hərflərlə yazılan dövrlərdən biri də
1930-cu illər - Stalin repressiyaları dövrüdür.
O
dövrdə minlərlə dəyərli Azərbaycan
övladı müxtəlif bəhanələrlə, şərləmələrlə,
"Xalq düşməni", "pantürkist"
adıyla güllələndi, gedər-gəlməzə
göndərildi, ailəsi, qohumları, övladları
sürgünlərdə, ya da yiyəsizlikdə məhv olub
getdi. Azərbaycanda bu dövrün qurbanı
olan, daha davamlı və dəhşətli zülm görən
ailələr sırasında Rəsulzadələr, təəssüf
ki, xüsusi seçilib. Sovet dövlətinin
bir nömrəli düşməni Məhəmməd Əmin
Rəsulzadə ilə başlayırdı bu qurbanların
siyahısı. Şərqdə ilk
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin
qurucusu M.Ə.Rəsulzadə yeni qurulmuş hakimiyyətə ən
böyük təhlükə idi. Təkcə
onun özü deyil, ailəsi, qohumları, övladları,
yaxın çevrəsi də onun yaratdığı Azərbaycanın
cəzasını çəkəcəkdi. Çəkdi
də...
Azərbaycanın repressiya olunmuş ilk və yeganə
xanım istiqlal şairi Ümgülsüm Sadıqzadə (Rəsulzadə)
də bu ailədən idi. Həm əmiqızı,
həm də baldız kimi. Hələ
üstəlik, o, vətənini coşğun ehtirasla sevən,
türklüyü ilə hər zaman fəxr edən, bunu
öz poeziyasında da dilləndirməkdən çəkinməyən
şair idi. Deməli, "cəzalandırılmalıydı".
Onun Sovet hakimiyyətinin ilk çağlarında qələmə
aldığı milli-azadlıq ruhlu şeirlər sonsuz cəsarətdən,
vətənə ehtiraslı məhəbbətdən əlavə,
heç də xoş olmayan gələcəkdən də xəbər
verirdi.
Fədakar
yazıçı və publisistimiz Nəcibə
Bağırzadənin repressiya qurbanı, tanınmış
yazıçı Seyid Hüseynin həyat yoldaşı olan
Ümgülsüm Sadıqzadə haqqında sənədlərə,
arxiv materiallarına, şəxsi məktublara əsaslanan
geniş araşdırma kitabını oxuyarkən zehnimdə
bir fikir tüğyan edirdi: "İnsanlar nələrdən
keçib, nələr yaşayıb, nələrə
dözüblər, onunla belə mətanətlərini, inamlarını,
ümidlərini, qürurlarını itirməyiblər. Amma biz hər xırda məsələni
özümüz üçün böyüdür,
asanlıqla "yelkənlərimizi endiririk".
Cümhuriyyətin
100 illiyinə töhfə olaraq qələmə alınan və
bu günlərdə geniş ictimaiyyətə təqdim edilən
"Vətən ayrısı Rəsulzadələr"
kitabında müəllif Ümgülsüm Sadıqzadənin
bədii portretini, bütövləşmiş obrazını
özünün və övladlarının məktublarına,
həbsxanada yazdığı "Qala xatirələrim"dən
gətirdiyi kiçik hissələrə əsasən
yaradır. Ancaq kitab yalnız onun obrazıyla məhdudlaşmır.
Həmçinin, onun qardaşı, Cümhuriyyət
dövründə Parlamentin üzvü, "Müsavat"
partiyasının yaradıcılarından olan Məmmədəli
Rəsulzadənin, həyat yoldaşı, yazıçı
Seyid Hüseynin, övladları Oqtay, Toğrul, Cığatay,
Qumral, qohumu, onların gedişindən sonra bütün
ömrü boyunca övladlarına himayədarlıq edən
"balaca ana" Səyyarənin də portretlərini
yaradıb. Eləcə də müəllif, Məhəmməd
Əmin Rəsulzadənin əsərlərindən
çıxış edərək onun da portretini yaratmağa
çalışıb.
Xalq
yazıçısı Anar bu kitabdan söz açarkən
Ü.Sadıqzadənin buradakı obraz cizgilərini belə
şərh edir: "Ümgülsüm xanım oxucunun
gözü qarşısında zərif duyğularla
yaşayan güclü bir qadın kimi canlanır. Təzadlı görünsə də, istiqlal
şairimiz Ümgülsüm xanımın gerçək
obrazı belədir".
Rəqəmlərin
sirlərini öyrənən elm deyir ki, bütün rəqəmlərin
taleyimizdə müəyyən rolu var: uğurlu və ya
uğursuz. 37 rəqəmi də
Ümgülsümün həyatının ən həlledici
və xoşagəlməz izləriylə yaddaqalan rəqəminə,
uğursuzluqlarının başlanğıcına
çevrilir. Belə ki, 1937-ci ilin noyabr ayının
ikisində 37 yaşlı xanım şairi "xalq
düşməni"nin arvadı kimi həbs
edib Bayıl həbsxanasına salırlar. Ona səkkiz il iş kəsərək 1938-ci ildə Mordova
Muxtar Respublikasının Yavas qəsəbəsindəki Temlaq
əmək islah düşərgəsinə göndərirlər.
O, düşərgədə olduğu müddətdə
ağır sürgün günlərini yazmaqla ovunurdu. Müəllifin
talesiz qadının "Qala xatirələrim" adlı
yazılarından gətirdiyi nümunələrini həyəcansız,
iztirabsız, kövrəlmədən oxumaq mümkün deyil:
"12 noyabr 1937-ci il... İki
gündür ki, burdayam. Keçirdiyim həyat
mənə yuxu kimi gəlir. Bir qovğa
içindəyəm. Səhər saat
10-dur. Nadzor gəlib qapının
qıfılını açdı. Kamerada
elə qarışıqlıq var ki, belə bir şeyi mən
ömrümdə təsəvvürümə gətirə
bilməzdim. Bütün
yorğan-döşəklər yerə sərilib. Axşamdan bəri 36 adamın ayaqyolu kimi istifadə
etdiyi ağzına qədər çirkab dolu vedrəylə
yanaşı qoyulan çay vedrəmizin də ağzı
açıqdır. Bu murdarlığı
və üfunət iyini təmizləyəcək bir şey
yoxdur. Burada hər şey fövqəladə
bir şəkildədir. Kamerada çay içmək və
yemək üçün cəmi 18 qab var. 36 nəfər bu 18
qabda həm yemək yeyəcək, həm də çay
içəcəyik. Yeməkdən sonra
yuyulmayan qablarda növbəylə çay içmək,
qanımızı yemək kimi bir şeydir. Bunu düşmənimə də arzu etmirəm!"
Yaşanılması
bir yana, təsəvvürə gətirilməsi
belə mümkünsüz görünən bu mənzərələrin
təsviri insanı dəhşətə salır. Hər məktubda,
hər xatirədə bu atəş bir az
daha alovlanır. Gözlərindən acı
yaşlarla bərabər, dilindən heyrət nidası da
tökülür. Zərif ruhlu, kövrək
qəlbli bir qadının bütün bunlara necə tab gətirməsi
insanda heyrət doğurur. Görürsən
ki, onun duyğuları nə qədər kövrəkdirsə,
qadınlıq qüruru, dəyanəti bir o qədər
güclüdür.
Amma unutmaq olmaz ki, Ümgülsüm həm də bir
anadır. Özü də dörd uşaq anası. O, həbs
olunanda böyük övladı Oqtayın (Xalq rəssamı
Oqtay Sadıqzadə) 16, kiçiyi Qumralın isə 7
yaşı vardı. Ataları da güllələnən
uşaqlar böyüksüz, başsız, qəddar həyatla
üz-üzə qalmışdılar. Ümgülsümü
də uzaqlıq, ağır həbs həyatı,
dözülməz sürgün illərindən daha çox
övladlarından ayrı qalmaq yandırıb-yaxır. Hələ yetkinlik yaşına çatmamış
balalarını taleyin oyununun ortasında yalnız buraxmaq onun
ana qəlbini sonsuz iztirablara qərq edir. O,
özünü, ağır həyatını unudub
onların dərdini çəkir. Özü
uzaqlarda, sürgünlüyün ən dəhşətli,
müdhiş günlərini keçirən qadın, nəinki
öz balalarına, heç kimə o günləri rəva
bilməzdi. Uzun müddət
övladlarından ayrı qalan qadının orada ən
xoşbəxt günü balalarını görməyə
icazə verdikləri gün idi, yəqin ki. Həmin
anları sonsuz həyəcanla xatırlayan, siyahıdan
adının çıxmağını sanki taleyi
haqqında verilən ən vacib qərar kimi gözləyən
qadın, nəhayət, üç övladına ötəri
də olsa qovuşur:
"Nəhayət, qırmızı çernillə
yazılmış siyahı verildi. Ürəyim
döyündü, mənim adım görəsən
çıxacaqmı? Siyahı oxunub
qurtardı. Adım yoxdur! Bir qədərdən
sonra ikinci siyahı gəldi. Yenə ürəyim
bərk döyünür. Birdən siyahını oxuyan
Anna Nikolayevna "Sadıqova Ümgülsüm" dedi. Tüklərim biz-biz oldu. Gözümdən
biixtiyar yaşlar axır. Doğrudanmı,
bu belədir? Doğrudanmı, mən
uşaqlarımı görəcəyəm? Mən elə
bilirdim, bir daha uşaqlarımı görməyəcəyəm!
Nadzor
Mariya Vasilyevna başını içəri uzadıb gur səslə
bağırdı: "İkinci siyahıda adı olanlar
hazırlaşsınlar!" "Biz çoxdan
hazırıq" - deyə xorla cavab verdik. Ah, ürəyim!
Ürəyim! Elə çırpınır ki,
elə bil yerindən çıxmaq istəyir. Burada indi mərdlik lazımdır. Ağlamaq qətiyyən olmaz. Uşaqlara
özümü ağlar göstərə bilmərəm.
Yazıqdırlar. Bəlkə
uzun illər ayrı düşdüm, sonra onlar məni
gözü yaşlı xatırlamasınlar!"
Yenə də
ana ürəyi... Özünün
yaşadıqlarını saya salmadan, yenə də onları
düşünür. Onlar üzülməsin,
onlar ağlamasın, onlar analarını
gözüyaşlı, məyus xatırlamasınlar deyə qəlbinə
daş basıb görüşə hazırlaşır.
Amma bacaracaqmı? Sonsuz
iztirabı, həsrəti, özləmi kiçicik qəlbdə
gizləmək mümkünmü ki? Görünür,
deyilmiş:
"... O
qələbəlikdə hər kəs dəlicəsinə
öz adamını axtarırdı. Mən də
o qələbəlikdə gözləri ilə məni axtaran
Oqtayımı gördüm. Gözlərimə
inana bilmirəm. Doğrudanmı, mən
onu görürəm?! Oqtayla
qucaqlaşdıqdan sonra Bircəbacı ilə
görüşdük. Sonradan orada
durmuş, tanınmaz bir şəklə düşmüş
Qumuşcığazımı gördüm. O,
doğrudan da tanınmaz olmuşdur. Elə
tanınmaz ki, mən onu tanıya bilmədim. Əgər Oqtayın yanında durmayıb, paltosu ilə
şərfi üstündə olmasaydı, mən ona diqqətlə
baxmayınca tanıya bilməyəcəkdim. O, mənim
qoyub gəldiyim Qumuş deyildi. Son dərəcə
arıqlamış, yanaqları çəkilmiş,
üzü solğunlaşmış, gözləri
açılmışdır. Bu uşaq,
siması qırmızı, mənim oynar-gülər,
tümbulyanaqlı, dəyirmiüzlü Qumuşuma qətiyyən
bənzəmir. Demək, mənsizlik mənim
bu nazlı balamı bu hala salmışdır. Bu lövhəyə
mənim qəlbim dözərmi, ah?! Var qüvvəmlə
bağırmaq istəyirəm: "Mənim Qumuşum belə
neyçün oldu?" Toğrul da az
arıqlamamışdır. O, da Qumral kimi belə qəmgin,
belə məhzun olmuşdur. Uşaqların
üçünü də bütün varlığımla
bağrıma basıram, yazıqların
üçünü də birdən!"
Bu, onların uzun müddətdən sonra ilk
görüşü idi. Keçən zaman hər birinin qəlbində
açdığı yaralar kimi, simasında, vücudunda da
izlər qoymuşdu, hələ qoyacaqdı da...
Sonra illər
uzunu övladlarının qoxusunu yazdıqları məktublardakı
mürəkkəbdən, vərəqlərdən alan ananın gözləri gün gələcək
bu ağırlara, göz yaşlarına dözməyəcək,
onlardan gələn xəbərləri ala bildiyi məktublara
ümidi də tükənəcəkdi.
Bir insan əlil olmağına sevinərmi? Bədənində
yaranmış çatışmazlıq onun qəlbində
ümid işığına dönərmi? Sən demə, bu, mümkünmüş. Əgər yerlər də, göylər də səndən
üz döndəribsə, ümidin bircə özünə,
öz vücuduna qalar.
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, "ümidini qırma" - dedilər.
O da ümidini üzmürdü. Qan qusduğu halda, övladlarına hər məktubunda ürək-dirək verir, onları nigaran qoymamağa çalışırdı. Nəhayət, əlilliyinə görə, cəzasının bitməyinə az qalmış Azərbaycana göndərilir. Ancaq öz ölkəsində də sürgün olunan Ümgülsüm Bakıda deyil, Şamaxıda yaşamağa məhkum edilir. Bu isə cəmi iki ay çəkir. Həyatını qarına, boranına, daşına, kəsəyinə məruz qalan zərif vücud, nəhayət, dözmür, gözlərini əbədiyyətə yumur. Mübariz şair, kövrək hisslərin tərənnümçüsü, zərif duyğulu qadın, böyük ürəyə, sonsuz sevgiyə malik ana ömrünün ən gözəl çağında - 44 yaşında bu dünyadan köçünü sürür onu sevənlərin, hər dəfə xatırlayıb, həyatını, şeirlərini dönə-dönə oxuyacaq, adını yaddaşında yaşadacaqların qəlbinə...
Hər nə qədər
ağrılı, göynərtili də olsa, bütün
bunları yazıya alan, əsərə çevirən,
Ümgülsümün simasında şanlı Rəsulzadələr
nəslinin taleyindən səhifələri yaddaşlara həkk
edən dəyərli tədqiqatçımız Nəcibə
Bağırzadəyə həm yeni kitabına görə,
həm də ümumən bu sahədəki fəaliyyəti
üçün böyük minnətdarlıq düşür.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-
2019.- 5 fevral.- S.7.